Dərələyəzli Aşıq Cəlil
Dərələyəzli Aşıq Cəlil Dərələyəz
aşıq mühitinin ustad aşığıdır, bu
mahalın Sallı kəndindəndir. Bu böyük aşığın
indiyə qədər cəmi beş şeiri,yəni
üç qoşması və iki təcnisi
dövrümüzə qədər gəlib çatıb. Aşıq Cəlil həm də Dərələyəz
aşıq mühitində bəstəçi aşıq kimi
də tanınmışdır. Onun on iki
aşıq havası məlumdur. Bu ustad
aşığın on beş şəyirdi olmuş,onların arasında el sənətkarının
üç oğlu da bu sənətə könül verib. Aşıq Cəlil haqqında xüsusi
araşdırma, tədqiqat aparılmayıb. Gələcəkdə belə
araşdırmaların aparılması Aşıq Cəlilin ədəbi
irsinin ətraflı işıqlandırılmasına imkan
yaradacaq.
Dərələyəz mahalı da Göyçə
mahalı kimi sazın-sözün məskənidir. Daha doğrusu,bu
ərazi Göyçə ilə qonşuluqda yerləşir. Bu mahalları bir-birindən Səlim gədiyi
ayırır. Dərələyəzin Sallı, Hors,
Qabaqlı,Qaraqaya kəndləri
aşıqlar yurdu sayılıb. Bu kəndlər
arasında Sallı kəndi xüsusilə seçilirdi.
Dərələyəz aşıq mühitinin
formalaşması və inkişafı təbii ki,
Göyçə aşıq mühiti ilə
qarşılıqlı təmas və mədəni münsibətlərlə
bağlıdır. Göyçə
aşıqlarının Dərələyəz mahalına
toy-düyünə çağrılması inkşaf ahənginin
eyni axarla getməsinə geniş imkan və şərait
yaradıb. Bunlardan əlavə, gah Göyçə aşıqlarının
Dərələyəz aşıqlarını,gah
da əksinə - Dərələyəz
aşıqlarının Göyçə
aşıqlarının saz-söz meydanına
çağırması və sənət imtahanına
çəkməsi də inkişafda az iş görməyib.
Dərələyəz aşıqları haqqında Qulu
Kazımov maraqlı məlumatlar verir. O,tanınmış
el sənətkarı Aşıq Cəlil haqqında,Sallı
kəndinin aşıqlar beşiyi olması barəsində
mülahizələr irəli sürür,Aşıq Cəlilin
on iki saz havası yaratmasını nəzərə
çatdırır. Bu qeydlərdən məlum olur ki,Aşıq Cəlilin üç oğlu və
iki nəvəsi aşıq kimi fəaliyyət göstəriblər.
Aşıq Cəlil haqqında məlumatlar kifayət qədər
çox deyil, üstəlik onun ədəbi risi də az öyrənilib. Bu böyük
aşıq haqqında Ə.Şamilovun və N.Əhmədlinin
mülahizələri diqqətəlayiqdir.
Aşıq
Cəlil 1868-ci ildə (el sənətkarının doğum ili tədqiqatçı N.Əhmədlinin
araşdırması nəticəsində dəqiqləşdirilib)
Dərələyəz mahalının Sallı kəndində
anadan olub. Sallı kəndi aşıq və
şairlər məskəni kimi tanınır. Burada
Aşıq Cəlil, Şair Təhməz,Dəllək Xələf,
Aşıq Əsəd, Şair Alhüseyn, Şair
Ağamurad, Şair Rzaqulu, Aşıq Qulu,Aşıq Bəhman,
Aşıq Mirzalı, Şair Rəhman kimi saz-söz
xridarları yetişiblər. Aşıq Cəlilin
ustadı Aşıq Abbas olub. Professor H. Mirzəyev bu
aşığın Cənubi Azərbaycandan olduğunu
yazır.O,göstərir ki,daha sonralar
Aşıq Alı və Aşıq Ələsgərlə də
təmasda sənətin sirlərinə vaqif olub. Aşıq ömrünün son illərini
Naxçıvanın Dizə kəndində keçirib, burda
da həyatdan gedib. Maraqlıdır, bu
günə qədər Dərələyəzli Aşıq Cəlil
haqqında ətraflı araşdırma, tədqiqat yoxdur,
aparılmayıb. Ayrı-ayrı alimlər,elm xadimləri
bu tanınmış el sənətkarından söz
açsalar da, aşığın
yaradığılığı kifayət qədər
vaxtında toplanıb yazıya alınmadığından onun
ədəbi irsi araşdırılmayıb,
aşığın istər Dərələyəz
aşıq mühitində, istərsə də Azərbaycan
aşıq sənətində yeri, mövqeyi öz əksini
tapmayıb. Məlumat üçün deyim ki, mən
Aşıq Cəlilin on beş şəyirdindən
birinin-Aşıq Bəhmanın nəvəsiyəm. Aşıq Bəhman mənim ata babamdır. Buna görə də Aşıq Cəlil haqqında
söz deməyə, mülahizə söyləməyə mənəvi
haqqım var. Həm də mənsub olduğum Mustafayevlər
soy-kök şəcərəsi də Sallı kəndindəndir.
Buna görə də bu iş mənim borcumdur.
Aşıq
Cəlilin dövrümüzə cəmi beş
şeiri gəlib çatıb. Bunlardan
üçü qoşma, ikisi təcnisdir. Bu qoşmalardan ən çox diqqət çəkəni
“Hardasan” qoşmasıdır. Bu şeir
olduqca əhəmiyyət daşıdığından mən
onun əksər hissəsini olduğu kimi verməyi məqsədə
uyğun hesab etdim. Aşıq Cəlil deyir:
Soruşmursan dost-tanışdan hardasan?
Sağım
yağı,solum düşmən,dardayam.
Dörd
bir yanım dəmir qəfəs tordayam,
Yetiş
dada,canım-gözüm,hardasan?
Yapon bu
yerlərdə meydan sulayır,
Nijde belimizdə ocaq qalayır.
Yurdumuzda-yuvamızda
bayquş ulayır,
Sönür
od-ocağım,gözüm hardasan?
Şeirdən
də göründüyü kimi, əvvəlki bənddə
müəllif özünün çətinlikdə, darda
olduğunu “sağım yağı”, “solum düşmən”,
“dörd bir yanım dəmir qəfəs” ifadələri ilə
bildirir. Bunun nə ilə bağlı olduğu
isə növbəti bənddə tam aydınlığı
ilə təsvir edilib. Yapon adlı qəddar erməni
komandirinin meydan sulamasını, Nijde kimi cəlladın
adamların belində od qaladığını deyir,buna görə də yurd-yuvada
bayquşların ulaması göstərilir. Burada Arpa
qayası, Civə, Sallı,Ərgəz,
Leyliqaçan, Bülbülölən kimi toponimlər
sadalanır,bu yerlərdə yaşayanların müsibətdə
qaldığını göstərir. Bu
şeir Aşıq Qərib Hasanın aşağıdakı
şeiri ilə səsləşir. Aşıq deyir:
Harda
qalıb türkün əri, igidi,
Yandırıblar qocaları, seyidi.
Aman Allah,
itlər yeyir meyidi,
Basdırmağa yoxdu xəlvət guşə bax.
Evlər
uçub, oba tüstü-dumandı,
Yanan insan, demə otdu-samandı.
Müsəlmanın
halı necə yamandı,
Ayıqlığı edəcəkmi peşə, bax.
Professor
A.Ağbaba haqlı olaraq yazır: “Ümumuyyətlə,
Ağbaba-Çıldır aşıqlarının
poesiyasında deportasiya və soyqırımın bədii
inikasının geniş bir çevrəni əhatə edib.
Azərbaycan aşıq yaradıcılığının
özünəməxsus bir cəhəti kimi səciyyələndirmək,
fikrimcə,daha doğru olardı.
Çünki adı çəkilən bölgələr
qeyd etdiyimiz kimi,digər aşıq
mühitlərindən fərqli olaraq daha çox rus və erməni
təcavüzünə məruz qalıb. Həm də bu təcavüzün
ən çirkin,ən qeyri-humanist bir
çevrədə həyata keçirilir, xalqın dini-mənəvi
dəyərləri də təhqir olunurdu”.
Müəllifin
digər qoşması (“Olar”) həm məcazlarına görə,həm də didaktik ruhda
yazıldığına görə xüsusilə cəlbedicidir.
Aşıq Cəlil yazır:
Xəstə
sağalarmı ağı olmasa,
İgid seçilərmi yağı olmasa.
Sinədə
qohumun dağı olmasa,
Qaçarda ceyrannan ötüşmək olar.
Cəlilin
dilində, qəlbində Allah,
Keçər günahından, keçər şahənşah.
Böyük
ustadlardan dərs alıb, vallah,
Ustadlıq
adına yetişmək olar.
Aşıq
Cəlilin üçüncü qoşması (“Bilmərəm”)
“dedim,dedi” formasındadır, sadəcə
burada müəllif bunu “dedilər,dedim” kimi verib. O deyir:
Dedilər:
Çatginən şana-şöhrətə,
Dedim:
Çatmamışam, çata bilmərəm.
Dedilər:
Ləzzət var arsız ömürdə,
Dedim:
Görməmişəm, görə bilmərəm.
Dedilər:
Sağlam gör görsən hər kəsi,
Dedim: Təbiblərə
etmərəm bəhsi.
Dedilər:
Cənnətdi namərd kölgəsi,
Dedim:
Yatmamışam, yata bilmərəm.
Dedilər:
Ay Cəlil, gəl eyləmə naz,
Dedim:
Rüzgara ərkim var bir az.
Dedilər:
Mənliyin satmasan olmaz,
Dedim:
Satmamışam, sata bilmərəm.
Şeirdə
sadalanan ifadələr (“Şana-şöhrətə
çatmaq”, “ləzzət var arsız ömürdə”, “cənnətdi
namərd kölgəsi”,”mənliyini satmasan olmaz”) ancaq
alçaq xislətli, bimürvət, naxələf insanlara məxsus
sifətlərdir. Əslində böyük
aşıq bununla insanın müsbət xasiyyətli
olduğunu yada salır, yaxşını qoyub pisə meyl etməni
təqdir etmir. Bunu da ustadlar sayağı
sözündə-şeirində göstərir, xalq
müdrikliyini yaşadır. Əslində bu,ustad aşığın el arasındakı vəzifəsi,
ağsaqqallıq borcudur. O.Əfəndiyev yazır: “El
gözündə aşıq məclislər
yaraşığı,el ağsaqqalı
kimi qiymətləndirilir. Elin belə yüksək qiymətini
doğrultmaq üçün aşıqlar el gözündə
uca olmağa, öz sənəti,mərifəti,biliyi
ilə xalqa xidmət etməyə çalışıblar”.
Müəllifin şeirlərinin birində dualizm daha
qabarıq verilir. Bunu aşığın aşağıdakı
misrasında aydın görmək olar:
Astar kimi
doğulanlar qoy bilsin,
Gözləməsin
gəlib ondan üz ola.
Buradan da
göründüyü kimi, astar üz ola bilməz,bu tərslə ovand kimidir. Müəllifin
burada “üzündə də üz ola”
ifadəsi ilə üzdə abır-həyanın
olmasını xatırladır. Aşıq Cəlilin ədəbi
irsi təbii ki,elə bu bəhs olunan
beş şeirdən ibarət deyil. Bəs nəyə
görə bu görkəmli aşığın
yaradıcılığı kifayət qədər
vaxtında toplanıb yazıya alınmayıb? Bunun əsas səbəblərindən biri Qərbi
Azərbaycanda erməni zülmü və vəhşətidir.Digər
tərəfdən Aşıq Cəlil 1905-1907, 1915-1920-ci illərdə
baş verən erməni vəhşətlərini, dəhşətli
37-ni, repressiyaları, 1948-1953-cü illərdəki
deportasiyanı görmüş adamdı. Eyni zamanda Sovet
İttifaqı dövründə siyasi motivli şeirlərə
qadağa qoyulmuş,həm də namərd ermənilər
hökumət tərəfindən himayə olunurdular.Yeri gəlmişkən
qeyd edim ki, babam Aşıq Bəhman Azərbaycana deportasiya
olunundan sonra on bir yerdə ev tikməli olsa da,buralarda binə bərkidə
bilməmiş,axırda Xaçmazın Arzu qəsəbəsində
bənd alıb qalmışdı. Bəli,
repressiyalar, soyqırım, deportasiyalar Qərbi Azərbaycandan
olan sənət adamlarına, el sənətkarlarına da
amansız zərbə vurdu, onların
yaradıcılığının vaxtında-vədəsində
toplanıb yazıya alınmasına imkan vermədi. Didərginlik, köçkünlük, yurdsuzluq bu həssas
qəlbli adamlara dərd və bəla gətirdi. Bu deyilənlərdən
aşağıdakı nəticələrə gəlmək
olar:
1. Aşıq Cəlil Dərələyəz
aşıq mühitinin ən görkəmli nümayəndəsidir,
yəni Göyçədə Aşıq Ələsgərin
məqamı necədirsə, Dərələyəzdə də
Aşıq Cəlilin belə məqamı var.
2. Aşıq Cəlil Dərələyəz aşıq mühitinin yeni aşıq havalarının yaradıcısıdır. Regionun on iki saz havasının müəllifidir.
3. Aşıq Cəlil həm də Sallıdakı Cəlil ocağının yaradıcısıdır. Aşığın qardası Aşıq Məhəmməd,aşığın üç oğlu və iki nəvəsi el sənətkarları kimi tanınıblar. Təbii ki, onların bədii yaradıcılıqları da olub. Cəlil ocağı da Ələsgər ocağı kimi ətrafına aşıqları və el şairlərini toplayıb, Dərələyəz aşıq mühitinin formalaşmasına və inkişafına imkan yaradıb. Aşıq Cəlillə,Cəlil ocağı ilə bağlı tədqiqatların bundan sonra da aparılacağına, mühitə məxsus regional saz havalarının musiqi yönümündən də araşdırılmasına inanıram.
Afaq Mustafayeva
Xalq Cəbhəsi.- 2019.- 22 fevral.-
S.14.