Müasir türk realist ədəbiyyatının görkəmli
simalarından biri: Rəşad Nuri Güntəkin
2-ci yazı
“Bir istefa” hekayəsinin məzmununu ən xoşbəxt gününü izhar edən şagirdlərin yazıları təşkil edir. Müəllif uşaqların özü üçün xoşbəxt sandığı həmin hadisəni əslində ən böyük faciə kimi qiymətləndirir. Əsərdə uşaq düşüncələri ilə yazıçı münasibətləri arasında böyük bir uyğunsuzluq və təzad var. Onu da qeyd edək ki, əsərdə yazıçı münasibətləri olduqca real və sadə ifadə tərzində verilib. Məsələn, cərrahiyə əməliyyatının ağırlıqlarına məruz qalmış uşaq özünü ona görə xoşbəxt sanır ki, o, xəstəxanada heç olmasa bir parça çörək yeyir. Həmişə aclıqdan əziyyət çəkən bu zavallı həmin günləri ömrünün xoş günü hesab edir. Digər bir uşaq isə atasının həbs olunduğu günü özü üçün xoşbəxtlik sayır. Ona görə ki, gecə-gündüz əzab-əziyyətə qatlaşan atası arabaçı sənəti ilə çörək pulu qazana bilmir, əvəzində isə hirsini arvad-uşağına töküb onları incidir. Göründüyü kimi, buradakı xoşbəxtlik nisbidir, bir növ mənəvi yox, “fiziki” səciyyə daşıyır. Lakin müəllif uşaq psixologiyasının ortaya qoyduğu mülahizələrdə dövrü kəskin ittiham edir. Müəllif uşaq mülahizələrindən bir vasitə kimi istifadə edərək cəmiyyətin əksər problemlərinə toxunur. Bir növ dövrün sosial gərginliklərinin ümumi mənzərəsini yaradır.
Rəşad Nuri yaradıcılığında dram əsərləri özünəməxsus yerlərdən birini tutur. Qeyd etməliyik ki, onun əksər dram əsərlərinin mövzusu müasir həyatla bağlıdır. Belə demək mümkünsə, müasirlik və reallıq Rəşad Nuri dramaturgiyası üçün başlıca keyfiyyətdir. 1920-ci ildə yazılmış “Xəncər” pyesi Rəşad Nurinin dramaturgiya sahəsində ilk addımı hesab olunur. “Əski röya” (1922), “Daş parçası” (1926), “Babur şahın səccadəsi” (1931), “Yarpaq tökümü” (1943), “Əski şərqi” (1951), “Balıkəsir mühasibi” (1953), “Tanrıdağı ziyarəti” (1955) adlı əsərləri Rəşad Nurinin bu sahədə məhsuldar bir yaradıcılıq yolu keçdiyini üzə çıxarır. Bundan başqa o, “Bir gecə faciəsi” (1924), “Ərəbcə deyilmi” (1926), “Cüt kəramət” (1927), “İş adamı” (1932) və s. kimi səhnə əsərlərini təbdil edərək müasir türk dramaturgiyasının yeni ənənələr zəminində inkişafına böyük təsir göstərib. Qeyd etdiyimiz kimi, Rəşad Nurinin dramlarının mövzu və problemi müasir həyat və onun reallıqlarıdır. “Xəncər” pyesində var-dövlət, pul hərisliyi ucbatından insani keyfiyyətlərini itirən şəxslərin, namuslu insanların uyğunlaşa bilmədiyi qayda-qanun və adət-ənənələrin ifşası əsas yer tutur. Müəllif əsərdə bütün qüsur və eybəcərlikləri Hacı Alinin və həkimin timsalında cəmləşdirməyə nail olur.
“Yarpaq tökümü” Rəşad Nurinin eyni adlı romanı əsasında formalaşdırdığı dram əsəridir.
Əsərin mövzusunu yad, gəlmə adət-ənənələrin təsiri nəticəsində türk mənəviyyatına dəyən ziyan və milli-ictimai yaraların təsviri təşkil edir. Əsərin qəhrəmanı Əli Rza bəy namuslu bir insandır. O, yüksək vəzifəli məmurdur. Lakin vəzifəsindən sui-istifadə etmir. Halal maaşı ilə dolanmağı hər şeydən üstün tutur. O, meşşan həyat tərzinə uyan insanlara acıyır. Bunu mənsub olduğu türk cəmiyyətinin düçar olduğu milli-mənəvi yara hesab edir. İctimai həyatın yabancı təsirlərdən yaxa qurtarmaq gücündə, mənəvi müdafiə sistemi qurmaq təşəbbüsündə olmamasını Əli Rza bəy təəssüf hissi ilə qeyd edir. Və öz övladlarının yabancı təsirlərin toruna düşərək dəyişdikləri üçün qəlbi ağrıyır. Bu mənzərəni milli-mənəvi sahədə yarpaq tökümü şəklində xarakterizə edən müəllif, o zaman türk həyatı üçün səciyyəvi olan cəhəti yüksək tərzdə ifadə edə bilib.
Rəşad Nuri xalqın milli-mənəvi dəyərlərinə xüsusi hörmət bəsləyən, yaradıcılığında davamlı olaraq bu halı tərənnüm edən sənətkardır. “Əski şərqi” dramı bilavasitə ədibin XX əsrdə formalaşan gəncliyin xarici təsirlərə uyaraq yüksək mənəvi dəyərlərdən uzaq düşməsinə etiraz səsini ucaltmaq baxımından xarakterikdir. Rəşad Nuri bu dramı 1938-ci ildə yazdığı “Əski xəstəlik” romanının motivləri əsasında qələmə alıb. Əsərdə əski şərqi anlamı eşq şərqisi mənasındadır. “Əski şərqi” dramı müxtəlif düşüncə tərzinə malik iki gəncin evləndikdən sonrakı ailə həyatından bəhs açır.
Hadisələr Yusif ilə Züleyxa arasında cərəyan edir. Züleyxa hər şeydə duyğu və səmimiyyəti inkar edir. O cümlədən Züleyxa iki sevən şəxsin məhəbbətlərini zahiri hesab edir. Onun nəzərində həyat yoldaşı olmaq heç də bir-birinə ruhunu və könlünü vermək deyil. Züleyxa bunları vaxtı və “modası keçmiş bir hadisə” kimi qiymətləndirir. Ona görə də əsərdə Züleyxanın ailə həyatı tam təsadüfi xarakter daşıyır. Bu səbəbdən Züleyxa ərindən məhkəmə qərarı ilə ayrılır. Müəllif bu əsərdə eşqin yaxşı mənada “xəstəlik” kimi qəbul edilməsini təbliğ edir. “Eşq xəstəliyini” ailə quran iki şəxsin ruhən bir-birlərinə bağlanmasının vacib şərti hesab edir.
Rəşad Nuri bir sıra hekayə və pyeslər yazsa da, sənət aləmində romanlar müəllifi kimi məşhurdur. O, “Gizli əl” (1921), “Çalı quşu” (1922), “Damğa” (1924), “Dodaqdan qəlbə” (1925), “Axşam günəşi” (1926), “Yaşıl gecə” (1928), “Acımaq” (1928), “Yarpaq tökümü” (1930), “Göy üzü” (1935), “Əski xəstəlik” (1938), “Dəyirman” (1944), “Qan davası” (1954) və s. romanlarında dövrün ictimai-siyasi problemlərinə toxunmuş, daha çox Türkiyə həyatı üçün xarakterik olan xüsusiyyətləri real formada əks etdirib. Onun romanlarında həyat həqiqətləri çılpaq şəkildə təqdim olunur. Buna görə də Rəşad Nurinin roman yaradıcılığı həyatın acı və şirin, sevinc və kədər və s. cəhətlərinin paralel genişlikdə əks etdirilməsi baxımından xarakterikdir.
Rəşad Nurinin romanları mövzu baxımından məhəbbət və ictimai-siyasi olmaqla iki qrupa bölünür. Ədibin ilk romanı “Xarabaların çiçəyi” əsəridir. “Çalı quşu” romanı yazıçının roman yaradıcılığında ən uğurlu əsərlərindən biri kimi qiymətləndirilir. Müəllifə şöhrət gətirən bu əsər həm də XX əsr türk ədəbiyyatında yaranmış boşluğu doldurmaq baxımından xarakterikdir. Qeyd etməliyik ki, müəllif ilk öncə “İstanbul qızı” adlı 4 pərdəli bir pyes qələmə alıb. Lakin pyesin səhnədə tamaşaya qoyulmaq problemləri, eyni zamanda yazıçının toxunduğu məsələləri daha geniş epik planda göstərmək istəyi Rəşad Nurini “İstanbul qızı” dramının motivləri əsasında “Çalı quşu” romanını yazmağa sövq etdi. “Çalı quşu” romanında hadisələr Anadoluda cərəyan edir. Lakin yazıçı Anadolunun timsalında bütün Türkiyə həyatı üçün xarakterik olan ictimai-siyasi problemləri əks etdirib. Romanın baş qəhrəmanı Fəridədir. Müəllif bütün problemlərə münasibət bildirmək üçün Fəridə obrazından vasitə kimi istifadə edir. Rəşad Nuri Fəridəni olduqca aktiv formada həyata atır. Lakin o, mübarizliyindən çox, dözümlülüyü ilə yadda qalır. Ən ağır günlərində belə sınmır. Müəllif onun “əlindən uşaq kimi tutaraq” diyarbədiyar gəzdirir. Fəridənin cəmiyyətdə rastlaşdığı bütün eybəcərlikləri ümumiləşdirmə gücü ilə yaşadığı dövrün ictimai-siyasi panoramı şəklində təqdim edir. Bu səbəbdən də əsərdə hadisələrin təsviri “macəraçılıqdan” çox, “məmləkət mənzərəsi” təsirindədir.
Rəşad Nuri romanda yaşadığı cəmiyyətin qadınlara ögey münasibətini heç cürə qəbul etmir. O, qadınları bütün mənəvi hüquqlardan məhrum etmiş cəmiyyəti ittiham etməkdən və ona nifrət bəsləməkdən çəkinmir. Ona görə də “Çalı quşu” romanı təkcə dövrün ictimai siyasi mənzərəsini yaratmaq baxımından deyil, həm də bu fonda qadın hüquqsuzluğunu əks etdirmək baxımından əhəmiyyətlidir.
Rəşad Nuri Fəridənin timsalında təhsil alan və sərbəst yaşamaq istəyən hər bir ağıllı və namuslu qadının üzləşdiyi çətinlikləri göstərə bilib. Yazıçının qeydlərindən bəlli olur ki, ölkədə təhsil alan qadınlara münasibətin pisliyindən onlarla ailə qurmaqdan belə çəkiniblər. “Çalı quşu” romanının baş qəhrəmanı olan Fəridə də sərbəst yaşamaq arzusunda olan təhsil görmüş bir qızdır. Əsərdə Kamranın Fəridəyə münasibətinin dəyişməsində bu amilin təsiri də istisna edilmir.
Müəllif bu səbəbdən Kamran Fəridə xəttini yüksək bədii formada əsərin mərkəzində saxlayıb, bütün hadisə və əhvalatları bu xətt ətrafında cərəyan etdirib. “Çalı quşu” romanı bir növ Fəridənin xatirə dəftəridir. Fəridə öz xatirələrini yazarkən həyatının əvvəlki dövrlərinə boylanır. Biz onun şən, qəmsiz uşaqlıq həyatının şahidi oluruq. Lakin az sonra hər şey dəyişir. Fəridə öz xoşbəxtliyinə sanki əlvida deyir. Bu mərhələdə Fəridənin həyati baxışları ilə ictimai mühitin reallıqları arasında ziddiyyət yaranır. Fəridə ilə Kamranın sevgi uğursuzluqları da bu mərhələdə başlayır. Fəridə Münəvvərin Kamranı sevdiyini bildiyi üçün oradan uzaqlaşır. Ayrı-ayrı əyalətlərdə çətin şəraitdə müəllim işləyir. Bu dövrlərdə Fəridə müxtəlif xarakterli insanlarla üzləşsə də, yalnız yaxşı adamların xeyirxahlığı nəticəsində bədbinləşmir, çətin sınaqlardan çıxa bilir. Müəllif bu cəhəti Xeyrulla bəy və Fəridə xəttində olduqca real əks etdirib. Xeyrulla bəyin Fəridə ilə yalançı nigahı və Fəridənin xatirə dəftərinin onun hesabına Kamrana çatması əsərdə bu insanın xarakterinin açılması və hansı nəcib keyfiyyətlərə malik olması barədə kifayət qədər məlumat verir. Fəridənin Munisə, Rəşid bəy, Əziz bəy, Şeyx Yusif və başqaları ilə münasibətləri bütövlükdə əsərdə qoyulan problemlərə aydınlıq gətirir, obrazların özünəməxsus fərdi keyfiyyətlərini üzə çıxarır.
Romanda Fəridənin maarif nazirliyindən ən ucqar kənd məktəbinə qədər keçdiyi yol, bir növ müəllifin problemə münasibətində seçdiyi taktiki gedişdir. Paytaxtdan kəndə qədər yol gedən, sonralar müxtəlif yerdəyişmələr edən bu qız hər cür rüşvətxorluq, özbaşınalıq və anarxiyanın şahidi olur. Maraqlı odur ki, müəllif bunları yalnız maarif sistemi üçün yox, bütün ölkə həyatı üçün xarakterik hesab edir, cəmiyyət və insan problemləri daxilində ölkənin ictimai həyatının mənzərəsini əks etdirir.
Cəmiyyətin ictimai eyiblərinə qarşı tənqidi münasibət Rəşad Nurinin digər romanlarında da özünə yer tapmışdır. “Damğa’’, “Dodaqdan qəlbə’’, “Acımaq’’, “Yarpaq tökümü’’, “Dəyirman” və digər romanlarında müəllif müxtəlif problemlər daxilində cəmiyyətin qüsur və çatışmazlığını göstərmiş, onları kəskin tənqid hədəfinə çevirib. Adları çəkilən əsərlərdə həyatda yaşamaq istəyi böyük olan namuslu adamların çox ciddi çətinliklərlə üzləşdiyi göstərilir, dövlət aparatında bürokratiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının ifşasına xüsusi yer verilir. Ümumiyyətlə, Rəşad Nuri romanlarının əksəriyyəti üçün belə bir ideya hakimdir ki, yaramaz cəmiyyətdə namuslu və vicdanlı insanların yaşamağı çox müşküldür. Onlar ya cəmiyyətlə barışıb onun quluna çevrilməli, ya da həyatda məhv olmalıdırlar
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 6 fevral.-
S.14.