Məxtumqulu Fəraqi - XVIII əsr türkmən realist ədəbiyyatının banisi

 

2-ci yazı

 

Məxtumqulu Fəraqi lirikasında tərcümeyi-hal xarakterli nümunələr çoxluq təşkil edir. Bu nümunələr bir tərəfdən şairin həyat və taleyi ilə konkret şəkildə bağlanır, digər tərəfdən də onun həyatının ümumi səciyyəsini əks etdirir. Əgər birinci halda biz M.Fəraqinin atası, qardaşları, övladları, sevgisi, qürbət həyatı və s. haqqında məlumat əldə ediriksə, həyatının ümumi səciyyəsini əks etdirən şeirlərində isə tərcümeyi-hal faktı şairin vətənə, dostlarına, türkmən həyatına ümumi bağlılığı kontekstində diqqəti cəlb edir. Məs., şairin həyatından məlumdur ki, onun atası D.Azadi 1760-cı ildə 65 yaşında vəfat edib. M.Fəraqinin “Atamın” adlı şeirində bu hal öz əksini konkret olaraq belə tapıb:

 

Altmış beşdə novruz günü, luv ili,

Durdu əcəl, yolun kəsdi atamın.

Bu dünyanın işi beləymiş bəli,

Ömrünün yarpağı əsdi atamın.

 

Və yaxud, “Mübtəla etdi” şeirində Məxtumqulu övlad itkisi ilə bağlı kədərini belə izhar edir:

 

Dostlar, məni çərxi-fələk

Bir dərdə mübtəla etdi.

Ayırdı əziz balamdan,

Ürəyimi yara etdi.

 

Aşağıdakı şeir parçası da tərcümeyi-hal xarakterlidir. Heç şübhəsiz, bu sətirlərdə bəxtindən gileylənən, dostlarından uzaq düşən şair həyatının müəyyən dövrünü əks etdirmişdir. Lakin buradakı ifadələr ümumi səciyyə daşıyır:

 

Tayım-tuşum el-obanı dolaşdı

Dostlar getdi, hicran ömrə yol açdı.

İstəyim, muradım qəmlə bulaşdı,

Rəhm edən olmadı, bəxtim qaradır.

 

Məhəbbət mövzusu Məxtumqulu yaradıcılığında özünəməxsus yer tutur. Hər şeydən əvvəl şairin şeirlərində məhəbbət real, həyati və həqiqi duyğuların ifadəsinə çevrilir:

 

Ay kimi camalın gördüm,

Nur saçılar, yar üzündən,

Bir məcnunam, dəli oldum

Sənin o xoş avazından.

 

Məxtumqulu lirikasında Günəş və Aya bənzədilən və onlarla müqayisə olunan gözəl öz zahiri görkəmi ilə insanları məftun edir, onların ağlını başından çıxarır:

 

Göydən günəş kimi yerə nur saçan,

Günəşlə bəhs edən Ay sənsən, gözəl.

Usta Cabbar nəqşi, Səncab paltarı,

İsfahandan gələn pay sənsən, gözəl.

Saçına vurmusan gümüş saç bağı,

Yel əssə dağılar, örtər buxağı

Ağzın abi-həyat, Zəmzəm bulağı

Ayna tək əks edən çay sənsən, gözəl.

 

Məxtumqulu təqdim etdiyi gözəli adilikdən yüksəkdə saxlayır, dünyanın əşrəfi olan bu gözəl hamını özünə əsir etsə də, özü də zəmanə “əsiridir”. Şairin qəhrəmanı bu halda kiçilmir, əksinə insanlığın, zamanın, gözəlliklərin fövqünə çıxarılaraq əlçatmaz məqamda “yerləşdirilir”. “Əl çatmayan, ün yetməyən” bu məqamda şair onun “halından” xəbər tutan yeganə insandır. Ona görə də şair bu “qabiliyyətinə görə” fərəh hissi keçirməsini gizlətmir, lakin eyni zamanda sevgi “iztirablarından” doğan kədər hissini də oxucularla bölüşür:

 

Sən dünyanın əşrəfi, bu can səndən xəbərsiz,

Sən cahana gəlibsən, cahan səndən xəbərsiz.

İstər səni dənizlər, sahillər səni gözlər

Sən ümmanda damlasan, ümman səndən xəbərsiz.

Asiman zəmindədir, zəmin də asiman da

Bunlar bəlkə gümandır, güman səndən xəbərsiz.

Məxtumqulu, gör indi aşinalar neyləyir?

Sən canandan xəbərdar, canan səndən xəbərsiz.

 

Məxtumqulu xalq şeiri üslubunda yazmasına baxmayaraq, göründüyü kimi bir sıra hallarda qəzələ də müraciət edib, janrın imkanları daxilində poetik fikrin ən gözəl nümunələrini yarada bilmişdir. O, qəzəl üslubuna uyğun fikri məna “paltarı” ilə bəzəmək, ona zinət verməklə türkmən ədəbiyyatında heç kimin görə bilmədiyi bir işin öhdəsindən gəlib:

 

Yandı canım, neyləyim, ol yara düşdü gözlərim,

Zəhr olubdur, bilmədim, bal tək əriyib sözlərim.

Hərlənib çərxi-fələk, tərs günü saldı başıma,

Bir yağışlı-yağmurlu qışa dönübdü yazlarım.

Var-dövlətə qaçıb bizdən,

bir miskin gəda mənəm Fərağı der:

Uçdu laçın, gəldi yesir qazlarım.

 

Aşiq-məşuq münasibətlərində müşahidə olunan giley, şikayət motivi klassik ənənəyə uyğun olaraq Məxtumqulunun məhəbbət lirikasında orijinal obrazlı deyimlərdə əksini tapır. Şairin qəhrəmanı “bəxt atını suya batırsa da” “sonasının ona əl verməməsini” haqlı olaraq özünə dərd edir və məhbubunun bivəfalığından çəkdiyi əzabları belə mənalandırır:

 

Könül verdim bir bivəfa məhbuba,

Çıxdı əldən, dağı cana dərd oldu.

Aşıq deyər: ta baxmaram o xuba,

Yol üstündə düşdü gözüm, dörd oldu.

 

Şairin eşq qəhrəmanı (aşiq) məhəbbətində sədaqətlidir. Məhəbbət qulu olan bu insanı sevgilisinin vüsal ümidi yaşadır, onu həyata bağlayır. O, əslində Allahın ona verdiyi ömrü yox, əsiri olduğu gözəlin ona bəxş etdiyi “vüsal” ömrünü yaşamaq istəyir. Ona görə də bu ömürdən pay almayanda ayrılıq odu onu tez yandırıb kül edir.

Məxtumqulu, bəy idim, yar camalı qul etdi,

Vüsal ümidim verib, min dilli bülbül etdi,

Ayrılıq oda saldı, gendə durub əl etdi,

Eşqin atəşi artıb, yaxıb məni kül etdi,

Qəm ələyin ələyib, yelə sovurdu məni.

 

Məxtumqulu Fəraqi ilk növbədə vətəndaş şairdir. O, vətənə, onun dağına, aranına, suyuna, torpağına - bir sözlə, yurdunun bütün varlıqlarına qəlbən bağlı olan, onu sevən və yaradıcılığında bu gözəllikləri mədh edən sənətkardır. Onun poeziyasında əks olunan təbiət lövhələri ən mahir sənətkar qələmi qüdrəti ilə ərsəyə gələn tablonu xatırladır. Şair bir tərəfdən təbiət lövhəsi yaradır, digər tərəfdən təsirli ifadələrdə yurd sevgisinin təbliğatçısı rolunda çıxış edir. Bunun nəticəsində oxucuya elə gəlir ki, “buluddan yapışan qayaları”, marallar mələyən çöllərin gözəllikləri haqqında məlumatı şeirdən oxumur, sanki öz gözləri ilə görür:

 

Çoxlu meşəsi var, qarğı-qamışlı,

Çoxlu gözəli var zərli-gümüşlü,

Sürülü, ilxılı, atlı, camışlı,

Tükənməz dövləti-malı Gürgənin.

İgidlər tirmə şal bağlar belinə,

Köhlən minib, tərlan alar əlinə,

Ceyranlar döş verər dəniz yelinə,

Mələyər marallı çölü Gürgənin.

yaxud

Gedək seyrə çıxaq Nuxa mülkünü,

Könlünü oxşayan yaylaqları var.

Dərib qoxulayaq qönçə gülünü

Yaşıl reyhanları, zanbaqları var.

 

Qeyd edək ki, “Nuxa mülkü” ifadəsi ilə əlaqədar müəyyən mübahisəli fikirlər mövcuddur. Bu sözü “Nuxa” kimi oxuyan bəzi tədqiqatçılar Məxtumqulunun Azərbaycana gəlməsini təsdiqləyirlər. Lakin prof. P.Xəlilov bu sözün “Nöhrəstə” olduğunu bildirir, misrada ifadənin “Nuxa” kimi yazılmasını nəşr xətası hesab edir. Onun fikrincə, Məxtumqulu Azərbaycanın Nuxa şəhərinə deyil, Türkmənistanın Nohur deyilən ərazisinə gedib.

Klassik türkmən poeziyasında fəlsəfi şeir Məxtumqulu Fəraqi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cəmiyyət hadisələri, insan, həyat, yaşamaq, ölüm və s. problemlər barədə şair düşüncələrinin poetik mənalandırılması Məxtumqulu fəlsəfi şeirinin əsasını təşkil edir. Şairin istər sufiyanə, istərsə də dünyəvi mahiyyət kəsb edən şeirlərində fəlsəfi ifadə tərzi daha üstündür. Ona görə də Məxtumqulu şeirlərində sırf əxlaqi-didaktik və sırf fəlsəfi şeir bölüm standartını tətbiq etmək əhəmiyyətli görünmür. Çünki bütün hallarda məsələlər insan və cəmiyyət problemləri daxilində şair baxışlarının bədii ifadəsində məna qazanır.

 

İnsan nədir? Quru olmaz torpaq

Bədəndə can olmasa.

Qara dağın nə qiyməti,

Seli, dumanı olmasa.

 

ya

 

İnsan oğlu, ömrə olma həmayıl,

İgidliyin dizə belə mehmandır.

Sən haqqın yolunda gəl tənbəl olma,

Atdığın qədəmlər yola mehmandır.

 

İbrətamiz nəsihətlər, əxlaqi-didaktika Məxtumqulu şeirində geniş məzmun daşıyır. Məxtumqulu yaradıcılığında didaktika özündən əvvəlki nəslin - Bayram xanın, Azadinin, Qərib Əndəlibin ədəbi ənənələri üzərində boy atmışdır. Lakin Məxtumqulu özünəməxsus formada bu tərzin inkişafına nail olub. Şair didaktikadan bir növ insanlara müraciət kimi istifadə edir. Bu özünəməxsus müraciətdə insanlar düzlüyə, vətən sevgisinə, böyüklərə hörmət etməyə, təhsilə biganə olmamağa, halal işlərin sahibinə çevrilməyə və s. səslənilir.

 

Nadan söz oxunu havayı atar,

Qeybət edib, özü günaha batar.

Yamanın ziyanı xalqına çatar,

Nakəsin xeyri özünə dəyməz.

Bu dünyada olma çirkin

Hər bir yerə çatar ərkin

Evdə asıb, kəsər hər kim,

İgid savaşdan tanınar.

 

Eyni zamanda yaxşını pisdən ayırmaq, namərdə bel bağlamamaq və digər məsələlər haqqında didaktik kəlamlar təsirli bədii ifadələrlə diqqətə çatdırılır:

 

Bədəsilə cəfa çəkmək əbəsdir,

Mis nə qədər döyülsə də zər olmaz

Nə qədər çalışsan çəkər əslinə,

Hər qarğadan gözəl kəbutər olmaz.

Olmaz müftəxorun imanı, dini,

Dar gündə tabı yox, tərk edər səni.

Kəmfürsətin, müxənnətin on mini,

İz salan igidin izinə dəyməz.

 

Məxtumqulu Fəraqi özünəqədərki ədəbi ənənələrdən bəhrələnərək xalq danışıq dili əsasında formalaşan, yeni ideya və məzmun kəsb edən orijinal yaradıcılığı ilə türkmən ədəbi-bədii fikrinin inkişafına nail olub, onun bənzərsizliyini təmin edib.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

Xalq cəbhəsi.-2019.- 16 iyul.- S.7.