Müasir türk realist ədəbiyyatının
görkəmli simalarından biri: Rəşad Nuri Güntəkin
1-ci yazı
Müasir türk realist ədəbiyyatının
görkəmli simalarından olan Rəşad Nuri Güntəkin
1889-cu ildə İstanbulda hərbi qulluqçu ailəsində
doğulub. Atası Nuru bəy hərbi həkim vəzifəsində
çalışıb. Anası Lütfiyə
xanım Ərzurum valisinin qızı olub. Atasının işi ilə əlaqədar
yaşadığı yeri tez-tez dəyişdiyindən Rəşad
Nurinin uşaqlığı müxtəlif şəhərlərdə
keçmişdir. Onun İzmir və
Çanaqqalada keçirdiyi günlər uşaqlıq xatirəsində
silinməz izlər buraxıb. O, ilk təhsilini Səlimiyyədə
yerləşən məhəllə məktəbində
alıb.
Lakin 1900-cü ildə ailələrinin Çanaqqalaya
köçməsi nəticəsində o, təhsilini
buradakı məktəbdə davam etdirir. Bir neçə müddətdən
sonra Qalatasaraya gedərək oradakı məhəllə məktəbində
bir il oxuyub. Rəşad Nuri
orta təhsilini İzmirdə tamamladıqdan sonra İstanbul
Darülfünunun ədəbiyyat fakültəsinə daxil
olub. Burada ədəbiyyat müəllimi
işləyən Mehmed Akif Ərsoy Rəşad Nuridə
müəllimliyə olan maraq və rəğbəti
artırıb. Bu səbəbdən 1912-ci
ildə darülfünunu bitirən kimi əvvəlcə
İstanbul, sonra isə Bursada ədəbiyyat müəllimi
işləyib. O, 1916-1917ci illərdə İstanbul Fateh
Vahid məktəbinə müdir təyin edilib. Həmin
dövrlərdə Rəşad Nuri daha çox pedaqoji fəaliyyətə
üstünlük verir, xalqın maariflənməsində əlindən
gələni əsirgəmirdi. O, Fateh məktəbində
bir qədər işlədikdən sonra, Vəfa və Ərəngöy
məktəblərində türk dili və ədəbiyyatından
dərs deyir, pedaqoji fəaliyyət dairəsini genişləndirir.
Rəşad Nuri 1924-cü ildə bir qrup
türk ziyalısı ilə “Kələbək” adlı
satirik qəzetini çıxarmağa nail olur. Bu qəzetdə Rəşad Nurini narahat edən
ictimai qüsurlar öz əksini tapır, müxtəlif sosial
problemlərdən söhbət açılırdı.
Rəşad Nurinin qəzetçilik fəaliyyəti
təkcə bu orqanla məhdudlaşmır. O, “Ağbaba”
adlı digər bir satirik jurnalla da əməkdaşlıq
edirdi. Qeyd etmək lazımdır ki, Rəşad
Nuri bədii yaradıcılığa hekayə yazmaqla
başlayıb. Birinci Dünya müharibəsi
illəri onun yaradıcılığının məhsuldar mərhələsi
hesab olunur. Gənc yazıçı
tamamladığı “Çalı quşu” romanını
1922-ci ildən etibarən hissə-hissə “Vaxt” qəzetində
çap etdirməyə başlayır. Rəşad
Nuri bir müəllim, yazıçı və qəzetçi
kimi ölkə miqyasında tanınmağa başlayıb,
xalq yolunda göstərdiyi xidmətlərinə görə
nüfuzu get-gedə artıb. O, 1927-ci ildə Maarif Vəkaləti
Müfəttişliyinə işə götürülür.
Rəşad Nuri haqqında yazılmış əksər
kitablarda birmənalı şəkildə göstərildiyi
kimi, bu vəzifədə olarkən o, Anadolunun şəhər
və kəndlərini gəzib, güclü müşahidə
qabiliyyəti ona xalqın yaşayış tərzini, əxlaq
və məişətini öyrənməyə imkan verib.
Heç şübhəsiz, Rəşad Nuri
yaradıcılığında bu müşahidələrin
böyük əhəmiyyəti olub. Rəşad
Nuri təyin olunduğu müfəttiş vəzifəsində
1939-cu ilə qədər çalışıb. 1939-cu ildə xalq tərəfindən etimad göstərilərək
Böyük Millət Məclisinə deputat seçilib. 1943-cü ildə deputatlıq səlahiyyəti
başa çatdığı üçün yenidən
Maarif Vəkaləti Müfəttişliyində işlə təmin
olunub. O, 1947-ci ildə İstanbulda çıxan “Məmləkət”
qəzetinin baş redaktoru seçilir. Daha sonra
Rəşad Nuri Türkiyənin Birləşmiş Millətlər
Təşkilatı nəzdində Parisdə yerləşən
Kültür Ataşesi vəzifəsinə təyin edilir.
1954-cü ilə qədər Kültür
Ataşesi vəzifəsini yerinə yetirən Rəşad Nuri
beynəlxalq miqyasda türk milli-mədəni tarixinin təsdiq
və təbliğində böyük işlər
görüb. Rəşad Nuri 1954-cü ildə
yenidən Türkiyəyə qayıdır. İstanbul Şəhər Teatr Ədəbi Heyətində
məsul vəzifə tutsa da, səhhətinin pisləşməsi
onun əmək fəaliyyətini davam etdirməsinə mane
olur. 1956-cı ildə tutulduğu ağ
ciyər xəstəliyini müalicə etdirmək
üçün Londona gedir. Rəşad Nuri
1956-cı ilin dekabr ayının 7-də Londonda vəfat edib, cənazəsi
İstanbula gətirilib.
Türk realist ədəbiyyatının görkəmli
nümayəndəsi Rəşad Nuri Güntəkinin ədəbi
fəaliyyətə başlaması Birinci dünya müharibəsi
illərinə təsadüf edir. Rəşad Nuri
Güntəkin ilk öncə müxtəlif xarakterli məqalələr
yazsa da, bədii yaradıcılığa hekayə ilə
başlayıb. Onun 1917-ci ildə yazdığı
“Köhnə dost” hekayəsi bu sahədə ilk qələm təcrübəsi
hesab olunur. Rəşad Nurinin hekayə
yaradıcılığının avropayönlü nəsrin
tələblərinə uyğun formalaşmasında Fatma Aliyə
xanımın (1864-1924) və Xalid Ziyanın (1865-1945)
böyük təsiri olmuşdur. Fatma Aliyə
xanımın “Mühacirət” (1892), “Rüfət” (1897), “Udi”
(1899) və yarımçıq qalmış “Emin” (1910)
romanları yeni realist nəsrin ən mükəmməl
nümunələri sayılır. O cümlədən Xalid
Ziyanın “Həmidə” (1891), “Bir ölünün dəftəri”
(1891), “Mavi və siyah” və “Qırıq həyatlar” irihəcmli
nəsr əsərlərində hər şeyin yeni prinsip
baxımından özünə yer tapması sənət aləmində
bu nümunələrin təsir dairəsini xeyli genişləndirib.
Rəşad Nuri uşaqlıq xatirələrində adları
çəkilən hər iki şəxsiyyətin öz
yaradıcılığına təsirindən bəhs
açıb, qış gecələrində Fatma Aliyə
xanımın “Udi” romanından oxunan parçaların rolunu
yüksək qiymətləndirib, xüsusilə hekayə
zövqünün formalaşmasında Xalid Ziyanın sənətini
əhəmiyyətli hesab edib. Rəşad
Nurinin hekayələri mövzu baxımından geniş əhatə
dairəsinə malikdir. Bu nümunələrdə
cəmiyyətin bir çox reallıqları özünün
bədii əksini tapıb, problemin ictimai-siyasi aspektdə həllinə
çalışılıb. Müəllif
“Tanrı müsafiri” (1927), “Sönmüş ulduzlar” (1928),
“Leyli və Məcnun” (1928), “Fövqəladə işlər”
(1930) adlı hekayələr kitabında daha çox
yaşadığı dövrün əyinti və
çatışmazlıqlarına tənqidi
yanaşmış, açıq surətdə onlara
qarşı etiraz səsini ucaldıb. Rəşad
Nuri “Ümidsizlik” hekayəsində maraqlı bir məsələyə
toxunur. Əslində məişət
problemləri zəminində yazılan bu hekayədə
yazıçı cəmiyyətin qeyri-normal həyati
baxış və əxlaqlarının ayrı-ayrı
insanlara vurduğu zərbəni nəzərə
çarpdırır. Söhbət o cəmiyyətdən
gedir ki, burada qadınlar ilə kişilərin hüququ eyni
deyil. Bu bərabərliyi cəmiyyət
mütləq mənada rədd edir. Ona
görə də qadınlar sanki tale payları olan məhrumiyyətlərin
əzabını yaşayırlar. Müəllif
bütün bu fikirlərini yeni qurulmuş bir ailənin
timsalında cərəyan etdirir. Kişi cəmiyyətin
ona verdiyi hüquqdan istifadə edərək öz xanımının
evdən bayıra çıxmasına etiraz edir. Daha doğrusu, onun ictimai fəaliyyətinə
qadağalar qoyur. Lakin özü isə kef
məclislərində gününü keçirir, pozğun
qadınların şərəfinə ziyafətlər verir.
Günlərin birində həyat
yoldaşını görmək üçün bu ziyafətlərdən
birinə gələn qadın ərinin məhrumiyyət və
işgəncələri ilə üzləşməli olur.
Qadının bura gəlməsini bəhanə edən kişi onu əxlaqsızlıqda
günahlandıraraq boşayır və bununla onu layiq
olmadığı yeni bir mənəvi əzaba düçar
edir.
Bir ailənin timsalında cərəyan edən problem
müəllifin təsvirlərində ümumiləşmə
keyfiyyəti qazanır, cəmiyyətin bütün dairələrinə
nüfuz edir.
“Qəmsizin ölümü” hekayəsində
san tüklü qoca köpəyin timsalında böyük
sarsıntı və əzablar içində
yaşayanların həyatından bir mənzərə öz əksini
tapır. Müəllif hekayədə onun
mübariz və fədakar olmasını xüsusi qeyd edir.
Lakin məhəllə adamlarının nəzərində
o, sərsəri həyat sürən bir canlı qiymətindədir.
Buna görə də ona hamı “Qəmsiz” deyə
müraciət edir. Hekayə ilə
tanışlıq onu göstərir ki, Qəmsiz nə sərsəri
həyat yaşayır, nə də hamının fikirləşdiyi
kimi qəmsizdir. Bir neçə il əvvəl
Qəmsizin həyatında böyük bir faciə baş
verir. Onun dörd balası zəhərlənərək
ölüb. Ölmüş
balalarını bir zibil maşınına qoyub
apardıqları üçün o, həmin
maşının arxasınca gedir, xeyli müddət gözdən
itir. Hamı elə bilir ki, o da haradasa
ölüb. Ancaq Qəmsiz yenidən geri
dönür və məktəbin ətrafında kədərli
halda günlərini keçirir. Məktəb
uşaqları bayram etmək üçün qabaqcadan
planlaşdırılan yerə gedirlər. Qəmsiz də uşaqlar ilə bərabər gedir.
Uşaqlar onun yerə yıxılıb
qıvrıla-qıvrıla uladığını
görür. Birdən o, ayağa qalxır
və var gücü ilə qaçmağa başlayır.
Yoldakı çayın kənarında oynayan
iki uşaq itin sürətlə onlara tərəf gəldiyini
gördükdə qorxub qaçırlar. Lakin
uşaqlardan biri dərin çaya düşür və
boğulmaq təhlükəsi ilə üzləşir.
İt bunu görüb geri qayıdır və
uşağı sudan çıxarır. Bu mənzərəyə tamaşa edə-edə
ölür və axan su onun cəsədini aparır.
Hekayədə böyük əksəriyyət tərəfindən
başa düşülməyən, qəbul edilməyən fərdin
kədər və faciəsi öz əksini tapır. Qəmsiz
ağıllıdır, insanları qoruyur, onların ürəyindən
keçənləri başa düşür, dar ayaqda
onların həyatlarını təhlükədən xilas
edir. Amma əksər adamlar onu sərsəri,
həyatda artıq hesab edirlər. Əsərdə
Qəmsizin ölüm ayağında insanlardan
uzaqlaşmağa cəhd etməsi səhnəsi müəllifin
ortaya qoyduğu problemləri geniş müqayisə fonunda
açmağa imkan verir, hər şey zahiri görünənlərin
mahiyyətində üzə çıxır, aydın şəkildə
dərk edilir.
“Əski
bir yara’’, “Bir udum su’’, “Əsgərlikdən qayıtmaq’’, “Bir
istefa” və s. hekayələrində müharibə fəlakətləri,
insanların azad yaşamaq istəyi, əsarətə,
zülmə etiraz sədaları yüksək sənətkarlıqla
qələmə alınıb. “Əski bir yara”
hekayəsi üç yaşında anasını itirmiş Xəlilin
dilindən danışılır. Xəlilin
atası polis məmuru işləyib, atdan
yıxıldığı üçün ayağı
şikəst olub. Buna görə də
polis yararsız şəxs kimi işdən azad edilib. Xəlilin atası daha sonra hərbi hospitalda işləyir.
Müharibə dəhşətləri get-gedə
artır. Atası uşağı şəhərdə
saxlayır, özü isə şəhərdən kənarda
yerləşən qospitalda xəstə yaralılara xidmət
edir. O, arada vaxt tapıb şəhərə gəlir və
oğlu Xəlillə görüşür.
Xəlilin atası cəsur döyüşçülərin
düşmənə qarşı müqavimətindən
danışır, onların qəhrəmanlığını
oğlu üçün öyür. Bir dəfə o, yenə
igid bir əsgərin üç düşməni
öldürməsindən söhbət açır. Döyüşlərin birində həmin igid əsgərin
düşmənləri öldürməsinə baxmayaraq,
özü də ölümcül yara alır. Ölüm ayağında o, Xəlilin atasına
xatirə kimi bir üzük və qanlı meşin dəftər
hədiyyə edir. Xəlil atasının
ona danışdığı bütün cəbhə xatirələrini
şəhərdə yaşayan yabançı uşaqlara
danışır. Bir müddətdən
sonra şəhər yabançılar tərəfindən
işğal olunur. Yabançı
uşaqlar Xəlilin sözlərini düşmən zabitinə
söyləyirlər. Zabit Xəlilin
atasından eşitdiklərini onun üçün danışmağı
tələb edir. Xəlil onlara heç nə demir. Son anda Xəlilin atasını həbs edib güllələyirlər.
Müəllif hekayədə tarixi proseslər fonunda
düşmənə nifrət hissi aşılayır,
xalqın vətənpərvərlik duyğularını
yüksəldir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 5 fevral.-
S.14.