İki gün Kalvada: unudulmayacaq xatirə
Bundan sonra qədəmlərimiz xeyirliyə açılsın! Azərbaycanımızın gözəl və yaraşıqlı, qədim olduğu qədər də tarixi-milli ənənələrini özündə yaşadan Kalva kəndi sentyabr görüşümüzdə necə varsa, eləcə də yaddaşıma hopdu. Zümrüd meşəliklər içində, yamyaşıl sinəli dağlıq və təpəliklərin əhatəsində bərqərar olan bu əski türk köyü gerçəkdən mənə çox doğma gəldi, ruhuma sığal çəkdi. Yalnız onunçün sevmədim Kalvanı. Daha çox həm yerləşmə məkanına, həm də iqliminə görə sanki ata yurdum Dağ Xələfli kəndini mənə özəlliyilə xatırlatdığına görə doğmalaşdıq. Kəndimizin havasını təzədən mənə daddıran Kalvaya qədər də səfalı kəndlərdən ikisi diqqətimi daha artıq cəlb edib və huşumda qalıb: İlisu (Qax) və Yerfi (Quba-Qonaqkənd) kəndləri. Hərçənd ölkəmizin bir çox yaylaq havalı bölgələrində olsam da, mən bu cür bənzəyişə rast gəlməmişdim. Kalvanı özünəməxsus edən çox nəsnələr var ki, yalnız qısa müddətdə eşitdiyim və müşahidə etdiyim bəzi mətləbləri yazıya gətirmək istəyindəyəm.
***
Kalva sadəcə, bir türk kəndidir qədimliyilə. Nə xoş ki, hər cürə xüsusiyyətləri ilə olduqca zəngin və mənalıdır, gözəldir gerçəkdən. İlk baxışdan bəyəndiyim və sevdiym bir köy oldu Kalva. Fəqət, ruhdaşlarımın - İşıqlı Atalının və tanınmış rəssam Soltan Soltanlının qardaşları, iqtisadçı alim İlkin Soltanlının il mərasimində iştirak etmək, dərdlərinə şərik olmaq üçün getmişdim Kalvaya. Ataları, 50 ildən çox bu kənddə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmiş, ömrünü Kalvanın işıqlanmasına həsr etmiş dəyərli ziyalımız Qalib Soltanoğlunun ölkəmizə bu cür övladlar verməsi şəksiz, adamda riqqət doğurur. Onun onlarla yetirməsi dövlətimizin, xalqımızın inkişafına zaman-zaman töhfələrini veriblər və verməkdədirlər. Təəssüf ki, İlkin Soltanlının vaxtsız həyatdan getməsi Qalib müəllimi ağır dərdlə üz-üzə qoyub. Oğul itkisini yaşamaq çox çətindir.
Qalib müəllim təmkinli, ərdəmli, qürurlu bir türk kişisidir. Sifətində məyusluq, kədərlə yanaşı Kalvanın dağları qədər uca vüqarlılıq gördüm. Söhbətlərimizdə Kalva ilə bağlı maraqlı aydınlatmalar, çözümlər oldu. İşıqlı xatirələri ilə yaddaşıma hopan, hər dolayında bir tarix yatan, gözəlliyi ilə insanı özünə çəkən, bənzərsiz və seçimli təbiəti heyranlıq doğuran bu kəndi - doğma yurdunu dəlicəsinə sevən insanların sözçüsü, ifadəçisi olaraq gördüm Qalib Soltanoğlunu. Var olun, Qalib müəllim!
***
Söhbətlərimizin acı məqamı məni xəyalən erməni əsirliyində qalan Dirili Qurbani yurduna çəkib apardı. Qalib müəllimin vaysınmağı ürəyimə köz basdı. İlkin kimi oğul itirmiş bu ərdəmli-təpərli kişinin yazdığı ağıların ağrısına dözmək çox çətin idi. Bundan sonra bir daha acı dadmayasınız, Qalib müəllim. Söhbətin belə məqamlarından mətanətlə keçib, təzədən kəndin ab-havasına qayıtmaq da bir hünərdir, məncə...
***
Kalva kəndi bir tərəfdən Niyaldağ silsiləsinə söykənir. Məlumat üçün qeyd edək ki, Niyaldağ ölkəmizin ən hündür dağ sisilərlərindən biri olub, hündürlüyü 2100 m-ə yaxındır. O, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılır və müəyyən hissəsi Kalva kəndinin arxasından uzanıb gedir. Başqa sözlə, Kalva yüzillərdir ki, kürəyini bu dağlara söykəyib. Bu cür təbii coğrafi mövqe kəndin ümumi görünüşünə xüsusi bir gözəllik qatır.
Buranın adamları da təbiəti kimi saf və eşqlidir. Doğulduğun torpağa dəlicəsinə vurğunluqdan möhtəşəm nə ola bilər ki? İşıqlı bəyin timsalında mən bunu apaydın görürəm. Kəndlə içdən tanışlığım hələ yox ikən, onun haqqında söz düşəndə İşıqlının yaxşı mənada pafosla Kalvaya öygüləri məndə bu kəndə, insanlarına və keçmişinə nəinki maraq yaradırdı, həm də görüb-tanımaq üçün imkan arayırdım. İsmayıllya gedəndə dəfələrlə göstərib deyirdilər ki, bax, o meşəliyin əhatəsindəki görükən kənd Kalvadır.
***
Kalva ölkəmizə dəyərli elm, ədəbiyyat və mədəniyyət sahələrində çalışan insanlar bəxş edib. Elə burdaca qeyd edək ki, Soltanlı qardaşlarının ataları Qalib müəllim yalnız Kalva kəndində deyil, eləcə də bölgədə təcrübəli, qabaqcıl təhsil işçilərindən biri olaraq tanınır, 3 kitab müəllifidir. Demək olar, Kalvanın ötən yüzilin 60-cı illərindən bəri yetirmələri onun şagirdləri olub.
Dərin folklor təfəkkürünə, və geniş erudisiyaya, zəngin elmi-metodik biliyə malik olan Qalib müəllim mədəniyyət tariximiz üçün gərəkli olan “Kalvalı Əli Dədə” adlı kitabın müəllifidir. Bəs Kalvalı Əli Dədə kim olub? - İnternetdə bu barədə maraqlı məlimatlara rast gəldik: “Çağdaş Azərbaycan balaban sənətinin inkişafında məşhur sənətkar Əli Kərimovun (Kalvalı Əli Dədənin 1874-1960) özünəməxsus xidmətləri var. Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Ustad sənətkarımızı tarixləşdirən daha vacibi hazırda xalq havası kimi sevilən “Heyvagülü” və “Alçagülü” kimi rəqs havalarını yaratmasıdır. Ümumilikdə, 70-dən artıq zurna-balaban havasına qol-qanad verib. 86 yaşında vəfat edən bu el sənətkarı Kalva kənd qəbirstanlığında dəfn olunub.
***
Bu zəngin insanla Kalvanın tarixi, mədəniyyəti, təbiəti, inancları və s. haqqında maraqlı söhbət etdik. Məni daha artıq qayğılandıran, onsuz da kövrək olan hisslərimə toxunan, oğlu mərhum İlkin müəllimə ata sızıltısından, iniltisindən süzülüb gələn bayatıları, gerçəyi - ağıları idi. Necə də yanıqlı-yanıqlı, ürək dağlayan bir tərzdə oxuyurdu o ağıları: Elə bil oğlu İlkin səsinə səs verəcəkmiş kimi ani olaraq gözlərini bir nöqtəyə zilləyib susur və gözləri yol çəkirdi:
İlkin,
İlin
tamam oldu gəl,
Halım
yaman oldu gəl,
“Oğul, oğul” – deməkdən
Dilim qabar oldu, gəl!
Adama elə gəlirdi ki, indicə oğlu eşidib qəflətən böyürdən
çıxacaq, ata-anasına,
doğmalarına sarılacaq…
Gəl,
yollarına qurban olum!
Gəl,
danışmayan dilinə
qurban olum!
Gəl,
baxan gözlərinə
qurban olum!
Sanki üzünə ilıq,
dogma övlad nəfəsi
dəyirmiş kimi, bir anda susub
bizə - İşıqlıya,
Soltana və mənə tərəf əyilib… yenidən başlayırdı:
- Halımı bilmək istəyirsinizsə, tüstüsü
görünməyən ocaq
kimiyəm. Bu halı keçirməyən
bilməz.
Sonra da, bax, beləcə
davam edirdi:
Oğul,
bu ölüm nəydi,
Dərdin qəddimi əydi.
Oğul,
sənə nə nə oldu,
Kiminsə gözü dəydi?
***
Gözüm qoşa bulaqdı,
Ağladıqca qurumaz.
Necə
dözüm bu dərdə,
Dərdim qalaq-qalaqdı.
Bu da İlkinin dilindən anasına - atasının söylədikləri:
Anam, az ağla,
Çox
bilirsən, az
ağla.
Məni
görmək istəsən,
Bax şəklimə, az ağla.
***
Anamın
yox yuxusu,
Ayrılığın közünnən,
Oğul
dərdi yamandı,
Leysan axır
gözünnən.
***
Yenə
dərdinin işığına
bürünən Qalib
müəllimin dilindən:
Söz karvanım düzülüb,
Sarbanı mən özüməm.
Ağlım sözümə baxmır,
Əlim sənnən üzülüb.
***
Qohum-qardaş, tanış çox,
Gözüyaşlı görürəm.
Dərdimə şərikdilər,
Hamı qəmli-kədərli.
***
Dərd
ki gəldi azalmaz,
Güclənər gecə-gündüz.
Başqa
dərdlər sağalsa,
Oğul dərdi sağalmaz.
Bu, bir daha Ata harayına, Ana fəryadına
cavab vermək halında olmayan, adı gələndə solğun çöhrələrində
çiçək kimi
açılan, işıq
təki saçılan
İlkinə valideyn harayıdır - yanğıyla
dolu. Bir daha əmin oldum ki, niyə bu
ailədə folklor gücü, işığı
var – İlkini tanımasam da, İşıqlıda, Soltanda
bu gücü görmüşdüm, axı
ruhumuz bir-birinə çox yaxındır! Burda şübhəsiz, Qalib müəllimin pedaqoji ustalığı,
ədəbiyyat müəllimi
olaraq zənginliyi, folklorumuzu kamil bilməsi də zənnimcə, az
rol oynamır. Onun oğlunun xatirəsinə
yazdığı bayatılar
da göstərir ki, bunlar təsadüfdən
yaranmayıb. Kökdən, ilikdən gələn məsələlərdir. Yəni Kalvanın qədimliyində
folklor örnəklərimizin
yaşarılığı və mövcudluğu bu gün Qalib
müəllimin və
övladlarının timsalında
özünü aydınca
göstərir. Bu ailədə həmçinin,
zəhmətsevərlik məni
özünə çəkdi.
Qalib müəllimin təsərrüfatçıllığı
övladlarına da keçib: kiçik oğlu Ziyanın örnəyində.
***
Burada mənim
üçün daha maraqlı və yadda qalan bir
nüansı xüsusilə
qeyd etməyi lazım bildim. İşıqlının qardaşının həm
qəbirüstü ziyarətində,
həm də hüzr məclisində səsləndirdiyi ulusal izharlar təbii, milli idi. O, qardaşının, mənsub
olduğu soyun özünəməzsusluğundan, insanın mənəvi gözəlliklərinin onu
həmişəlik yaşatmasından
şövqlə, inamla
danışırdı.
***
Kalvalılar xalqımızın digər
bölgələrimizdəki sakinləri kimi mehriban və qonaqpərvərdilər. Açığı, cəmi ikicə gün olduğum bu kəndin qonaqsevərliyinə heyran
qaldım. “Var ol, min yaşa,
millətim!”- deyə sevinc pıçıltıları içimi
doldurur. Gecə evində qonaq
qaldığım Elxan
bəyin istiqanlığı,
ürəkaçıqlığı unudularmı?! Səhər
tezdən Elxan bəylə İsitmə bulağına endik.. Kalvadakı məhşur İsitmə
bulağından (içindən
süzülüb gəldiyi
daşlı-meşəlikli döş övliya məskəni kimi də tanınır -
"İsitmə baba"
da deyirlər bura.), kəndin digər özəl xüsusiyyətlərindən söz
açdıq.
***
Kalvanın özü təki keçmişini xatırladan
qəbiristanlığı da çox mətləblərdən
xəbər verir. Yuxarıda barəsində
söz açdığımız
klassik balaban ifaçısı, bir çox rəqs havalarımızın yaradıcısı
Kalvalı Əli Dədənin (Əli Kərimov) və Əfzələddin Xaqani Şirvaninin əmisinin məzarları burdadır.
Bilmədiyimiz, lakin əski tariximizi özündə yaşadan,
kim bilir
bəlkə də çoxlu sirli-sehirli məqamların gizlinlərini
özündə dəfn
edən bu tarixi qəbirstanlıqda daha kimlər yatır?
***
… Mərasim iştirakçıları asta-asta
vidalaşıb, başsağlığı
verir, uzaqlaşırlar.
Mən də Bakıya dönməyə hazırlaşıram.
Kalvada qonaq-qaranı
boş yola salmazlar. Payızın ilk nübarından
bir torba pay qoyurlar. İşıqlı
bəy: “Qardaş, bu armud Şabran
sortudur, bu almalar, üzüm də öz bağımızdandır”, deyir.
Götürmək istəməsəm də, məcburam. Payı geri qaytarmazlar… Hələ də Kalva meyvələrinin dadını
heç yerdə tapa bilmirəm.
Bu da son. Düşüncələr insanı tənha olduqda daha çox özünə çəkir. Yaradıcılıq onda başlayır.
…Gözlərim önündən İşıqlı bəyin Kalva öygüsü daha da ucaldı və bu ucalığın çevrəsində gerçək bir Kalva məişəti, Kalva təbiəti, kalvalıların əlvan həyat tərzi və adət-ənənəsi, Kalva ziyalıları keçdi. Kalvada cəmi ikicə gün oldum. Ancaq heç zaman unutmayacağım anlar yaşadım. Diləyim budur ki, indən sonra bu elə, bu şenliyə xeyir çal-çağırına, toy-büsata üz tutaq. Təki sağlıq olsun!
Sonda bir daha Qalib müəllimə, ruh qardaşlarım İşıqlı bəyə və Soltan bəyə, o sıradan bütün ailə üzvlərinə, yaxınlarına əzizləri - AMEA İqtisadiyyat İnstitunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlının vəfatı ilə bağlı başsağlığı verir, dərdinizi bölüşür və “Soyu var olsun!” – deyirəm.
Yusif
DİRİLİ
Bakı-Mərəzə-Kalva-Bakı
Xalq Cəbhəsi.- 2019.- 3 dekabr.-
S.14.