Beynəlxalq Muğam Mərkəzinin muğamsevərlərə yay hədiyyəsi

 

Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliiyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəlir.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları təqdim olunacaq.

İyul ayından start götürəcək layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

İlk konsert iyul ayının 5-də saat 15:00- da Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Növbəti konsertlər isə 25 iyul – A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust – Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşanCaspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

 

Xalq cəbhəsi.-2019.- 6-8 iyul.- S.16.