Şəhər-qala İrəvan
17-ci yazı
Xanlığın inzibati-ərazi bölgüsünə
İrəvan şəhəri də daxil idi. Bütün
xanlıqda yeganə şəhər olan İrəvan heç
bir mahala tabe olmayaraq müstəqil inzibati ərazi hesab
olunurdu. İrəvan şəhəri
Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı,
İrana və Azərbaycanın müxtəlif
xanlıqlarına gedən karvan yollarının qovşağında
yerləşdiyindən böyük ticarət və sənətkarlıq
mərkəzlərindən birinə çevrilmişdi. XVI əsrin Osmanlı salnaməçisi İbarhim Rəhimzadə
İrəvan şəhərini «İran və Turanın
gözəl şəhəri, Naxçıvan və
Şirvanın qapısı» adlandırmışdı.
XVI əsrin
axırlarından başlayaraq İrəvan şəhəri
iki hisəyə bölünmüşdü: şəhər
və qala. Bu şəhəri məşhur edən
onun iri və möhkəm qalaya malik olması idi. Müxtəlif illərdə İrəvanda olmuş
səyyahlar, dövlət xadimləri, diplomatlar, kəşfiyyatçılar,
hərbiçilər öz xatirələrində İrəvan
şəhərindən daha çox bu qalanın təsvirinə
böyük diqqət yetirmişdilər.
İrəvan şəhəri Azərbaycanın qədim
və böyük şəhərlərindən biridir. Ermənilər
bu şəhəri özlərininki saysalar da faktlar bunun tam əksini
sübut edir. XIX əsrin 20-ci illərində
İrəvanda olmuş Azərbaycan səyyah və
coğrafiyaşünası Z.Şirvani səyahətnaməsində
yazır ki, «O, (İrəvan) Arran mülkündədir. Azərbaycana məxsusdur. Oraya həm də
Çuxursəd deyirlər...». Rus müəlliflərindən
biri İrəvan şəhərini
«görünüşünə görə tatar (Azərbaycan
türk-E.Q.) şəhəri» adlandırmışdı.
İrəvan əsrlər boyu Azərbaycan Səfəvilər
dövlətinin bəylərbəyliklərindən biri olan
Çuxursəd bəylərbəyliyinin mərkəzi
olmuşdur. Burada Səfəvi
şahları tərəfindən təyin olunan xanların
iqamətgahı yerləşirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, bu şəhər dəfələrlə
hərbi əməliyyatlar və təbii fəlakətlər
zamanı dağıntıya məruz qalmışdı. Belə ki, XVI
əsrdən başlayan Səfəvi-Osmanlı müharibələri
dövründə bu şəhər dəfələrlə əldən-ələ
keçərək dağıdılmışdı.
1679-cu il iyunun 4-də isə baş
vermiş zəlzələ nəticəsində şəhər
tamamilə xarabalığa çevrilmişdi. Bu
şəhəri yenidən bərpa etmək üçün
İrəvan xanı Zal xan şaha müraciət etmişdi.
Nəticədə Azərbaycanın müxtəlif
yerlərindən irəvanlılara kömək gəlmiş və
tezliklə dağılmış şəhər bərpa
edilmişdi. XVIII əsrin 20-ci illərin əvvəllərində
isə Osmanlı müdaxiləsi zamanı şəhər
müqavimət göstərdiyinə görə yenidən
güclü dağıntıya məruz qalmışdı.
Bu şəhər haqqında müxtəlif illərdə
burada olan səyyahlar çox maraqlı məlumatlar vermişlər. Bu məlumatlar şəhərin
coğrafi mövqeyi, evləri, əhalisi və s. əhatə
edirdi. XVII əsrin 70-ci illərin əvvəllərində
İrəvanda olmuş fransız səyyahı J.Şardən
yazırdı: «İrəvan böyük... şəhərdir.
Onun böyük hissəsi bağlardan və
üzümlüklərdən ibarətdir. Heç bir gözəl binası yoxdur. O, hər
tərəfdən dağlarla əhatə edilmiş düzənlikdə
yerləşir. Şimal-qərb tərəfdən Zəngi, cənub-qərb
tərəfdən isə Qırxbulaq çayları
axırdı... Şəhərdə ...
çoxlu hamam və karvansara var».
Burada
olmuş osmanlı səyyahı
Ö.Çələbi şəhərin daxili quruluşunu
daha ətraflı təsvir etmişdi. Onun verdiyi
məlumata görə, «Şəhərin müxtəlif
istiqamətlərinə açılan üç dəmir
qapısı vardı. «Təbriz» qapısı cənuba,
«Meydan» və yaxud «Yaylı» adlanan qapı isə şimala
açılırdı. Bu hissədə
cürbəcür oyunların keçirildiyi meydan yerləşirdi.
Nəhayət, üçüncü
«Körpü» qapı adlanırdı. Burada
xanlar xanı (Bəylərbəyi-E.Q.) otururdu. Həmçinin burada qazı, molla, şeyxi-şərif,
kələntər, darğa, münşi, yasavul ağa,
qoruqçubaşı, eşik ağası, diz çökən
ağa, mehmandar və şexbəndar yerləşirdi.
Şəhərdə 2060 ev vardı. Ən gözəl bina Əmirgünə xan tərəfindən
tikilmiş xan sarayı idi. «Yaylı»
qapısının qarşısında böyük qəsəbə
yerləşirdi. Buranı köhnə
şəhər adlandırırdılar. Bu
qəsəbədə karvansaralar, məscid və bazar yerləşirdi.
«Körpü» qapısı
yaxınlığında xan üçün
üzümlük salınmışdı. Burada həmçinin çoxlu məscid, xan
üçün hamam, bazar vardı. İrəvan
müasir şəhərdir».
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki,
müstəqil xanlığın mərkəzi olduqdan sonra
İrəvan şəhəri böyük ticarət və sənətkarlıq
mərkəzinə çevrilmişdi. Şəhər
haqqında ətraflı məlumat rusdilli mənbələrdədir.
Mənbələrdə şəhərin coğrafi vəziyyəti,
sahəsi, quruluşu, evlərinin, əhalinin sayı, tərkibi
və s. haqqında daha ətraflı məlumatlar
toplanmışdı. 1829-1832-ci illərdə keçirilən
kameral təsvirə görə, İrəvan şəhəri
şimaldan Qırxbulaq mahalı, cənubdan və qərbdən
Zəngibasar mahalı, şərqdən isə onu Gərnibasar
mahalından ayıran Oxçaberd dağının
daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri geniş bağları
ilə birlikdə kifayət qədər geniş ərazini
tuturdu. Onun sahəsi 28 kv verstə bərabər
idi. Başqa bir məlumatda deyilirdi ki, «İrəvan
şəhəri demək olar ki, düzənlikdə yerləşirdi,
lakin bəzi evlər şəhəri iki tərəfdən əhatə
edən təpəliklər üzərində ucalirdi. Ümumiyyətlə, şəhərin əsas hissəsi
Ağrı dağına və bütün Araz vadisinə
açılan oval formasında idi. Zəngi
çayı şəhəri çayın sağ sahilində
yerləşən bağlardan ayırırdı. Bazar və karvansaradan başqa şəhərin
bütün evləri bağlarla əhatə olunmuşdu.
Şəhərin ona məxsus olan bağlarla,
taxıl zəmiləri ilə birlikdə sahəsi 50 verstə
bərabərdir.
İrəvan şəhəri «Şəhər», «Təpəbaşı»
və «Dəmirbulaq» olmaqla üç məhəlləyə
bölünürdü. Şəhərdə 1736 ev
vardı. Evlərin əksəriyyəti gil
palçıqdan tikilmişdi. Bu evlərdən
792-i «Şəhər» məhəlləsində, 622-i «Təpəbaşı»da,
322-i isə «Dəmirbulaq»da yerləşirdi. 1728-ci ildə
tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə
görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən
(«Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd»,
«Təpəbaşı») ibarət olmuşdu. Qeyd etmək
lazımdır ki, İrəvan şəhəri müstəqil
xanlığın mərkəzi olduqdan sonra «Köhnə
şəhər» məhəlləsi «Şəhər» məhəlləsi
adlandırılmış, «Dərəkənd» isə «Təpəbaşı»
məhəlləsinə birləşdirilmişdi. Çünki İ.Şopen «Şəhər» məhəlləsini
köhnə şəhər adlandırmış və qeyd
etmişdi ki, bu məhəllələrdə əhalinin məskunlaşdığı
yerlərdən əlavə, boş qalmış sahələr
də vardı. Məsələn, İrəvanın
«Şəhər» məhəlləsində boş
qalmış yerlər bunlar idi: Abbas dərə və
Köşəhli, «Təpəbaşı» məhəlləsində
Abuhəyat, Zəngi çayının sahilində
Qızılqala, Dərəbağ, Dərəkənd, Dəlmə,
Yenikənd, «Dəmirbulaq»da isə Xosrovabad və Səbziyeri. İrəvan şəhərində evlrin
sayının azalması yuxarıda göstərilən
yaşayış yerlərinin boşalması ilə
bağlı idi. Bu yerlərin boş
qalması şübhəsiz ki, müharibələr
dövründə əhalinin bir hissəsinin
qırılması, digərlərinin isə qonşu ölkələrə
köçüb getməsi ilə bağlı olmuşdu.
Bütün Azərbaycan şəhərlərində
olduğu kimi, İrəvan şəhəri də tez-tez
basqınlara məruz qaldığından istər
küçələr, istərsə də evlər müdafiəyə
uyğun tikilirdi. Onun küçələri dar və əyri
idi. Küçələr çiy kərpicdən,
çaydaşından və bəzən də
palçıqdan hazırlanmış iki cərgəli
divarlarla əhatə olunmuşdu. Bu divarlar
hərdən kip örtülmüş həyət
qapıları ilə kəsilirdi. Baş
küçənin ortasından çay axırdı, bu
çayın suyu köndələn çəkilmiş kəmərlərlə
bağlara paylanırdı.
Şəhərdə evlər elə tikilirdi ki, onun
zahiri görünüşü yaxşı təsir
bağışlamırdı. Lakin daxildən daha zəngin
və səliqəli idi. Hər bir evin ətrafında
bağ, evlərin arasında isə təmiz daşdan
döşənmiş, qədim tut və yaxud qoz
ağacları ilə kölgələnən səliqəli həyət
vardı. Həyətin ortasında isə
fəvvarəli olan daş hovuz yerləşirdi. Evlər elə tikilirdi ki, bayırdan nəzərə
çarpmasın. (Qeyd etmək
lazımdır ki, Azərbaycanın iri şəhərlərində
olduğu kimi, İrəvan şəhəri də tez-tez
müdaxiləyə, quldur basqınlarına məruz
qaldığına görə, yerli əhali evləri elə
tikirdi ki, həm zahiri eybəcər görünsün, həm
də nəzərə çarpmasın-E.Q.). Evlərin otaqları adətən tamamilə
bayır divarı əhatə edən iri pəncərələrlə
işıqlandırılırdı. Pəncərələr
aşağı-yuxarı örtülüb
bağlanırdı. Bu şüşə
pəncərələr gözəl və müxtəlif
naxışlı cürbəcür rənglərdən ibarət
idi.
Adi şəhər sakinlərindən fərqli olaraq,
imkanlı və nüfuzlu şəxslərin evləri daha
geniş və səliqəli idi. Bu evlərin divarları ağ suvaqla hamar şəkildə
suvanmış və süni yapma naxışlarla bəzədilmişdi.
İ.Şopen bu bəzəkləri Avropanın
mərkəzi saraylarının bəzəklərindən daha
yaxşı hesab edirdi. Evlərin
qızdırılması üçün onun içərisində
soba yerləşdirilmişdı. İ.Şopen
belə sobaları otaq qızdırıcısından
çox bəzəyə oxşadırdı. Belə ki, sıravi şəhər əhalisi
qızdırıcı kimi kürəyə
üstünlük verirdi.
İrəvanlıların evləri bəzəməsi adəti
də, Azərbaycanın digər ərazilərində
olduğu kimi idi. Evlərin mebeli yox idi, döşəməsi
bahalı xalçalarla bəzənirdi. Divarlarda
bəzək əşyaları, saxsı qabları və digər
lazımlı şeyləri yığmaq üçün
taxçalar var idi. Aşağı taxcaya
mücrü və sandıq, yuxarısına isə içərisində
şərabla və meyvələrlə dolu müxtəlif
formalı qablar, həmçinin billur və çini qablar
qoyulurdu.
İrəvan şəhərində yaşayış
evlərindən başqa ictimai binalar, məscidlər də
vardı. İrəvan şəhərində 2-i qalada,
qalanları isə şəhərdə olmaqla 8 məscid
vardı. Bunlar Zalı xan məscidi, Novruzəli
bəy məscidi, Sartip xan məscidi, Hüseynəli xan məscidi,
Hacı İmamverdi məscidi, Hacı Cəfər bəy məscidi
adlanırdı. Şəhərdə həmçinin
xeyli dağıdılmış kiçik məscidlər də
nəzərə çarpırdı. 1834-cü il kameral təsvirə görə, İrəvan
şəhərində 8 məscid qeydə
alınmışdı. Şəhərin
baş məscidinin 1764-cü ildə, bəzi məlumata
görə isə 1770-ci ildə Hüseynəli xan tərəfindən
tikildiyi güman edilir. Bu məscid İrəvan
şəhərinin qərb hissəsində, hər tərəfdən
azərbaycanlı türklərinin yaşadığı evlərin
əhatəsində yerləşirdi.
İrəvan şəhəri böyük ticarət mərkəzi idi və xanlığın ən iri ticarət bazarı burada yerləşirdi. Şəhərə çoxlu tacir, rəsmi adamlar və səyyahlar gəldiyindən, onlara xidmət göstərən karvansaralar fəaliyyət göstərirdi. 1829-1832-ci illər kameral təsvirə görə, İrəvan şəhərində Gürcü, Culfa, Zöhrab xan, Tahir, Sulu, Susuz, Hacıəli karvansaraları var idi. Bu karvansaralar möhkəm bişmiş kərpicdən səliqəli şəkildə tikilmişdi. İrəvan şəhərində çoxlu ticarət köşkləri və xeyli hamam da fəaliyyət göstərirdi. Kameral təsvirə görə, şəhərdə 819 ticarət köşkü və 8 hamam qeydə alınmışdı. Ticarət köşklərinin sayı ildən ilə artırdı. Məsələn, 1834-cü il kameral təsvirə əsasən, şəhərdə onların sayı 1670-ə çatmışdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 22 fevral.-
S.13.