Şəhər-qala İrəvan
19-cu yazı
Sarayda müxtəlif vəzifələri yerinə yetirən
məmurlar ordusu da vardı. Bunlardan vəzirdən sonra əsas vəzifə
sayılan, xəzinəyə başçılıq edən
xəzinədarı, pul paylayan, xəzinənin mədaxil və
məxaricinə nəzarət edən
sandıqdar-ağasını, məhsul yığılan
anbarlara nəzarət edən ambardar-ağasını, saray
mühafizəçisinin başçısı
qoruqbaşını, xanın baş mehtəri əmiraxuru və
s. qeyd etmək olar. Mülki işlərdə dəftərxanalardan
tutmuş divana qədər kargüzarlıq, əmlakın
siyahıya alınması, dəftər tərtib edilməsi məsələlərinə
mirzələr ordusu baxırdı. İrəvan
xanlığı inzibati cəhətdən şəhər və
mahallara bölündüyündən, onların idarəçiliyində
xana tabe olan müxtəlif funksiyaları yerinə yetirən
idarə orqanları da fəaliyyət göstərirdi.
İlk növbədə şəhər idarəçiliyində
böyük rol oynayan naib, qalabəyi, darğa,
yüzbaşı, onbaşı və s. məmurlardan bəhs
edəcəyik. Şəhər idarəçiliyində
naib böyük səlahiyyətlərə malik idi. «Naib əsas etibarilə təsərrüfat və
inzibati məsələlərlə məşğul olurdu,
vergilərin vaxtlı-vaxtında toplanması işi də ona
tapşırılırdı. Sənətkarların
üzərinə vergi qoyulması, vergilərin qaydaya
salınması da naibin öhdəsinə
düşürdü. Lakin onun fəaliyyəti
təkcə bununla məhdudlaşmırdı. Xan müvəqqti olaraq şəhərdən
çıxdıqda (müharibəyə, səyahətə,
ova və s. getdikdə) bütün şəhər idarəsi
naibin əlində cəmləşirdi».
Tarix üzrə fəlsəfə doktoru Elçin
Qarayevin İrəvan xanlığı ilə bağlı
araşdırmasında bildirilir ki, İrəvan şəhər-qala
olduğundan, qalaya qalabəyi başçılıq edirdi. Qalabəyinin əsas
vəzifəsi qala daxilində əmin-amanlığı bərpa
etmək, qalanın müdafiəsinə nəzarət etməkdən
ibarət idi. Onun tabeçiliyində
silahlı dəstələr olurdu. Xanlar bu
vəzifəni yaxın adamlarına və nüfuzlu bəylərə
tapşırırdı. Lakin bu vəzifə
irsi olmurdu. Hüseynqulu xanın (1806-1827)
dövründə İrəvan qalasının qalabəyisi
onun qardaşı oğlu və kürəkəni
Sübhanqulu xan olmuşdu.
Şəhərdə ən mühüm orqanlardan biri
darğa idi.
Darğa fars dilində qayda-qanun nəzarətçisi
deməkdir. Onun vəzifəsi şəhər və
bazarlarda qayda-qanuna nəzarət etmək idi. XVIII əsrin
birinci yarısına aid mənbələrdən olan «Təzkirətül-mülük»
əsərində darğanın vəzifəsi belə şərh
edilmişdi: «Darğa əsasən şəhəri içəridən
və bayırdan qoruyur ki, heç kəs qanundan kənar
iş görüb, dava-dalaş salmasın, şərə
xilaf olan işləri (şərab içmək,
qumarbazlıq və s.) qadağan etsin ki,
heç kəs xilaf işlər görməsin, şəriət
qaydalarına zidd iş görənləri cəzalandırsın,
müqəssirlərdən törətdikləri cinayət
işlərinə müvafiq cərimə alsın, ...». Darğa şəhərin polisi sayılırdı.
Onun tabeçiliyində yüzbaşı və
çavuş (onbaşı) kimi asayiş qorucuları
vardı. Darğa şəhər
asayişinin, təhlükəsizliyinin qoruyucusu idi və şəxsən
xana tabe idi. «Bazar darğasının
hüququ geniş idi. Onlar «bazar
darğası» adlanmasına baxmayaraq, bazar meydanından kənarda
da fəaliyyət göstərirdilər. Şəriət
qanunlarını müdafiə etmək üçün
darğaya böyük ixtiyar verilmişdi». İrəvan xanları onların xeyrinə
«darğalıq» adı ilə əhalidən xüsusi vergi
alırdı. Bu verginin miqdarı ildə
347 tümən təşkil edirdi. Darğanın
səlahiyyəti tək şəhərlə məhdudlaşmırdı.
O, kəndin təsərrüfat hissəsini də idarə
edirdi.
Şəhərdə asayişinin qorunmasında gecə
keşikçilərinin də böyük rolu vardı. İrəvan əhalisi
qədimdən şəhər və bazarlarda gecə
asayişi qorumaq üçün özlərindən
keşikçilər tuturdular. Sərdar isə
bu vəzifəni öz adamlarına tapşıraraq əhalidən
pul vergisi alırdı. Gecə
keşikçiləri- «əsəs», keşik
başçıları isə «əsəsbaşı»
adlanırdı. Əsəsbaşının
darğadan da artıq səlahiyyəti vardı. Gecə keşikçiləri müxtəlif dəstələrə
bölünərək onlara həvalə olunmuş məhəllənin
keşiyini çəkirdilər. Həmin
dəstələr bilavasitə əsəsbaşının
qarşısında məsuliyyət daşıyırdı.
Bazar və sənətkar dükanlarının
öz əsəsləri var idi. Həmin əsəslər
üçün məvacib sənətkar və tacirlərdən
toplanırdı. İrəvan şəhərində
bu verginin miqdarı ildə 72 tümən təşkil edirdi.
Dini işlərin qoruyucusu əmir-maruf adlanırdı. Ərəb sözü olan
maruf dinə məxsus iş adlanırdı. Əmir-maruf
xalq arasında din və ədəb qaydalarına nəzarət
edən polis rolunu oynayırdı. Mahalların
idarəçiliyində də idarə aparatı fəaliyyət
göstərirdi. İrəvan
xanlığında mahalları mirbölük idarə edirdi.
Mirbölük iki sözdən - mir ərəb
dilində əmr edən, bölük isə türk dilində
torpaq sahəsi adlanır. Mahallarda
bütün idarə aparatı - polis, məhkəmə və
maliyyə sahələri mirbölüyün tam nəzarətində
idi.
Kəndlərdə hakimiyyət isə ağsaqqal
funksiyasını yerinə yetirən kəndxuda və məlikin
əlində idi. Kəndxuda fars sözü olub yerin
sahibi deməkdir. Kəndxuda Azəri türklərin
olduğu kəndlərə, məlik isə erməni kəndlərinə
başçılıq edirdi. Kənxuda və
məliklər xanlıqda ən aşağı idarə
orqanı sayılsa da, xanın yanında böyük
nüfuzu vardı. Kənd
ağsaqqalları bir tərəfdən müxtəlif icma, digər
tərəfdən xan idarə mexanizmi arasında vasitə
rolunu oynayırdı. Onlar xanın əmr
və tələblərinə tabe olurdular. Ümumiyyətlə, mahal naiblərindən
tutmuş sərkərə qədər mövqe fərqinə
baxmayaraq, bu vəzifələr sırf qulluq xarakteri
daşıdığından atadan oğula keçə bilməzdi.
Onların vəzifədə qalması xanın
iradəsindən asılı idi.
Bu vəzifə sahibləri xana sədaqətlə və
namusla qulluq etdikləri təqdirdə vəzifədə
qalırdılar.
Elatlar arasında hakimiyyət elbəyilərin əlində
idi. Elbəyilər xan tərəfindən təyin
edildiyindən, elatlar arasında sərdarın əmrlərinin
icraçıları idi. Onlar hərbi xidmətdən
başqa bütün mükəlləfiyyət və vergilərdən
azad idilər. Elatlara rəhbər xan tərəfindən
təyin edilirdi. Hüseynəli xanın əmri
ilə sepgi və Məhəmməd xanın əmri ilə isə
zilani kürd tayfalarına başçılıq etmək
üçün xüsusi təliqələr vermişdi.
Təliqələrdən birində yazılırdı: «...ali
mərtəbəli sepgi Mirzəağanı bütün
kürd tayfasının Ağası vəzifəsinə təyin
etdik. Mirzəağa bütün bacarıq,
istedadı ilə həmin köçərilərin işlərini
nizama salmalı, onların idarə edilməsi işində
çalışmalı və bir dəqiqə də olsa bu məqsədə
qəflət səhlənkarlıq etməməlidir». Məhəmməd xan da eyni məzmunda təliqə
ilə zilani kürdlərinə başçı təyin
etmişdi.
Xanlığın idarə olunmasında məhkəmələr
mühüm yer tuturdu. İrəvan xanlığında məhkəmə
sistemi iki qismə bölünürdü: şəriət və
mülki məhkəmələr. Mülki məhkəmə
özü məhkəmeyi-ali və əsnaf məhkəmələrindən
ibarət idi. Bu məhkəmələr
içərisində şəriət məhkəmələri
əsas yeri tuturdu. Şəriət məhkəmələrində
müxtəlif mübahisəli məsələlərə -
evlənmə və boşanma, qəyyumluq, vərəsələr
arasında mülkiyyəti bölmək, müqavilə
bağlanması, pozulması və s. işlərə
baxılırdı. Bu məhkəmələr
dini qaydalar əsasında həyata keçirildiyindən bu
bölməyə qazı nəzarət edirdi. Məhkəmələrdə
din xadimlərinin nüfuzu böyük idi. Ona
görə də məhkəmələr dünyəvi əyanların
idarə etdiyi hökuməti-cəbri və din xadimlərinin nəzarətində
olan hökuməti-ədliyyə olmaqla iki hissəyə
bölünürdü.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, şəriət
məhkəmələrində baxılan işlərin
icrası quran və tarixdə baş vermiş hadisələr
toplusu əsasında həll edilirdi. İ.Şopen yazırdı: «Hakimiyyətin
xəlifənin əlində cəmləşdiyi islamın ilk
dövrlərində Quranın mətninin saysız şərhi
çətin deyildi. Bu ibtidai dövrün
patriarxal həyatında mülki hissəyə aid bütün
azsaylı iddialar rahat və asanlıqla Quranın qaydaları əsasında
həll edilirdi. Lakin əhalinin artması,
insanlar arasında münasibətlərin tədricən
mürəkkəbləşməsi nəticəsində Quran
baş verən hadisələrin həlli üçün
kifayət etmirdi. Onda hörmətli imamlar, müctəhidlər
və s. tərəfindən təfsir, şərh və
söylənilmiş hadisələrin toplanmış
çoxcildli müsəlman qaydalarının ikinci hissəsi
yarandı. Belə olduqda Roma qaydaları kimi
müsəlmanların elmi cəhətdən toplanmış,
xüsusi öyrənilməsi tələb olunan hüquqi hissəsi
hazırlanırdı, icraedici idarə qayğısı ilə
yüklənmiş dünyəvi hakimiyyət ədliyyənin,
ədalət məhkəməsinin bir hissəsini
bütünlüklə həyatlarını bu işə həsr
etmiş ruhanilərə verməyə məcbur idilər».
Şəriət məhkəmələrinə
Şeyx-ül-islam, qazi və bir neçə axund və molla
başçılıq edirdi. Məhkəmələrdə müxtəlif
mübahisələrə-qatı cinayət işinə,
oğurluq mülki iddialara, kəbin kəsmə və
boşanmaya, mübahisə edən qohumları
barışdırmaq, qəyyumluq işinə, hər hansı
əmlakı varislər arasında bölüşdürmək,
müqavilələrin bağlanması, icra edilməsi və
pozulması və s. məsələlərə
baxılırdı. Şəriət məhkəmələrinin
əhəmiyyətini başa düşən xanlar qazilik vəzifəsinə
savadlı və qayda-qanunları yaxşı bilən şəxsləri
dəvət edirdi. 1783-cü ildə
Hüseynəli xan xalq arasında alim kimi tanınmış
Seyid Məhəmmədi baş qazi təyin etmişdi. Sənəddə qeyd edilir ki, «O, müstəqil əzəmətli
qazilik taxtına oturaraq münaqişələri mübarək
şəriət qanunları əsasında həll etsin».
Məhkəmə işi tələsik, sadə qaydada
icra edilirdı. İstintaq məhkəmənin mübahisə
edən tərəflərin dindirilməsi əsasında
aparılırdı. Məhkəmə
üzvləri əvvəlcə iddiaçının, sonra
cavabdehin və sonra isə hər iki tərəfin
qarşılıqlı mübahisələrinə qulaq
asırdı. Bunun ardınca əvvəlcə
cavabdehin, sonra isə iddiaçının şahidləri
dindirilirdi. Əgər gətirilən dəlillər
lazımi səviyyədə olmadıqda, hər iki tərəfin
şahidlərinə and içdirirdilər. İş aydınlaşdıqda mübahisə edənlər
buradan kənar edilir, məhkəmə üzvləri isə
qanun əsasında öz aralarında məsləhətləşmə
keçirirdi. Məhkəmədə bəzi
məsələlərin həllinin müxtəlif yolları
vardı. Əgər işin
araşdırılması Quranla aydınlaşırdısa,
onda məsələ çətinlik çəkmədən
həll olunurdu. Yox əgər bu məsələni
Quran həll edə bilmirdisə, onda məhkəmə üzvləri
toplanmış tarixi rəvayətlər toplusuna müraciət
edirdilər. Bunlardan «Cəmi Abbasi», «Ağıl Yəqin»
və s. qeyd etmək olar. Lakin bunlar da mübahisəli
məsələnin həllinə kömək etmirdisə, onda
cəza yerli adət-ənənə və məhkəmənin
müdrik qərarı əsasında icra edilirdi.
Mübahisəli əmlak məsələlərinin həlli
isə məhkəmədə başqa cür icra edilirdi. Məhkəmədə
iddiaçıların iştirakı vacib deyildi. Burada əsasən,
mülkün sahiblik kağızı, müxtəlif növ
istiqraz məktubu, qarşılıqlı öhdəçilik
və s. sənədləri nəzərə alırdılar. Qərar yarlıqda bildirilirdi və bu sənədə
məhkəmənin bütün üzvləri öz
möhürlərini vururdu. Yarlıqda bəraət
verilmiş şəxsin mülkün əsl sahibi olması
göstərilirdi. Əgər əks tərəf
bu qərarla razılaşmayaraq müqavimət göstərirdisə,
onda polis bu işə qarışırdı. Bəzi hallarda qərarların
çıxarılmasında ciddi nöqsanlara yol verilirdi.
Belə ki, məhkəmədə
yarlıqların qeydiyyatı aparılmırdı və elə
olurdu ki, eyni məsələ üzrə tərəflərə
tamamilə bir-birinə zidd qərarlar verilməsi halları
baş verirdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 26 fevral.-
S.13.