“Azərbaycan” qəzetinin səhifələrində
5-ci yazı
Firqəmizdə fəaliyyəti davam etdirməliyik
Dünyada baş verən milli hərəkatlar göstərib ki, hər hansı bir partiya və ya firqə müvəffəqiyyət ələ gətirdikdən sonra onun üzvləri daha məğrur olaraq özlərinin məsuliyyətlərini unutsalar, o partiya və ya firqə aradan gedər. Firqəmiz milli ideallarımızın və milli ehtiyaclarımızın üzərində vücuda gələrək xalqımızın ciddiliyi sayəsində çox az bir müddətdə Milli Hökumətimizi qurdu. Xalqımız Milli Hökumətimizə ölkəmizin və dilimizin ehtiyacları ilə bağlı böyük vəzifələr vermişdir və Mill Hökumətimiz də bu vəzifələri icra etməkdədir.
Bununla firqə təşkilatı heç bir halda özünü məsuliyyətdən kənar saxlaya bilməz. Biz bilməliyik ki, millət tərəfindən bizim öhdəmizə qoyulan vəzifələr indi daha artıqdır. Firqə üzvləri tamamilə böyük vəzifələrin qarşısında qərar tutaraq ən dəqiq bir halda bu vəzifələri yerinə yetirməlidirlər.
Biz indiyə kimi firqədə hər nə qədər fəaliyyət etmişiksə və qeyrət göstərmişiksə, onlarla fəxr etməyə haqqımız yoxdur. Biz minlərlə zəhmətlərə dözmüşüksə, hələ öz milli vəzifələrimizin bir hissəsini yerinə yetirmişik.
Ümumiyyətlə, firqə təşkilatlarında xalqın hamısı iştirak edə bilməz. Firqənini siyasi nöqteyi-nəzərdən tərifini versək, onda firqə ibarətdir bir yığıncaqdan ki, orada bütün təbəqələrin ən qabaqcıl və fəal üzvləri müəyyən bir siyasi hədəfi ələ gətirməkdən ötrü çalışırlar. Bizim firqəmiz bütün təbəqələrin mənafeyini nəzərə almaqla o təbəqələrin ən başçı və mübariz adamlarından təşkil olunub. Bunlar hələlikdə kafi miqdarda öz vəzifələrini yerinə yetirə bilməyirlər.
Rza xanın 20 illik diktatorluğu nəticəsində biz tamamilə öz mədəni və milli hüququmuzdan məhrum olmuşuq. Bizim indiki həyat tərzimiz orta əsrlərdə və bəlkə ondan da əvvəlki dövrlərdə yaşayan insanların həyatları kimidir. Bu gün bizim yüz minlərlə xalqımız savadsız və tərbiyəsiz qalıb daima cəhalət altında yaşamaqdadırlar.
Bizimlə bir mühitdə yaşayan vətəndaşlarımıza indiyə kimi burada həyat haqqı verilməyibdir. Xalqımızın çörəyi, maarifi, işi, səhiyyəsi yoxdur və yüz illərlə dünya mədəniyyətindən geri qalmışıq. Bu cür nöqsanların müqabilində hər bir firqə üzvünün də vəzifəsi müəyyəndir. Xalqının səadəti uğrunda çalışan firqə üzvləri heç vaxt öz fəaliyyətlərini, zəhmətlərini xalqın gözünə söxmayıb iman və iradə ilə o biri qalmış vəzifələrini yerinə yetirməlidir. Firqə üzvləri öz ictimai borclarını verməklə, öz vəzifələrini icra etməklə heç kəsə minnət qoyub özlərindən məsuliyyəti kənarlaşdırmağa haqlı ola bilməzlər.
Biz yalnız o vaxt fəxr edə bilərik ki, axırıncı nəfəsimizə qədər millətimizin səadətini, xoşbəxt həyatını təmin etmək uğrunda çalışıb gələcək nəslimiz üçün əlverişli və geniş bir mühit yaradaq.
Biz indi dövlətimizi qurmuşuqsa, onu saxlamalıyıq, bu dövləti yaratmaqda məqsədimizin nə olduğunu bilib və o hədəflərimizi həyata keçirməliyik. Ona əsasən hamımız firqədə nizam-intizam bilən bir əsgər kimi fəaliyyətimizə davam etməklə, firqəmizə son dərəcədə sadiq və düzgün olmağımızı əməldə sübut etməliyik.
Azərbaycanlılıq şərəfimiz bizim öz milli vəzifələrimizi bütünlüklə yerinə yetirib xalqımızın borclarını ödəməyimizi bizdən tələb edir. Biz bu gündən etibarən həmişəki kimi özümüzü böyük milli məsuliyyətlərin qarşısında hiss edərək firqəmizin rəhbərliyi altına daha da sürətlə işə başlayıb tarixdə qızıl suyu ilə yazılmalı qalibiyyətlər, həqiqi iftixarlar qazanmalıyıq. Biz firqəmizin öhdəsinə qoyulmuş vəzifələri icra etməklə bütün Şərq millətlərinə xoşbəxtlik və azadlıq verəcəyik, öz xalqımıza isə xoşbəxt bir həyat şəraiti yaradıb əbədi olaraq şanlı və əziz Azərbaycanımızı əsarət və istismar zəncirindən qurtaracağıq. Qoy firqəmiz daha da möhkəmlənsin. Yaşasın böyük və şanlı firqəmiz!
Fəthi Xöşginabi
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, təbriz, say 114, 31 yanvar 1946-cı il
***
İran
haqqında
London – Ankara radiosu. Londonda bu qənaət əldə olunub
ki, İran ilə Sovet İttifaqı arasındakı ixtilaflar
müstəqim müzakirə yolu ilə həll ediləcəkdir.
Bu gün Təhlükəsizlik Şurasında
məsələyə bu yolla son veriləcəyi ehtimal olunur.
İngiltərənin
Moskvadakı elçisi cənab Arçila Klark Ker Moskovadan
ayrılarkən bir məlumat göndərmiş və
demişdir: “Sovet İttifaqı ilə İngiltərə
arasında müharibə zamanı yaranmış dostluq
möhkəm əsaslar üzərində qurulmuşdur. Mən bu dostluq münasibətinin davam edəcəyinə
əminəm”.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 114,
31.01.1946
***
Azərbaycanın
Şimalı və Güneyi arasında əlaqələr
tarixindən:
Sovet xəstəxanasının
müdiri dosent Səmədovun elanı
Təbrizdə və onun nahiyələrində
havaların kəskin surətdə dəyişməsi ilə əlaqədar
olaraq soyuqlama xarakterli xəstəliklər, xüsusilə
qrip, ciyər iltihabı, angina və sairə artıb.
Bu xəstəliklərlə mübarizə aparmaq
üçün İran Azərbaycanı həkimləri Sovet
dərmanlarından, məsələn, sulfidin, sulfosol,
strepdositdən istifadə edirlər.
Bu Sovet dərmanlarının
təsir baxımından başqa oxşar dərmanardan
üstünlüyünü nəzərə alaraq bildirmək
istəyirik ki, yerli apteklərdə Sovet dərmanı
olmadığından onları da az təsirli
başqa dərmanlarla əvəz edirlər. Sovet
xəstəxanasına xəbər çatır ki, yerli apteklər
müalicə həkimi ilə razılaşmadan Sover dərmanlarını
əvəz edirlər. Belə hallar bir daha
baş verərsə, o zaman yerli qəzetlərdə həmin
aptek sahiblərinin adlarını göstərməli
olacağıq.
Bununla bərabər Sovet xəstəxanası yerli həkimlərin
və xəstələrin nəzərinə
çatdırır ki, Sovet dərmanları ancaq Sovet xəstəxanasının
aptekində mövcuddur ki, oraya müraciət etsinlər.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113,
30.01.1946
***
Ərdəbildə
gördüyüm
Keçmişlərdə bir neçə dəfə
Ərdəbilə səfər etmişdim. O böyüklükdə
şəhərdə bir səhiyyə quruluşu və səliqəli
xəstəxana və ya heç bir növ müalicə
servisi olmadığından biçarə əhalinin
bütün sağlamlıq və səhiyyə sistemini xətərdə
gördüm. Hətta, bir hadisə nəticəsində
cüzi yaralanmış bir insan üçün azacıq da
olsa bint tapmağa müvəffəq olmazdılar. Bu yaxınlarda yenə də yolum Ərdəbilə
düşdü. Bu dəfə “Şir və
Xurşid” xəstəxanasını doğrudan parlaq və
geniş bir vəziyyətdə gördüm. Orada yaradılmış müntəzəm göz və
cərrahiyə servisləri, ayaq üstündəki (ambulator –
red.) xəstələr servisi gündə 100-150 nəfər
göz xəstəsi, daxili və dəri xəstəliklərinə
tutulmuşları, yaralıları və sair xəstələri
məhəbbətlə və nəzakətlə qəbul edib
düzgün müalicə edirdilər. Ondan
əlavə 40-50 yataqlı “Şir və Xurşid” xəstəxanasında
ağır xəstələr yatır. Olara
ciddi müalicələr və tibbi yardımlar olunur. Həqiqətən,
Ərdəbil şəhəri öz quruluşundan bu yana birinci dəfədir ki, Milli Hökumətin
diqqəti altında bu əzəmətdə xəstəxana və
sağlamlıq mənbəyini müşahidə edir. Əlbəttə, bu kimi tərəqqilər vətənimizin
xalqını səadətə sövq edəcək və Azərbaycan
milləti dünyada günü-gündən iftixar
qazanacaqdır.
Qurban
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113,
30.01.1946
***
Sahir: Azərbaycanın
meyvə bağları
Meyvə ağacları yer üzünün ancaq
kiçik bir hissəsini tutur. Ekvatorun meşəlik
yerlərində, qütbə yaxın qarlı və donmuş
yerlərdə, susuz çöllər və dağlarda meyvə
ağacları yoxdur. Əski dünyada meyvə
bağları Aralıq dənizi sahilləri ilə qərbi
Asiya, Türküstan və Pəncab ölkələrində
geniş sahələri örtürdülər.
Azərbaycan Qərbi Asiyanın meyvə bağları məntəqəsində
yerləşdiyi üçün böyük iqtisadi əhəmiyyətə
malikdir və onun meyvələri müxtəlif, nəfis və
boldur. Şah gölü dörd bir tərəfdən meyvə
bağları ilə hörülmüş olan zümrüd
bir halqa arasındadır. Belə ki, Salmas, Urmiya və
Sulduzdan başlayıb Mahabad, Miyandoab və Marağaya qədər
uzanar və Marağadan Səhəndin qərb ətəklərini
seyr edib Xosrovşah, Sərdrudda genişlənir, sonra da Təbrizdə
Acı çayın mənsəbindən tutub Basmıncın
dərəsinə qədər irəliləyir. Bu bağlarda
yetişən meyvələrin bir çoxu Aralıq dənizi
iqlimində yetişən meyvə növlərindəndir:
üzüm, badam, ərik, əncir, hulu, şaftalı və
sairə.
Lakin
dağlıq yerlərdə və havası sərin yaylaqlarda
da yaxşı alma, armud, gilas, albalı və
qoz ələ gəlir.
İkinci meyvə məntəqəsi Azərbaycanın
şimalında Mişov dağının ətəklərində
olan Mərənd, Zunuz və bütün güney
mahalını tutur və oradan Savalan dağının ətəklərindən
keçib Ərdəbil və Sərabda genişlənir. Mərəndin
üzümlükləri, Zunuzun qızıl almaları və
Qaradağın yaylaq meyvələri məşhurdur. Oranın
sərin dağlıq yerlərində yaxşı gilas, alma və Araza yaxın aran nahiyələrində
də bollu nar hasil olur. Ərdəbilin
armudları və gilası, Sərabın irı və nəfis
almaları bəlkə də dünyada bənzərsizdir.
Üçüncü meyvə məntəqəsi
Qızılüzən hovzəsinə aid olur. Bura da Miyanadan
keçib Zəncan çayı boyunca Xürrəmdərə
və ona yaxın yaşayış məntəqələrini
örtür. Bu nahiyələrdə
üzüm bağları ilə almalıqlar və sair yaylaq
meyvə bağçaları qarışıq bir halda nəzərə
çarpır. Azərbaycanın isti və
quraq yayları, bol suları, enerjili və maraqlı xalqı
bu gözəl bağları yaradıblar. Azərbaycan
meyvə bağları ilə fəxr edə bilər! Azərbaycanın quru meyvə ixracatı onun milli sərvətini
artırır və onun meyvələri bütün dünya
bazarlarında keyfiyyəti və dəyərliliyi ilə
tanınıb.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113,
30.01.1946
***
Dostlar!
Cənubi Azərbaycanda milli mədəniyyətimizin
inkişafı naminə görülmüş işləri əks
etdirən bi elanı diqqətinizə təqdim edirəm.
Elan
Azərbaycanda
rəssamlıq sənətini təşviq etmək və əhalini
Azərbaycan rəssamlarının əsərləri ilə taniş etmək məqsədi ilə VOKS-un (ÂÎÊÑ – Âñåñîþçíîå Îáùåñòâî Êóëüòóðíûõ Ñâÿçåé/Ümumittifaq Mədəni
Əlaqələr Cəmiyyəti) Təbrizdəki mədəniyyət
evində İran Azərbaycanı rəssamlarının əsərlərindən
ibarət sərgi təşkil edilmişdir. Sərgidə
iştirak etmək istəyən rəssamlar öz əsərlərini
Sovet mədəniyyət evinin sərgri komissiyasına təqdim
etməlidirlər.
Sərgiyə aşağıdakı əsərlər qəbul
ediləcəkdir.
1.
Karandaş ilə ifa olunmuş tablolar.
2.
Yağlı və sulu rənglərlə
ifa olunmuş tablolar.
3. Qələm
ilə ifa olunmuş tablolar
4. Azərbaycan
miniatürü
5.
Xalça eskizi tabloları və xalçalar.
6.
Çini eskiz tabloları
Əsərlər
1946-cı il fevral ayının 1-dən (bəhmən
ayının 12-dən) mart ayının 15-ə (esfəndin
24-ə) qədər qəbul olunacaqdır. Əsərləri
qəbul olunan bütün rəssamlara gümüş
nişanlar və birincilik qazananlara isə əlavə olaraq 3
dərəcəli mükafat veriləcəkdir:
Birinci dərəcəli
mükafat 5000 riyal
İkinci
dərəcəli mükafat 3000 riyal
Üçüncü
dərəcəli mükafat 2000 riyal
Sərgi
iki ay davam edəcək, Təbriz və ətrafdan gələn
əhalini rəssamların işləri ilə tanış
edəcəkdir. Sərgi bağlandıqdan sonra əsərlər
öz sahiblərinə qaytarılacaqdır.
Mədəniyyət
evi sərgi komissiyası
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 113,
30.01.1946
***
Əski əlifbadan
transliterasiya və farsca məqalələri tərcümə
edən:
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə
Xalq Cəbhəsi.- 2019.- 19 dekabr.-
S.14.