Türk mifologiyasında
yaradılış konsepsiyası
3-cü yazı
Türk yaradılış miflərində yaradılışın fərqli məzmunlarda təqdiminə rast gəlmək olur. Q.K.Potaninin təqdim etdiyi miflərdən birində deyilir ki, dünyanı öz buynuzları üstündə saxlayan öküz yorulduğu zaman dünyanı bir buynuzundan digərinə keçirir. Və belə vaxtlarda dünya təbii ki, tərpənir və biz bu hadisəni zəlzələ kimi anlayırıq. Bu mifin başqa bir varinatında isə qeyd edilir ki, dünyanı öz buynuzu üstündə saxlayan öküzün bir buynuzu artıq sınıb, bu zaman dünyada güclü zəlzələ olmuş və çoxlu insan tələf olub. Bu öküzün o biri buynuzu da sındığı zaman isə dünya və bütün bəşəriyyət məhv olacaq. Başqa bir mifdə deyilir ki, allah-taala dünyanı saxlayan öküzə müəyyən həddə ömür verib. Öküzün axırıncı nəfəsi çıxan gün o öləcək və dünya məhv olacaq. Diqqətlə yanaşsaq, görərik ki, yaradılış üçün xarakterik olan elementlər bu mifdə də müşahidə olunur...
Dünya və türk yaradılış mifləri üçün xarakterik olan əsas motiv yaradılışın doğulma şəklində baş verməsidir. Doğuluşun müxtəlif formalarını tədqiq etmiş N.Qurbanov yazır, folklor mətnlərində insan törənişi ilə (doğuluşla) bağlı bir sıra motivlərə rast gəlmək olur ki, buna misal olaraq dağdan doğulma və s.-ni göstərmək olar ki, bizim fikrimizcə, bu törəniş sudan doğulma, gün işığından doğulma gözdən doğulma mifologemləri modelləri də öz başlanğıcını ilk insanın törənişi ilə bağlı təsəv¬vür¬lər¬dən götürür. Sadəcə olaraq həmin təsəvvürlər mif şək-lin¬də bizə gəlib çatmayıb, lakin folklor mətnlərinin içərisində mo¬tiv sə¬viy-yə¬sində qorunaraq dövrümüzə gəlib çatıb.
Türk yaradılış mifində gerçəkləşmiş kosmoqonik konsepsiyanı Oğuz kağanla bağlı miflərdə müşahidə etmək olur. Bu miflər əsasən “Oğuznamə” adlanan dastanın variantlarında bədiiləşmiş şəkildə bizə gəlib çatıb.
“Oğuznamə”də mövzumuz baxımından iki cəhəti qabartmaq istərdik:
1. “Oğuznamə”də bütün hadisələr, süjetlər, obrazlar və bütün bunların kəsb etdiyi mənalar Oğuz kağan obrazının üzərində cəmləşir;
2. Oğuz kağan haqqındakı mif məzmununa görə qəhrəmanlıq mifidir və bu mifdə təcəssüm olunan yaradılış konsepsiyası birbaşa baş qəhrəman Oğuz kağanla, daha doğrusu, Oğuzun özünün və onun dünyasının yaradılışı ilə bağlıdır.
Qeyd edək ki, bu məqam mifin öz qanunauyğunluğudur. “Oğuznamə” də öz bədii təcəssümünü tapmış Oğuz kağan mifinə tətbiq etdikdə aşağıdakıları söyləmək mümkündür:
– “Oğuz kağan” mifi ən qədim mif kimi qəhrəmanlıq mifidir;
– “Oğuz kağan” mifi məzmununa görə kosmik anlayışdır: bütün görünən Oğuz dünyası onun təcəssümüdür. Oğuz dünyası insanlar, cəmiyyət, təbiət və zaman da daxil olmaqla “Oğuz” adlanan kosmosu – dünyanı təşkil edir: Oğuz eli, Oğuz xalqı, Oğuz insanı, Oğuz torpağı, “Oğuzun zəmanı”... və s.
– “Oğuz kağan” mifi vahid süjet sxeminə malikdir: kosmoqonik-esxatoloji süjet. Oğuz dünyasının yaradılışı (kosmoqoniya) onunla bağlı olduğu kimi, həmin dünyanın Oğuzun ölümü ilə sona çatması (esxatologiya) və onun övladlarının nümunəsində yenidən yaranması (kosmoqoniya) Oğuz kağan obraz-mifi ilə bağlıdır.
“Oğuznamə”də dünyanın – kosmosun yaradılışı “doğuluş” konsepsiyasında ifadə olunur. Qeyd etməliyik ki, doğuluş dünya mifologiyalarında yaradılışın əsas konseptlərindən biridir. L.A.Sedov yazır ki, doğuluş ən qədim zamanlardan ümumən məhsuldarlıq, xüsusən yerin həyatyaradıcı qüvvəsi ilə əlaqələndirilib. Eləcə də heç bir canlının ölməməsi, yenidən dünyaya qayıtmaq üçün yalnız müvəqqəti olaraq ölməsi və təkrarən doğulması haqqındakı təsəvvür də doğuluşla bağlıdır (kursivlə seçmə bizimdir – E.Q.). Doğuluş haqqındakı təsəvvürlərin “kosmikləşdirilməsi”, bioloji, seksual təzahürlərin astral, planetar səviyyələrə keçirilməsi prosesləri (müqayisə et: günəşin və ayın ölmə və dirilmənin simvolikasındakı xüsusi rolu; artıq neoloit dövründə qadın və kişi işarələrinin günəş və ay işarələri ilə tədrici əvəzlənməsi qeyd olunur) və başqa təbiət prosesləri mifopoetik düşüncənin inkişafının bir qədər sonrakı dövrü ilə bağlıdır.
Yuxarıdakı sitatda “heç bir canlının ölməməsi, yenidən dünyaya qayıtmaq üçün yalnız müvəqqəti olaraq ölməsi və təkrarən doğulması haqqındakı təsəvvür də doğuluşla bağlıdır” fikrini kursivlə qabartmağımız təsadüfi deyil. Həmin fikir Oğuz kağanın nümunəsində Oğuz kosmosunun yaradılışı və əbədiliyi konsepsiyası üçün də universaldır. Belə ki, Oğuz kağanın da bir canlı kimi əbədi olaraq ölməməsi, yenidən dünyaya qayıtmaq üçün yalnız müvəqqəti olaraq ölməsi və təkrarən doğulması haqqındakı təsəvvür də doğuluşla bağlıdır.
“Oğuz kağan” mifini özünün “Oğuz mifologiyası” adlanan monoqrafiyasında doğuluş konsepti ilə bağlı geniş təhlil etmiş S.Rzasoyun gəldiyi qənaətə görə, qəhrəmanlıq tipologiyasının bütün mifoloji sistem element və xassələrini özündə daşıyan “Oğuznamə” eposu da qəhrəmanın – Oğuz kağanın doğuluşu ilə başlanır. “Doğuluş” bir mifologem olaraq mifoloji kosmogenezin əsasını təşkil edir. Mifoloji dünya modelində gerçəkləşən dünyanın strukturunun bütün özünəməxsusluğu bu doğuluşa müncər olunur. Doğuluş öz strukturuna görə qatbaqat paradiqmatik quruluşa malik mürəkkəb semiotik sistemdir. Burada doğuluş – yaradılışla bağlı müxtəlif süjet, mifologem və obrazlar biri-biri ilə paralelləşmiş və biri-birinə transformasiya olunub. “Oğuz kağan” mifində də müxtəlif mifoloji təsvir kodlarının (zooloji, antropoloji, astral və s.) biri-birinə kodlaşmasını müşahidə edirik. Oğuz kağanın bir insan olaraq doğuluşu eyni zamanda canlı və cansız dünyanın bütün mənalı ünsürlərinin doğuluşunu özündə işarələyir. Bu da öz növbəsində həmin kodları təcəssüm etdirən mif tiplərinin bir-biri ilə paradiqmatik bağlılığından irəli gəlir. Bütün miflər vahid kosmoqonik mif ətrafında birləşir.
“Oğuznamə”nin uyğur versiyasında Oğuzun doğulması haqqında deyilir:
...kenə künlərdən bir kün ay kağan nunq
gözü yarıb butadı erkək oğul toğurdı...
Yenə günlərin bir günü Ay kağanın
gözləri yarıdı, bir oğlu oldu.
Burada üç obraz-ünsür görürük:
1. Oğuzun anası Ay kağan;
2. Ay kağanın doğduğu oğul – Oğuz;
3. “Doğuluş” mifologemi.
Burada O.Freydenberqin bir fikri xüsusi şəkildə aktuallıq kəsb edir: “Mifoloji obraz nəyi təqdim edirsə, həmişə onu ifadə edir və nəyi ifadə edirsə, ancaq onu təqdim edir”. Bu fikrə əsaslanmaqla Ay kağanın qaranlıq səmadakı Ay cismini, Oğuz kağanın Oğuz dünyasını – kosmosunu işarələdiyini göz önünə gətirsək, burada xaosdan kosmosun doğulması sxemini müşahidə edirik. Ay – qaranlıq gecənin, qaranlıq gecə – xaosun atributudur.
“Oğuznamə”də Oğuz kosmosunun yaranması sxemi belədir:
1. Əvvəlcə Oğuz doğulur;
2. Oğuz daha sonra Günəş şüası şəklində yerə enən qızla evlənir və ondan Gün, Ay, Ulduz adlı üç oğu olur;
3. Oğuz daha sonra gölün ortasındakı ağacın koğuşunda tapdığı qızla evlənir və ondan da Göy, Dağ, Dəniz adlı üç oğlu olur;
4. Oğuz ölməmişdən qabaq 6 oğlu və onlardan doğulan 24 nəvəni Boz oq və Uc oq olmaqla iki qola ayırır.
R.Qafarlı bu doğuluş yolu ilə yaradılış kosmoqoniyasında sakral rəqəmlərin poetikasını görmüş və onu belə modelləşdirib:
“Qədim oğuz-türk mifologiyasında dünyanın say sistemi ilə yaranan dolğun, mükəmməl və tam modelinə rast gəlirik:
– Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı edir) doğulur.
– Birinci üçlük barədə mətndə deyilir ki, göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturmuşdur.
– Başı qızıl qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz.
Üç qardaşın nəsli sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır.
– İkinci üçlüklə bağlı mifdə göstərilir ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl bir qız oturmuşdu.
– Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri inci tək olan bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ, Dəniz.
– Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır.
– Azərbaycan türklərinin söy kökündə həm Bozox, həm də Üçox tayfaları iştirak edir.
- Altılardan isə altı dördlük meydana gəlir:
- BOZOXLAR (pozuxlar):
– birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı (Alka-evli), Qara Avul (Qara-evli);
– ikinci dördlük Ay xanın övladlarıdır: Yazır, Dogər, Dodurğa (Durdurqa), Yaparlı (Cayurlu);
– üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık, Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan türklərinin içərisində ərimişdir);
– ÜÇOXLAR: dördüncü dördlük Göy xanın övladlarıdır: Bayandur, Beçenə (Peçeneq), Çavuldur, Çəpəni;
– beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurtlu, Ürəgür;
– altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva, Kınık. Bu boylardan Bayandur, Beçənə, Çavuldur, Salur, Alayurtlu, Bəgdüz Azərbaycan türklərini formalaşdıran tayfalardandır”.
Beləliklə, ümumiləşdirsək, aşağıdakı nəticələr üzə çıxır:
– Hər bir mifologiyanın əsas mahiyyəti, əsas fəlsəfəsi yaradılışdır;
– Mifin yaradılış konsepsiyası bəşər düşüncəsinin mahiyyətini təşkil edir və müasir şüurda da yaşamaqda davam edir;
– Hər bir mifologiyanı təmsil edən miflər məzmunundan asılı olmayaraq, nəticə etibarilə dünyanın, insanın və onlara aid olanların necə meydana çıxmasını nəql edir;
– Türk mifologiyasının da əsasında yaradılış konsepti durur;
– Türk yaradılış mifini türk mifologiyasının bütün mətn tiplərində görmək mümkündür;
– Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi mifik konseptdir: bütün miflər yaradılışı təcəssüm etdirir;
– Türk mifologiyası yaradılışın rəngarəng formalarını təqdim edir. Bu formalar sonradan inkişaf edərək zəngin türk mədəniyyətinin yaranmasına gətirib.
– Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirib.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2019.- 28 fevral.-
S.14.