21 Azərə gedən yol
Güney Azərbaycanda milli-demokratik hərəkat
(1941-1946-cı illər)
4-cü yazı
M.Firuği Rza şahdan tac-taxtdan oğlunun xeyrinə əl çəkmək ərizəsini
aldıqdan sonra ona Tehranı tezliklə tərk etməyi məsləhət
gördü. Rza şah əvvəlcə
iki arvadını (Tacəlmülk və İsmət Dövlət Şahi xanım), 10 övladını, gəlinini,
nəvəsini və iki kürəkənini saray naziri Mahmud Cəm vasitəsilə İsfahana yola salır. Bir neçə gün
sonra Rza şah özü də bir neçə
nəfər mühafizəçisinin
müşayiəti ilə
İsfahana yollanır.
İngiltərənin İsfahandakı
konsulluğunun «məsləhəti»
ilə şah 1941-ci il sentyabrın
27-də onun üçün
təhlükəsiz olan
Afrikanın Moris adasına göndərilir
və 1944-cü ilin payızına qədər
burada yaşayır və 1944-cü ilin sentyabrında orada da ölür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rza şah
ölkəni böyük
sərvət sahibi kimi tərk etmişdi. Rza şah hakimiyyətdən düşən kimi onun 20 il
müddətində (1921-1940) qarət və zorakılıqla əldə
etdiyi külli miqdarda sərvət, cavahirat, pul haqqında bəhs açıldı. Məclis
deputatı Möid Əhmədinin İran məclisindəki çıxışından
aydın olur ki, Rza şah
müntəzəm olaraq
xarici banklara o vaxtkı pul vahidi ilə hər il
60 milyon tümən
(25 milyon dollar) pul köçürürmüş. Üst-üstə o, 2167 kəndə sahib çıxmışdı.
Vaxtilə yoxsul bir kazak zabiti
olmuş Rza şah hakimiyyətdən salınarkən İranın
ən varlı adamı kimi külli miqdar sərvəti övladlarına
miras qoyub getmişdi.
Sentyabrın 28-də təşkil olunmuş XII Məclisdə
Rza şahın oğlunun xeyrinə hakimiyyətdən əl çəkməsi haqqında
16 sentyabrda yazdığı
ərizə oxundu, 22 yaşlı Məhəmmədrza
ölkənin yeni şahı elan edildi. Bununla birlikdə Məclis müttəfiq qoşunlarının
Tehrana buraxılması,
İrandakı bütün
alman təbəələrinin
ölkədən çıxarılması,
İranın quru, su və hava
yollarının müttəfiqlərin
sərəncamında qoyulması
haqqında razılıq
verdi.
1320-ci ilin Şəhrivər ayı (1941-ci il 23 avqust - 23 sentyabr) bu dövr üçün
çox təlatümlü,
əlamətdar və
gərgin ay olmuşdu:
İran ərazisi müttəfiqlər tərəfindən
işğal olunmuş,
şah qaçmış,
yeni baş nazir və yeni
şah hakimiyyətə
gəlmiş, zindan qapıları açıldığından
mütərəqqi şəxsiyyətlər
yenidən mübarizə
meydanına qayıtmış,
müxtəlif əqidəli
və müxtəlif yönlü yeni siyasi cəmiyyət və təşkilatlar, mətbuat fəaliyyətə
başlamış və
s. - bütün bunların
fonunda Rza şahın qanlı diktaturası yıxılsa
da, onun yerində oğlu Məhəmmədrzanın şəxsində
zülmkar səltənəti
tədricən bərpa
olunmağa başlamışdı.
Beləliklə, İkinci dünya müharibəsi ərəfəsində
və müharibənin
ilk illərində siyasi,
sosial-iqtisadi ziddiyyətlərin
çoxluğu və
mürəkkəbliyi cəhətdən
Güney Azərbaycan İran məkanında ən qaynar nöqtələrdən idi. Rza şah rejiminin amansızlığına əlavə
olunmuş milli zülm böyük tarixə və zəngin keçmişə
malik olan bir xalqın - Azərbaycan türklərinin
bir millət kimi «əridilməsi» cəhdi bu ərazidə
yaşayanların mövcud
rejim əleyhinə və onun yerlərdəki
dövlət strukturlarına
qarşı nifrət
və barışmaz əhvali-ruhiyyə yaratmışdı.
Buna görə də mütəffiq qoşunların İran ərazisinə keçməsi
ilə bağlı siyasi ab-havada qismən yumuşaqlığın
əmələ gəlməsindən
istifadə edən milli qüvvələr dirçəlməyə və
açıq mübarizə
meydanına atılmağa
imkan tapdılar.
Bu özünu hər şeydən əvvəl müxtəlif
siyasi cəmiyyətlərin,
birliklərin və partiyaların yaranmasında
və kütləni ümümxalq mübarizəsinə
qoşmaq cəhdində
bir daha aydın göstərdi.
40-cı illərin əvvəllərində
Güney Azərbaycanda
siyasi durum
Rza şahın
hakimiyyətdə olduğu
illərdə (1925-1941) ölkədə
hökm sürən amansız diktatura üsuli-idarəsi əleyhinə
olan bütün siyasi qüvvələr müxtəlif yollarla və bəhanələrlə
məhv edilib sıradan çıxarılırdı. 30-cu illərdə əhalisi 15
milyon nəfər olan İranda qeyri-fars xalqlara qarşı daha artıq zülm olunurdu. Onların milli varlığı,
dili, mədəniyyəti
Rza şahın himayəsində olan şovinizmin təzyiq və zorakılığı
qarşısında alçaldılır
və təhqirlərə
məruz qalırdı.
Şeyx Məhəmməd Xiyabani hərəkatından (1920) sonrakı
illərdə Güney
Azərbaycanda milli-demokratik
məramlı heç
bir siyasi təşkilatın fəaliyyətinə
imkan verilməmişdi.
Millətin azadlığını istəyən vətənpərvərlər
təqib olunub pərən-pərən salınmışdı.
Rza şah kimi qəddar tiranın hakimiyyətdən
salınması, rejimin
müvəqqəti də
olsa yumşalması ölkədəki siyasi ab-havanı müəyyən
qədər dəyişdi. Belə bir
vəziyyətdə ümümiran
miqyasında müxtəlif
məramlı cəmiyyətlərin
və təşkilatların
yaranmasına və fəaliyyətinə şərait
yarandı. Rza şah
hakimiyyətinin devrilməsi
ilə əlaqədar
zindanlara atılmış,
sürgünlərə göndərilmiş
və ya təqiblərə məruz
qalmış çoxlu
vətənpərvərlərin, savadlı ziyalıların,
təcrübəli peşəkər
siyasi xadimlərin azadlığa çıxması
və onların yenidən siyasi mübarizə meydanına
gəlməsi ölkədə
ümüm-xalq hərəkatının
canlanmasına və dirçəlişinə kömək
etmiş oldu.
40-cı illərin əvvəllərində
Güney Azərbaycanda
yaranan ilk təşkilatlardan
biri Azərbaycan Zəhmətkeşlər Təşkilatı
idi. 1942-ci ilin yanvarında yaradılmış
bu təşkilatın
üzvləri, əsasən,
xalqın yoxsul və imkansız zümrələrindən, keçmiş
rejimin zorakılığından
əzab çəkmiş
insanlardan ibarət idi. Təşkilatın rəhbərliyi xalqın
azadlıq mübarizəsinə
sədaqəti ilə
seçilən əqidəli
və imanlı şəxslər olmuşdu.
AZT özünün mübarizə proqramında
xalqın güzaranını
yaxşılaşdırmaq, zorakılığa və
istismara son qoymaq tələbi ilə yanaşı, əyalət
əncümənlərinin bərpa edilməsini, mədəni muxtariyyət
verilməsini, faşistpərəst
qüvvələrin cilovlanmasını
da tələb edir və bunun
uğrunda mübarizə
aparırdı.
Təşkilat üzvlərinin əksəriyyəti iri sahibkarların, feodal və varlı mülkədarların, vəzifə və mənsəb sahiblərinin zülmünə, haqsızlığına, özbaşınalığına məruz qalmış adamlar idi. Təşkilat milli zəmində yarandığından və sıraları Azərbaycanda yaşayan insanlardan ibarət olduğundan o, az müddət içərisində məşhurlaşdı və özünə xeyli tərəfdar topladı. Təşkilatın təkcə Təbriz şəhərində üzvlərinin sayı 10 min nəfərdən çox idi. Təşkilata rəhbərlik edən İsrafil Qadiri, Hüseyn Rizvan, Əhməd İslami, M.M.Çavuşi, S.Hacızadə və başqaları xalq içərisindən çıxmış zəhmətkeş nümayəndələri idi. Onlar 21 Azər hərəkatında da öz mübarizlikləri ilə seçilmişdilər. Azərbaycan Zəhmətkeşlər Partiyasının Təbrizin və Azərbaycanın digər iri şəhərlərində fəaliyyət göstərən çoxsaylı klublarının kütlələrin siyasi oyanışında və mübarizəyə qoşulmasında önəmli fəaliyyəti olsa da, o, geniş kütləni, xüsusən Azərbaycan əhalisinin böyük çoxluğunu təşkil edən kəndliləri ayağa qaldırmaq və mübarizəyə səfərbər etmək səviyyəsinə qalxa bilməmişdi. Bu işdə Cəmiyyətin rəhbərliyinə soxulmuş dönüklər az rol oynamamışdılar. Başqa bir səbəb də təşkilatın təmsil etdiyi kütlələrdə siyasi oyanma və tərpənişin zəif olması, siyasi mühitdəki mürəkkəblik idi. «Təşkilat rəhbərləri arasında xalqa rəhbərlik edə bilən təcrübəli adamlar nəzərə çarpmırdı». Buna baxmayaraq, Azərbaycan Zəhmətkeşlər Təşkilatının fəaliyyəti və onun yoxsul kütlələr içərisində getdikcə daha çox nüfuz qazanmağa başlaması irticaçı qüvvələri və onların yerli məmurlarını narahat etməyə başladı. Onlar təşkilatın fəaliyyətinə mane olmaq üçün müxtəlif hiylə və zorakılığa əl atdılar. Öz pozucu qüvvələrini hiyləgərcəsinə təşkilatın içərisinə yeritdilər və hətta bəzi yerlərdə onlar təşkilatın rəhbərliyinə soxula bildilər. Təşkilatın başqa bir qolunda isə solçu şüarlar irəli sürülür və təşkilatın adından ara-sıra varlı adamlara qarşı zorakılıq tətbiq edilir, talançılığa və soyğunçuluğa da əl atılırdı. Təşkilatın sıralarına soxulmuş xain ünsürlərin əli ilə törədilən bu işlərin hamısı Zəhmətkeşlər Təşkilatının adına çıxılır və təşkilat kütlə içərisində bədnam edilirdi. Bu vəziyyətdən məharətlə istifadə edən Təbriz jandarm idarəsinin rəisi Canpolad bəhanələrlə Azərbaycan Zəhmətkeşlər Təşkilatı fəallarını, o cümlədən İsrafil Qadirini, Səlim Hacızadəni və onların yoldaşlarını həbs etdirir. Başsız qalan təşkilat irtica qüvvələrinin təzyiq və təqiblərinə tab gətirə bilməyib 1942-ci ilin payızında özünün müstəqil fəaliyyətini dayandırmalı oldu. Təşkilatın fəalları və bir çox üzvləri antifaşist və demokratik qüvvələrin daxil olduğu «Azadlıq Cəbhəsi»ndə öz fəaliyyətini davam etdirdilər.
Həmin ərəfədə Güney Azərbaycanda yaranan təşkilatlardan biri də «Azərbaycan Cəmiyyəti» idi. Bu cəmiyyət Zəhmətkeşlər Təşkilatı ilə demək olar ki, eyni vaxtda (1941-ci ilin sonu 1942-ci ilin əvvəli yaranmışdı. Əgər Azərbaycan Zəhmətkeşlər Təşkilatı sıralarında əsas etibari ilə yoxsullar, savadsız və imkansızlar toplanmışdılarsa, «Azərbaycan Cəmiyyəti»ndə və onun rəhbərliyində ilk əvvəl ziyalılar, ortabab adamlar cəmlənmişdi ki, bu işdə Təbrizdəki milli ruhlu ziyalıların (M.Ə.Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Cəfər Əxkəri, M.M.Çavuşi, Hilal Nasiri, H.Rizvan, A.Rəhimi və başqaları) əməyi böyük olmuşdu. Azərbaycan Zəhmətkeşlər Təşkilatı kimi «Azərbaycan Cəmiyyəti» də zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq və hüquqlarını bərpa etməklə yanaşı, Azərbaycançılığı, milliliyi əsas hədəf götürmüşdülər. Bu işdə cəmiyyətin orqanı olan «Azərbaycan» qəzeti (qəzet Azərbaycan və farsca çıxırdı) mühüm rol oynamış, qəzetdə çap olunan müxtəlif xarakterli və janrlı yazılarda azər- baycançılıq ideyası yetərincə qabardılmışdı. Cəmi 40 nömrəsi çap olunmuş «Azərbaycan» millətin oyanmasında və mübarizəyə səfərbərliyində mühüm rol oynamışdı.
«Azərbaycan Cəmiyyəti» 40-cı illərin əvvəllərində Güney Azərbaycandakı milli zülm və zorakılığa qarşı səsini qaldıran ilk təşkilatlardan idi. «Azərbaycan Cəmiyyəti»ndən əvvəl yaradılmış «Partizan» klubları həddindən çox radikal və vaxtı yetişməmiş şüarlarla fəaliyyətə başladığından, kütləni arxasınca apara bilmədi və çox yaşamadı (cəmi 2-3 ay). «Partizan» klublarına yol tapmış mürtəce Sərtipzadə dəstəsinin ifşa olunacağından qorxan dövlət məmurları və yerli irtica «Partizan» klublarının tez ləğvinə kömək etdi. Partizan klublarından fərqli olaraq «Azərbaycan Cəmiyyəti» az müddətdə daha geniş kütləni, xüsusən ziyalıları və bazar əhlini öz ətrafına toplaya bildi. Cəmiyyətin təşkilatı Təbrizdə daha güclü idi. Dövlətin razılığını almadan təşkilatın təşəbbüsü ilə Təbrizdə bir sıra yerlərin tarixi adları bərpa edilmiş, xiyaban və küçələrin adları Azərbaycan milli qəhrəmanlarının və tarixi şəxsiyyətlərin adına verilmişdi. İstər «Azərbaycan Cəmiyyəti» rəhbərlərinin və istərsə də cəmiyyətin orqanı «Azərbaycan»da milli məsələnin qoyuluşu, Azərbaycana qarşı Pəhləvi hakimiyyətinin etdiyi zülm və ayrı-seçkilik siyasəti ifşa edilir, kütlə bu ruhda mübarizəyə köklənirdi. Azərbaycan Zəhmətkeşlər Təşkilatından və «Partizan» klublarından fərqli olaraq «Azərbaycan Cəmiyyəti» mübarizə taktikasında mötədilliyə, maarifçiliyə üstünlük verirdi. Cəmiyyətin yerlərdəki təşkilatları Təbrizdəkinə nisbət zəif idi. Bunun da səbəbi mərkəzə nisbətən bölgələrdə işin zəif təşkil olunması idi. Cəmiyyət bölgələrə nisbətən Təbrizdə daha çox milli ruhlu ziyalıları və kütləni öz sıralarına cəlb etməyə səy göstərmişdi.
Əkrəm Rəhimli - Bije
Xalq Cəbhəsi.- 2019.- 31 avqust.-
S.6.