Regionların mədəni
ixtisaslaşması
Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılmaqda olan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdən biridir və Mədəniyyət Nazirliyi tərəfindən müvafiq istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.
Nazirlikdən bildirilib ki, qarşıda duran hədəflər nəzərə alınmaqla mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilib.
Əməkdaşların rahatlığını təmin etmək və təlimlərə həsr olunacaq zamana qənaət etmək məqsədilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən reallaşdırılacaq ixtisaslaşmış kurslar Bakı, Xaçmaz, Şamaxı, Gəncə, Lənkəran və Xırdalan şəhərlərində keçiriləcək. Dövlət Rəsm Qalereyaları, muzey işi və klub işi ilə bağlı mövzuları ehtiva edən kurslar müvafiq olaraq Xaçmaz, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaq. “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “İncəsənət müəssisələrinin idarə olunması” mövzularını əhatə edəcək kurslara qatılacaq mədəniyyət işçilər isə paytaxt Bakıya üz tutacaqlar. Heydər Əliyev Mərkəzləri ilə bağlı mövzular Xırdalan şəhərində tədris olunacaq.
Təlimlərin fərqli bölgələrdə
təşkili, eyni zamanda,
nazirliyin regionların mədəni
ixtisaslaşması siyasətinə dəstək kimi qiymətləndirilməlidir. Adı
keçən rayonların mədəni həyatına rəng
qatacaq kurslar çərçivəsində
fərqli mədəni tədbirlərin təşkili də nəzərdə
tutulur. Kursların fəaliyyəti
çərçivəsində yerli icra qurumlarının dəstəyi və mədəniyyət
işçilərinin fəallığı sayəsində regionlarda yaşayan gənclərin
xüsusi marağına səbəb olacaq kreativ
laboratoriyaların təsis olunması da
planlaşdırılır.
Xalq Cəbhəsi.- 2019.- 20 fevral.-
S.16.