Hacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da

 

Hacı Zeynalabdin Tağıyev barədə bəhs edən “100 il şərəfli ömürfilmi ABŞ-ın “Green Mountain ChristianFilm Festivalında nominasiya alıb, oktyabr ayında kilsədə nümayiş etdiriləcək və birincilik uğrunda yarışacaq. Bu barədə “100 il şərəfli ömürfilminin ssenari müəllifi, quruluşçu rejissorubaş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

“Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal olanŞollerin arxivi” bədii filmi ABŞ-ın “The Green Mountain ChristianFilm Festivalında nominasiya alıb və festival rəhbərləri filminə baxdıqdan sonra Azərbaycan haqqında daha da maraqlandılar və bizim yeni filmlərimizi də istədilər. Biz də “100 il şərəfli ömürfilmini ilk baxış üçün festivala göndərdik. Festival oktyabrın 18-19-da ABŞ-da yerləşən “Baptist Fellowship” kilsəsində keçiriləcək. Birincilik uğrunda iki film mübarizəyə qatılacaq,- deyə C. Qasımov bildirib.

Rejissor bildirib ki, filmin çəkilməsində əsas məqsəd hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C. Qasımov deyib: “hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetdə oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib. C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C. Qasımov, həm tələbəlik illərində, həm sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub.

Ssenarist əlavə edib ki, ekran əsərində hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin hacıya böyük hörmətindən, hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə toxunulur.

Qeyd edək ki, Cəlaləddin Qasımovun ssenari müəllifi olduğuŞollerin arxivibədii filmi dünyada böyük marağa səbəb olub. Film bu günə kimi 27 beynəlxalq festivalda uğur qazanıb. Ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

 

Xalq cəbhəsi.-2019.- 16 iyul.- S.8.