Dilçi alim Zərifə
Budaqovanın yubileyi qeyd
olunub
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, görkəmli dilçi alim, türkoloq Zərifə Budaqovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İnstitutdan bildirilib ki, tədbirdə müəssisənin direktoru, akademik Möhsün Nağısoylu bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr etmiş Zərifə Budaqovanın elmi fəaliyyətindən danışıb. Qeyd edilib ki, Zərifə Budaqova Azərbaycan dilçiliyində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, qrammatika sahəsinin aparıcı mütəxəssislərindən biri olub. Onun elmi tədqiqatları əsasən Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik məsələləri, xüsusən punktuasiya məsələlərini əhatə edir. Alimin Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, eləcə də dilçiliyin nəzəri və əməli məsələlərinə aid 150-yə yaxın elmi əsəri çap olunub. Zərifə Budaqova 1949-1953-cü illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil alıb, 1953-cü ildə "Müasir Azərbaycan dilində tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb.
Tədbirdə professorlar
İsmayıl Məmmədli, Məsud Mahmudov
və Sayalı Sadıqova, filologiya
üzrə elmlər doktoru Kamilə Vəliyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova və ADPU-nun
Azərbaycan dili və onun
tədrisi metodikası kafedrasının baş
müəllimi Mətanət Mehdiyeva qeyd ediblər ki, Zərifə
Budaqovanın Azərbaycan elmi və mədəniyyəti
sahəsində xidmətləri yalnız onun
monoqrafiya və kitabları, elmi irsi ilə ölçülmür. Onun
ən böyük xidmətlərindən
biri də dərin bilikli
elmi kadrlar yetişdirməsidir.
Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfər
filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq
dissertasiyaları müdafiə edib. Alimin ölməz elmi irsi bu gün
də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir.
Xalq Cəbhəsi.- 2019.- 31 dekabr.-
S.15.