Müasir türk realist ədəbiyyatının görkəmli simalarından biri: Rəşad Nuri Güntəkin

 

 

3-cü yazı

 

Rəşad NuriDamğa” əsərində problemə məhz bu cür yanaşıb, İffət bəyin timsalında namuslu bir şəxsin nəcib arzuları ilə bu arzuların qarşısına sədd çəkən, onu şikəst edən mühiti üz-üzə qoyub. Damğa” əsərində hadisələr, əsasən 1908-ci il Türkiyə inqilabından sonrakı dövrlərlə bağlıdır. İffət bəy atasının həbsindən sonra əziyyətlərlə üzləşir. Öz namuslu əməyi ilə yaşamağı hər şeydən üstün tutur. Çətinliklə bir tacirin evində tapır. Onun uşaqlarına dərs deyərək çörək pulu qazanır. Tacirin arvadı Vədiə xanımın təkidi ilə onunla görüşmək məcburiyyətində qalır. Bu işin üstü açılanda özünü tacirin evinə soxulmuş oğru kimi qələmə verir. Məsələnin əsl həqiqi tərəfıni kənara qoyub, oğurluq adını üstünə götürür. Bununla da Vədiənin namusunu ləkədən qoruyur, öz adına isə “oğurluq damğası” yazdırır. Lakin həbsxana dövrü başa çatdıqdan sonra onun həyatının ağır günləri başlayır. Belə demək mümkünsə, əsl zindan həyatını o, azadlıqda olarkən yaşamağa başlayır. İffət artıq cəmiyyətdə oğru kimi tanınır. Ona heç yerdə vermirlər, yaxına buraxmırlar. Müəllif bu vəziyyəti özünəməxsus paradoksal xüsusiyyətləri ilə diqqətə çatdıra bilir. Namuslu adamlar yaramaz cəmiyyəti ittiham etməkdənsə, həmin cəmiyyət namuslu adamları ittiham edir, onları həyatda artıq insanlara çevirir. İffət bəyə dostu Cəlal əlindən gələn köməkliyi göstərir. Cəlal özünamuslu adamdır. Son anda hər iki şəxs məcbur qalaraq öz həqiqi yollarını dəyişib, möhtəkirliklə məşğul olurlar. Düzdür, müəllif əsərdə onların son hərəkətlərinə bəraət qazandırmır. Lakin İffət və Cəlala bəraət qazandırmasa da, eyni zamanda onları müqəssir də saymır. Yazıçı aləmində müqəssir olan cəmiyyətdir, real ictimai-siyasi həyatdır. Romantik ruhda yazılmış “Dodaqdan qəlbə” əsərində problemin qoyuluşu özünəməxsusluğu ilə seçilir. Əsərdə hadisələr Kənan və Lamiyənin ətrafında cərəyan edir. Əsərin əvvəlində Kənanın atası, anası, bacısı və digər məsələlər barəsində gedən söhbətlər müəyyən mənada ictimai fonda cərəyan edir. Lakin sonradan əsərdə hər şey daha çox məişət fonunda əks etdirilir. Kənan Avropadan qayıtdıqdan sonra məşhur musiqiçi kimi hamının diqqətini cəlb edir. Ondakı yaşamaq həvəsi dünyaya sığmayan dərəcəyə çatır. Müəllif bu vəziyyətin Kənanda yaratdığı dəyişikliyi psixoloji cəhətdən göstərə bilir. 15 yaşında olan Kənan 30 yaşlı adam təsirində idisə, 30 yaşında isə o, 15 yaşlı insan kimi diqqəti cəlb edir. Müəllif Kənanda baş vermiş bu dəyişikliyi bir çox məqamlarda ziddiyyət amili şəklində təcəssüm etdirir. Kənan yarımçıq səadəti xoşlamadığından adi pəncərədə bahalı pərdəni və kobud barmaqda qiymətli üzüyü görəndə dilxor olur. Onun nəzərində hər şey tam olmalıdır.

Buna görə də müəllif “ya tam, ya da heç” fəlsəfəsi daxilində Kənanın həyati baxışlarında olan ziddiyyətləri bütünlükdə göstərə bilmiş, onun xarakterinin kompleks müəyyənləşdirilməsini təmin edib.

Kənan varlı adamların kölgəsində yatmağı heç cür qəbul etmir. Bu səbəbdən evlərdə dərs deyib pul qazanmağı özü üçün təhqir bilir. Kənan qədəhi axıra qədər içməyi bacarmayanda onu dodağa aparmağı əbəs sayır. Onun sevgiyə münasibəti də bu düşüncələr daxilində formalaşır. Kənana görə sevginin qəlblə heç bir əlaqəsi yoxdur. Kənan sevginin yaxşı mənada “dodaqdan qəlbə süzülüb onu zəhərləməsini” qəbul etmir. Bu məntiqin davamı kimi Kənanın Lamiyəyə dediyi aşağıdakı fikri də maraqlı səslənir. Bu fikirdə müqayisələr torpaqgül ilə əlaqələndirilir. Kənan bildirir ki, torpağın dodaqlarında gül açır. Lakin o, heç vaxt torpağın köksünə girə bilmir. Düşüncələrində sevgiyə münasibətini bu cür qurduğu üçün Kənan Lamiyənin sevgisinə etinasız yanaşır. “Biz bir-birimizi sevmirik, könül əyləndiririk,’’ - deyə Lamiyənin qəlbinə hakim kəsilən sevgini cavabsız qoyur. Müəllif Kənanın məhəbbətini əsərdə birtərəfli göstərmir. Daha doğrusu, onun sevgiyə münasibətinin mütləq natamamlıqda olduğunu təsdiqləmir. Kənan sevginin ideal formada insan qəlbinə hakim kəsildiyinin mümkünlüyünü inkar etmir. “Siyah yıldızlar” əfsanəsi əsasında formalaşdırdığı musiqi nömrəsində bunun tam təsdiqini görmək mümkündür. Lakin Kənan “sevginin dodaqdan qəlbə süzülübona hakim kəsilməsinin mümkünlüyünü həyatda yox, ideyada təsdiqləyir. Hələlik düşüncələrində bu xətti qoruyub saxlayan Kənan, sonralar fikirlərinin əleyhinə çıxaraq, əsl sevgi və məhəbbəti real həyatda görür. Lamiyənin timsalında ideal sevgi anlayışını qəbul edir.

Əsərin əsas qəhrəmanlarından olan Lamiyə öz sevgi “macəralarının qurbanına çevrilir. O, əsl məhəbbətini Kənanda tapdığı üçün nişanlısı Nazimi qəlbindən çıxarır. Lakin Kənan onun məhəbbətini qiymətləndirə bilmir. Lamiyənin saf məhəbbət xəyallarmı “əyləncə kimi” qiymətləndirərək onu “cavabsız” buraxır. Kənan Lamiyənin ismətinə toxunur. Kənana olan məhəbbətini heç kimə açmayan, qəlbində saxlayan Lamiyə, bu işdə onun günahlarmı gizlədərək ismətsizlik damğasını daşımalı olur. Həyatı və taleyi korlanmış Lamiyə həyatının çətin günlərini yaşayır. Lakin Lamiyə həyatının bundan sonrakı dövründə öz məhəbbət və ismətini qoruyur. Kənan vaxtilə onun cavabsız qalmış məhəbbətini sonradan qiymətləndirsə də, Lamiyə ondan uzaqlaşır. Namusuna toxunmaq istəyən Rasihi öldürür. Bir həkimlə ailə qurur, vaxtilə görmək istədiyi, arzusunda olduğu namuslu ailə həyatı yaşayır.

Rəşad Nuri əsərdə Lamiyəni günahı olmayan şəxs kimi təqdim edir. Kənanın onun başına gətirdiyi oyunu Lamiyənin təcrübəsizliyi və saf məhəbbət aludəçiliyi ilə bağlayır. Müəllif ona görə də Lamiyənin acı həyat taleyinə təəssüf edir. Əksinə, Kənanı isə intihar etməklə ucuz ölümün qurbanına çevirir.

Rəşad Nuri əsərdə hadisələri konkret obrazların timsalında müxtəlif məkan genişliyində göstərir. Bu da özlüyündə “Çalı quşu’’nda olduğu kimi, ictimai proseslərin ölkənin hər yerində eyni cür cərəyan etdiyinə işarədir. Müəllif məqsədli olaraq əsərdə müxtəlif təbəqəni təmsil edən obrazlar vasitəsilə sosial mühitin bütün gerçəkliklərini təsvir edib, daha xarakterik cəhətləri ön planda saxlayıb. Müxtəlif sənət, peşə sahibləri olanbaşqa-başqa düşüncələri özündə əks etdirən Münir bəy, Vəfiq paşa, Saib paşa, Şəmi dədə, Nail, Mələk, Nemət xanım, Nazim, Vədad bəy və digər obrazlar müəllifin əlində cəmiyyətin tipik xarakteristikasını verməkdə vasitəyə çevrilir.

Ümumiyyətlə, Rəşad Nurinin roman yaradıcılığı yaşadığı mövcud həyatın ictimai-siyasi proseslərini, mühitinsan problemlərini, bunların qarşılıqlı əlaqə və təsiri nəticəsində insanların düşüncə tərzini, əxlaqi münasibətlərini göstərmək, eləcə də 20-50-ci illər türk bədii nəsrinin ümumi xarakteristikasını əks etdirmək baxımından səciyyəvidir.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 7 fevral.- S.14.