Bir şəyird ki,
ustadina kəm baxa…
Aşıq Ələsgərlə ustadı Aşıq
Alının deyişməsi və Ələsgərin öz
ustadını məğlub etməsi haqqındakı rəvayətlər
Azərbaycan folklorşünaslığında təsdiq
olunmuş fakt sayılır. Hadisə haqqında ilk şərhə
H.Əlizadənin 1937-ci ildə tərtib etdiyi “Aşıq
Ələsgər” kitabına yazdığı “Aşıq
Ələsgərin bioqrqfiyası” adlı ön sözündə
rast gəlirik: “Deyilənə görə, Aşıq Ələsgər
ustadı Aşıq Alı ilə toy, nişan məclislərinə
gedəndə bəzən onun dediklərinə qulaq
asmazmış, öz şeirlərini oxuyarmış. Ələsgərin bu hərəkəti
ustadının xoşuna getməzmiş. Bu
hərəkəti tərgitmək üçün ona nəsihətlər
edərmiş. Bir gün yenə
böyük bir toy məclisində ustadla şəyird
arasında söz olur. Aşıq
Alının sözü Ələsgərə dəyir;
Ələsgər acıqlanır. Ustadı
ilə deyişməyi qərara alır. Məclis
iki tərəfə ayrılır; bir tərəf Aşıq
Alını, o biri tərəf Aşıq Ələsgəri
müdafiə edir. Ustad-şəyird
bir-birilə deyişir, aralarından çox hərbələr,
ustadnamələr, divanilər, təcnislər və dodaqdəyməzlər
gəlib keçir. Nəhayət, Ələsgər
bədahətən məşhur və indiyə qədər
heç bir aşıq tərəfindən qabağı
söylənməmiş “A yağa-yağa” təcnisini
söyləyir. Aşıq Alı
Aşıq Ələsgərə cavab verə bilmir, məclisi
buraxıb gedir. Bu hadisədən sonra
Aşıq Ələsgər ustadından ayrılır,
özü müstəqil bir sənətkar olaraq
aşıqlığa başlayır. Ələsgər
ustadını bağlaması nəticəsində geniş
kütlə arasında daha böyük şöhrət
qazanır. Onun yanına yaxın-uzaq ellərdən
şəyirdlər gəlir”.
Deyişmənin
başqa bir versiyasını professor P.Əfəndiyev irəli
sürür: "Aşıq Alı Ələsgəri tam
yetirib hazırladıqdan sonra bir toy məclisində onunla
deyişir, el icində hormətini qaldırıb şohrətləndirmək
məqsədilə məğlub olmuş bir aşıq kimi oz
sazını da ona təhvil vermək istəyir. Ələsgər
isə onun bu xeyirxah hərəkətilə
razılaşmayaraq:
Bir şəyird
ki, ustadına kəm baxa,
Onun gözlərinə
ağ damar, damar
- təcnisini deyir".
Professor
V.Vəliyev isə başqa versiya irəli sürür: “Həqiqi
aşıqları meydana cıxarmaq, aşıqlıq sənətindən
xəbərdar olmayanlara birdəfəlik saz goturməyə
icazə verməmək məqsədi ilə bir növ imtahan
kecirilir. Aşıqları imtahan edən isə
Aşıq Alı olur. Butun aşıqlar
imtahandan kecirilir, o məclisdə yalnız Ələsgər
iştirak etmir. Aşıq Alıdan
soruşurlar ki, siz şəyirdlərinizdən kimə
üstünluk verirsiniz? Aşıq Alı
Ələsgərin adını cəkir. Ələsgəri
məclisə dəvət edirlər. Ustad
ilə şəyird olduqca ehtiyatla, hörmətlə
deyişirlər. Onların deyişməsi
yalnız sənətkarlıq, şeir texnikasını bilmək
yolu ilə gedir. Deyişmənin
qıfılbəndindən istifadə olunmur, dini tapmacalar
işlədilmir. Aşıq Alı
"Görəydim" rədifli bir qoşma deyirsə,
Ələsgər də həmin rədifli qoşma ilə ona
cavab verir. Məclis qızışır, şairlər
coşur, qoşmadan gəraylıya, gəraylıdan müxəmməsə
və təcnisə kecirlər, bu zaman Ələsgər
özü də bilmədən vaxtilə Qurbani, sonra isə
Abbas Tufarqanlı tərəfindən yaradılan, "Şərxata"
adı ilə məşhur olan bir təcnis deyir. Aşıq Alı onun təcnisinə cavab verə
bilmir, öz sazını şəyirdinə verir və onun
alnından öpür. Bundan sonra Ələsgərin
şöhrəti butun Azərbaycana yayılır.
Başqa
bir maraqlı versiya Aşıq Ələsgərin nəvəsi
və tədqiqatçısı İ.Ələsgərə
məxsusdur: “Göyçədə ustad aşıqlardan
söhbət düşəndə, Ələsgərin adı
Aşıq Alının adı ilə yanaşı çəkilirdi.
Saz-söz həvəskarları bu
aşıqları müqayisə eləməyə
başladılar; hansı güclüdür,
hazırcavabdır; Aşıq Alımı, yoxsa Aşıq
Ələsgərmi? Aşıq azarkeşləri
arasında olan bu söhbət qızğın mübahisəyə
səbəb oldu. Onlar aşıqları
qarşılaşdırmaq qərarına gəldilər.
Aşıq Alıya: “Ələsgər hər yerdə sənin
bədinə danışır”, “Ələsgər sənin
sözlərini bəyənmir”, “Ələsgər
özünü səndən üstün tutur” kimi yalan xəbərlər
çatdırmağa başladılar. Onlar
yaxşı bilirdilər ki, xasiyyətcə tündməcaz
olan və tez əsəbiləşən Aşıq Alı
çuğulların belə sözlərindən qəzəblənəcək
və Aşıq Ələsgərlə deyişəcək.
Nəhayət, kələkləri baş tutdu. Birinci
çuğulun dediyinə inanmayan Aşıq Alı, ikincinin,
üçüncünün... sözlərinə inandı və
Ələsgəri “susdurmaq” qərarına gəldi. Təxminən 1850-ci illərdə Göyçənin
Qızılbulaq (Çaxırlı) kəndində,
Böyük Ağanın evində məqsədli təşkil
elətdirdiyi məclisdə deyişməyə əvvəlcədən
hazırlaşmış olan Aşıq Alı
sazıını götürüb meydana çıxdı və
şəyirdini deyişməyə çağırdı.
Ələsgər nə qədər
yalvarıb-yaxardısa da, Aşıq Alı inadından
dönmədi, Ələsgəri deyişməyə məcbur
elədi və özü məğlub oldu. Bu işdə heç bir günahı
olmadığını söyləyən Aşıq Ələsgər
ustadından dönə-dönə üzr istəyib, onu sakitləşdirməyə
çalışdısa da, Aşıq Alı əsəbi
halda məclisi tərk elədi”.
Deyişmə səhnəsini İ.Ələsgər
1972-ci ildə müdafiə etdiyi namizədlik
dissertasiyasının əsasında yazdığı “Haqq
aşığı Ələsgər” (Bakı, 1999)
kitabında nəql edir. Ulu ustadların arasında baş
vermiş olan bu deyişmə əhvalatının əvvəlcə
deyilənlərdən tamam fərqli variantı Aşıq
Talıbın və Aşıq Ağayarın söylədiklərindən
qələmə alınıb. Bu variantda göstərilir
ki, Aşıq Ələsgər Aşıq Alının
yanından ayrılıb, müstəqil olaraq
aşıqlığa başlayandan bir neçə il sonra Göyçə aşıqları
içərisində hörməti çox artır və
şöhrəti hər tərəfə yayılmağa
başlayır. Toy edib, şənlik məclisi
keçirmək istəyənlər növbəyə
dayanırlar. Saz-söz, şeir-sənət
xiridarları Ələsgərin
ifaçılığından çox onun şairlik
istedadına, bədahətən söylədiyi tərifləmələrə,
ustadnamələrə, təcnislərə heyran kəsilirlər.
Onların bir çoxu öz aralarında
Aşıq Alı ilə Aşıq Ələsgəri
müqayisə etməyə başlayırlar. Bəziləri
Alını, bəziləri isə Ələsgəri yüksək
qiymətləndirir. Azarkeşlər (əgər
belə demək mümkünsə - İ.Ə.) arasında
mübahisə uzanır. Onlar bu
böyük sənətkarları deyişdirmək
üçün müxtəlif vasitələrə əl
atırlar. Nəhayət, onların arasını vurmaq
üçün Aşıq Alıya yalandan: “Ələsgər
filan yerdə dedi ki, mən Aşıq Alıdan yaxşı
aşığam”, “Aşıq Ələsgər filan yerdə
sənin bədinə danışdı”, “Aşıq Ələsgər
sənin sözlərini bəyənmir”, “Ələsgər
deyir ki, Aşıq Alının xasiyyəti xoşuma gəlmir”
kimi bir çox sözlər deyir, Aşıq Ələsgərə
insafsızcasına böhtanlar atırlar. Onlar
bilirdilər ki, tündməcaz olan Aşıq Alı belə
sözlərdən qəzəblənəcək və
onların bu iki sənətkarı deyişdirmək niyyəti
baş tutacaq. Doğrudan da, belə olur.
Bir
gün Aşıq Alının təşəbbüsü və
bu işə maraq göstərənlərin iştirakı ilə
Qızılbulaq kəndində Böyük Ağanın evində
məclis düzəldir, aşıqları, sazdan-sözdən
başı çıxan adamları buraya dəvət eləyirlər.
Adam göndərib, Aşıq Ələsgəri
də gətirirlər. Hadisənin ardını
İ.Ələsgər Aşıq Ələsgərin öz
dilindən, şəyirdlərinə
danışdığı sözlərlə təsvir edir:
“Aşıq Alı məni Qızılbulağa toy adı ilə
çağırmışdı. Amma qapıdan
girəndə gördüm ki, bu toy məclisinə
oxşamır. Aşıq Alışan
ortada çalıb oxuyurdu. Salam verdim.
Yer göstərdilər, sazı bir tərəfə
qoyub əyləşdim. Həqiqətən
də, bu məclis toy məclisi deyildi. Amma
gördüm ki, hamının gözü məndədi.
Başa düşdüm ki, burada mənimlə bağlı nə
isə bir iş var. Sazı götürüb Aşıq
Alının qarşısına çıxdım.
Aşıq Alı ağzını açanda zil səslə
indiyə qədər eşitmədiyim elə bir söz oxudu
ki, başım qıcıldadı, gözlərim qaraldı,
qulaqlarım batdı. Tez yönü qibləyə dayanıb, bir salavat
çevirdim, sidq-dilnən ağamı çağırdım...
Elə o saat başım sakitləşdi,
gözlərim işıqlandı, qulağım əvəlkindən
də yaxşı eşitdi, ağlım-huşum cəm oldu.
Aşıq Alının oxuduğu sözün
cavabını verdim. Aşıq Alı
ikinci sözü başladı, onun da cavabını verdim.
Üçüncüsünü,
dördüncüsünü. Bəlkə
on qatara qədər söz oxudu, heç birini cavabsız
qoymadım. Yerdən səsləndilər
ki, indi də Aşıq Ələsgər deyəcək,
Aşıq Alı cavab verəcək. Gördüm
ki, məclis iki tərəf olub. Mən ustadımın
sözünü kəsmək istəmədim; dedim ki, qoyun,
neçəsini deyir, desin. Aşıq Alı bu dəfə qəliz
bir bağlama dedi. Bağlamanı da asanlıqla
açdım. Bundan sonra mənim tərəfimi
saxlayanlar ayaqlarını dirədilər ki, indi də
Aşıq Ələsgər deyəcək, Aşıq
Alı cavab verəcək! Aşıq Alı
razılaşmağa məcbur oldu. Bu
bağlamadan sonra yəqin elədim ki, Aşıq
Alının qəsdi mənim sazımı alıb
qırmaqdı. Bu isə mənə
ölümdən betərdi. Ona görə
saxlancımda olan bir təcnis oxudum. Aşıq
Alı cavab verə bilmədi. Məclisldəkilərin
xahişi ilə başqa bir-iki söz də oxudum, amma
bağlama demədim, onların hamısı cavabsız
qaldı. Aşıq Alının əhvalı
tamam dəyişmişdi. O, hirsli-hirsli dedi:
-
Yaxşı, Ələsgər! Dalımca hər sözü
danışdın, özünü öyüb, məni pislədin,
indi də başıma bu işi gətirdin?!”.
Burada tədqiqatçı Aşıq Ələsgərin özünə istinad etsə də, xeyli mübaliğəyə, şişirtməyə yol verib. Əgər doğrudan da Aşıq Alı Aşıq Ələsgəri meydana çağırmış və kimin daha güclü olduğunu aydınlaşdırmağa çalışırdısa (halbuki, H.Əlizadənin versiyasında hər şey başqa cür nəql edilir və Aşıq Ələsgərin ölümündən cəmi 11 il sonra yazılmış hadisənin doğruluğu ehtimalı daha yüksək sayılmalıdır), doğrudanmı Alı meydana çağırdığı adamla ədalətsizcəsinə yarışımağı özünə rəva görürdü - dalbadal on qatar söz oxuyur, hələ bundan sonra qəliz bir bağlama da deyir və yalnız dinləyicilərin təkidli tələbindən, etirazından sonra Aşıq Ələsgərə söz haqqı tanıyır! Halbuki yarışma vaxtı söz demək növbə ilə olur. Özünə arxayın olub rəqibini meydana çağıran Alı şahidlərin gözü önündə özünü bu cür biabır edərdimi? Əlbəttə yox!
İ.Ələsgərin babasının adından nəql etdiyi bu hekayətdə diqqəti çəkən ciddi bir məqam var: Ələsgər deyir ki, “saxlancımda olan bir təcnis oxudum. Aşıq Alı cavab verə bilmədi”. Ələsgərin öz dilindən deyilmiş bu cümləyə inanmamağa haqqımız yoxdur. Özü təcnis ustası olan Aşıq Alını məğlub edən şey, görünür, həmin təcnisin dodaqdəyməz şəklində olması olub və Alı ömründə ilk dəfə bu cür şeirlə qarşılaşırmış! Bu janrın yaradıcısı olan Ələsgər doğrudan da Alıdan üstün idi...
Bu deyişmə nə vaxt olub? İ.Ələsgər
deyişmənin 1850-ci illərdə baş verdiyini irəli
sürür. Fikrimizcə, həmin deyişmənin tarixi
Aşıq Ələsgərin “Aşıq Ələsgərlə
Dəli Alı” dastanında Dəli Alının şəninə
söylədiyi “Deyin” rədifli müxəmməsindəki
“Min iki yüz doxsan dörddə Ələsgər tapdı əsəri”
misrasında şifrələnib. Fikrimizcə,
“Ələsgər tapdı əsəri”, - deyəndə,
Aşıq Alını məğlub etdiyi “A yağa-yağa”
dodaqdəyməz təcnisinə, onu qoşduğuna işarə
edir, onu sanki İlahidən gələn vəhy kimi qiymətləndirir.
O vaxt işlədilən hicri-qəməri təqvimdən 1294-cü ili miladi tarixinə çevirsək, 1876-cı il alınır, yəni deyişmə 1876-cı ildə baş verib. Bu vaxt Aşıq Alının 41, Aşıq Ələsgərin isə 24 yaşı vardı, başqa sözlə, Aşıq Alı güclü təbi, istedadı ilə yanaşı, zəngin təcrübə də qazanmışdı, Türkiyədə, neçə-neçə başqa səfərlərdə olmuş nəhəng sənətkar idi! 24 yaşlı Ələsgər isə artıq öz missiyasını dərk edən, Ustadının ona ayırdığı rolla barışmaq istəməyən və barışmayan, nəzərləri uca Göyçə dağlarının zirvəsindən bütün Qafqaza, İrana, Anadoluya yönəlmiş Azman idi! Artıq Ələsgər erası başlamışdı...
Nazir Əhmədli
Xalq Cəbhəsi.- 2019.- 23 fevral.-
S.14.