Azərbaycan mətbəxi və məhsulları
beynəlxalq xeyriyyə bazarında
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 25-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib.
Səfirlikdən verilən məlumata görə, bazarda iştirak edən səfirlik Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.
Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası və digər təamlar böyük marağa səbəb olub. Bazarda, həmçinin Azərbaycan istehsalı olan müxtəlif növ şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər ziyarətçilər tərəfindən həvəslə alınıb.
Azərbaycan stendində, həmçinin milli mədəniyyətimizin vacib məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunub. Ölkəmizdə çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ölkəmizə aid şəkillər məcmuəsi, açıqcalar, suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Builki xeyriyyə bazarında səfirlik iki stendlə iştirak edib. Belə ki, ənənəvi stendlə yanaşı, ikinci stenddə zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini əks etdirən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə əlaqədar muxtar respublikasının əlamətdar yerlərini təsvir edən şəkillərdən ibarət foto-sərgi təşkil edilib.
Tədbir çərçivəsində Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon) və xanımı Marqarita stendimizi ziyarət edərək nümayiş olunan məhsullar və yemək növləri ilə tanış olub və ölkəmiz barədə yüksək fikirlər söyləyiblər.
Mərasimdə iştirak
edən KİV nümayəndələri stendə böyük maraq nümayiş etdiriblər. Azərbaycanın
Bolqarıstandakı səfiri Nərgiz Qurbanova
Bolqarıstan Milli Radiosu,
Fokus və Anadolu xəbər
agentliklərinə müsahibə verib. O,
ölkəmizin zəngin mədəni irsi,
turizm potensialı barədə məlumat verib. Diplomat Azərbaycan
xalqının tarixi, maddi-mədəniyyət
abidələri, zəngin ədəbiyyatı, incəsənəti
və musiqi mədəniyyəti ilə
haqlı olaraq fəxr etdiyini
diqqətə çatdırıb. Səfir
Bakı və Sofiya arasında birbaşa hava əlaqəsinin
açılmasının bolqar turistlərə
ölkəmizi daha yaxından kəşf
etməyə şərait yaratdığını qeyd edib və dost bolqar xalqını multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi
və gözəlliklərindən zövq
almaq üçün
Azərbaycana dəvət edib.
Xalq Cəbhəsi.- 2019.- 5 dekabr.-
S.16.