Firidun İbrahiminin
şərəfli ömür yolu
1-ci
yazı
Qarşımda dəyəri sözlə ölçülə bilməyəcək iki kitab durur: Firudin İbrahimi. “Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)” və “Azərbaycan danışır...” İftixarlı tariximizdən bir neçə parlaq səhifə (Azərbaycanın qədim tarixindən) “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz 1324 (1945).
Hər iki kitab İranda 1945-1946-cı illərdə dalğalanan milli-demokratik hərəkatın uğurlu sonucu olaraq 12 dekabr (21 Azər) 1945-cı ildə qurulmuş Azərbaycan Milli Hökumətinin Baş prokuroru Firudin Qəni oğlu İbrahiminin anadan olmasının 100 illiyi münasibətilə çap edilib. Bu möhtəşəm tarixi nəşrlərin maliyyə dəstəkçisi, çağdaş dövrün tərzi ilə ilə desək, sponsoru “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin I müavini, F.İbrahiminin doğmaca qardaşı Ənuşirəvan bəyin oğlu və əmisinin mənəvi varisi Firudin İbrahimidir.
“Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946)”-nın tərtibçisi, əski əlifbadan latın qrafikasına çevirəni, nəşrə hazırlayanı, ön söz, ətək yazıları və şərhlərin müəllifi isə tanınmış şərqşünas alim, milli qeyrətli aydınımız Səməd Zülfəli oğlu Bayramzadədir...
Şanlı-şövkətli tariximizin parlaq səhifələrinə işıq salan, hər bir oxucunun əlindən tutaraq xəyalən Güney Azərbaycan xalqının ən xoşbəxt olduğu bir dövrə aparan və faktların dili ilə danışan “Azərbaycan danışır...” adlı mötəbər kitabın da tərtibçi və məsul redaktoru, eyni zamanda toplanmış materialları fars dilindən Azərbaycan türkcəsinə çevirənlərindən biri yenə də Səməd Bayramzadə, digəri isə Saleh Dostəliyevdir. Və hər iki kitabda Səməd bəy belə bir tarixi gerçəyi aşılayır oxucusuna: Firidun İbrahimi Güney Azərbaycanın danışan dili, Firidun İbrahimi şəxsiyyəti – bizlərin, bu günkü və gələcək nəsillərin iftixar edə biləcəyi şərəfli tariximizin parlaq səhifəsidir!..
* * *
Bir həqiqət hər kəsə məlumdur: Həyatda təsadüfi heç nə yoxdur və bütün təsadüflər məhz zərurətdən doğulur. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinə rəhbərlik edən, 2013-cü ilin oktyabrında “Ümumsülh uğrunda” Beynəlxalq Federasiyanın “Sülhməramlı səfiri” dərəcəsini alan Səməd bəy həmin tarixi zərurətin diqtəsi ilə bu addımları atıb, soydaşlarına, qan və qarındaşlarına, eldaşlarına: “Bir dön, geriyə bax! Gör Sizlər kimlərin mənəvi varislərisiniz!” ismarışını ötürüb. Və onu bu tarixi addımları atmağa öz keçmişi itələyib, özünü dərk edəndən bəri yaşadıqları, gözləri ilə görüb şahidi olduğu hadisələr, körpəlik çağlarından fədai atası Zülfəli kişidən eşitdiyi həqiqətlər sövq edib. O Zülfəli bəydən ki, 1946-cı ildə döyüş bölgəsindən evinə dönməyib, birbaşa Danişyan Qulamyəhyanın başçılıq etdiyi fədai qoşunu ilə birgə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan bədnam Türkmənçay müqaviləsi ilə Araz çayı boyu müəyyənləşdirilmiş sərhədə doğru hərəkət edərək Xudafərin körpüsünün üzərindən Arazın bu tayına - Quzey Azərbaycana keçib, ailəsi – həyat yoldaşı, bir oğlu və iki qızı isə o tayda qalıb... Ailənin başçısı heç özü də anlamadan ömür-gün yoldaşı və övladlarının bir ömürboyu yaşayacağı müsibətə, kədər və ağrıya rəvac verib. Elə isə bu ağrılı gerçəyi, Səməd bəyin özcə dilindən eşitmək daha doğru olar: “Atam Zülfəli kişi deyərdi ki, 1946-cı il dekabr ayının 12-də Milli Hökumət süqut etdikdən sonra, onlar Araz çayı üzərindəki körpüdən sərhədi adlayaraq Şimali Azərbaycana gəliblər. O, Hacıkənddə təşkil edilmiş düşərgədə döyüş cəbhəsindən gəlmiş subay fədailərlə birgə hərbi təlim keçib. Bu hərbi təlimlər fədailərdə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi yaradıb. Əslində o, ömrünün sonunadək zərrə qədər azalmayan bu ümidlə yaşayıb və son nəfəsinədək Firqənin üzvü olaraq qalıb (ölümündən iki ay öncə Firqə biletini mənə verib tapşırdı ki, əgər ölərsə, bileti ünvanına çatdırım, borclu olduğu üzvlük haqlarını da ödəyim. Mən belə də etdim). Hətta S.C.Pişəvəri də Hacıkənd düşərgəsində fədailərlə görüşüb və yenə də gələcəyinə söz verərək onlara ruh yüksəkliyi bəxş edib...
* * *
Hərbi təlimlər S.C.Pişəvərinin öldürüldüyü tarixə kimi (11.06.1947) davam etdirilib, sonra isə onlar da İrandan gəlmiş digər fədailərlə birlikdə müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndəriliblər.
Bu hadisədən sonra atam da bir neçə fədai yoldaşı ilə bərabər Naftalanda işə göndərilib, evlə təmin edilib. Yalnız İrana qayıtmaq ümidləri tamamilə puça çıxdıqdan, əli Arazın o tayında qalmış ailəsindən birdəfəlik üzüldükdən sonra - 1950-ci ilin əvvəllərində Naftalan şəhərinə yaxın yerləşən Goranboy rayonunun Səfikürd kəndində yaşayan anam Zeynəb Məhəmməd qızı ilə tanış olub və taleyini bu qızla bağlayıb. Daha sonralar atam müxtəlif işlərdə çalışıb, ailəsinin, övladlarının keçimini halal zəhmətlə qazandığı vəsaitlə təmin edib. 1985-ci ilin yazında Bayramzadə Zülfəli Arazboyu sərhədlərin açılmasını, o taya gəliş-gedişin asanlaşdığını görmədən, Güneydəki əzizlərinə qovuşmadan bir ömür boyu ürəyində daşıdığı nisgillə dünyasını dəyişib.
Haşiyə: 1980-ci ildə digər firqəçilər kimi atama da xəbər göndərildi ki, Vətənə dönmək istəyirlərsə, İranın Bakıdakı konsulluğuna ərizə ilə müraciət etsinlər, yəni yazıb xahiş etsinlər ki, onların vətənə dönmələrinə köməklik göstərsinlər.
Yaxşı yadımdadır, məsələ ilə bağlı Danişyan Qulamyəhyanın qəbulunda olduq və atam çox səmimiyyətlə ondan soruşdu ki, “bura gələndə ərizə verib gəliblər ki, indi də ərizə verib geri qayıtsınlar?”
Qulam Yəhya xəfifcə gülümsədi və “yox” dedi. Atam isə “Vətənə kiməsə yalvarıb, tövbə edib dönmək istəmir, başı yuxarı, azad bir vətəndaş kimi dönmək istəyir,” - dedi. Bununla da bildirdi ki, o hələ də vətəninin, millətinin azad olacağı və demokratik bir şəraitdə yaşayacağı günə ümid edir və o gün də gələcək. Qulam Yəhya ilə söhbətinin sonunda özəlliklə vurğuladı ki, əgər o (yəni Qulam Yəhya) qabağa düşüb Vətənə getmək haqqında əmr verərsə, tərəddüd etmədən onun ardınca gələcək. Atama nəsib olmasa da, Vətənə başı yuxarı getmək və orada azad, müstəqil, demokratik Azərbaycan Respublikasının ilk səfirliyini açan, yaradan, yola salan diplomatik heyətin tərkibində olmaq mənə qismət oldu: 1992-ci ilin dekabr ayının 8-də Bakıdan Tehrana uçan ilk diplomatik nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri Nəsib Nəsibzadə və müşaviri professor Həsən Əlibəyli ilə birlikdə səfirliyin 2-ci katibi sifəti ilə mən də var idim. Biz iki qonşu və qardaş dövlətlər arasında müstəqil və suveren Azərbaycan Respublikası adından diplomatik, iqtisadi-ticarət, mədəni-ədəbi və turizm əlaqələri, eyni zamanda da qardaşlıq, dostluq körpüsünün salınmasında, möhkəmləndirilməsi və inkişafında ilk olaraq iştirak etdik və əlimizdən gələni əsirgəmədik. Bunun üçün də çox xoşbəxtəm”.
Bu yaxınlarda çox böyük zəhməti hesabına çapdan çıxan “Sülh uğrunda” və “Azərbaycan danışır...” kitablarını əlinə aldığı anlarda da, düşünürəm ki, Səməd Bayramzadə həmin niskil qarışıq xoşbəxt anları bir daha yaşayıb... Həmin anlarda onun həm mutluluq duyğuları, həm də gəncəcik çağında dar ağacından asılan qəhrəman fədayinin fəci taleyinə və atasının çin olmayan arzularına vaysınmadan doğan üzüntüləri bir-birinə qarışıb...
* * *
“Azərbaycan danışır...”da tərtibçi-müəllif sanki istedadlı qanun keşikçisinə tribuna verir. Bu tribunadan 29 iyul-15 oktyabr 1946-cı il tarixləri arasında Parisdə 21 dövlətin iştirakı ilə təşkil olunmuş Beynəlxalq Sülh Konfransında Azərbaycan Milli Hökumətinin mətbuat nümayəndəsi kimi iştirak edən, bu konfrans barədə qeyd və mülahizələrini Azərbaycan Demokrat Firqəsi (ADF) Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzetinin 9 noyabr-10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında çap etdirən F.İbrahimi oxucuların gözləri qarşısında o dövrlərdə baş verənlərin mənzərəsini cızır. Çünki “Paris Sülh Konfransında İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasındakı sülh müqavilələri barədə İrana öz hökumətinin mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir, sona kimi də bütün müzakirələrin gedişini diqqətlə izləyir”, nəticədə ona verilmiş bu tarixi imkanı dəyərləndirməyi bacarır, bir sıra məsələləri özlüyündə çözə bilir və həmin 19 məqalə məhz bu baxış bucağından incələnərək qələmə alınır. Güney Azərbaycan tarixi, dünəni və bu günü ilə bağlı bir sıra tədqiqatların müəllifi olan S.Bayramzadə “Sülh uğrunda”nın annotasiyasında yazır: Azərbaycan Milli Hökümətinin Baş Prokuroru Firidun İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə” (Azərbaycanın qədim tarixindən) başlıqlı yazıları 19 hissədən ibarət olmaqla 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokrat Firqəsinin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlarla fars dilində çap olunmuşdur. Bu yazılar F.İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı və istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti və dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət və ənənələri barədə 19 məqalədən ibarətdir. Sözügedən yazılar Azərbaycan türkcəsinə tərcümə edilərək ilk dəfə 1946-cı ildə “Sovet Mədəniyyəti Evi” tərəfindən Təbrizdə “Azərbaycanın qədim tarixi haqqında” adı ilə çap olunmuşdur. Təəssüflə qeyd olunmalıdır ki, müəllifin özü tərəfindən yazılmış müqəddimə həmin kitabda verilməmişdir. Bu məqamı nəzərə alaraq, F.İbrahiminin “Azərbaycan” qəzetində fars dilində getmiş sözügedən yazıları Azərbaycan dilinə tərcümədə və yeni tərtibatda onun anadan olmasının 100 illik yubileyi ərəfəsində oxucuların diqqətinə ilk dəfə təqdim olunur”.
Esmira Fuad
Filologiya
üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 10 dekabr.-
S.14.