Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi

 

Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən aliorta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxılacaq. Qaliblərə heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafatdiplomlar təqdim olunacaq.

Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın bütün texnikalarında (rəsm, ofort, linoqravüra, ksiloqrafiya, litoqrafiya, akvarel, qarışıq texnikas.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.

Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifrqeyd edilməlidir.

 

Xalq Cəbhəsi.- 2019.-16 iyul.- S.8.