Firidun İbrahiminin
şərəfli ömür yolu
2-ci
yazı
Kitab Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan Azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından da çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkməmişlər.
F.İbrahiminin yazı üslubuna toxunmadan onun qeydlərinin özəlliyini saxlayaraq müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmasına və səslənməsinə çalışan Səməd bəy bir sıra ərəb-fars ifadələrinin Azərbaycan dilində qarşılığını verməklə oxucunun bəhs edilən mətləbləri tamamilə anlamasına yardımçı olur...
Etiraf edək ki, xalqın sevdiyi milli qəhrəmana, azad dövlət quruculuğuna imza atdığı bir il boyunca misli görünməmiş işlər görmüş ictimai-siyasi və mədəni xadimin 100 il - bir əsrlik yubileyinə bundan gözəl hədiyyə ola bilməzdi!.. Bu, qəhrəmanı öz dilindən, yazılarından təqdim etmək yenidən doğuluşunun, könüllərə yenidən qayıdışının ən unikal variantıdır...
“Firudin İbrahimi və Azərbaycançılıq” adlı giriş məqaləsində Firudin İbrahiminin ömürnaməsi oxunur, yaşamının ayrı-ayrı səhifələri böyük məhəbbətlə vərəqlənir. S.Bayramzadənin sevgi toxunuşlu sunumundan diqqətli oxucu öyrənir ki, o, 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsi (ADF) sıralarına qoşulub, 1 oktyabr 1945-ci il tarixində ADF-nin Təbrizdə təşkil olunmuş I qurultayında iştirak edən Azərbaycan xalqının 237 nəfərlik təmsilçisindən biri olub, Azərbaycan Milli Məclisi təşkil olunduqdan sonra isə Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil edilmiş 39 nəfərdən oluşan Azərbaycan Milli Hökumətinin tərkibində Baş prokuror vəzifəsinə təyin edilib. O vaxt, yəni 1945-ci ildə Firudin gəncəcik bir oğlandı və Tehran Universitetinin hüquq fakültəsindən yenicə məzun olmuşdu. Və bu tarixi təyinatdan sonra gənc prokuror bütün şüurlu ömrünü “Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edərək istər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq Azərbaycançılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib”, bu yolda əlindən nə gəlirsə, əsirgəməyib.
* * *
Kitabdan öyrənirik ki, F.İbrahimi 21 noyabr 1918-ci il tarixində Astaranın İran tərəfindəki hissəsində dünyaya gəlib. 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsinin tələbəsi ikən İran Xalq Partıyası (İXP) sıralarına qoşulan gənc milli fəal tələbə hərəkatında aktiv şəkildə iştirak edib. Ədəbi fəaliyyətinə də tələbə adını qazandığı ildən start verib və tez bir zamanda siyası məqalələr yazmağa başlayıb. 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra gənc tələbə bu mətbu nəşrlə əməkdaşlıq edib. Həmin ildə də redaksiya heyətinin üzvü seçilib. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını kəskin boyalarla ifşa edib. “Ajir” qəzetində aktiv fəaliyyət göstərməklə yanaşı, yazılarını ardıcıl surətdə İXP-nin rəsmi orqanının “Rəhbər”, antifaşist ruhlu “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyi Birləşmiş Mərkəzi Şurasının “Zəfər” qəzetlərində və b. mütərəqqi mətbuat orqanlarında dərc etdirib. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq edib və günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr qələmə alıb. 1945-ci ilin mayında ali təhsilini başa çatdıran F.İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi almasına baxmayaraq, xalqına şərəflə xidmət göstərməyi özünün əsas vəzifəsi hesab edib və çoxlarına cazibədar görünən bu təklifləri qəbullanmayıb. Öz ana yurdu, uğrunda göz qırpmadan ölməyə belə hazır olduğu doğma Azərbaycana qayıdıb.
* * *
Şərqşünas alim ön söz xarakterli giriş məqaləsində yazır: “5 sentyabr 1945-ci il tarixində ADF-nin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunub və elə həmin tarixdən də F.İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayıb. Onun Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli hissinin oyanmasında mühüm rol oynayıb. O, bu yazılarında ABŞ və İngiltərənin ikiüzlü siyasətini və həmin siyasəti təqib edən Fransanı ifşa edir, bu konfransda iştirak edən həmin dövlətlərin nümayəndələrinin keçmiş müstəmləkə dövlətlərində öz nüfuzlarını qorumaqla yanaşı, hətta yeni regionlar əldə etmək və onlarda da müstəmləkəçilik siyasətini genişləndirmək cəhdlərini aydın bir şəkildə açıqlayır. F.İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır”.
* * *
Oxucu bu kitablardakı məqalə və çıxışlardan Firudinin parlaq şəxsiyyətinin xarakter özəlliklərini, ruhundakı əsintiləri, ardıcıl mübarizə xəttini, amal və arzularını, həyatdakı amaclarını da öyrənmiş olur. Gənc prokurorun mərdanə xarakteri, qorxmalığı, fədakarlığı, ümummilli məsələləri şəxsi istək və arzularından nə qədər yüksək tutduğu onu heyrətləndirir. Həqiqətən sonsuz zindan əzablarına, ağlasığmaz işgəncələrə mərdliklə dözən qanun keşikçisinin istintaq zamanı etdiyi son çıxışları çox təsirli və ibrətamizdir:
Müstəntiqin sorularına prokurorun verdiyi cavabları indiki nəsillərə görk üçün kitabda olduğu kimi verməyi məqsədəuyğun sayırıq:
– Siz prokuror olduğunuz
zaman hansı işləri icra etmisiniz?
– Biz məhbusların cinayət
işlərini araşdırdıq,
mürtəce qanunlar əsasında həbs olunan günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə
onları satqın hakimlərin zülmündən
xilas etdik.
– Bəs o xalq haradadır, niyə sizin ölümünüzü
istədilər?
– Mənim kimilərin ölümünü istəyənlər
imperialist ağalarının göstərişlərini yerinə
yetirən mürtəce
Tehran hökumətidir. Bu gün xalqımızın
əl-ayağı, fəhlə,
kəndli, zəhmətkeş
və həmçinin
əli qələm tutan ziyalıların dili bağlanmışdır.
Amma bu əsarət zəncirləri əbədi
deyil və onların qüdrətli əlləri ilə açılacaqdır. Mən öz
ömrümü Azərbaycan
zəhmətkeşlərinin və bütün İranın azadlığı,
səadəti yolunda sərf etmişəm.
Bu zaman içərisində
çalışdım ki,
öz vəzifəmi şərəflə yerinə
yetirim. Mən xalq mübarizəsinin
şölələri içərisində
tərbiyə olunmuşam.
Bu üzdən də özümü xalqa xidmətdə borclu bilirəm və müqəddəs mübarizə yolunu tutduğum üçün
fəxr edirəm.
Mübarizəmin bu axır mərhələlərində
də öz iradə və cəsarətimi qoruyacağam!..
Və ədalətsiz
məhkəmə qərarı
ilə ölümə
məhkum edilən nakam qəhrəmanın dar ağacına gedərkən doğmalarından
son istəyi, zənnimcə,
dünya xalqlarının
həyatında və
ədəbiyyatında rast
gəlinməyən nadir hadisədir. Bu hadisəni
Səməd bəy ürək ağrısı
ilə, əminəm ki, həm də
aramsız axan göz yaşlarının
müşayiəti ilə
o qədər təsirli
bir dillə təsvir edib ki!..
“Edamdan iki gün öncə F.İbrahimi Paris Sülh Konfransına gedərkən
aldığı kostyumun
zindana göndərilməsini
istədi. Sübh tezdən, üzünü
qırxdıqdan sonra ağ köynəklə
kostyumunu geyindi, qırmızı rəngli
qalstukunu boynuna taxdı. Səliqəsinə xüsusi diqqət
yetirdi. Bəzi yoldaşlarının təəccübünü
görüb: “Biz öz
həyatımızı bütünlüklə
paklıq və şərəf içərisində
keçirdik, niyə dar ağacı altında pərişan halda görünməliyik?
- dedi” F.İbrahimi.
1947-ci ilin 23 may gününün
səhəri saat 4-də
Təbrizin Səttarxan
xiyabanında, “Gülüstan”
bağının qarşısındakı
meydanda edam olundu. Kəndir boynuna salınmamışdan
öncə gözlərini
qapadı və vida əlaməti olaraq üzünü Savalan dağı istiqamətinə tutdu, təzim etdi və sonra cəlladların
cəkic zərbəsi
kimi fərqinə vardıqları uca səslə dedi: “Yaşasın Azərbaycan!
Yaşasın azadlıq!
Məhv olsun istibdad! Yaşasın İran xalqlarının birliyi!.. Həmin gün
bütün Azərbaycan
xalqı matəmə
qərq oldu. Təbrizin mübariz cavanları mitinq və etiraz nümayişləri,
“intiqam komitələri”
təşkil etdilər.
İnanırıq ki, F.İbrahimi
şəxsiyyəti, sürdüyü
ömür, Azərbaycanın
azadlığı uğrunda
keçdiyi mübarizə
yolu, göstərdiyi qəhrəmanlıq, milli
kimliyimizi və varlığımızı bütün
dünyaya tanıtdırmaq
işində qələmindən
çıxan yazıları
günümüzün gəncliyi
və gələcək
nəsillərimiz üçün
örnək olacaq və uğrunda şəhid olduğu gün də gələcəkdir”.
* * *
“12 Şəhrivər” bəyanatındakı
12 maddədən oluşan
milli məsələlərin
- Azərbaycanın daxili
muxtariyyət məsələsi,
milliyət məsələsi,
ana dilinin bərqərar olunması və milli ədəbiyyatın
inkişafı məsələsi,
“əyalət əncümən”
– yerli dövləti idarəetmə orqanı, yerli parlamentin təsisi və s. kimi böyük məsələlərin həlli
və ən əsası, uluyurdda daimi sülhə nail olmaq uğrunda silahdaşları ilə çiyin-çiyinə mübarizə
aparan F.İbrahimi “həm yazıları, həm də əməlləri ilə millətinin layiq olduğu yeri bütün dünyaya tanıtdıra bildi, Azərbaycanın şəhidlik
tarixində ən müqəddəs və uca zirvə də məhz ona aiddir”.
Tarixi faktlara söykənərək çox dəqiqliklə hazırlanıb ərsəyə gətirilən bu kitablar bir dərsdir. Tarixin ibrət dərsi. Tariximizin açılmamış qatlarına baş vurmaq, bir sıra gizli məqamları açmaq, ən yaxın keçmişimizin qaranlıq səhifələrinə işıq salmaq istəyən möhtərəm oxucu! Buyur, əlində iki mötəbər, ən yeni qaynaq var!.. Oxu, öyrən, faydalan və çağdaşlarına, səndən sonra gələn soydaşlarına da öyrət!.. Axı keçmişini, tarixini bilməyən, özünü tanımayan, milli kimliyini dərk etməyən bir fərdin, toplumun və xalqın gələcəyi də sual altına düşür... Aydın səma, günəşli göy üzü, mutluluqlar içində keçən yaşama sahib olmaq üçün öncə tariximizə, dünənimizə və milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, Firudin İbrahimi kimi özünü xalqın, millətinin bağımsızlığı yolunda fəda etmiş əfsanəvi qəhrəmanlarımızı, ictimai-siyasi xadimlərimizi tanımalı və bütün dünyaya tanıtdırmalıyıq!..
Esmira Fuad
Filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.-
2019.- 12 dekabr.- S.14.