ABŞ-da Azərbaycan
xalçalarının sərgisi açılıb
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb.
Dekabrın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.
ABŞ-da yaşayan soydaşlarımızın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın, bu ölkənin tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.
“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək xalçaçılıq tarixindən danışıb, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün ən yüksək inkişaf dövrünü yaşayır. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin hazırda 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.
Orxan Rzayev deyib ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsində yerləşir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.
Bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Burada toxunan xalçalar,
bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən
biridir. Qarabağda mövcud olan
çoxsaylı sənət
sahələri içərisində
aparıcı yeri xalçaçılıq tutub.
Azərbaycan dövləti tarixi
Qarabağ xalçalarını
yaşadaraq onun əvvəlki şöhrətini
özünə qaytarır.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki,
“Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət
Palatasının birgə keçirdiyi tədbirlər
həftə ərzində davam etdiriləcək.
Xalq Cəbhəsi.- 2019.- 5 dekabr.-
S.16.