“Gələcək nəsillərə yatırım”

 

 Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilib

 

BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır.

Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler, Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış edib.

Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilib.

 

Konfrans çərçivəsində keçirilən sessiyalarda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə bağlı məsələlər, eləcə də yaradıcı sənayelərin roluinkişaf etdirilməsi, səhayət edən insanlar üçün ölkələrin yaradıcı sənaye və mədəni irs məhsullarının zənginləşdirilməsi mövzuları müzakirə edilib. Qeyd olunub ki, müasir dövrdə mədəni turizm bu prosesdə əsas rol oynayır.

Səfər çərçivəsində Vasif Eyvazzadə UNESKO-nun baş direktorunun müavini Xinq Qu, təşkilatın sabiq baş direktoru Koiçiro Matsuurabir sıra ölkələrin nümayəndələri ilə Azərbaycanda mədəniyyət və mədəni irs, həmçinin yaradıcı sənayelər sahələrində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıb.

UNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə həmçinin “Bakı Prosesi”, Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu müzakirə edilib. Xinq Qu qeyd edib ki, o, 2018-ci ildə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və Bakıdan xoş təəssüratlarla ayrılıb.

 

Xalq Cəbhəsi.- 2019.- 14 dekabr.- S.13.