“Həm böyük yurdu quran, həm
qoruyan qüdrətimiz…”
Qüdrətli söz ustası Yəhya
Kamal
Böyük ictimai-siyasi xadim, qüdrətli
söz ustası Yəhya Kamal 1884-cü ildə Üsküpdə
doğulub. Atası İbrahim Hacı bəy bələdiyyə
rəisi olub, anası Nakiyə xanım isə
dövrünün ziyalı qadınlarından hesab olunurdu. Yəhya
Kamal 5 yaşında Üsküpdə yerləşən Yeni məktəb
adlı məhəllə məktəbinə gedib. Bu məktəbdə
şagirdlərə dərsi yalnız şifahi əzbərçilik
əsasında öyrədir, onların şifahi
danışıq və qavrama qabiliyyətini artırırdılar.
Yəhya Kamal 7 yaşında doğulduğu şəhərdə
“Məktəbi-ədəb” məktəbinə gedir. Bu məktəbdə
dörd il oxuyub və 1895-ci ildə oranı bitirərək, mədrəsə
təhsili almağa davam edib. Lakin ailələri Selanikə
köçdüyü üçün o, sonrakı təhsili
bu şəhərdə alıb. 1898-ci ildə anası vəfat
edir. Atası başqa birisi ilə yeni həyat qurur.
Anasının ölümü və atasının yeni həyat
qurması Yəhya Kamalı olduqca narahat edir. Bu səbəbdən
o, 1902-ci ildə İstanbula gəlir. İstanbul həyatı
onun sonrakı həyat və dünyagörüşündə
böyük rol oynayıb. Belə ki, o, bir çox məclislərdə,
xüsusilə xalq yaradıcılıq məclislərində
iştirak edib, bilmədiyi, eşitmədiyi çox şeyləri
öyrənib. Şəkib bəy adlı bir gənclə
tanışlıq isə ona daha çox təsir e dib. Bu
şəxs siyasi əqidəsinə görə Parisə
sürgün edilmiş,orada yüksək elm və mədəniyyət
öyrənmişdi. Buna görə də Şəkib bəyin
Fransa, o cümlədən Avropa barədə
danışıqları Yəhya Kamalın böyük
marağına səbəb olub, hətta şairi ailəsindən
icazəsiz Parisə getməyə sövq edib. Parisdə
olarkən Gənc Türklərlə tanış olub, onlarla
sıx əlaqələr qurub. 1903-cü ildə Yəhya Kamal
Fransada məktəbə daxil olur və fransız dilini öyrənə
bilir. 1904-cü ildə isə məktəbi dəyişərək
Parisdə yerləşən siyasi elmlər məktəbində
oxuyur. Bu məktəbdə Albert Sorel adlı bir professorun ona
böyük təsiri olur. Fransa siyasi həyatı,
siyasi böhran, milli münasibətlər və s. barədə
Soreldən aldığı məlumatlar Yəhya Kamalın məhz
ictimai-siyasi görüşlərinin lazımi səviyyədə
formalaşmasına təsir göstərib.
Yəhya Kamal 1912-ci ildə Parisdən İstanbula gəlir. İstanbulda
yerləşən məktəblərin birində tarix və ədəbiyyat
dərslərini tədris edir, türkçülüyün
kökləri, inkişaf xüsusiyyətləri barədə
düşüncə və araşdırmalarını
genişləndirir. Bu xüsusda Ziya
Göyalpla bir çox ziddiyyətlərə gedib. Yəhya Kamal 1923-cü ildə Böyük Millət
Məclisinə üzv seçilib. Onun bu
dövrdən başlayaraq diplomatik fəaliyyəti xeyli
genişlənib. O, 1925-ci ildə Varşavada Türkiyənin
elçisi təyin olunur. 1929-cu ildə isə
bu missiyanı Madriddə davam etdirir. 1934-1943-cü
illərdə yenidən Böyük Millət Məclisinin
üzvü olur. Yəhya Kamal 1947-1948-ci illərdə
Pakistan dövlətində səlahiyyətli səfir işləyir.
Yenicə istiqlalını qazanmış
Pakistanda bu vəziyyətdə işləməklə iki
dövlət arasında siyasi, mədəni əlaqələrin
artırılmasına nail olub. 1949-cu ildə
xəstəliyi ilə əlaqədar İstanbula gəlir.
Lakin xəstəliyi uzun sürür. Müalicə üçün bir neçə dəfə
Fransaya getsə də, sağalması mümkün olmur.
Görkəmli sənətkar, böyük şəxsiyyət
olan Yəhya Kamal 1958-ci ildə vəfat edib.
Yəhya Kamal XX əsr türk şeiri və nəsrinin
inkişafında böyük xidməti olan sənətkardır. Bir sıra nəsr
və publisistik əsərlər yazmasına baxmayaraq, sənət
aləmində qüdrətli şair kimi tanınıb.
O, öz şerlərilə türk şeir dilinin
saflaşdırılmasına, bu dilin poetik imkanlarının
genişləndirilməsinə müvəffəq olub. Yəhya Kamal poeziyaya lap erkən yaşlarından gəlib.
O, 5 yaşında olarkən Rədifə adlı bir qıza
aşiq olub, qəribə də olsa bu sevgi onun qəlbində
uzun müddət yaşayıb və 12 yaşında ikən
həmin qızın şərəfinə ilk sevgi şerini
yazıb. Lakin bu şeir çap
olunmadığından əsərlərinə daxil
olmayıb. Şairin əldə olunan ilk
şeiri isə Balkan müharibəsinə həsr olunmuş
qitə hesab olunur. Ma-raqlıdır ki, bu
şeiri o, əruz vəznində yazıb, şeirin ahənginə
xoşu gəldiyi üçün Yəhya Kamalın əruza
meyli artıb. Yəhya Kamalın ilk
çap olunan şeiri isə İstanbulun şərəfinə
yazdığı “Xatirə” şeiridir. Maraqlıdır
ki, şair bu şeiri İstanbulu görmədən yazsa da,
qarşısına qoyduğu məqsədə
çatmış və şeir müəllifə
böyük şöhrət gətirib. Yəhya
Kamalın poeziya aləmində özünəməxsus yer
tutmasında tanınmış türk şairləri Tofiq Fikrət
və Şəhabəddinin böyük rolu olub. Yəhya
Kamal bu şəxslərlə İstanbula gəldikdən sonra
tanış olub. Bu şəhərdə
olarkən onun digər “Sərvəti-fünun”çularla da əlaqəsi
genişlənir. Lakin “Sərvəti-fünun”çulardan
fərqli olaraq Yəhya Kamal türk dili ilə
avropasayağı şeirlər yazmayıb. O, türk
dili ilə şeirin öz milli dəyərlərinə meydan
verib. Buna görə də o, digər şairlərdən
daha çox qabağa gedərək milli dil, milli şeir vəhdəti
və sintezini yaradıb.
Şairin yaradıcılığında doğma dil istəyi
xüsusi yer tutur. Yəhya Kamal bu dilin bütün ifadələrini
“ağzımda anamın südüdür” formasında
yüksək qiymətləndirir. Yəhya
Kamal poeziyası çoxəsrlik türk şeir ənənələrinə
sadiq qalaraq vətənə sədaqət hissini ön plana
çıxarır. Bu keyfiyyət həm də
fərdin problemə şəxsi yanaşma və münasibətindən
doğur. Lakin Yəhya Kamal
yaradıcılığında vətən məfhumu birtərəfli
formada götürülmür, o, “tarixi, coğrafi, ictimai bilgi
və həqiqətlərə dayanan, yüksək və
realist bir vətən anlayışına” çevrilir.
Yəhya Kamalın Vətənə münasibəti həm də
konkretdir, mücərrədçilikdən uzaqdır: “Vətən
heç bir zaman nəzəriyyə deyil, bir torpaqdır. Torpaq cədlərin məzarıdır. Camilərin qurulduğu yerdir. Vətəndaşları
vətən vücuda gətirmişdir. ...Vətən nə
bir filosofun fikridir, nə bir şairin duyğusu. Vətən həqiqi və gerçək bir yerdir.”
Yəhya Kamalın vətən düşüncələri
həm də məna baxımından o qədər genişdir
ki, bu genişlikdə bütün fikirlər özünə
yer tapır. Şair vətəninin hər qarışını
sevir, onu müqəddəs hesab edir. O, heç bir fərq
qoymadan İstanbulu da, Ankaranı da, Bursanı da,
Üsküpü də, Trabzonu da sevir, hətta bir
qarış adsız torpağını da vətən adı
ilə bağrına basır. Şairin vətəni
cahanın kiçik bir parçası olsa da, vətənə
olan sevgi, ona müqəddəs baxış Yəhya Kamalı
“cahan vətəndən ibarətdir etiqadımca” fikrini deməyə
sövq edir. Onun şeirlərində vətənin
bir çox şəhərlərinin mədhinə yer verilsə
də, bu hal konkret münasibətlə yanaşı, ümumi
səciyyə də bildirir. Daha doğrusu,
əgər söhbət İstanbuldan gedirsə İstanbul
gözəllikləri timsalında həm də ümumi vətən
duyulur.
Yəhya Kamal İstanbulu Türkiyənin gözəli
hesab edir. Bu şəhəri milli memarlıq sənətinin
şah əsəri adlandırır. “İstanbul
fəthi” şeirində İstanbulun fəth olunması tarixi
gün və hadisə kimi sevinclə qarşılanır.
İndi beş yüz sene keçmiş o böyük
xatirədən,
Əlli üç gündə o həngamə
görülmüş buradan.
Canlanır
levhası halə, bəşər etdikcə xəyal,
O zaman
ortada, hər saniyə gerçək bir hal.
“Süleymaniyədə bayram sabahı” şeirində vətən
və millət sevgisi, bu sevginin tarixi aspektdə verilməsi,
şair düşüncələrinin romantik tərzdə
özünə yer alması diqqət mərkəzindədir. Şeir bir
növ tarixi səyahət və mövcud vəziyyəti əks
etdirmək baxımından xarakterikdir. Yəhya
Kamal bu əsərdə Türkiyə uğranda ölənlərin
ruhlarına hörmətlə yanaşır. Onların vətən
qarşısında haqlarının böyük olduğunu
qeyd edir:
Vətənin
həm yaşayan varisi, həm sahibi o,
Görünür
xalqa bu günlərdə təsəlli kimi o,
Həm bu
torpaqda bu gün, bizdə qalan hər yerdə,
Həm də çoxdan bəri kayb etdiyimiz yerlərdə.
Yəhya
Kamal vətənin bayram dolu bugünündə və
sabahında şəhid ruhlarını ən uca məqamda
saxlayır, onları keçirilən bayramın layiqli
iştirakçısı kimi təqdim edir:
Ulu məbəddə
qarışdım vətənin birliyinə,
Çox
şükür tanrıya, gördüm, bu saatlarda yenə,
Yaşayanlarla bərabər bulunan ərvahı.
Doludur könlüm işıqlarla bu bayram sabahı.
Yəhya Kamal şeirləri sadə dil vahidləri ilə
zəngindir.
Yəhya Kamal klassik formada yazdığı şeirlərində
belə digər dil tərkiblərindən bacardıqca az istifadə edib. Türk ədəbiyyatı
tarixlərində deyildiyi kimi, onun ən böyük xidməti
“türkcə duyuşu türkcə deyiş halına
qaldırmasıdır.” Məsələn, şairin “Məhluqə
Sultan” şeirində biz sadəliyin, sadə ifadə və
deyimlərin şahidi oluruq:
Bu həzin
yolçuların ən kiçiyi,
Bir zaman baxdı o viran quyuya.
Və, nədən
sonra, gümüş bir üzüyü,
Barmağından sıyırıb atdı suya.
Qeyd etmək lazımdır ki, bu hal şairin əksər
şeirlərində özünü göstərən keyfiyyətlərdəndir. “Mahac türküsü”,
“Ox”, “Akınçılar”, “Səssiz gəmi”, “Rindlərin
axşamı’’, “Rindlərin ölümü’’, “Üfüqlər’’,
“Səs” və s. şeirlərində sadəliyin hesabına
daxili ahəng və musiqilik üstünlük təşkil
edir. Onu da qeyd edək ki, Yəhya Kamal şeirlərinin
böyük əksəriyyəti İstanbul ləhcəsi ilə
yazılıb.
Yəhya Kamal klassik şeir ölçülərinin bir
çoxundan istifadə etmiş və gözəl nümunələr
yaratmışdır. Klassik şeir vəzni olan rübailərin
Yəhya Kamal yaradıcılığında özünəməxsus
yeri var. Dörd misralıq kiçik şeirləri ilə o,
ictimai-fəlsəfi fikrin bədii tərənnümünə
nail olub, janrın tələblərinə cavab verib. Yəhya Kamalın rübailərinin mərkəzində
Şərq və Qərb təsəvvüf görüşlərinin
sintezi dayanır. Rübai janrı
üçün Xəyyamanə tərz hakim olsa da, Yəhya
Kamalda Xəyyam kimi tək və sistemli bir inanca
bağlılıq yoxdur. Belə demək
mümkünsə, şairin rübailəri dəyişik fəlsəfi
fikirlər daxilində formalaşır.
Çepçevrə
bahar içində bir yer gördük,
Fərhad ilə Şirini bərabər gördük.
Baxdı
gecədən fəcrə qədər, əllərdə
Ulduzlara yüksələn qədəhlər
gördük.
Yəhya Kamal yaradıcılığında nəsr əsərləri az, lakin əhəmiyyətli yer tutur. Onun nəsr əsərləri janr baxımından müxtəlifdir. Roman, hekayə, xatirə, məktub və s. şəklində formalaşan nəsr əsərlərində ictimai-siyasi problemlər üstünlük təşkil edir. Yəhya Kamal öz xatirələrində qeyd edir ki, mən roman yazmaq istəsəm də, bundan yan keçmişəm. Şair ona görə bu işdən yan keçib ki, şeirdə qazandığı uğuru romanda qazana bilməyəcəyini hiss edib, bu işin ona uğursuzluq gətirəcəyini yəqin edib. Lakin hekayə sahəsində o, bir sənətkar kimi sözünü demiş, yazdıqlarını “Siyasi hekayələr” adı ilə çap etdirib. Müəllif bu əsərləri “Siyasi hekayələr” adı ilə çap etdirməkdə məqsədi oxucuların burada əks etdirilən ictimai-siyasi motivə diqqətini yönəltmək olub.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 2 fevral.-
S.14.