Kiçik çillə
Kiçik çillə qışın
fevralın 1-dən 20-nə qədər sürən dövrünün xalq arasındakı adıdır. Qırx gün
sürən Böyük
çillədən fərqli
olaraq, o, iyirmi gün davam edir. Kiçik çillə adı
da bununla əlaqədar ona verilib. Ömrünün
az olmasına
baxmayaraq, Kiçik çillə soyuqluğu,
kəskin şaxtası
ilə böyük çillədən seçilir.
Kiçik çillənin soyuqluğu
hətta xalq arasında gəzən rəvayətlərdə də
öz əksini tapıb. Deyilənə
görə, Böyük
çillə ilə qaşılaşan Kiçik
çillə deyir: “Əgər sənin ömrün məndə olsaydı, gəlinlərin
əlini xəmir təknəsində, atların
balasını qarınlarında
dondurardım. Amma neynim,
pömrüm azdır,
qabağım yazdır”.
“Kiçik qardaş
hovlu olar” məsəli də, çox guman ki, Kiçik çillə üçün
deyilib. Çox sərt, şaxtalı keçməsinə görə
həmin dövrə
“qışın oğlan
çağı”, “qışın
zəla-zəla vaxtı”,
“girəvəli qış”
da deyirlər. “Kiçik çillənin
soyuğu, təndirə
təpər toyuğu”,
“Qış qulun (at balası )
salır” deyimləri də Kiçik çillə üçün
deyilmişdir. Ümumiyyətlə, Kiçik çillənin
ilk ongünlüyu fəslin
ən sərt, çovğunlu, dondurucu çağı sayılır.
Elə buna görə də deyirlər:
Xıdır girdi, qış
girdi,
Xıdır çıxdı, qış
çıxdı.
Kiçik çillə həm də təsərrüfat
həyatının oyanması
ilə xarakterikdir. Xüsusən də Kiçik çillənin ilk ongünlüyündə
keçirilən Xıdır
Nəbi bayramından sonra Azərbaycanın bəzi bölgələrində
müəyyən əkin
işləri başlayır.
İnama
görə, qış
yarı olanda, yəni Xıdır Nəbi bayramında yerə isti buğ gəlir, torpaqda hərarət yaranır. Bu dövrdən sonra ağaclar yavaş-yavaş
tumurcuq atmağa başlayır, müəyyən
bitkilər çiçək
açır. Azərbaycanın cənubunda – Lənkəran-Masallı
bölgəsində kartof
əkini də məhz bu dövrdən
sonra başlayır.
Torpağın oyanış, məhsuldar
dövrü olduğu
üçün həmin
vaxt əkilən kartof daha yaxşı
məhsul verir. Xıdır Nəbiyə qədər yağan qar torpaqda qalırdısa, bu dövrdən sonra yağan qar tez əridiyi
üçün onun təsərrüfata heç
bir qorxusu olmurdu.
Kiçik çillə həm də bir sıra
mərasimləri ilə
yadda qalır. Bunlardan biri
qışın yarı
olması münasibəti
ilə keçirilən
“Xıdır Nəbi”
bayramıdır. Bu mərasim qədim əkinçilik görüşləri
ilə bağlı yaranıb. Üç gün sürən
Xıdır Nəbi bayramının birinci günü torpaq təriflənərdi. Torpağın
üstündə od qalanar, ocaq yandırılardı ki, nəfəs qızsın. Bağlar təmizlənər, çör-çöpü, xəzəli
yığılıb yandırılardı.
İkinci gün boyunduruğa qoşulacaq hər öküzün adına üç
duzsuz kömbə bişirib öküzlərin
qarnının altından
diyirlədərdilər. Üçüncü gün cütçü və əkinçilərin
şəxsində torpağı
becərən, yer şumlayıb, əkin əkənlər tərif
olunardı. Ağ atın
belində gələcək
Xıdır Nəbinin
əlində məşəl
olacağı guman edilərdi. Onun torpağı isidən
məşəllə yanaşı,
ulusa Günəş və Su, adamlara sağlamlıq gətirəcəyinə
inam bəslənərdi.
Mərasimdə əkinçi, cütçü
və saya nəğmələri oxunar,
Xıdır Nəbiyə
xalq söz qoşardı. Bayramın hər
üç günündə
cavanlar əkin yerlərindən keçib
Xıdır Nəbini
axtarmağa gedərdi.
Onlara “Xıdırçı” da
deyərdilər. Xıdırçılar Xıdırın (bəzi
rayonlarda Xızırın)
dalınca səhər
açılmamış əllərində
məşəl gedərdilər.
Kiçik çillədə keçirilən digər mərasimlərdən biri xalq arasında yalançı çərşənbə, müjdəçi çərşənbə adlanan bayramdır. Dörd əsas çərşənbənin xəbərçisi olan həmin bayram kiçik çillənin sonuncu çərşənbəsində qeyd olunur.
Sevinc
Qasımova
filologiya
üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2019.- 22 fevral.-
S.15.