Oğuz eposunda qəhrəman cəmiyyətin xilaskari və qoruyucusu kimi

 

 

Hər bir qəhrəmanlıq dastanında olduğu kimi, Oğuz kağan da möcüzəli doğuluş yolu ilə dünyaya gəlir. Ümumiyyətlə, elmdə dastan qəhrəmanlarının başqlarından fərqli, qeyri-adi doğuluşu “möcüzəli doğuluş” termini ilə adlandırılır. Möcüzəli doğuluş dedikdə qəhrəmanın adi yolla deyi, fərqli (qeyri-adi) üsul və vasitələrlə doğulması başa düşülür.

Nail Qurbanov qeyri-adi yolla doğuluşun müxtəlif şəkilləri haqqında yazır: “Folklor mətnlərində insan törənişi ilə (doğuluşla) bağlı bir sıra motivlərə rast gəlmək olur ki, buna misal olaraq dağdan doğulma, sudan doğulma, gün işığından doğulma gözdən doğulma mifologemləri və s.-ni göstərmək olar ki, bizim fikrimizcə, bu törəniş modelləri də öz başlanğıcını ilk insanın törənişi ilə bağlı təsəvvürlərdən götürür. Sadəcə olaraq, həmin təsəvvürlər mif şəklində bizə gəlib çatmayıb, lakin folklor mətnlərinin içərisində motiv səviyyəsində qorunaraq bizim dövrümüzə gəlib çatıb.

Qeyd edək ki, Azərbaycan folklorşünaslığında möcüzəli doğuluş motivi ilə bağlı qiymətli fikirlər söylənib. Həmin fikirlərdə bu motivin mənası, mahiyyəti və formaları əhatə olunub, onun mifoloji görüşlərlə bağlı olduğu xüsusi qeyd olunub. Məsələn, M.Seyidov göstərir ki, müqəddəs başlanğıc sayılan dağ, eləcə də torpaq və xüsusilə onlarla bağlı Günəş bütün varlığın, həyatın, tanrıların, insanların, nemətlərin yaradıcısı, anası-atası kimi qəbul olunur. Torpaq başlıca olaraq ana başlanğıcı sayılıb.

Ramazan Qafarlı da yazır: “Əfsanə çevrilmələrindən belə nəticə alınır ki, guya başlanğıcda ancaq və ancaq insan mövcud olmuşdur. Az qala torpaq da, hər qaya, hər daş da insan şəklindədir, bu insanlar bəzən könüllü olaraq, bəzən də məcburi yolla formalarını dəyişərək qayanı, çayı, ağacı, quşu, heyvanı və s. meydana gətiriblər. Miflərdə isə genezis, doğum başqa şəkildədir, bəzi məqamlarda yuxarıdakı prinsiplərin əksini təşkil edir. Başqa sözlə, insan təbiətin eynihüquqlu detallarından biridir, onun doğuluşunda hətta üstünlük çox hallarda heyvanlarda, quşlarda, cansız varlıqlarda olur. Yəni insan özü ağacdan, quşdan, torpaqdan, heyvandan, sudan, günəşdən və s. əmələ gəlir".

Mahmud Allahmanlı ağaclardan möcüzəli doğuluş haqqında göstərir ki, qadının ağacla əlaqəsi, ağaca tapınma problemi bizi dünya ağacı eyniyyətində dayanmağa və sonrakı dövrlərdə də hətta islamın güclü ideoloji cərəyan olduğu şəraitdə belə bir mövcudluğun varlığını və ondan istifadə edildiyini deməyə əsas verir. Oğuzun ikinci arvadından olan övladları da öz mövcudluğu ilə ağacla bağlıdır. Göy, Dağ, Dəniz adı ilə fəaliyyətə başlayan bu qardaşların mövcudluğunda ağac dayanır. Hansı ki, Basatın ana mövcudluğunda da Qaba ağac dayanır. Məhz bunlar təkcə Oğuzun özünün inamı yox, bütün Oğuz dünyasının tapındığı inam olub, onun ən fəal atributu olan ozanlarda da təsdiqlənir.

Füzulu Bayat yazır ki, türk mifologiyasında Göy Tanrıdan qopub ayrılmış ağac bir sıra etnoqonik miflərdə ilk ana kimi xatırlanır. Mifə görə, dağın üstündə bitən ağaca göydən işıq düşüb, bu ağac gövdəsi şişib. Bir müddətdən sonra gövdə yarılıb, oradan beş uşaq çıxıb. Onların ən kiçiyi olan Buğu Təkin sonradan bir çox xalqları özünə tabe edərək böyük dövlət yaradıb.

Rövşən Əlizadə miflərdə ağacdan doğuluş kultlarla bağlı apardığı tədqiqatında ağac haqqında yazır: “Miflərdən ağacı iki funksiyada müşahidə edirik:

 

Ağac - dünya modeli rolunda.

Ağac - əcdad rolunda.

 

Hər iki funksiya biri-biri ilə bağlıdır. Ağacın dünya modeli funksiyasını yerinə yetirməsi onun ilkin mifoloji kosmoqoniyada - dünyayaratmada iştirakı deməkdir. Bu da onun əcdad funksiyasını şərtləndirir. O, bir kosmoqoniya (yaradılış) elementi kimi, əslində, vahid funksiyanı yerinə yetirir. Çünki yaradılış prosesini modelləşdirmək (dünya modeli rolunu yerinə yetirmək) elə kosmoqonik valideyn olmaq deməkdir”.

Ümumiyyətlə, doğuluş dünya xalqlarının mifologiyalarında ən yayğın, məşhur və mütləq motivdir. Heç bir canlının ölməməsi, yenidən dünyaya qayıtmaq üçün yalnız müvəqqəti olaraq ölməsi və təkrarən doğulması haqqındakı təsəvvür də doğuluşla bağlıdır. Doğuluş haqqındakı təsəvvürlərin “kosmikləşdirilməsi”, bio¬loji, seksual təzahürlərin astral, planetar səviyyələrə keçirilməsi prosesləri (müqayisə et: günəşin və ayın ölmə və dirilmənin simvolikasındakı xüsusi rolu; artıq neoloit dövründə qadın və kişi işarələrinin günəş və ay işarələri ilə tədrici əvəzlənməsi qeyd olunur) və başqa təbiət prosesləri mifopoetik düşüncənin inkişafının bir qədər sonrakı dövrü ilə bağlıdır.

Oğuz kağan da bir mif qəhrəmanı kimi “möcüzəli şəkildə” doğulur. Bu doğuluş bütün baş qəhrəmanlar kimi Oğuz kağanı da dastanın başqa obrazlarından fərqləndirir. F.Bayat yazır ki, “Oğuz kağan dastanı”dan anlaşıldığı kimi, Oğuzun doğulması, doğrudan da, mifoloji çərçivə daxilində təqdim edilir. Onun gözləri ala, üzü mavi, ağzı da qırımızıdır. Bu rəng simvolları bütün mifoloji mətnlərdə Tanrı oğlunun sifətləridir. Oğuzun zahiri görünüşündəki heyvan cizgiləri də onun Tanrı oğlu motivindən çıxdığını təsdiq edən əsas kodlardan biridir. Oğuz öz doğuluşundan tamamilə fərqli bir obrazdır. Bu, ilk növbədə onun fərqli görkəmində, sifətinin qeyri-adi rənglərində və ümu¬miyyətlə, heyvani görünüşündə ifadə olunur.

Bəs Oğuz bir insan olduğu halda niyə bu qədər fərqli görkəmə malikdir? F.Bayata görə, Oğuz başqalarından ona görə fərqlənir ki, o, Tanrı oğludur. Yəni mənşəyinə görə göylərlə, Göy Tanrı ilə bağlıdır. Bəs dastan oğuz insanlarının ilk əcdadı olan Oğuzu nəyə görə göylərlə bağlayır? Ona görə ki, Oğuzun qarşısında heç kəsin görə bilməyəcəyi, yerinə yetirməyi bacarmayacağı fövqəladə işlər, qəhrəmanlıqlar dururdu. Bu işləri insan oğlu bacarmazdı. Bu işlərdən ötrü qeyri-adi gücə malik qəhəman lazım idi. Qəhrəman bu qeyri-adi gücü yalnız göylərdən, fövqəladə qüvvələrdən, Göy Tanrıdan ala bilərdi. Məhz ona görə də Oğuz kağan möcüzəli şəkildə Tanrının, göylərin oğlu kimi doğulur. Axı qədim türkcədə “Tanrı” sözünün mənası “göy” (səma) deməkdir. Tanrı oğlu olmaq elə göylərin oğlu olmaq deməkdir. “Oğuznamə”nin uyğur versiyasında Oğuzun anası, doğrudan da, göy cismidir (Ay kağan). Belə olduğu təqdirdə onun doğuluşu da bütün digər obrazlardan fərqli olaraq qeyri-adi doğuluş, yəni möcüzəli doğuluşdur.

“Oğuznamə”nin istər uyğur versiyasında, istərsə də başqa oğuznamələrdə Oğuzun görkəmi, davranışları, böyüməyi, qəhrəmanlııqları hamıdan tamamilə fərqlənir. Bu fərqliliyin əsasında, qeyd olunduğu kimi, doğuluşun qeyri-adiliyi, möcəzəli doğuluş olması durur. S.Rzasoy yazır ki, qəhrəmanlıq tipologiyasının bütün mifoloji sistem element və xassələrini özündə daşıyan “Oğuznamə” eposu da qəhrəmanın - Oğuz kağanın doğuluşu ilə başlanır. “Doğuluş” bir mifologem (mifik motiv-A.Fərəcova) olaraq mifoloji kosmogenezin (yaradılışın - A.Fə- rəcova) əsasını təşkil edir. Mifoloji dünya modelində gerçəkləşən dünyanın strukturunun bütün özünəməxsusluğu bu doğuluşa müncər olunur. Doğuluş öz strukturuna görə qatbaqat paradiqmatik quruluşa malik mürəkkəb semiotik sistemdir. Burada doğuluş - yaradılışla bağlı müxtəlif süjet, mifologem və obrazlar biri-biri ilə paralelləşmiş və biri-birinə transformasiya olunub. “Oğuz kağan” mifində də müxtəlif mifoloji təsvir kodlarının (zooloji, antropoloji, astral və s.) biri birinə kodlaşmasını müşahidə edirik. Oğuz kağanın bir insan olaraq doğuluşu eyni zamanda canlı və cansız dünyanın bütün mənalı ünsürlərinin doğuluşunu özündə işarələyir. Bu da öz növbəsində həmin kodları təcəssüm etdirən mif tiplərinin bir-biri ilə paradiqmatik bağlılığından irəli gəlir. Bütün miflər vahid kosmoqonik mif ətrafında birləşir.

“Oğuznamə”nin uyğur versiyasında qəhrəmana ad qoyulması motivi yoxdur. Amma qəhrəmana ad qoyulması dastanların mühüm motividir. Oğuz hökmdarın çadırında doğulduğundan adqoyma mərasimində özü özünə səbəbini izah etmədən Oğuz adını qoyur. Adqoyma mərasimində bir yaşında olan uşaq özünə Oğuz adını qoyur. Bu uşaq anasının bətnində olarkən Allahın vəlisi təyin edildiyindən türkcə vəli mənasında olan Oğuz adını alır. Göründüyü kimi, Oğuzun adının qoyulması bütün hallarda qeyri-adi yollarla olur: o, özü-özünə ad qoyur.

“Uşağın bir yaşı tamam olanda Qara xan eli çağırdı və ulu toy qurdu. Toy günü Qara xan uşağı ziyafətdəkilərin yanına gətirməyi buyurdu və öz bəylətrinə müraciət edərə dedi: “Bizim bu uşağn bir yaşı tamam oldu, siz ona hansı ad verirsiniz?”. Bəylər cavab verməmiş, uşaq dedi: “Mənim adım Oğuzdur”.

Oğuz kağan ilk əcdad və mədəni qəhrəman kimi Oğuz dünyasının yaradıcısıdır. O, həmin dünyanı yaradaraq onun ayrı-ayrı ünsürlərinə ad verir. Oğuz dünyasının da ilk varlığı, ilk insanı elə Oğuz kağanın özüdür. Beləliklə, o, ilk əcdad-mədəni qəhrəman kimi ilk olaraq məhz özünə ad verməlidir.

Mifin məntiqinə görə, möcüzəli keyfiyyətlərlə və möcüzəli şəkildə doğulan Oğuzun sözün həqiqi mənasında bir qəhrəmana çevrilməsi üçün o, ilk qəhrəmanlığını göstərməlidir. Oğuz da qorxunc düşmən Kıatı öldürməklə özünün ilk qəhrəmanlığını həyata keçrir. Burada Oğuzun qəhrəmana çevrilməsi təsvir olunur. Oğuz bütün oğuzların ilk əcdadı olduğu kimi həm də ilk qəhrəmandır. Elə bu səbəbdən onun qəhrəmana çevrilməsi diqqəti cəlb edir. Qəhrəmana çevrilmə müxtəlif elementləri əhatə edən mifoloji kompleksdir:

Oğuzun qəhrəmana çevrilməsi meşədə baş verir. Dastanda meşə həm ov heyvanlarının olduğu bərəkətli bir yer, həm də Oğuzun xalqına düşmən olan vəhşinin (yırtıcının, divin) yaşadığı qorxunc məkan kimi təsvir olunur. Oğuzun vəhşi ilə döyüşü qəhrəmanlıq missiyasıdır: Belə ki, Kıat adlanan bu böyük yırtıcı “elin yaxşı gününü əlindən alaraq, adamları əzaba salmışdı”. O, Kıatla vuruşmaq qərarına gəlir. Dastan bunun səbəbini belə izah edir: “Oğuz kağan cəsur alp idi”.

 

Aynur Fərəcova

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 15 fevral.- S.14.