ZÜLFİYYƏ - müasir
özbək ədəbiyyatının görkəmli şairlərindən
biri
Zülfiyyə müasir özbək ədəbiyyatının görkəmli şairlərindən biridir. O, 1 mart 1915-ci il tarixində Daşkənd şəhərində dəmirçi ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra qızlar üçün açılmış pedaqoji peşə yönümlü məktəbdə təhsil alıb. Məqsədi buranı bitirib müəllim işləmək olub.
Zülfiyyə sonralar A.S.Puşkin adına Dil və Ədəbiyyat elmi-tədqiqat institutunun aspiranturasına daxil olur. Buranı bitirərək Özbəkistan Dövlət Nəşriyyatında əmək fəaliyyətinə başlayıb. Daha sonra o, Özbəkistan Yazıçılar Birliyində, ayrı-ayrı qəzet və jurnallarda çalışıb. Zülfiyyənin jurnalistika sahəsində xidmətləri xüsusilə böyükdür. Şairə qadın 1953-1985-ci illərdə Daşkənddə çıxan “Səadət” jurnalında baş redaktor olub.
Zülfiyyə şeirə erkən yaş dövründə qədəm qoyub. Təxminən 13-14 yaşlarından etibarən kiçik həcmli şeirlər yazmağa başlayıb. 1930-cu ildə onun ilk şeiri mətbuatda çap olunub. “Həyat səhifələ-ri” adlı ilk şeirlər kitabı 1932-ci ildə çapdan çıxmışdır. Bu kitabda dərc olunan “Gənc traktorçuya”, “Mexanik Qumru”, “Azad qız”, “Bizlər”, “Məktəb yolunda”, “Zavod yolunda” və s. şeirləri şairin yeni həyat və qadın azadlığı yolunda arzu və istəyini əks etdirirdi.
1930-cu illərin axırlarında şairin iki yeni şeirlər kitabı olan “Şe¬irlər” və “Qızlar nəğməsi” çap olunub. 1944-cü ildə şairin həyat yoldaşı Həmid Alimcan vəfat edir. Həyat yoldaşının vaxtsız ölümü şairə olmazın dərəcədə ağır təsir göstərir. 1956-cı ildə Zülfiyyə Asiya və Afrika tərəqqipərvər yazıçılarının Hindistanda keçirilən konfransında iştirak edir. Bu səfər şairə yazmaq üçün çoxlu mövzu verir.Yaradıcılığındakı xalqlar dostluğu və dünya xalqlarının dinc yaşamaq meylinin gülü təbliğatına görə ona 1968-ci ildə C.Nehru adına Dövlət mükafatı və 1970-ci ildə “Nilufər” mükafatı verilib.
Zülfiyyə bədi oçerk və publisistika sahəsində səmərəli fəaliyyət göstərib. Belə əsərlərində o, həyatın həll vacib və aktual problemlərinə xüsusi yer ayırıb. Zülfiyyə bir şair, publisist olmaqla bərabər, həm də mahir tərcüməçi kimi də tanınıb. Şair Nekrasovdan, Mustay Kərimdən, D.Bednıdan, N.Hikmətdən, M.Dilbazidən və başqalarından bir çox şeirlər doğma özbək dilinə tərcümə edib.
Ədəbiyyat sahəsində göstərdiyi xidmətlərinə görə ona 1965-ci ildə Özbəkistan xalq şairi fəxri adı verilib. O, 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Həmçinin ayrı-ayrı vaxt-larda Zülfiyyə Qırmızı Əmək bayrağı, Xalqlar dostluğu ordeni və Dövlət mükafatları ilə təltif edilib.1985-1986-cı illərdə Daşkənddə Zülfiyyənin əsərlərinin üç cildliyi çapdan çıxıb. Onun bir neçə şeiri Azərbaycan dilinə tərcümə edilib. Zülfiyyə 1996-cı ildə vəfat edib.
Müasir özbək ədəbiyyatında lirik şeirin ən gözəl nümunələrini yaradan sənətkarlardan biri də Zülfiyyədir. Zülfiyyə poeziyası Şərq və Qərb ənənələri zəminində formalaşıb yüksək mərhələyə çatan sənət-dir. Özünün qeyd etdiyi kimi, böyük Nəvainin həssas qəzəlləri, Füzulinin poemaları, Puşkinin billur misraları, Bayronun üsyankar şeirləri, Lermontovun təsirli poeziyası, Nekrasovun səmimi və sadə obrazları şairə güclü təsir göstərib və yaradıcılığında silinməz izlər buraxıb. Şairin ömür-gün yoldaşı, özbək ədəbiyyatının istedadlı və böyük nümayəndəsi Həmid Alimcanın Zülfiyyə sənətinə təsirini də nəzərdən qaçırmaq qeyri-mümkündür. Zülfiyyə yazır ki, “Həmid Alimcan mənim həyat yoldaşım, övladlarımın atası olmaqla yanaşı, həm də sənət məsləhətçisi idi. Mən şeir yazmağı ondan öyrəndim, onun sənət məktəbində təlim aldım”.
Bütün bunların təsiridir ki, Zülfiyyə yaradıcılığı daim irəliyə doğru formalaşmış, yeni məzmun və ideya kəsb edə bilib.Şairin 30-cu illər poeziyası onun yaradıcılığının ilkin mərhələsi kimi xarakterizə olunur. Bu dövr yaradıcılığında Zülfiyyə yeni həyat və qadın azadlığı probleminə daha çox nəzər yetirir, baş vermiş ictimai-siyasi dəyişiklikləri o dövrün təlim və tələblərinə uyğun olaraq irəliyə və inkişafa doğru addım kimi qiymətləndirirdi. İstər “Həyat səhifələri” adlı ilk şeirlər kitabında, istərsə də 30-cu illərin axırlarında çapdan çıxmış “Şeirlər” və “Qızlar nəğməsi” kitablarında problemə müdaxilə və münasibət bu aspektdən bildirilirdi. Məs., sonrakı iki şeir kitablarında olan “Sənin məktəbin”, “Həcər”, “Nişanlı qız”, “Bahar”, “Əhd”, “Tələbə qız”, “Bahar gecəsi” və s. şeirlərdə ictimai həyata çağırış, yeni insan, cəhalətə nifrət, elmsevərlik, vətənpərvərlik mövzusu əsas yeri tuturdu.
Böyük vətən müharibəsi illərində Zülfiyyə yaradıcılığı vətən sevgisi, düşmənə nifrət, gələcəyə inam ifadə etmək yolunda özünün yeni mərhələsinə qədəm qoydu. Bu illərdə şairin “Ona Fərhad deyirdilər” (1943), “Hicran günlərində” (1944) və s. kitabları çapdan çıxmışdır. Zülfiyyənin “Mənim vətənim”, “İgidlərə”, “Hicran”, “Vəfa”, “İki şeir”, “Hicran günlərində”, “Güllər açılanda” və digər şeirləri bilavasitə çətin günlərin, ağrılı-acılı illərin təəssüratlarını əks etdirmək ilə yanaşı, həm də nikbinlik aşılamaq baxımından yüksək maraq doğurur. Bu cür şeirlərin əksəriyyətində əsasən, qələbəyə inam üstünlük təşkil edir. Demək olar ki, onun müharibə mövzulu şeirlərində olduğu kimi, poemalarında da eyni ideya və eyni ruh hakimdir. Məs., Zülfiyyənin 1943-cü ildə yazdığı “Ona Fərhad deyirdilər” poeması faşizmə qarşı mübarizə aparan, qələbəyə böyük inamı olan qəhrəmanların mübarizəsini əks etdirmək baxımından xarakterikdir. Əsər lirik-epik səciyyə daşıyır və tarixi-avtobioqrafik materiallara əsaslanmışdır. Əsərin baş qəhrəmanı vətənpərvər özbək döyüşçüsü Qabil Qari Siddiqovdur. Qabil həmçinin tanınmış özbək artistidir. Poemanın əvvəlində göstərilir ki, o, Daşkənd teatrında Fərhad rolunda çıxış edir. Sonra biz onu Ukraynada cəbhədə düşmənlə üzbəüz döyüşən bir əsgər kimi görürük. Qabil vətəni hədsiz dərəcədə sevir. Döyüşlərin birində ağır yaralanır. Ölüm ayağında döyüş dostlarına son ana qədər vuruşmağı, vətəni düşmənlərdən azad etməyi vəsiyyət edir. Poemada bir tərəfdən obrazın ölümünə təəssüflə yanaşılırsa, digər tərəfdən onun qəhrəmanlığı mədh olunur. Ona görə də əsərdə son anda nikbin ruh, həyatla bağlılıq amilləri aparıcılıq təşkil edir.
“Keçir, qaldım qəflətdə”, “Bahar sənin sorağında”, “Sən qayıdırsan, ürəyim”, “Nə bəlayə etdin mübtəla” və s. şeirləri Zülfiyyənin şəxsi həyat, tale, sevgi və digər məsələlərə münasibətini nümayiş etdirən əsərlərdir. Həmin əsərlər bilvasitə Zülfiyyənin həyat yoldaşı Həmid Alimcanın 1944-cü ildə vəfatından sonra yazılıb. Maraqlıdır ki, belə şeirlərində Zülfiyyənin şəxsi tale yönümü ön plana çəkilsə də, ümumi mənada hadisələr şəxsi həyat dairəsindən çıxarılır, ona ictimai don geyindirilir.
“Bahar sənin sorağında” şeirində şair dünyasını vaxtsız dəyişən həyat yoldaşının ölümünü təəssüflə yad edir. Şeirdə baharın gəlişində bir sevinc, bir həyat, yeni bir ruh təbliğ olunsa da, H.Alimcanın həyatda olmaması ilə bu sevincə bir kədər, qəm payı əlavə olunur:
Yenə bahar gəlib!
Bahar dünyası,
Badam güllərinin süd rəngləriylə.
Quşların pərvazı, yellərin nazı,
Dünyanın müqəddəs çiçəkləriylə.
Ömrüm! Sən baharı necə sevərdin,
Öpərdin az qala hər tumurcuğu.
Ərik güllərini gözünə sürtüb,
Necə də oxşardın hər körpə zoğu.
Budur, canım-gözüm, yaz gəlib,
Yenə
Sənin sorağında
gəzir sərsəri,
Qızın yaxasından tutub:
“Ver!” deyir,
O da qan-yaş töküb çəkilir
geri.
Lakin şeirdə
H.Alimcanın yoxluğu,
ölümü cismani
mənada qəbul olunur. Şairə görə
H.Alimcan öz sənəti və şəxsiyyəti ilə
xalqının qəlbində
elə bir yüksəkliyə ucalıb
ki, ölümündən
sonra da yüz illər keçsə belə yaşayacaq:
Sən göz işığımda,
ürək odumda,
Necə ki, mən sağam,
bil sən də sağsan.
Gecə
yuxumdasan, gündüz
yadımda...
Yox... Məndən sonra da yaşayacaqsan!
Zülfiyyənin poeziyasında Vətənə
məhəbbət, Vətən
gözəlliklərinin tərənnümü,
Vətənə bağlılıq
geniş bir sahəni əhatə edir. Bu cür şeirlərində torpaq
təəssübkeşliyi, el-obaya məftunluq əsas qayəyə çevrilir. O, “Balxaş
axşamı”, “Tacikistan
xatirələri”, “Cənub
axşamı”, “Ürəyimə
yaxın adamlar” və s. şeirlərində
həm vətən, təbiət gözəlliklərindən
söhbət açır,
Vətəni bədii
obraz kimi səciyyələndirir, həm
də xalqların, ölkələrin dostluq,
qardaşlıq şəraitində
yaşamağının fayda
və əhəmiyyətindən
danışır. “Ürəyimə
yaxın adamlar” şeiri ənənəvi
olaraq keçmiş sovet adamlarının dostluq və qardaşlıq gücünü
əks etdirən bir şeir kimi
təhlil edilsə də, əslində şairin şəxsən
özünün bəşəri
ideallardan güc alan xalqların
birlik və dostluq şəraitində
yaşamaq arzusunu nümayiş etdirir:
Dostlarımın təmiz eşqi
hər axşam-səhər
Mənim
ürək mahnım oldu, hər evə vardım;
Tapdım
orda bu dostluğa
qol-qanad verən
Ürəyimə yaxın, doğma adamları mən.
Vətənimin hər yerində, hər bucağında
Çoxdur mənə belə doğma, yaxın adamlar.
Mən bəxtiyar zənn edərdim özümü onda,
Ürəyində yer versəydi şeirimə onlar.
Zülfiyyə müasir özbək uşaq ədəbiyatının inkişafında da misilsiz xidmətləri olan şairlərdəndir. Bu növ şeirlərində Zülfiyyə uşaq dünyasının özüməxsusluğu fonunda uşaqların maraqlarına səbəb olacaq məsələlərdən bəhs açır. “Bir bala var, adı Əlişir”, “Qızıl meydanda”, “Mən doğulan gün”, “Sənin şəfəqin” və s. kimi onlarla şeirlərinin toplandığı “Güllərim” (1959) kitabı bilavasitə uşaq şeir nümunələrindən ibarətdir. Kitaba belə bir adın verilməsi təsadüfi deyil. Çünki Zülfiyyə uşaqlara həmişə “Mənim güllərim” deyə müraciət etmiş və uşaq aləminin qəribəliklərinə nüfuz edə bilib. Məsələn, “Bir bala var, adı Əlişir” şeirində şair kiçik Əlişirin həyata maraq və baxışlarını uşaq yaş və psixologiyasına uyğunlaşdıra bilir:
Bizim Fərqanədə, gözəl qışlaqda,
Qəşəng bir binada yaşar Əlişir.
Gözü gah fırçada, gah da varaqda,
Qələmlə, rəng ilə daim əlləşir.
Ancaq bir suala tapmayır
cavab:
“Rəssam, ya jurnalist yeni dünyanın.
Fəal
qurucusu ola
bilərmi?”
Tək budur qayğısı rəssam
balanın.
Zülfiyyənin epik yaradıcılığı
da olduqca geniş və rəngarəngdir. O, özbək ədəbiyyatında “Ona
Fərhad deyirdilər”,
“İki yoldaş”, “Müşairə”, “Vadi ulduzları”, “Nəğməli
qələm” və digər poemaların müəllifi kimi tanınır. “Müşairə”
poeması Asiya və Afrika tərəqqipərvər yazıçılarının
1956-cı ildə Hindistanda
keçirilən konfransının
təəssüratları əsasında
qələm alınıb.
Poema xalqlar dostluğu, beynəlmiləlçilik,
insanpərvərlik və
s. ideyaların təbliğini
özündə əks
etdirir. “Nəğməli
qələm” poeması
isə böyük şair və alim M.Aybəkin xatirəsinə həsr olunmuş və burada onun ədəbi
obrazı yaradılıb.Zülfiyyə
müasir özbək
ədəbiyyatında məşhur
şair olmaqla yanaşı, həm də bir çox
libretto, oçerk və
publisistik əsərlər
müəllifi kimi də şöhrət qazanıb.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi.-2019.- 6-8 iyul.-
S.14.