Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik
Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda böyük
yazıçı və
dramatuq Cəlil Məmmədquluzadənin anadan
olmasının 150 illiyi
münasibətilə elmi
sessiya keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə çıxış edən
institutun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin
150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını
xatırladıb. Bildirib
ki, Sərəncama əsasən Mədəniyyət
Nazirliyi, Təhsil Nazirliyi və AMEA ilə birlikdə Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini
nəzərə almaqla,
böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik
yubileyinə dair tədbirlər planının
hazırlanması tapşırılıb.
Bugünkü tədbir də
həmin tədbirlər
planına əsasən
keçirilir.
G.Baxşəliyeva qeyd edib ki,
Cəlil Məmmədquluzadənin
Azərbaycan ədəbiyyatının
yeni mərhələyə
yüksəlməsində müstəsna
rolu olub. Mirzə Cəlil
Azərbaycan ədəbiyyatı
və ictimai fikir tariximizdə böyük iz qoyub, ana dilimizin
qorunmasında və inkişafında, Azərbaycan
xalqının oyanışında
böyük xidmətlər
göstərib, həmçinin
yalançı din təbliğatçılarına,
xurafata və cəhalətə qarşı
mübarizə aparıb.
“XIX əsrin sonu
XX əsrin əvvələrində
Azərbaycan ədəbiyyatı,
ictimai və ədəbi fikir tarixində çox böyük dirçəliş
dövrü başlandı.
Bu proseslərin başında duranlardan və fəal iştirak edənlərdən
biri də Mirzə Cəlil olub. Cəlil Məmmədquluzadənin fəaliyyətinin əsasında
onun publisistikası dayanır. O, həyatı
boyu bu ideallar
uğrunda yazıçı
qələmi ilə xalqımızın inkişafı
üçün mübarizə
aparıb. Azərbaycanda və onun hüdudlarından kənarda
geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına
yol açan və azadlıq ideyalarının inkişafına
qüvvətli təsir
göstərən “Molla
Nəsrəddin” jurnalı
məhz Mirzə Cəlil dühasının
məhsuludur. Bu jurnalın ətrafında
bir sıra demokrat, vətənpərvər
və maarifçi yazıçılarımız cəmləşmişdi. “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər”
və digər əsərlərində ürək
yanğısı ilə
Vətənində mövcud
olan geriliyi, savadsızlığı satirik
qələmi ilə aradan qaldırmaq böyük vətənpərvər
yazıçının fəaliyyətinin
əsasını təşkil
edirdi. Azərbaycanda
sovet hakimiyyəti qurulanda Mirzə Cəlil Təbrizə mühacirət edib və iki il bu şəhərdə
yaşayıb, fəaliyyətini
orada da davam etdirib. Məhz “Molla Nəsrəddin” jurnalının səkkiz nömrəsi Təbrizdə
nəşr olunub.
1922-ci ildə Azərbaycana qayıdan C.Məmmədquluzadə ömrünün
sonunadək fəaliyətini
Bakıda davam etdirib”, - deyə Gövhər Baxşəliyeva
qeyd edib.
G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq
İnstitutunun tədqiqat
dairəsinə uyğun
olaraq bu elm müəssisəsində bilavasitə
görkəmli ədibin
yaradıcılığı tədqiq edilməyib. Ancaq institutda iranlı dissertantlar tərəfindən
“XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatının
İran ədəbiyyatına
təsiri” və “Məşrutə dövrü
İran satirik mətbuatının inkişafında
Cəlil Məmmədquluzadə
və M.Ə.Sabirin rolu ” mövzularında dissertasiya işləri uğurla müdafiə edilib.
Seminarda institutun Şərq-Qərb
şöbəsinin müdiri,
ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə
və xurafata qarşı mübarizəsi
və aktuallığı”
mövzusunda məruzə
ilə çıxış
edib.
Ümumən soydaşlarını, o cümlədən bütün
Şərq qadınlarını
oxumağa, maariflənməyə
çağıran Mirzə
Cəlilin: “Ey Şərq qadınları,
oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız.
Oxumasanız qaranlıqda qalacaqsınız”
fikrinə istinad edən məruzəçi
maarifçiliyin onun əsas amalı olduğunu xatırladıb.
“Molla Nəsrəddin”
jurnalının nəşr
olunduğu dövrün
siyasi və ictimai mühitində ən çox mübarizə apardığı
məsələnin, dini
özünə qalxan
edərək insanların
vicdani duyğularını
istismar edənlərin
olduğu diqqətə
çatdırıb. Mirzə Cəlil
irsinin müasir dövrdə də aktuallıq kəsb etdiyi vurğulanıb.
Sonra məruzə ətrafında
çıxışlar olub, suallar cavablandırılıb.
Xalq Cəbhəsi.- 2019.- 14 dekabr.-
S.15.