Azərbaycan diasporu:
İtaliya
Real vəziyyət,
problemlər və perspektivlər
Avropanın nüfuzlu dövlətlərindən biri də
İtaliyadır. 301,338 km2 ərazisi, 60,5 milyondan
artıq əhalisi olan İtaliya dünyada nüfuza və təsir
imkanlarına sahib olan bir dövlədir. Qeyri-rəsmi
məlumata görə burada yaşayan azərbaycanlıların
sayı 4 000 nəfərdir.
Xatırladaq
ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. 1992-ci il, mayın 8-də isə iki ölkə
arasında diplomatik əlaqələr yaradılıb.
Azərbaycanla İtaliya arasında ticarət əlaqələri
də mövcuddur və hər iki dövlətin rəhbər
şəxsləri, əlaqələrin inkişafında, ticarət
dövriyyəsinin artırılmasında maraqlı
olduqlarını ifadə ediblər. Təbii ki, iki ölkə
arasında əlaqələrin inkişafında diaspor amili də
rol oynaya bilər. Bir şərtlə ki,
Azərbaycan diasporu burada geniş təsir imkanlarına,
parlament, bələdiyyə, dövlət qurumları və
digər təşkilatlarla ciddi əlaqələrə malik
olsun. Həqiqətənmi belədir?
Hazırda durum necədir, hansı problemlər
var, hansı işlər görülür və perspektiv
imkanları nə qədərdir? Bunu
araşdırmaq üçün öncə İtaliyada fəaliyyət
göstərən Azərbaycanın diapsor təmsilçilərinə
müraciət etdik.
Onu da nəzərə
çatdıraq ki, İtaliya ötən il
ATƏT-ə sədrlik edib.
İtaliyadakı diaspor təmsilçiləri nə
düşünürlər?
Azərbaycan
İtaliya Gənclər Assosiasiyasının rəhbəri
Emin Rüstəmov bildirdi ki, bugün diasporun inkişafı
istiqamətində çoxtərəfli islahatlar
aparılır: “Təbii ki, bu da xaricdə yaşayan azərbaycanlılar
olaraq bizləri sevindirməyə bilməz. Diasporla iş
üzrə Dövlət komitəsinin əməkdaşlarının
müxtəlif ölkələrə səfərləri,
oradakı Azərbaycan icması ilə görüşləri,
koordinasiya şuralarının təsis
edilməsi və s. amillər yaxın zamanda daha güclü
diasporumuzun olacağından xəbər verir. Bu
gün İtaliya ilə Azərbaycan arasındakı çoxtərəfli
münasibətlərin inkişafı, burda da güclü Azərbaycan
diasporunun yaranmasını labüd edir. Bugün
İtaliyanın müxtəlif şəhərlərində
yaşayan azərbaycanlılar var. Bunların əksəriyyətini
tələbələr təşkil edir. Təssüf
ki, uzun illərdir İtaliyada yaşayan azərbaycanlıların
sayı bir o qədər də çox deyil. Ona görə
də bizim əsas hədəf kütləmiz, burada təhsil alan və hal hazırda fəaliyyət göstərən
gənclərdir”. Emin Rüstəmov əlavə etdi ki, geridə
qalan illərdə İtaliyadakı Azərbaycan diasporunun formalaşması
istiqamətində gərəkli addımlar atılıb: “Amma
təssüf ki, hələ də bəzi problemlər
qalmaqdadır. Bizim təşkilat olaraq əsas məqsədimiz
bu problemləri aradan qaldırmaqla yanaşı, ölkəmizin
düzgün istiqamətdə təbliği, müxtəlif
şəhərlərdə yaşayan azərbaycanlılar
arasında güclü şəbəkənin qurulması,
onların vahid platforma altında birləşdirilməsi,
İtaliyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlər
və xarici diaspor təşkilatları ilə əlaqələrin
genişləndirilməsi, gənclərimizin assimilyasiya olmadan
doğru istiqamətdə cəmiyyətə inteqrasiyası,
Dağlıq Qarabağ həqiqətlərinin yerli o cümlədən
dünya ictimaiyyətinə çatdırılması,
Avropada fəaliyyət göstərən digər Azərbaycan
diaspor təşkilatları ilə əlaqələrin
qurulmasından ibarətdir. Planlar çoxdur.
Hesab edirəm ki, əgər qarşımıza qoyduğumuz məqsədlərin,
heç olmazsa 40/50 faizini həyata keçirə bilsək,
ölkəmiz, diasporumuz adina İtaliyada
çox böyük işlər görmüş
olacağıq. Təşkilat olaraq tam
gücümüzlə fəaliyyətə
başlayacağıq. Artıq yeni formatda
Azərbaycan İtaliya Gənclər Assosiasiyası görəcəksiniz”.
İtalyan
dili dərsləri
İtaliyada
yaşayan gənc fəal Məryəm Mehdiyeva isə dedi ki,
İtaliyada azərbaycanlıların sayı getdikcə
artır. O, əlavə etdi ki, burada illər boyu yaşayan ailələrlə
bərabər İtaliyada təhsil alan azərbaycanlı
tələbələrin də sayı çoxdur: “Müxtəlif
fakültələrdə oxuyan tələbələr həm
savadlı bir gənc kimi bizi xaricdə təmsil edir, həm də
imkan daxilində diaspor fəaliyyəti ilə məşğul
olurlar”.
Azərbaycan
Türkiyə diasporunun İtaliyadakı birgə fəaliyyətinə
gəlincə isə M. Mehdiyeva diqqətə
çatdırdı ki, Türkiyə türkləri bu işdə
çox aktiv deyillər: “Amma burada təhsil alan
türkiyəli tələbələrin içində əməkdaşlığa
təşəbbüs göstərən aktiv tələbələr
var. Amma təəssüf ki, hələ də koodinasiyali əməkdaşlıq
yoxdur”.
Görülən
işlərlə bağlı danışan M. Mehdiyeva
“Xocalı soyqırımı ilə, aprel hadisələri ilə
bağlı aksiyalar təşkil edir, mühüm tarixlərlə
bağlı və tədbirlər həyata keçiririk”, -
deyə vurğuladı: “Bundan başqa Azərbaycan həqiqətləri
ilə bağlı tədbirlər təşkil edirik. Birbaşa təşəbbüskarı
olmadığımız tədbirlərə də
qatılırıq, dəstək veririk”.
Qeyd edək
ki, M.Mehdiyeva 2013-cü ildən 2016-cı ilə qədər
Venesiyanın Ca Foscari Universitetində Azərbaycan dilini tədris
edib: “Hazırda İtaliyada diasporla bağlı görəcək
çox iş var. Burada yaşayan azərbaycanlıların
böyük əksəriyyəti tələbədir. Təbii ki savadlı və perspektivli
soydaşlarımız var. Bəzi çətinliklərimiz
italyan dilini yaxşı bilməməyimizdən irəli gəlir.
Bununla bağlı bacardığım qədər
həmvətənlərimizə kömək edir, onların bu
dili mənimsəməsinə çalışıram”.
M.Mehdiyeva
onu da əlavə etdi ki, gələn ildən
könüllü olaraq italyan dili dərsləri keçmək
istəyir: “Hesab edirəm ki, burada yerli cəmiyyətə
interqasiya olmaq, əlaqələr qurmaq, effektli diaspor fəaliyyəti
göstərmək üçün dil bilikləri mütləqdir.
Belə bir planım həmişə olub, sadəcə
tədris üçün yerimiz olmadığından həyata
keçməyib”.
Sistemli fəaliyyəti
gücləndirmək lazımdır
Diaspor üzrə araşdırmaçı, ekspert Elnur
Eltürk isə fərqli düşünr. Onun fikirncə, son illər
İtaliyada fəaliyyət göstərən Azərbycan
diaspor təşkilatlarında fəallıq müşahidə
olunur: “Xüsusilə, İtaliyada Azərbaycan icmasında gənclərin
rolu artmaqdadır. İtaliyada təhsil alan
və yaşayan gənclərimiz uğurlu fəaliyyət
ortaya qoyurlar. Biz burada səfirliyin fəaliyyətini
xüsusi qeyd etməliyik. Səfirliyimiz
İtaliyada Azərbaycan-İtaliya əlaqələrinin
inkişafında, yerli media və siyasi dairələrlə
sıx əlaqələr qurub. Bununla
yanaşı Azərbaycan tarixi, həqiqətləri, mədəniyyəti
və turizm potensialı haqqında sistemli fəaliyyəti
gücləndirmək lazımdır. Parlamentlə
əlaqələr xüsusilə diqqətdə
saxlanılamalıdır. Mətbuada mütəmadi olaraq
ölkəmizlə bağlı məqalə və
yazıların çap olunmasına nail olmalıyıq”.
Lobbiçilik
modeli
Siyasi elmlər
üsrə fəlsəfə doktoru, dosent, diaspor ezrə
ekspert Zaur Əliyev vurğuladı ki, bu gün nəinki
İtaliyada, bir sıra ölkələrdə Azərbaycan
diasporunun fəaliyyəti zəifdir: “2001-ci ildə Bakıda
keçirilən dünya azərbaycanlılarının
birinci qurultayından sonra biz gözləyirdik ki, diasporumuz yeni
modelə-lobbiçilik modelinə keçəcək. Lakin gözləntilər özünü
doğrultmadı. 18 ildir ki, biz hər dəfə
diasporun fəaliyyətindən yazmağa
çalışırıq, lakin hər dəfə də
eyni sözləri yazmağa məcbur oluruq. Hazırda dünyada lobbi təşkilatlarının
ciddi təsir imkanları var. Bizim isə İtaliya daxil olmaqla
dünyada lobbi təşkilatlarımız demək olar ki,
yoxdur. Biz hansı fəaliyyətdən
danışaq ki, həmin ölkənin parlamentində Azərbaycanın
dostları qrupu yoxdur? İtaliyanın
hansı TV kanalında Qarabağ həqiqətləri barədə
sənədli filmi diasporumuz maliyyələşdirib? Ancaq ölkə başçısının şəxsi
təşəbbüsü ilə addımlar atılır.
Artıq İtaliyanın iri şəhərlərində
Azərbaycan evləri yaradılmalı və lobbi mərhələsinə
keçilməli təşkilatlarımız buradan idarə
edilməlidir”.
“İdeyalarla
zəngin gənclərimiz az deyil”
Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad
Hüseynzadə diqqətə çatdırdı ki, bir
çox ölkələr kimi, İtaliyadakı diasporumuzda da
süstlük var: “Hazırda nisbətən aktivlik Azərbaycan-İtaliya
Gənclər Assosiasiyasının üzlərindən hiss
olunur. Roma Sapienza Universitetində təhsil alan
tələbələrimiz həmrəylik nümayiş etdirib
ara-sıra tədbirlər keçirirlər.
Sevindirici haldır ki, ordakı bir neçə gəncimiz
hətta biznes fəaliyyəti də göstərirlər. Yəni İtalıyada
ideyalarla zəngin, ambisiyalı gənclərimiz az deyil.
Onların bu və ya digər formada fəaliyyəti gələcəkdə
azərbaycanlıların təşkilatlanması
baxımından da çox önəmlidir. İtaliya kimi
strateji baxımdan önəmli dövlətdə bu cür
işlərin görülməsi diaspor fəaliyyəti
nöqteyi-nəzərindən də faydalıdır.
İtaliyadakı gənclərimiz geniş formada ölkəmizi
tanıtmaq və dünyada güclü mövqeyə malik olan
siyasi mərkəzlərlə əməkdaşlıq etməlidir. Ümumiyyətlə, xaricdəki
gənclərimiz yaşadıqları ölkələrin
dilini öyrənməlidir...”.
Rəsmi
mövqe
Diasporla İş üzrə Dövlət Komitəsinin
mətbuat xidmətinin rəhbəri Vəsilə
Vahidqızı isə söylədi ki, azərbaycanlıların
İtaliyaya axını və bu ölkədə məskunlaşma
XX əsrin 90-cı illərindən etibarən başlayıb. Onun szölərinə
görə, azərbaycanlılar əsasən Roma, Milan,
Bolonya, Padova, Venetsiya şəhərlərində məskunlaşıblar:
“Azərbaycanın İtaliyadakı səfirliyindən verilən
məlumata əsasən bu ölkədə hal-hazırda təqribən
4000 nəfərə yaxın azərbaycanlı var.
İtaliyadakı Azərbaycanlıların əksəriyyəti
tələbələrdir. Azərbaycanın
İtaliyadakı səfirliyindən verilən məlumata əsasən
tələbələrimizin sayı təqribən 2000-2500 nəfər
təşkil edir”.
İtaliyadakı
Azərbaycan diaspor təşkilatları barədə məlumat
verən V.Vahidqızı əlavə etdi ki, İtaliyada
yaşayan və təhsil alan azərbaycanlılar
2000-ci illərin əvvəllərindən etibarən təşkilatlanmağa
başlayıblar: “Bu ölkədə ilk Azərbaycan diaspor təşkilatı
25 iyun 2004-cü ildə Padova şəhərində yaranan və
rəsmi qeydiyyatdan keçən İtaliya-Azərbaycan
"Dostluq" assosiasiyasıdır.
İtaliyada yaranan və hal-hazırda da fəaliyyət
göstərən növbəti təşkilat "Azəri"
Azərbaycan Mədəniyyət Assosiasiyasıdır.
Digər təşkilat “İtaliya-Azərbaycan Mədəni
Əlaqələr Cəmiyyəti”dir. Təşkilat Milan
şəhərində təsis edilib və rəsmi qeydiyyatdan
keçib.
Bakı-Neapol Assosiasiyası isə Azərbaycanla
İtaliya arasında mövcud olan dostluq, ticarət və mədəniyyət
əlaqələrini daha da inkişaf etdirmək məqsədilə
fəaliyyət göstərən təşkilatdır. Assosiasiya
2014-cü ildə İtaliyanın Neapol şəhərində
yaradılıb. Təşkilatın sədri
İtaliya vətəndaşı olan Cüzeppe Kanilyadır.
Assosiasiya yarandığı 2014-cü ildən
indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni
iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində
yaxından xidmət göstərib, bir sıra tədbirlərin
təşkilatçısı olub”.
V.Vahidqızı əlavə edib ki, İtaliyada yaşayan azərbaycanlıların əksər hissəsini təşkil edən tələbələr təşkilatlanma prosesindən kənarda qalmayıblar: “2014-cü ilin iyun ayında Romanın nüfuzlu ali təhsil müəssisələrindən olan Carlo Universitetində Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilib. İtaliyada yaşayan, təhsil alan soydaşlarımızın diaspor istiqamətində fəaliyyətlərində effektivliyin yüksəldilməsi məqsədilə cari ilin may ayında Roma şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə toplantı keçirilib və Koordinasiya Şurasının yaradılması qərara alınıb. İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Roma üzrə koordinatoru Fərid Abbasov, Milan üzrə koordinatoru Bahar Yusifzadə, Malta üzrə koordinatoru Leyla Cavadova toplantı iştirakçıları tərəfində səsvermə yolu ilə seçilib”.
Əli
Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2019.- 5 dekabr.-
S.7.