100 yaşlı qəzetin 29 000-ci sayı
“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.
Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır.
Heydər
ƏLİYEV
Ümummilli
lider
25 avqust
1994-cü il
Azərbaycanın
davamlı olaraq işıq üzü görən ən uzunömürlü
ictimai-siyasi nəşri olan “Xalq qəzeti”nin
(1991-ci ilin 27 avqustunadək 72 il “Kommunist” adı ilə nəşr
olunmuşdur) yaşının 1 əsrə
çatdığı 2019-cu ilin 5 fevralında redaksiyanın
tarixinə daha bir diqqətçəkən hadisə
yazılır. Bu gün bu qocaman qəzet dəyərli
oxucularının görüşünə 29 000-ci sayı ilə
gəlib. 100 il yaşamaq və 29 min
sayını ərsəyə gətirmək Azərbaycan milli
mətbuatının tarixində ikinci bir dövri nəşrə
nəsib olmamışdır.
Anadilli mətbuatımızın
banisi Həsən bəy Zərdabi 2 il 2
ayda böyük fədakarlıkla “Əkinçi”nin cəmi
56 nömrəsini çıxara bilmişdi. Ölkəmizdə
ilk milli qəzetimiz sayılan “Əkinçi”dən 44 il sonra
birinci sayı işıq üzü görən “Kommunist” Azərbaycan
Xalq Cümhuriyyətinin mətbuat üçün
yaratdığı demokratik şəraitdə türk-müsəlman
sosial-demokratların orqanı kimi nəşrə
başlamış və ilk nömrəsindən (29 avqust
1919-cu il) sonra fəaliyyəti
dayandırılmışdır. Bolşeviklərin hakimiyyəti
ələ almasından sonra qəzet 1920-ci il
aprelin 30-dan nəşrini davam etdirmişdir.
Yeni kommunist rəhbərlik yerli idarəçilikdə hər
şeyin hazırına sahibləndiyi kimi, baş informasiya-təbliğat
ruporu olan gündəlik rəsmi qəzeti Azərbaycan Xalq
Cümhuriyyətinin nəşr etdiyi ilk dövlət nəşrimiz
olan “Azərbaycan” qəzetinin redaksiyasında və onun
yaradıcı kollektivinin iştirakı ilə, (yalnız qəzetin
redaktoru işdən kənarlaşdırmışdı),
lakin öz ¬ideologiyasının ad və məzmununda –
“Kommunist” adı ilə buraxmağa başlamışdı.
Göründüyü
kimi, “Kommunist” qəzeti gündəlik ictimai-siyasi nəşr
kimi ardıcıl olaraq 1920-ci il aprelin
30-dan buraxılsa da, onun 10 illiyinin qeyd olunması
üçün tarix müəyyən edilərkən ilk
nömrəsinin buraxıldığı 1919-cu il əsas
götürülmüşdür.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından
sonra ölkəmizdə ilk respublika qurumu və təsisatlarının
həqiqi yaranma tarixinin Azərbaycan Xalq Cümhuriyyəti
dövründən hesablanması ilə ədalət öz
yerini tutdu. Bu
mənada sovet hakimiyyəti dövründə 71 il “Kommunist” adı ilə çıxan
respublikanın avanqard nəşri “Xalq qəzeti” ilk rəsmi
dövri nəşr olmuş “Azərbaycan”ın real hüquqi
varisi olmuşdur.
Kommunist
Partiyasının süqutundan sonra və müstəqilliyimizin
ilk günlərindən istiqlal məfkurəmizi, azərbaycançılıq
ideologiyasını fəaliyyətinin başlıca istiqaməti
seçən redaksiya kollektivi “Xalq qəzeti”nin
nəşrini rəsmi ictimai-siyasi, eyni zamanda ümumxalq qəzeti
kimi davam etdirmişdir. 1994-cü ilin avqustunda qəzetin 75
yaşı tamam olanda ümummilli lider Heydər Əliyevin
redaksiya kollektivinə göndərdiyi təbrik məktubu “Xalq
qəzeti”nin XX əsrdə Azərbaycan cəmiyyətində,
eləcə də milli mətbuatımızın tarixində
tutduğu layiqli mövqeyə verilən ədalətli rəsmi
dəyər olaraq onun sonrakı fəaliyyətini
stimullaşdırmışdır. Təbrik məktubunda
deyilir:
“Xalq qəzeti” mənalı yaradıcılıq yolu
keçmiş, özünəməxsus üslub və sənətkarlıq
xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət
“Kommunist” adı ilə nəşr edilən bu qəzet
bütün sovet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur.
Respublikada
qəzetçilik ənənələrinin
formalaşmasında, jurnalistikamızın inkişafında
“Xalq qəzeti”nin xidmətləri xüsusi
qeyd olunmalıdır. Bugünkü çoxsəsli,
rəngarəng Azərbaycan mətbuatının bir çox
görkəmli nümayəndələri bu qəzetin
yaradıcılıq məktəbini keçmişdir.
Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti”
respublikanın ictimai həyatında baş verən hadisələrə
cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin
aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara
qarşı apardığımız ədalətli mübarizə
qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda
hüquqi və demokratik dövlət quruculuğu işində
güclü səfərbəredici rol oynayır”.
Ulu öndərin mötəbər qiymətindən də
göründüyü kimi, “Xalq qəzeti” sovet dövründə
də xalqımızın milli maraqlarına, tərəqqisinə
mümkün olduğu qədər çıraq tutmuş,
torpaqlarımızın bütövlüyü yolunda ümumxalq
hərəkatı dövründə və müstəqillik
uğrunda mübarizə dönəmində xalqla bir yerdə
olmuşdur.
Bu gün
qəzetin 29 mininci sayının işıq üzü
gördüyü tarixi mərhələdən baxanda
görürük ki, hakim kommunist rejiminin ilk günlərdən
başlayan, sonrakı dövrlərdə də müxtəlif
forma və üsullarla davam etmiş basqı və
qadağalarına baxmayaraq, milli demokratik mətbuatımızın
qəzetdə çalışmış yetirmələri,
jurnalistikamızın sonrakı nəsil
davamçıları anadilli demoktatik qəzetçilik təcrübəsinin,
milli dövlətçilik yaddaşının qorunması ilə
bağlı səylərini “Kommunist” qəzetinin fəaliyyətində
davam etdirmək üçün fədakarlıq göstərmişlər.
Xəlqi mövqedə dayanan bəzi kommunistlər də
qəzetin fəaliyyətində milli təmayülün
qorunub saxlanmasına çalışmışlar. 1920 – 1921-ci illərdə
Xalq Daxili İşlər Komissarlığına rəhbərlik
edən kommunist komissar Həmid Sultanov 1922-ci il
martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin
Rusiyaya daşınıb aparılması və əvvəllər
bunun müqabilində Bakıya ərzaq adı altında
qapılarına plomb vurulmuş boş vaqonlar gətirilməsi
barədə yazı çap etdirmişdir. Martın
3-də həmin məqaləyə görə, Həmid
Sultanov Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun xüsusi iclasında vəzifədən
azad edilərək həbs olunmuşdur. Keçmiş
müsavatçı-publisist Mirzəbala Məmmədzadə
isə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi barədə
məqalələrlə çıxış etmişdir.
Təəssüf
ki, “Kommunist” qəzetinin bu milli təmayülünü
Moskvadan Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə
yerləşdirilmiş Sergey Kirov, Levon Mirzoyan kimi yad və
düşmən ünsürlər, Əliheydər Qarayev kimi
milli hisslərdən məhrum yerli rəhbər kadrlar daim
qamçılamış, redaksiya kollektivini hədə və
təhdid altında saxlamış, milli jurnalistləri müxtəlif
yollarla sıradan çıxarmışlar. “Kommunist” qəzetindəki
“millətçilik yuvası”nı
dağıtmaq üçün dəfələrlə
yüksək səviyyədə ciddi tədbirlər
görülmüşdür.
O
dövrdə redaksiyada çalışan milli
varlığımıza bağlı ziyalılar qəzetin
milli-xəlqi istiqamətini qoruyub saxlamaq üçün
bütün imkanlardan istifadə etmişlər. Təəssüf
ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov
Moskvaya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri
vəzifəsinə aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə
də son qoyulmuş, redaksiya yuxarının direktivləri və
sərt nəzarəti altında fəaliyyət göstərməli
olmuşdur.
1924-cü
ilin aprelində Mərkəzi Komitənin ikinci katibi Əyyub
Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə
dair” məqalə ilə çıxış edərək
partiyanın milli siyasətini ciddi tənqid etmiş, milli
kadrların hazırlanmasının qarşısının
alındığını, yerli kadrların vəzifəyə
təyinatında ayrı-seçkiliyə yol verildiyini
bildirmişdir. Məqalə Bakı Şəhər
Partiya Komitəsinin növbəti konfransında müzakirə
edilmiş, müəllif ciddi cəzalandırılmış
və Əliheydər Qarayevə
tapşırılmışdır ki, “Kommunist” qəzetində
kök salmış “millətçilər, sovet hakimiyyətinin
düşmənləri” aşkar edilərək ifşa
olunsunlar.
Nəticədə,
görkəmli ziyalılarımız – Əbdürrəhim bəy
Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir
Seyfəddin Kirmanşahlı kimi qələm sahibləri kommunist
maskası taxmış düşmənlərin təhriki ilə
redaksiyadan getmişlər. Qəzetə redaktorluq etmiş
Ruhulla Axundov, Həbib Cəbiyev, ¬Böyükağa
Talıblı, Ağababa Yusifzadə, hətta Əliheydər
Qarayevin özü, tanınmış yazarlar Xəlil
İbrahim, Fərhad Ağazadə, redaksiya ilə əməkdaşlıq
edən neçə-neçə tanınmış
yazıçı, şair millətçi damğası ilə
sonrakı illərdə və repressiya dövründə qətlə
yetirilmişlər.
Bütün bunlara baxmayaraq, “Kommunist” qəzeti 1920–30-cu
illərdə həyata keçirilən mədəni inqilab, sənayeləşmə,
kənd təsərrüfatının kollektivləşdirilməsi
proqramlarına Azərbaycanda ideya-siyasi təminat
yaradılmasında, adamların quruculuq işlərinə səfərbər
edilməsində fəal rol oynamışdır. Savadsızlığın
ləğvi, qadın azadlığı kimi hərəkatlarda
da “Kommunist” qəzeti kütlələrə dəyişdirici
və səfərbəredici təsir göstərmişdir.
Qəzet əlifba islahatının həyata keçirilməsində,
Şərq xalqlarının və Türkoloji qurultayların
təşkilində informasiya-təbliğat ruporu olmuşdur. Elmlər
Akademiyasının, ədəbi-bədii təşkilatların
hələ formalaşmadığı illərdə “Kommunist”
qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri
öz ətrafında toplayan başlıca mənəvi mərkəz
olmuşdur. Qəzet, eyni zamanda, milli jurnalist
kadrları yetişdirən, yönləndirən
yaradıcılıq məktəbinə çevrilmişdir.
Ümumiyyətlə, uzun onilliklər boyu “Kommunist” qəzeti
respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi,
təəssübkeş ziyalıların fəal
iştirakı ilə nəşr edilmişdir. Qəzetin fəaliyyəti
ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Mir Cəlal,
Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman
Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir
İmanquliyev, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu
kimi görkəmli ziyalılar uzun illər qəzetdə dərc
olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi
yaşatmış, onun sağlam yöndə inkişafına
ciddi təsir göstərmişlər. Bu
avanqard gündəlik rəsmi qəzetin ideya-siyasi və
peşəkarlıq səviyyəsi respublikanın
bütün dövri nəşrləri üçün
örnək kimi qəbul edilmişdir. Qəzetin
həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın
ümumi tarixinə önəmli fakt və hadisələr kimi
daxil olmuşdur.
Müasir qəzetçilik üslubu, əsasən,
“Kommunist” qəzetinin səhifələrində
cilalanmış, ədəbi dilimiz bu nəşrin fəaliyyətində
xeyli zənginləşmişdir. Bütün Şərqdə
ərəb əlifbasından istifadə edən ölkələr
arasında ilk sətri mətnyığan linotip maşın
¬1925-ci ildə ABŞ-da “Kommunist” qəzetinin sifarişi ilə
hazırlanmışdır. Yaponiya
kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə
səfəri zamanı Bakıya gələrkən redaksiyada
olmuş və sonralar qəzetə xaricdən ictimai əsaslarla
müxbirlik etmişdir. Qəzetin
Böyük Britaniya üzrə müxbiri, Britaniya parlamentinin
üzvü Valton Nyubold redaksiyaya vaxtaşırı maraqlı
məqalələr göndərmişdir.
Mətbuat sahəsində çalışan məşhur
tərcüməçilər uzun illər “Kommunist” qəzetində
formalaşmışlar. Azərbaycanda fəhlə-kəndli
müxbirlər hərəkatının və professional
jurnalist təhsilinin əsasını qoyanların bir qismi də
“Kommunist”in təcrübəli işçiləri olmuşlar.
Redaksiyada çalışan və onunla əməkdaşlıq
edən milli jurnalistikamızın sonrakı nəsil
istedadlı nümayəndələri, tanınmış
ziyalılar II Dünya müharibəsi illərində və
sonrakı onilliklərdə aktual çıxışları
ilə qəzeti xalq həyatı ilə
yaxınlaşdıraraq onun nüfuzunu yüksəltmişlər. Əli Vəliyev, Rza Quliyev,
İsrafil Nəzərov, Xasay Vəzirov, Ağababa Rzayev, Rəşid
Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq
Rüstəmov kimi yetkin redaktorların rəhbərliyi ilə
milli mətbuatımızın dəyərli ənənələri
bu qəzetin səhifələrində
yaşadılmış, zənginləşdirilmişdir.
Bu gərgin yaradıcılıq yolunun davamında
1950–1960-cı illərdə qəzetin səhifələrində
milli təmayül yenidən güclənmişdir. Rəsmi
dövlət nəşri olaraq qəzetin
professionallığı dünya jurnalistikasının
yaradıcılıq və texniki uğurlarını mənimsəməklə
daim yüksəlmişdir. Mövzu
genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə
dairəsi “Kommunist”i ölkənin lider qəzeti kimi
populyarlaşdırmışdır. Qəzetin
ana dilimizə qayğıkeş münasibəti, ənənə
və novatorluqda normativliyi və varisliyi əsas götürməsi
onu mükəmməl bir məktəbə çevirmişdir.
Qəzet respublikamızda canlı, təcrübi
jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir
neçə nəslini yetişdirib, öz nümunəsi ilə
digər mərkəzi dövri nəşrlərin, bölgə
mətbuatının lokomotivi rolunu oynayıb desək, həqiqəti
etiraf etmiş olarıq. Redaksiyanın divarları arasında
çağdaş jurnalistikamız üçün də gərəkli
olan təcrübə və yaradıcılıq ənənələri
formalaşmışdır.
Sovet
dövründə Azərbaycanın “bir nömrəli
dövri nəşri” sayılan “Kommunist”in yubileyləri “milli
mətbuatımızın böyük hadisəsi”, “xalq
tribunasının bayramı” kimi qeyd olunmuşdur. Qəzetin
1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Akademik
Dram Teatrının binasında keçirilmiş 50 illik yubiley
mərasimində sovet dövlətinin yüksək
mükafatlarından olan “Qırmızı Əmək
Bayrağı” ordenini qəzetin bayrağına Azərbaycana
yeni rəhbər seçilmiş ulu öndər Heydər
Əliyev sancmışdır.
Bu təntənəli mərasim həm də
respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən
hadisələrindən biri kimi daxil olmuşdur. Respublikaya cəmi 2 ay əvvəl
yeni rəhbər seçilmiş ümummilli lider Heydər
Əliyev müxtəlif ölkələrin və xalqların
təmsilçilərinin iştirak etdiyi yığıncaqda
o vaxtın mövcud qaydalarına uyğun olaraq rus dilində
deyil, böyük cəsarət və millətsevərlik
nümunəsi göstərərək, AKP MK-nın birinci
katibi kimi ilk dəfə məhz ana dilimizdə
çıxış etmişdir.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən
sonra onun himayəsi ilə qəzet təkcə həyatın
işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki
neqativ halları, problemləri cəsarətlə
açıb göstərməyə
başlamışdır. 1970–1980-ci illərdə
“Kommunist”in tirajı 500-600 min nüsxəyə
çatmışdı və hər evdə, ailədə,
bütün kollektivlərdə oxunurdu.
XX əsrin sonlarında – SSRİ-nin süqutu prosesində
qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləmiş,
Azərbaycanın ərazi bütövlüyü uğrunda
mübarizənin önündə getmişdir. Kommunist
rejiminin son dövründə qəzetdə imperiya mərkəzini
və onun yerli vassallarını razı salmayan, xalqın haqq
səsini yayan yazılar dərc olunmuşdur.
“Kommunist”
qəzeti SSRİ-də Kommunist Partiyasının
buraxılmasından və Azərbaycanın dövlət
suverenliyinin elan olunmasından əvvəl öz müstəqilliyini
elan edərək 1991- ci il avqustun 27-dən sonra məhz “Xalq qəzeti”
adı ilə azad mətbuat orqanına çevrilmişdi.
Müstəqilliyimizin
ilk illərində başı hakimiyyət davasına
qarışan və hakimiyyəti meydan eyforiyası zəminində
qəsb edən naşı, milli maraqları təmin edə
bilməyən rəhbərliyin redaksiyanın fəaliyyətinə
müxtəlif maneələr törətməsinə
baxmayaraq kollektiv xalq işinə, suverenliyimizə sədaqət
yolundan dönməmiş, ulu öndər Heydər Əliyevin
xilaskarlıq missiyası ilə qayıdışını
inam və cəsarətlə dəstəkləmişdir. Qəzetin yeni tarixi şəraitdə normal fəaliyyəti
və demokratik cəmiyyət quruculuğu prosesində fəal
iştirakı da ümummilli lider Heydər Əliyevin Azərbaycan
Prezidenti kimi bərqərar etdiyi sabitlik və inkişaf
dövründə mümkün olmuşdur.
1995-ci il noyabrın 13-də ulu öndər Heydər
Əliyevin zəka və məramının məhsulu olan Azərbaycan
Respublikasının Konstitusiyasını dərc etməklə
“Xalq qəzeti”nin fəaliyyətində yaranmış qısa
fasilə bitmiş, redaksiyanın cəmiyyətdəki statusu
və rolu özünə qayıtmışdır.
“Xalq qəzeti” bu gün respublikanın bütün ərazisində
yayımlanır, xarici ölkələrdəki səfirliklərimizə,
diaspor təşkilatlarına göndərilir. Xaricdə
yaşayan soydaşlarımız internet vasitəsilə hər
gün qəzetimizi izləyə bilirlər. Bu gün “Xalq qəzeti” də özünümaliyyələşdirmə
prinsipi əsasında fəaliyyət göstərir. Digər mətbuat orqanları kimi bizim də maliyyə
çətinliklərimiz olur. Texniki vasitələrlə
imkan daxilində daha yaxşı təmin olunmağa
çalışırıq. Respublikanın
bölgələrində redaksiyanın müxbir məntəqələri
fəaliyyət göstərir.
Son 26 ildə “Xalq qəzeti” ümummilli lider Heydər
Əliyevin və onun layiqli davamçısı ¬Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən tarixi islahatların və dövlət
proqramlarının uğurla
reallaşdırılmasının etibarlı və səmərəli
informasiya təminatının yaradılmasında öz zəngin
təcrübəsi ilə fəal iştirak edir.
“Xalq qəzeti” ölkəmiz yenidən milli dövlətçilik
məfkurəsinə qovuşandan sonra təcrübəli mətbuat
orqanı kimi cəmiyyətdəki nüfuzunu artırır,
ölkənin öncül qəzeti mövqeyini qoruyub
saxlayır.
Həsən
HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar journalist
Xalq Cəbhəsi.- 2019.- 6 fevral.-
S.4-5.