Şamaxıda qədim məscid
aşkarlanıb
AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və
epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru, arxeoloq Akif Quliyevin rəhbəri olduğu
Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən
Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində
aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim
məscidin qalıqları aşkar edilib.
İnstitutdan
Trend-ə verilən məlumata görə, aparılan tədqiqatlarda
müşahidəçi və bələdçi qismində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı
Yasin Nuriyev də iştirak edib.
Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.
A.Quliyev dildirib ki, yerli sakinlərin yaşatdığı rəvayətə görə, Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirib. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək.
Qeyd edək ki, arxeoloji
ekspedisiya tərəfindən ərazidə
tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək,
üzərində bədii ərəb xətt növləri
ilə yazılmış Qurandan mətnlər
və stilistik təsvirlər olan klassik və son orta əsrlərin
müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də
qeyd edilib.
Xalq cəbhəsi.-2019.- 18-19 iyul.-
S.6.