Nazim Hikmətin həyatı və yaradıcılığı

 

 

1-ci yazı

 

20 yanvar 1902-ci ildə hazırda Yunanıstan sərhədləri içərisində yerləşən Salonikdə məmur ailəsində doğulub. Atası Hikmət bəy müəyyən dövrdə siyasətlə məşğul olub. O, bir müddət Hamburqda konsul vəzifəsində çalışıb. İttihatçılar dövründə isə mətbuat müdiri olub. Sonradan özəl süd müəssisəsinə rəhbərlik edib. Yaratdığı müəssisə iflasa uğrayıb və bundan sonra o, Kadıköydə Sürəyya Paşa sinemasının müdiri işləyib.

Anası Ayişə Cəlilə xanım dövrünün savadlı qadınlarından biri olub. İncəsənətə, xüsusən rəssamlığa böyük həvəs göstərib. Oğlunun təlim-tərbiyəsi ilə şəxsən özü məşğul olub. Babası Mehmet Nazim Paşa uzun müddət ayrı-ayrı şəhərlərdə vali vəzifəsində çalışıb. Az da olsa şeirlər yazıb və şeir sənəti haqqında bir neçə əsər çap etdirib. Mehmet Nazim Paşa Türkiyədə fəaliyyət göstərən Mövlana təriqətinin üzvlərindən olub. Təriqət məclislərində fəal iştirak etdiyinə görə hamı onu C.Ruminin müridi adlandırıb. Mehmet Nazim Paşanın hakimiyyətə kəskin etirazlar bildirən Namiq Kamal tərəfdarları ilə yaxın münasibətləri hakim təbəqənin diqqətindən yayınmayıb. Mehmet Nazim Paşanın hökumətin digər əleyhdarları ilə birlik nümayiş etdirməsi təbii ki, Sultan Əbdülhəmidi də narazı salıb. Buna görə də Mehmet Nazim Paşa başda olmaqla bu qrupa daxil olanlar hökumət tərəfindən müxtəlif cəzalara məhkum ediliblər.

1934-cü ildə Türkiyədə qanunla tənzimlənən soyad məsələsi ortaya çıxanda Nazim Hikmət soyadını Ran kimi qəbul edib. Belə bir fikir mövcuddur ki, N.Hikmətin qəbul etdiyi bu ad kommunistlərin qırmızı rəng simvoluna uyğun olaraqnar» kəlməsinin tərsinə yazılışına işarədir. 

Nazim Hikmətin bir şair kimi formalaşmasında babasının böyük təsiri olub. Belə ki, Mehmet Nazim Paşanın klassik ədəbiyyatla bağlı verdiyi bilgilər Nazim Hikmətin şairlik taleyində mühüm rol oynayıb. Nazim Hikmət 1918-ci ildə İstanbul Hərbi Dənizçilik məktəbinə daxil olub. Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalını pisləyən şeir yazdığına görə 1919-cu ildə məktəbdən xaric edilib. Məktəbdən qovulduqdan sonra əsgər gedib, vətənini qorumaqdan qürur duyub. 1920-ci ildə vətənin qurtuluşu üçün yazdığı “Gənclik” adlı şeiri gəncləri Vətən uğranda savaşa səsləyib. N.Hikmət 1920-ci ildə Anadoluya gəlib və bir il burada yaşadıqdan sonra 1921-ci ildə gizli olaraq dostu Vala Nurəddin ilə Sovet Rusiyasına qaçıb. Bu zaman o, gəmi ilə Batumiyə gəlib, oradan qatarla Moskvaya gedib. Nazim Hikmətin sərnişini olduğu Batumi-Moskva qatarı Bakıdan keçərkən 6 saat Bakı vağzalında dayanıb. Nazim Hikmətin 1921-ci ildə Bakıda ilk dəfə olması fikrini iddia edənlər bu fakta istinad edirlər. Nazim Hikmətin Moskvada tanış olub evləndiyi Nüshət xanımın xatirələrində şairin 1923-cü ildə qısa müddətdə yenidən Bakıda olması məlumatı da yer alır. O, 1922-1924-cü illərdə Moskva Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. 1924-cü ildə Rusiyada təhsilini başa vurub Türkiyəyə qayıdıb, orada “Oraq-çəkic” və “Aydınlıq” mətbu orqanlarında kommunist ideologiyasını yaydığına görə 1925-ci ildə 15 il həbs cəzasına məhkum edilib. N.Hikmət 1927-ci ildə gizli olaraq Sovet İttifaqına qaçıb. O, 1928-ci ildə Sovet İttifaqı məkanında özünə doğma hesab etdiyi Bakıya gəlir. Onun “Günəşi içənlərin türküsü” adlı ilk şeirlər kitabı 1928-ci ildə Bakıda çap olunur. Bundan sonra N.Hikmətin bir-birinin ardınca çap olunan “835 sətir” (1929), “Varan-3” (1930), “1+1=1” (1930), “Səsini itirmiş şəhər” (1930), “Gecə gələn teleqraf’ (1932), “Taranta Babuya məktublar” (1935), “Portretlər” (1935) və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanır. 1932-ci ildə N.Hikmət kommunist ideologiyasının təbliğinə görə 5 il müddətinə həbs edilir. Lakin bir il sonra amnistiya aktı imzalandığı üçün həbsdən azadlığa buraxılır.

Sağlığında N.Hikmətin doğma vətənində “Şeyx Bədrəddinin dastanı” adlı sonuncu kitabı 1936-cı ildə çapdan çıxır. Onun Türkiyədə kommunizm ideologiyasının alovlu təbliğatçısına çevrilməsi və tərəfdarlarının gündən-günə çoxalması hakim dairələrin narahatçılığına səbəb olmaya bilməzdi. Buna görə 1938-ci ildə N.Hikmət heç bir sübut olmadan 28 il həbsə məhkum edilir. Həbsxanada olduğu illərdə “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi” (A.Məlikov bu əsər əsasında eyniadlı məşhur baletini yazıb), “YusifZüleyxa” pyeslərini və s. əsərlərini qələmə alıb. O, 1950-ci ildə beynəlxalq ictimaiyyətin tələbi ilə həbsdən azad olunur. Nazim Hikmət 1951-ci ildə Sovet İttifaqına gəlir və ömrünün sonuna qədər bu ölkədə yaşayır. Nazim Hikmətin 195-ci ildə Ümumdünya Sülh Şurasına üzv seçilməsi onun beynəlxalq tədbirlərdə iştirakına meydan verir. Şübhəsiz, N.Hikmət bu tədbirlərdə daha çox kommunist mövqedən çıxış edir. Çünki o, öz xalqının, öz ölkəsinin deyil, bütün bəşəriyyətin xilasını kommunizm yolunu tutmaqda görürdü. N.Hikmət üçün kommunizm siyasi əqidə olmaqdan savayı, sanki dini əqidəyə çevrilir. Ona görə də bu əqidə ömrünün sonuna qədər N.Hikmət ruhuna hakimlik edir. Şairin növbəti dəfə Azərbaycana gəlişi 1957-ci ilə təsadüf edir. Bu səfər zamanı o, Bakı və Gəncə şəhərlərində olur. Əlbəttə, bu gəliş Nazim Hikmətin Azərbaycana sonuncu gəlişi olmayıb. O, 1958-ci ilin oktyabr ayında Özbəkistana gedərkən yolüstü Bakıda dayanır, Bakı Dövlət Universitetində onunla görüşmək üçün təşkil olunmuş yığıncaqda iştirak edir. Bundan başqa Nazim Hikmət 1958-ci ildə M.Füzuli, 1960-cı ildə C.Cabbarlı, 1962-ci ilin may ayında M.Ə.Sabir, 1962-ci ilin noyabr ayında M.F.Axundov ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Bakı şəhərinə gəlir. Onu da qeyd edək ki, N.Hikmətin Azərbaycan sevgisi olduqca böyük olub. O, Azərbaycanın bir çox görkəmli şair, yazıçı, alim, bəstəkar və rəssamları ilə yaradıcılıq əlaqələri saxlayıb.

XX əsr türk poeziyasının nəbzi, türk dünyasının böyük şairlərindən biri olan Nazim Hikmət 3 iyun 1963-cü ildə Moskvada ürək xəstəliyindən qəflətən vəfat edir. O, Anadoluda bir kənd məzarlığında basdırılmasını, başı üstündə bir çinar ağacının olmasını arzulasa da, Moskvada Çexov, Qoqol və digər məşhurların uyuduğu Novi Deviçi qəbiristanlığında dəfn olunur.

Nazim Hikmət XX əsr Türkiyə türk ədəbiyyatında ölməz sənət əsərləri yaratmış şair, nasir, dramaturq kimi tanınır. Lakin poeziya Nazim Hikmət yaradıcılığının ana xəttini təşkil edir. Nazim Hikmət şair kimi ilk misralarını uşaq yaşlarında yazıb. Həmin misraların yazılması ilə bağlı N.Hikmətin xalası Sara xanım öz xatirələrində belə yazır: “İstanbuldakı böyük bir yanğını hündürdən seyr edərkən Nazim birdən-birə coşmuş, nərdivandan aşağı-yuxarı qışqıraraq bu misranı çığıra-çığıra təkrarlamışdı: Yanıyor!.. Yanıyor!... Müthiş tarrakalar...”.

1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunan “Sərviliklərdə” adlı şeir onun poeziya sahəsində ikinci qələm təcrübəsidir:

 

Bir inilti duydum serviliklerde

Dedim burada da ağlıyan varmı?

Yoksa tek başına bu kuytu yerde

Eski bir sevgili anan rüzgarmı?

Sözlere inerken siyah örtüler

Umardım ki, artık ölenler güler.

Yoksa hayatında sevmiş ölüler

Hala servilerde ağlıyorlarmı?

 

Yaradıcılığının ilk mərhələsində Yəhya Kamal, Faruk Nafiz, Yusif Ziya, Orxan Seyfi kimi tanınmış şairlərlə sıx əlaqədə olub. 1920-ci ildəAlemdarqəzetinin təşkil etdiyi müsabiqədə birinci yeri tutması onun şeir yazmaq həvəsini daha da artırıb. N.Hikmət poeziyada yenilik tərəfdarı olmuş bir şair kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmişdi. Hər şeydən əvvəl o, vəzn qafıyə sərhədlərini aşaraq sərbəst şeirin ən gözəl nümunələrini yarada bilmişdi.

O, sənətdə ənənəni həmişə yüksək qiymətləndirib. Lakin N.Hikmət sınanmış, təcrübədən çıxmış yolun eyni ilə təkrar edilməsinin əleyhinə olmuş, fərdi fərqli üslublara üstünlük vermişdi. Onun fikrincə mütəmadi olaraq yenicığırlar”, yeniyollarkəşf etmədən poeziyanı irəli aparmaq, onu zənginləşdirmək qeyri-mümkündür. Vaxtilə, Nazim Hikmətin Cümhuriyyət dövrünün böyük şairi Nəcib Fazil Qısakürəkə (1905-1983) ünvanladığı fikirlərdə bu məntiqin təsdiqini görmək çətin deyil: “Sən köhnəsən, amma köhnənin yaxşısısan, mən yeniyəm, amma yeninin yamanıyam. Bunu bil ki, mən yeninin yamanı olmağı köhnənin yaxşısı olmaqdan qat-qat üstün tuturam”.

N.Hikmət Şərq klassikasını gözəl bilmiş ona hörmətlə yanaşmışdı. Ancaq maraqlıdır ki, N.Hikmət divan şeiri barəsində babasının söylədiyi fikirlərə nisbətən, fransız inqilabçıları haqqında anasından eşitdiklərinə Lamartinin şeirlərinə daha çox diqqət yetirib. Görünür, şairin lirikasında Qərb mahiyyətinin üstünlük təşkil etməsinin bir səbəbi bununla bağlıdır. Bu fıkir bir daha öz təsdiqini Nazim Hikmətin ilk şeirləriniSərvəti-fünun”çuların, o cümlədən Tofıq Fikrətin təsiri ilə yazmasında da tapır. N.Hikmət poeziyası özünəməxsus keyfiyyətləri ilə seçilən möhtəşəm yaradıcılıq yoludur. N.Hikmətin fikrincə, şair öz xalqının səsi olmalıdır. Onun sənəti ilə tanışlıq bu fikrin həqiqiliyini tam mənada təsdiqləmiş olur. Maraqlıdır ki, şair öz poeziyasını kökü yurd torpaqlarının dərinliklərinə, budaqları ucsuz-bucaqsız dünyaya uzanan nəhəng ağaca bənzətmişdi. Gerçəkliyin təsvir, tərənnüm təzahürünün mahiyyətdə dayanmaq tələbi N.Hikmət sənəti üçün vacib cəhətlərdən biridir. İstanbul ədəbi jurnallarından birinə verdiyi müsahibələrində şair demişdir: “Mən poeziyada realizmə can atıram. Realizm təfərrüatı ilə keçmişin hərəkətini bu günə, bu günkünü gələcəyə ötürə bilir”. Amma şair bu məsələdə özünə tənqidi yanaşmış, bir çox əsərlərində realizmin birtərəfli olduğunu bunun sayəsində hadisələri hay-küylü təbliğat daxilində təsvir etdiyini diqqətə çatdırmışdı. Bütün bunlara rəğmən 1951-ci ildə Pablo Neruda N.Hikmət haqqında deyəcək: “Onun poeziyası böyükdür, iri axarlı çaylara bənzəyir. Amma bu polad bir axın kimi mübarizələrə tələsir”. Əslində, N. Hikmət poeziyasında mübarizə bu günə gələcəyə münasibətdə şair baxışlarında yaranan (Qərb ədəbi yanaşma anlamında utopiya) yeni istiqamət - romantik üslubdur. Yeni forma mövzuya yeni münasibət N.Hikmət poeziyasının səciyyəvi xüsusiyyətlərindən biridir. Şair hansı mövzuda yazmasından, hansı məsələyə toxunmasından asılı olmayaraq ilk növbədə insan-vətəndaş mövqeyindən çıxış edir. İstər ictimai-siyasi, istər məhəbbət, istər təbiət təsvirli, istərsə fəlsəfi s. şeirlərində bu mövqe dəyişmir, özünəməxsus şair müdaxilə münasibətlərində qeyri-adi poetik ifadə heyranlıq doğurur.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 16 fevral.- S.14.