Abay Kunanbayev: həyatı və yaradıcılığı

(2-ci yazı)   

 

Bu sevginin nəticəsidir ki, A.Kunanbayev həmişə üzünü xalqına tutub onun məhrumiyyətlərini dilə gətirir, zalımları ifşa etməkdən çəkinmir:

 

Ey mənim qazaxlarım, məzlum, zavallı xalqım...

Həqiqət hardadır bəs, nə üçün gülməyirsən,

Onu tapa bilməyir, dərk edə bilməyirsən...

Hakim ola bilmirsən nə üçün öz malına,

Həyəcanlı yatırsan, durursan həyəcanlı...

 

Şair şeirlərində xalqı bu kökə salan insanları “tör-töküntü” hesab edərək, bu halın bir səbəbini də xalqın mübarizəsizliyində, biganəliyində görür:

 

Lovğa, cılız, bir də ki, alçaq tör-töküntülər

Ey xalqım, səni salmış lap eybəcər bir hala.

Düzəlməyinə yoxdur ümidim zərrə qədər

Bir halda ki, bu sayaq biganəsən iqbala.

 

Tənqidi realizm ədəbiyyatının böyük nümayəndəsi kimi şair şerlərində azğın və tamahkar bəylərin obrazını yaradarkən onların xarakterinin bütün cəhətlərini açmağa təşəbbüs göstərir. Məhz bəylərin münasi-bətlərini onların xarakteri ilə bağlayır. “Mal-qaranı qoruyub firavan gün sürür bay”, “Dövlətlinin bir dərdi var...”, “Xoş söz eşitmədim mən”, “Axırı volostnoy seçildim” və s. şeirlərində bu halın poetik ifadə tərzinə rast gəlirik:

 

Dövlətlinin bir dərdi var o da mal-qara,

Var yığmaqçın aldadır o yaxını, yadı

Öz nəfsinin qara qulu olan bu adam

Kasıbları süfrəsinə yaxın qoymadı.

 

və ya

 

Xoş söz eşitmədim mən

Nə bolısdan, nə bəydən

Heç harda ömrüm boyu.

Hara baxırsan onlar.

Bu azğınlar, harınlar

Xalqı talayıb, soyur.

 

A.Kunanbayev poeziyasının rəngarəng mövzu dairəsi var. Hər şeydən əvvəl bu sənət öz ictimai səciyyəsi ilə seçilsə də, lirik duyğuların ifadəsi poeziya keyfiyyəti kimi yaradıcılığında diqqətdən kənarda dayanmır. İstər məhəbbət, istər təbiət, istərsə də avtobioqrafik səciyyə daşıyan şeirlərində poetik hisslərin yüksək tərənnümü özünü göstərir, duyğu, həyəcan, ruh və s. kimi insani keyfiyyətlər ön plana keçir:

 

Gözlərimin giləsi,

Ruhun odu, naləsi

Qəlbimdə dərd azalmaz

Yaramın yox çarəsi.

 

Eşq dərdinin çarəsizliyindən giley edən şair əsl Füzuli “dərdinin” böyüklüyünü sanki bir daha dilə gətirir, eşqi belə xarakterizə edir:

 

Eşqin dili sözsüz olur

Dil söz tutur ki, söz deyə?

Eşq baxışla axıdılır

Bir ürəkdən, bir ürəyə.

 

Ona görə də bu dərd onda sevgilisinə qovuşmaq üçün dəryaları coşduran, dünyanı məhvərində qoparan, sadə, səmimi, eyni zamanda təsirli vüsal harayına çevrilir:

 

Salam sənə, qaşı yayım,

Bu dünyada yoxdur tayın.

Gözlərimi yaş tutubdur,

Razı olma, mən ağlayım.

Sən hamıdan göyçəyimsən,

Yer üzünə bəzəyimsən,

Təkcə sənsən məhəbbətim,

Əzəl arzum, diləyimsən.

 

Abay Kunanbayevin həyatından məlumdur ki, o, iki oğul itirib, bu itki onun həyatında sağalmaz yaraya çevrilib. Şair böyük oğlu Əbişin ölümü ilə bağlı kədərli duyğularını bir neçə şeirində ifadə edib, bu acı qismətin doğurduğu qəlb harayını aşağıdakı şəkildə qələmə alıb.

 

İlahi, ilahi mənə nə qədər

Acı gözyaşını rəva bilmisən...

Əbədi yaş qurub qəlb otağında

De niyə çox gördün Əbişi mənə?

Sinəmdə qövr edən dərdi, kədəri,

Qoy açım, söyləyim eşitsin cahan:

Zülmətdə gəzirəm haçandan bəri,

Günəş də əbədi köçüb dünyadan.

 

“İsgəndər” poeması tarixi şəxsiyyət olan Makedoniyalı İsgəndərin adı ilə bağlansa da, onun həyatının müəyyən fraqmentlərini özündə əks etdirsə də, əsərdə qoyulan problem İsgəndərin həyatının və hakimiyyətinin hər hansı dəqiq, konkret faktları ilə bağlanmır, humanizm və insanpərvərliyin təbliği, müharibə dəhşətləri, nahaq qan tökmək, istila, qarət və s. etiraz ümumi səciyyədə poemanın mərkəzində dayanır. Düzdür, əsərin əvvəlində tarixilik müəyyən dərəcədə gözlənilib. Belə ki, müəllif əsərdə İsgəndərin atası şah Filippin ölümü, 21 yaşlı İsgəndərin hakimiyyətə gəlməsi, imperiya yaratması, müəllimi Aristotelin ona məsləhətçi olması və s. halları göstərməklə tarixilik prinsiplərinə əməl edib və əsərdəki ideyanı qabartmaqdan ötrü bunlardan ustalıqla istifadə edib. Bu mənada Şərq və Qərbdə məşhur olan İsgəndərin obraz kimi seçilməsi də təsadüfi yox, məqsədli xarakter daşıyır. Abay Kunanbayev əsərin əvvəlində İsgəndəri belə xarakterizə edir:

 

İsgəndəri heç zaman unutmamış bu dünya

Ona şahlıq tacını verib Makedoniya

Şah Filippin övladı-İsgəndərin şöhrəti

Yayılmış bu cahana, çatıb ulduza, aya.

Tutduqca ölkələri, artdı nəfsi, tamahı

Qələbəylə, zəfərlə o açdı hər sabahı

Yaltaqlar onun haqda hər tərəfə yaydılar:

“İsgəndər şahlar şahı, yer üzünün allahı”.

 

Əsərin məzmunu belədir ki, ölkələr fəth edən İsgəndər öz ordusu ilə bir gün zəmiyə, yaşıllığa həsrət susuz bir səhrada susuzluqdan əziyyət çəkir və su arzusu ilə Allaha üz tutur. İsgəndərin atı susuzluqdan ölür. Bu zaman qəribə bir hadisə baş verir. İsgəndərin “gözündə şəfəq seli” əmələ gəlir. Həmin sel “şəffaf ləpəli çaya” dönür. Hamı bu sudan doyunca içir. Var-dövlət hərisi olan İsgəndər yeni sərvətlər ələ keçirmək məqsədi ilə çayın mənbəyinə doğru getməyi əmr edir:

 

Mənbəyində bulağın yəqin varlı ölkə var

Ellərini soyarıq, bizə təslim olarlar.

Sərvətini çaparıq, dönərik evimizə,

Qılınclı şöhrətimiz bir də ərzə səs salar.

 

Çayın mənbəyinə çatan İsgəndər bu çayın qorxunc dağda yerləşən qızıl qapılı mağaradan axdığını görür. Qapını döyüb: “aç”- desə də, bura “Allah qapısıdır, açmağa cəhd eyləmə”- deyə ona cavab verirlər. Lakin bunu dərk etməyən İsgəndərin təkəbbürlüyünü, lovğalığını, mənəm-mənəmliyini görəndən sonra qapı arxasından ağ parçaya bükülmüş bir göz çanağını (kəllə sümüyü) pay kimi qabağına atırlar. Tərəzi gətirib bir gözünə qızıl, o biri gözünə sümüyü qoysalar da sümük qızıldan ağır gəlir. Qəzəblənən İsgəndər tərəzinin qızıl gözünü taya hündürlükdə qızılla doldursa da əvvəlki vəziyyət dəyişməz olaraq qalır:

 

Heyran qalmış İsgəndər sual verdi alimə

“Görünür çox az qızıl keçirmişəm əlimə”,

Sümük ağırlığında sərvətim yoxdu mənim.

Nəylə çəkək sümüyü? Bu sirri deyək kimə?”

 

Aristotel yerdən bir ovuc torpaq götürərək çanağın gözlərini doldurur və tərəzidə olan sümük sanki yüngülləşərək yuxarı qalxır. Əhvalatı bu cür tamamladıqdan sonra müəllif acgözlüyün, mənəmliyin, şöhrət əsiri olmağın və s. acı nəticələrindən danışır və öz ideyalarını qabardaraq insanları vicdan, namus, ləyaqət yoluna səsləyir:

 

Ömür elə qısadır, sanki əl edib gedir,

Səadət ildırım tək gəlib yanından ötür.

Vicdanını, namusu mal kimi satmısansa

Sənin işin, şöhrətin nifrət gölündə itir.

Sevər-özünü öysün o kəs ki, heç nə qanmaz

Pul ilə heç bir zaman mərifət almaq olmaz.

Öz qədri-qiymətindən nə lazım danışasan?

Varsa münəvvərliyin, işıq zülmətdə qalmaz!

 

“Masqud” poeması ibrətamiz və əxlaqi-didaktik görüşlər fonunda ağıl, tale, aqibət və nəfs problemlərinə şairin orijinal baxışlarını özündə əks etdirən maraqlı əsərlərdən biridir. Şair insan idrakını şəxsiyyət, cəmiyyət və məhəbbətin əsası hesab edir, ağılsızlığın ağıla hakimliyini cəmiyyət üçün faciə kimi qiymətləndirir. Poemada hadisələr Haran Rəşidin hakim olduğu Bağdad şəhərində baş verir. Masqud adlı gənc oğlan yolla keçərkən bir quldurun qoca kişini qarət etdiyini görür və ona kömək etmək məqsədilə atını ora sürür. Quldur əlindəki bıçaqla Masqudu yaralayıb qaçır. Qoca kişi (xeyirxah Xıdır) onun sübh çağı qədim bir sərdabənin həyətinə gəlməsini xahiş edir. Masqud ora gəlir və qoca kişi sərdabənin həyətində üç rəngli - ağ, sarı və qırmızı meyvəsi olan ağacı göstərərək, ona yalnız istədiyi rəngdən olan bir meyvə seçməsini bildirir. Məlum olur ki, ağ meyvə ağlı, sarı meyvə var-dövləti, qırmızı meyvə isə qadınların məhəbbətini artıracaq sehrli qüvvəyə malikdir. Masqud qırmızı rəngli meyvəni seçir və seçimini belə izah edir:

 

Belə isə, seçəndə üç meyvədən birini

Qadın eşqi deyilmi ən dadlısı, şirini?

Hökm eyləyən qadındır, yarısına dünyanın,

Hansı hədiyyə verər məhəbbətin yerini?

 

Masqud qısa müddətdən sonra vəzir təyin olunur. Yuxuda o, qoca Xıdırı görür. Xıdır ona bildirir ki, zəhərli yağış yağacaq. Kim yağışın qarışdığı suyu içsə dəli olacaq. Ona görə bir həftəlik su ehtiyatı götürmək lazımdır ki, zəhərli su içib ağlını itirməyəsən. Masqud bu yuxunu şaha danışır. Onlar ehtiyat olaraq su götürürlər. Yağış yağır. İnsanlar yağışlı sudan içib ağıllarını itirirlər. Şah və vəzir bazara çıxırlar. Ağılsız insanlar onları dəli adlandırıb öldürmək istəyirlər.Onlar məcburi çarə kimi zəhərli sudan içib dəlilərə qoşulmaq yolunu seçirlər. Bundan sonra dəli cəmiyyət onları müdrik hesab edib qarşılarında səcdə edir.

Müəllif burada üç əsas prinsipin - qüdrət, dövlət və məhəbbətin hansının cəmiyyət üçün vacibliyi məsələsinə toxunur. Və məhəbbət seçiminin bu cür sonluğunu göstərməklə, əslində A.Kunanbayevin problemin kompleks yanaşmada təsdiqinə işarəsini bildirir. Lakin bütün bunlarla yanaşı, müəllifin konkret yanaşmasında normal cəmiyyətin əsasında normal düşüncənin saxlanılması, ağlın təntənəsinin vacibliyi, insanların xoşbəxtliyinin əsasında ağlın dayanması və s. məsələlər özünə yer tapır.

Şərq nağıl motivləri əsasında qələmə alınan “Əzim haqqında nağıl” poeması gənc rəssam Əzimin sərgüzəştləri ilə bağlıdır. Əzim rəssamlığı atası Mustafadan öyrənir. Atasının ölümündən sonra zəhməti ilə pul qazanıb ehtiyaclarını ödəyə bilir:

 

Əzim rəssamlığa göstərib həvəs,

Aldı atasından mükəmməl bir dərs.

Mustafa öləndə onun oğlunu

Ehtiyac içində görmədi bir kəs.

 

Əzimin öz halal zəhməti ilə məşğul olduğu vaxt ona bir qoca yaxınlaşır. Əzimə misi qızıl etməyi öyrədən bu qoca kimyagərin onu sərxoş edərək oğurlayıb dərya içərisində dinini dəyişmək - atəşpərəst etmək istəyi, əjdaha və cinlərin yerləşdiyi dağda Əzimi ölümlə üz-üzə saxlaması və s. hiylə , xəyanət və pisliyin nəticəsi kimi göstərilir. Müəllif Əzimin simasında zəhmətsevərliyi, insani hissləri, dözümü, əqidə dönməzliyini, yurd sevgisini və s. bədii boyalarla nümayiş etdirir və yüksək tərzdə oxucuya çatdıra bilir.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

Xalq cəbhəsi.- 2019.- 27 iyul. S. 5.