Nazim Hikmətin həyatı və
yaradıcılığı
3-cü yazı
N.Hikmət yaradıcılığında məhəbbət tərənnümlü şeirlərin özünəməxsus yeri var. Onun poeziyasında məhəbbətin mahiyyəti bəşəriyyətə, insana, qadına, təbiətə və s. olan həssas duyğuların ifadəsində açılır. N.Hikmət “enini, uzununu santimetrinə qədər sevdiyi” dünyanın bütün xalqlarına məhəbbətlə yanaşır. N.Hikmət heç bir dini və irqi ayrı-seçkiliyə yol vermədən bəşər övladına qəlbinin hərarətindən pay ayıra bilir. “Dünya, dostlarım, düşmənlərim, sən və torpaq”, “Asiya-Afrika yazıçılarına”, “İsveçrə dağları”, “Praqada Bir may” və s. şeirlərində N.Hikmət dünyaya, bəşər övladına olan məhəbbətini nümayiş etdirir. Təbii olaraq şairin vətəninə olan məhəbbəti bu sırada xüsusi yer tutur. N.Hikmət qəlbində səngər qazıb müdafiə etdiyi, bağrından qoparıb ata bilmədiyi məmləkətinə sonsuz məhəbbət ifadə edir. Maraqlıdır ki, şairin doğma vətəni ilə bağlı yazdıqlarını ümumiləşdirsək, vətəni özünün taleyi, tərcümeyi-halı, qüruru və s. hesab etdiyinin şahidi olarıq. Məmləkətini ömür yolu, saçlarının ağ rəngi, alnının qırışı, ürəyinin infarktı kimi səciyyələndirərkən şairin sadəlik və səmimiliyi şübhə doğurmur:
Sən indi qalmısan ancaq Saçlarımın ağında, ürəyimin infarktında.
Alnımın qırışlarındasan, məmləkətim! Məmləkətim, məmləkətim!
N.Hikmətin şeirlərindəki sevdiyi qadınlara məhəbbəti şairin pak duyğularının, səmimi hiss və etiraflarının göstəricisidir. Bu şeirləri oxuduqca insan gözləri önündə sanki dünyanın ən gözəl mənzərəsini görür, ən həzin musiqisini eşidir.
Sən ey, dildarım mənim, təmiz ürəkli, qızıl rəngli.
Gözləri baldan dadlı arım mənim.
(“Arvadıma məktub”, 1933)
Bu şeirin 1933-cü ildə Bursa həbsxanasında olarkən həyat yoldaşına yazıldığını nəzərə alsaq, şairin ən çətin şəraitdə, psixoloji gərginlikdə belə ruhunda gəzdirdiyi ecazkar sevgi duyğularının şahidi oluruq. “Sənsiz Paris” (1958) şeirində sənsizliyin doğurduğu assosiativ duyğuların maraqlı təsiri ilə üzləşirik. Cəmi 7 misradan ibarət olan şeirdə biz Parisi gəzən şairin keçirdiyi hisslərlə tanış oluruq. Şair üçün sevdiyi insan müqayisədə hamıdan gözəldir. Buna görə də gözəlliklər şəhəri Parisdə şairin diqqətini heç nə cəlb etmir. Əksinə, onu narahat edir, qəlbində kədər hissi oyadır:
Sənsiz
Paris, gülüm,
Bir hava fişəngidir.
Bir quru
gurultu
kədərli bir bulaq.
Yaxdı,
məhv etdi məni
Parisdə
dayanıb, dincimi almadan
Səni çağırmaq.
N.Hikmət lirikasında qeyri-adi poetik həssaslıq
müşahidə olunur. Onun “mən”i daxilən narahatdır.
Bu narahatçılığı doğuran səbəblər
olduqca müxtəlifdir. “Qəlbim” (1948), “Dünyanın
ən yazıq məxluqu” (1949), “Vəsiyyət” (1953), “Məmədə
son məktubum” (1954), “Məməd” (1957), “Son avtobus” (1957),
“Münəvvərə məktun yazdım, dedim ki:” (1957) və
s. şeirlərində bu səbəblər oxucu
üçün aydınlaşır. Oxucu onun
şeirlərindəki emosional “yükün” mənbəyini
müəyyənləşdirməkdə çətinlik
çəkmir. N.Hikmət həyatda
olduğu kimi şeirlərində də nə qədər
narahatdırsa, idealına bir o qədər sədaqətlidir.
“Röyalarının ölkəsində ölməyi”
özünə şərəf bilən şairin
aşağıdakı misralarında bu fikir öz təsdiqini
belə tapır:
Mən məni
bir daha ələ keçirsəm...
Mən bu
xanəyə bir daha girsəm
Yaşardım yenə belə qorxu, dəhşət içində.
(“Mən
məni”, 1949)
N.Hikmətdə gerçəkliyi yeni poetik təfəkkürlə
qavramaq imkanı böyükdür. Onun şeirlərində
poetik görkəmi yeni olan obrazlar və assosiasiyalar
çoxluq təşkil edir. Ona görə də N.Hikmətdə
mənanın özünəməxsus forma və söz-ifadə
imkanlarında verilməsi ardıcıl səciyyə
daşıyır: Mən dostların gözündə
özümü Olduğum kimi görürəm...
Güldün,
Güllər
açıldı pəncərəmin dəmirlərində,
Ağladın,
Ovuclarıma töküldü incilər.
(“Xoş
gəldin”, 1949)
Və ya
Təpədəyəm
Uşaqlaşır
ucsuz-bucaqsız ayrılıqda
Bir sal kimi ürəyim.
Gedər
xatirələrin gerisinə,
Ulduzsuz,
ağır dənizə qədər
Zil qaranlıqda.
(“Gecə
vaxtı Bakı”, 1960)
Nazim Hikmət harada yaşamasından asılı
olmayaraq Azərbaycana böyük məhəbbət bəsləmiş,
ona ürəkdən bağlı olub. Bu da səbəbsiz
deyil. Hər şeydən əvvəl Azərbaycan
Nazim Hikmət üçün qədim türk yurdu və
türk ruhunu qoruyan insanların yaşadığı müqəddəs
bir məkan idi. Şair “Bakıya gedirəm” şeirində
Azərbaycana səmimi duyğularını
aşağıdakı kimi ifadə edir:
Bakıya
gedirəm, ay balam,
Bakı-Əsli, mən-Kərəm.
Bakı gəncliyim
demək,
Dost əlinə əmanət etdiyim ürək.
Nazim Hikmətin “Neftə doğru” adlı şeirinin
mövzusu da Azərbaycanla bağlıdır. Şeirdə bir sıra təbiət
lövhələri ilə yanaşı, əsasən Bakı
mənzərələri timsalında Bakının obrazı əksini
tapmışdı:
Düşünen
beyni Moskovaysa ülkemizin,
Taze kan
dağıtan kalbidir Bakü!..
İlık
ve aydınlık bir güney gecesi...
Havalarda
iri taşlı billur avizeler yanıyor...
Her tanesi
içinden aydınlanan,
Şeffaf
üzüm salkımları sallanıyor havalardan...
N.Hikmətin epik poeziyası daha çox ictimai-siyasi səciyyə
daşıyır. “Cakonda və Si-ya-u”, “İnsan mənzərələri”,
“Qurtuluş davası dastanından”, “Moskva simfoniyası”, “Zoya”
və s. poemalarda problemə obyektiv baxış və
münasibət insanı hadisələrindən düzgün
nəticə çıxarmağa sövq edir, geniş poetik
lövhələrdə həyatın ictimai-siyasi mənzərəsi
əksini tapır.
N.Hikmətin dramaturji yaradıcılığı
özünün ideya-məzmun genişliyi və sənətkarlıq
keyfiyyətləri ilə seçilir. Onun “Ocaq başında”, “Daş
ürək”, “Piramida”, “28 yanvar”, “Güc bizdədir” adlı
ilk səhnə əsərlərində dramatizm zəifliyi
müşahidə olunsa da ideya müxtəlifliyi, mövzunun həyatla
əlaqəsi və s. məsələlər əhəmiyyətli
görünür. Nazim Hikmətin bir dramaturq
kimi formalaşmasında xalq tamaşalarının, rus və
Avropa dramaturji ənənələrinin böyük təsiri
olmuşdu. Məs., onun “Ocaq
başında” adlı ilk pyesi Avstriya teatr truppasının
İstanbula qastrol səfəri zamanı şairdə
yaratdığı təəssüratlar nəticəsində
yazılmışdır. “Piramida”, “Ayın on
dördüncü günü”, “İmperializm” dramlarında
sosial bərabərsizlik tənqid olunmuş və sinfi
mübarizələr əksini tapmışdı. “Güc bizdədir” pyesində İstanbul
zavodlarının birində çalışan insanların
türk xalqının birliyi arzuları və xoşbəxtliyi
uğrunda apardığı mübarizə diqqəti cəlb
edir.
“Kəllə” əsərində cəmiyyət eyiblərinə
qarşı kəskin etiraz və mübarizəyə
çağırış əsas yerlərdən birini tutur. İlkin
variantda “Əmtəə” adlanan bu əsər yenidən
işlənilmiş və “Kəllə” adı ilə
çap olunmuşdu. Əsərdə hadisələr
“Dollaryan” şərti adı ilə təqdim olunan bir şəhərdə
baş verir. Dram əsərində hər
şeyin pul üzərində qurulduğu, hətta vicdanın
alınıb-satıldığı bir şəhərdə
Dalbanezonun simasında namuslu insanların faciəsi təsvir
olunur. Namuslu insan kimi Dalbanezo əsərdə
tək deyil. İnsani keyfıyyətləri
ilə seçilən Pedro da bu sırada dayanır. Dalbanezo ixtisasca həkimdir. O, vərəm xəstəliyindən
əzab çəkən qızının həyatını
xilas etmək üçün dərman hazırlamaq istəyir.
Onun nəinki qızını, həm də
bütün bəşəriyyəti xilas edə biləcək
vərəm əleyhinə hazırlayacağı dərman
haqqında mətbuatda gedən informasiya hay-küyə səbəb
olur. Vərəm əleyhinə sanatoriyalar
birliyinin üzvləri Vilyams və Paolino yalançı vədlər
verməklə Dalbanezonu dərman hazırlamaq
üçün hər cür şəraiti olan laboratoriyaya dəvət
edirlər. Lakin dərman hazır olmağa
yaxın vicdanını satmış bu iki şəxs dərmanı
məhv edir və müqavilə şərtlərini pozmaq
adı altında yalançı ittihamla Dalbanezonu həbs
etdirirlər. Dərman ehtiyacının
yaratdığı fəsad onun qızının
ölümünə səbəb olur. Dalbanezo
həbsxanadan çıxandan sonra səfıl həyat
sürür və bir müddətdən sonra ölür.
Pul üzərində qurulan cəmiyyət
üzvləri Dalbanezonun meyidindən də əmtəə
kimi istifadə edib onun kəlləsini pula satırlar. Əsər cəmiyyət qüsurlarının tənqidi
və bu cəmiyyətə qarşı mübarizə
ideyasının təbliği baxımından əhəmiyyətlidir.
N.Hikmətin
1935-ci ildə qələmə aldığı “Şöhrət
və ya unudulmuş adam” pyesi “Kəllə”
əsərində qoyulan problemə başqa bir formada
baxışı əks etdirir. Qeyd edək ki, bu əsər
sonrakı nəşrlərdə “Unudulmuş adam”
adı ilə çap olunmuşdur. Professor, doktor, assistent,
fotoqraf, xidmətçi və s. obrazların iştirak etdiyi
bu əsərdə şöhrət xəstəliyinə
tutulmuş insanların acınacaqlı taleyi ümumbəşəri
faciə tipində təqdim olunur. Əsərin əsas
obrazı olan cərrah öz şöhrəti
üçün həyatda hər cür addım atmağa, hər
nəyə göz yummağa hazırdır. O,
şöhrətini qorumaq üçün gənc
arvadının öz assistenti ilə gizli görüşlərinə
göz yumur, qızının bu görüşlə
bağlı məlumatlarına etinasızlıq göstərir.
Ona elə gəlir ki, arvadının xəyanəti
cəmiyyət arasında yayılsa, şöhrətini itirə
bilər. Cəmiyyətdə şöhrət
tapmış cərrah hər axşam qəzetlərdə
özü haqqında dərc olunmuş yazılara baxır,
onlardan qürur duyur. Lakin iş elə gətirir ki, cərrah
bu barədə bir az düşünməli
olur. Çünki təsadüfən qəzetdə
“Unudulmuş adamlar kitabxanası” adlı hekayəni oxuyur və
hekayədə şöhrətini itirən bərbər,
idmançı və yaşlı bir kişinin həyatı
haqqında oxuduqları onda böyük
narahatçılıqlar yaradır. Bu səhnədə
müəllif onun şöhrət barədə ziddiyyətli,
birtərəfli baxışlarına aydınlıq gətirmək
istəyir. O, başa düşür ki, qazanılan
şöhrət bir an içində itirilə bilər. Bu qorxu onu şöhrəti qorumaq naminə hər
şeyə vadar edir. O, qeyri-qanuni hamilə qalmış
qızını öz şöhrəti yolunda maneə hesab
edir. İnsanların bu xəbəri bilməməsi
üçün cərrahiyyə yolu ilə qızının
uşağını məhv etmək istəyir. Əməliyyat zamanı qızı
öldüyündən cərrah həbs olunur. Həbsxanadan çıxandan sonra cərraha cəmiyyətdə
yer tapılmır. Çünki cəmiyyətin
insana baxışlarında anormallıq hökm sürür.
Bu cəmiyyətdə insanlara hörmət
şəxsiyyət və qabiliyyətinə görə deyil,
vəzifəsinə, maddi imkanlarına və bu kimi digər cəhətlərinə
görə bildirilir. Əsərdə
müəllif cərrahı birtərəfli obraz kimi verməyib.
Bütün bunlarla yanaşı, cərrah həm
də xeyirxah və humanist insan təsiri
bağışlayır. Məs.,
N.Hikmət əsərdə cərrahın kimsəsiz,
imkansız bir qadının kor uşağını pulsuz əməliyyat
etməsi və ona qayğı göstərməsi səhnələrində
bu insanın hərtərəfli planda göstərilməsini
təmin edir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 20 fevral.-
S.14.