Almaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir

 

 

 

Almaniyanın Ştutqart şəhərində yerləşən və XIX əsrə aid hesab edilən abidə “Alte Reiterhalle”də Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Almaniyadakı səfirliyi, fəxri konsulluğuAlmaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən reallaşıb. Tədbir Almaniyada təhsil alan və çalışan azərbaycanlı musiqiçilərdən təşkil olunmuş yeni yaradılan “Odlar YurduOrkestrinin ifasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamının ifa olunması ilə açıq elan edilib.

Konsertdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer, Baden Vürtemberq federal əyalətinin Kənd Təsərrüfatı və Ərzaq nazirliyinin dövlət katibi, Landtaqın üzvü xanım Fridlinde Qurr-Hirş (Friedlinde Gurr-Hirsch), Ulm şəhərinin baş meri Qünter Çij (Günther Czisch) və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev çıxış ediblər.

Çıxışlarda Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixindən, iki yüz il öncə Azərbaycana köç edən almanlardan və onların özlərindən sonra qoyduqları irsdən söz açılıb. Azərbaycan hökumətinin bu irsin qorunub saxlanılması istiqamətində atdığı addımlar haqqında məlumat verilib. Azərbaycandakı alman icmasının hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində öz deputatı ilə təmsil olunduğu diqqətə çatdırılıb, bu birgə tarixə dair geniş məruzə edilib. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Almaniyanın onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu, Azərbaycanın Qərbi Avropa regionunda ilk səfirliyinin məhz Almaniyada açıldığı qonaqların diqqətinə çatdırılıb. Ulu öndər Heydər Əliyevin və Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin, eləcə də 2018-ci ildə Almaniya Federal kansleri xanım Angela Merkelin Azərbaycana səfərinin iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına xüsusi töhfələr verdiyi vurğulanıb. Almaniyanın Cənubi Qafqaz regionunda ən vacib iqtisadi tərəfdaşı olan Azərbaycanın Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli roldan bəhs edilib, bu yaxınlarda Türkiyənin İpsala regionunda açılışı olmuş TANAP qaz boru kəmərinin bunun bariz nümunəsi olduğu nəzərə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən siyasi-iqtisadi islahatlardan, müxtəlif sahələrdə əldə olunan nailiyyətlərdən söz açılıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın olduğu bildirilib.

Azərbaycanda alman dilinə böyük marağın olduğu, hər il çox sayda azərbaycanlı gəncin təhsil almaq üçün Almaniyaya gəldiyi, Azərbaycanda “DAAD” və “Göte” Mərkəzinin fəaliyyət göstərdiyi, Berlində Azərbaycan səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin təsis edildiyi diqqətə çatdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətindən, Fondun mədəniyyətimizin təşviqinə töhfələrindən və həyata keçirdiyi çoxsaylı layihələrdən geniş bəhs olunub.

Tədbirdə bədii rəhbəri Fəridə Rüstəmova olan, Almaniyada yeni yaradılmış “Odlar YurduOrkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Səid Rüstəmov, Aqşin Əlizadə, Volfqanq Amadeus MotsartLüdviq van Bethoven kimi bəstəkarların əsərləri səsləndirilib. Orkestrin ifası qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbirdə Almaniyanın Baden Vürtemberq əyalətinin ictimai-siyasi, mədəni və elmi dairələrinin təmsilçiləri, Baden Vürtemberq federal əyalətində akkreditə olunmuş diplomatik korpusun üzvləri, kütləvi informasiya vasitələrinin və Almaniyadakı diasporamızın nümayəndələri iştirak ediblər.

 

Xalq Cəbhəsi.- 2019.- 7 dekabr.- S.13.