Dövlətməmməd Azadi: klassik
türkmən ədəbiyyatının görkəmli sənətkarlarından
biri
2-ci yazı
Bir rəvayətə görə Dövlətməmməd Azadinin 18, başqa bir rəvayətə görə isə 11 övladı olduğu bildirilir. Bütün övladlarına məhəbbətli olan Azadi Məmmədsəfa və Abdulladan sonra dünyaya gəlmiş üçüncü oğlu Məxtumqulunun gələcəyinə daha çox ümidlər bəsləyib. Dövlətməmməd Azadi atasının adını daşıyan oğlunun sənətini yüksək qiymətləndirib, onunla fəxr edib. Dövlətməmməd Azadi 1760-cı ildə 65 yaşında vəfat edib. Bu fakt bir sıra mənbələrlə yanaşı M.Fəraqinin “Atamın” adlı şeirində də təsdiqini tapır:
Altmış beşdə novruz günü, luv ili,
Durdu əcəl, yolun kəsdi atamın.
Bu
dünyanın işi beləymiş bəli,
Ömrünün yarpağı əsdi atamın.
Lakin qeyd
etməliyik ki, şeirin Azərbaycan dilinə tərcümə
prosesində birinci misradakı “altmış beşdə”
sözlərinin səhv olaraq “altmış yaşda” şəklində
ifadə olunması Dövlətməmməd Azadinin tərcümeyi-halı
ilə bağlı müəyyən təhriflərə gətirib
çıxarmışdı. Buna görə də bu fakta əsaslananlar
onun 65 il deyil (1695-1760), 60 il (1700-1760)
yaşadığını iddia etmiş və Dövlətməmməd
Azadinin 1700-cü ildə anadan olduğunu əsaslandırmağa
çalışmışlar. Qeyd edək ki, türkmən tədqiqatçıları
luv ilini 12 illik dövriyyəyə əsasən 1748, 1760, 1772
və s. illərə aid etsələr də, şeirdə
ifadə olunan “novruz günü” ilə bağlı luv ilinin məhz
1760-cı il olduğunu təsdiqləyiblər. 1760-cı il isə 65 yaşlı Dövlətməmməd
Azadinin vəfat tarixi hesab olunur. Buna görə
də Dövlətməmməd Azadinin 1695-1760-cı illər
arasında yaşaması daha inandırıcı
görünür.
XVIII əsr klassik Türkmən ədəbiyyatının
inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində
xidmətləri olan Dövlətməmməd Azadi təxminən
40 illik yaradıcılıq fəaliyyətində humanist
duyğular carçısı kimi şöhrət qazanıb. Nurməhəmməd Əndəlib
(1660¬1740), Abdulla Şahbəndə (1720-1800), Şeydayi (XVIII əsr),
Qurbanəli Məğrubi (1735-1810) və s. kimi şairlərlə
müqayisədə Dövlətməmməd Azadinin sənəti
istər kəmiyyət, istərsə də keyfiyyət
baxımından fərqlənir. Lakin o, zəngin
yaradıcılıq irsinə sahib olsa da, əsərlərinin
yalnız bir hissəsi zəmanəmizə gəlib
çatıb. “Vəzi-Azad”, “Behiştnamə”, “Beş
namaz”, “Cabir Ənsar” poemaları, o cümlədən məsnəvi,
qəzəl, mürəbbe və rübailər müəllifi
olan Dövlətməmməd Azadi türkmən ədəbiyyatında
ilk dəfə milli birlik ideyasını ortaya atmış, ədalətli
dövlət idarəçiliyini millətin nicat yolu hesab edib.
“Azadi nəsihətləri” adı ilə tanınan “Vəzi-Azad”
poeması Dövlət- məmməd Azadi
yaradıcılığının şah əsəridir. 1753-1754-cü
illərdə məsnəvi formasında yazılmış
poema 4628 misradan ibarətdir. Əsərin
türkməncədən Azərbaycan dilinə
uyğunlaşdırılmış variantı 2012-ci ildə
çap olunmuşdur. Poema dörd baba
bölünür. Şair əsərin
yazıldığı tarix və onun adı ilə
bağlı poemanın sonuncu dörd misrasında belə
yazır:
İşbu
nəzm içrə əgər sorsan sənə
Min
yüz altmış yeddi ərdi, bilsənə,
Bu kitab
ismi nədir, deyib sorsan ad,
Qoydular adın bunun “Vəzi Azad”.
Burada əsərin
yazılmasına işarə edilən 1167-ci ili
miladi tarixə çevirəndə poemanın 1753-1754-cü
illərdə yazıldığı təsdiqini tapır. Filologiya elmləri doktoru Annaqurban Aşurov əsərin
yazılması ilə əlaqədar qeyd edir ki, D.Azadi “Vəzi-Azad”
poemasına uzun illər vaxt sərf etməyib, onu bir-iki ilin ərzində
tamamlayıb. Alim bunun səbəbini
şairin elmi və bədii təcrübəsinin yüksəkliyi
ilə bağlayır.
Dövlətməmməd Azadinin elmi və didaktik
görüşlərini əks etdirən bu əsərin elmi
traktat və ya didaktik traktat adlandırılması təsadüfi
deyil.
Çünki poemada türkmən həyatı, türkmənlərin
dövlət qurmaq istəkləri, milli birlik arzuları, alim,
hökmdar, bəy və dərvişlərə münasibət
və s. məsələlər, elmi, bədii, dini müstəvidə
dəyərləndirilir, mahiyyət əxlaqi-didaktik kontekstdə
açıqlanır, oxucu insanın cəmiyyətdəki
yerinin, rolunun və borcunun nədən ibarət olduğunu
anlamağa başlayır. “Vəzi-Azad”
poemasında əsas məqsəd kamil insan
formalaşdırmaqdır. Buna görə
də şair əsər boyu hadisələri
Tanrı-İnsan konteksində canlandırır və fikirlərini
bu müstəvidə ifadə edir. Poemanın
“Bismillahir-rəhmanir-rəhim...” başlanğıc hissəsində
şairin insana müraciəti adi bir təbliğat deyil. Burada
kamilliyə yetməyin, qəlbləri Allah nuru ilə
doldurmağın, dərgaha üzüağ getməyin, məqsədə
çatmağın bir növ əməl və şərtləri
sadalanır:
Adəm
oğlu, al bulardan ibrəti,
Eylə peyda öz-özündən qeyrəti.
Zikrin
ayğıl Tanrının şamu-səhər,
Cümlə zikrlər üzə zəhmət yağar.
Kəsmə
ümid rəhməti Allahdan,
Olma qafıl zikrüüllahdan.
Əhli-huş
ol zikri-haqsız urma dəm,
Zar eylə, çək eşqində dərdü ələm.
Yumşadıb
könlünü hikmət-söz ilə,
Dərd ilə haq fəzlindən rəhmət dilə.
Ağlagil
şamu səhərlər o ki var,
Ağlasa
gul, rəhmətin bəhri coşar.
...Qəlbini
ücbü riyadan qıl arı,
Haqq üçün qılğıl özündən
işləri.
...Bədgülükdən
kimsəni incitmədən,
Nəhyi-münkər yollarına getmədən.
Həm dəxi
qəhrü qəzəb eyləmədən,
Əhli-dillərə yaman söyləmədən.
Cani dil ilə
tanrıya şükrün yetir,
Nəhyindən qaç, barça dərmanın bitir.
“Vəzi-Azad”
poemasının birinci babı dövlət və ədalətli
hökmdar probleminə həsr edilib:
Babi-əvvəlpadişahlar
vəsfini,
Yarı versə vəsf edər Rəbbi-qəni.
Qeyd etməliyik ki, dövlət, cəmiyyət və ədalətli
hökmdar məsələləri Şərq ədəbiyyatında
aparıcı mövzu olub. F.Gürgani, Firdovsi, Nizami,
S.Şirazi, Dəhləvi, Cami, Nəvai və digər sənət
korifeyləri ədalətli idarəçiliyin tərəfdarları
olmaqla yanaşı, həm də onun təbliğatçılarına
çevrilmiş, əsərlərində ideal cəmiyyət
modellərini bu və ya digər formada ifadə ediblər. Dövlətməmməd Azadinin “Vəzi-Azad” əsərində
ədalətli hökmdar probleminin qoyuluşu bir tərəfdən
ənənənin davamı, digər tərəfdən isə
şairin yaşadığı dövrdə gərgin siyasi
proseslər nəticəsində ağır həyat
yaşayan türkmən xalqının birliyini, normal idarəçiliyini
təmin edə biləcək ədalətli, ağıllı
hökmdar ehtiyacları ilə bağlı idi. Bildiyimiz kimi XVIII əsrdə türkmən tayfa
münaqişələrinin, Nadir şah zamanında türkmən-İran
münasibətlərinin daha da gərginləşməsi
Dövlətməmməd Azadi başda olmaqla bu xalqın
qabaqcıl nümayəndələrində
narahatçılıqlar yaratmış, onlar xalq birliyinə
nail olmağı qarşılarına yeganə məqsəd
qoyublar. Dövlətməmməd Azadi
poemada adil hökmdardan bəhs açarkən həm öz
siyasi görüşlərini, həm də milli
maraqlarını ortaya qoyurdu. Çünki
onun nəzərində millət ədalətli rəhbərin
sayəsində xoşbəxt yaşayar, gələcəyə
ümidlə baxa bilər. Bu cür hökmdarları
Azadi həm Allahın, həm Peyğəmbərin, həm də
insanların istəklisi hesab edir:
Hakim
olanlar cahanda ədl ola,
Bəzəyə
yer üzünü ədli bilə
Hakimi-adil
Xuda peyğəmbəri,
Canişinim
diyp, övüpdir oları
Padişah
kim, olsa gər ədli onun,
Yer üzündə sayəsidir Tanrının.
Ədlindən
olsa xəlayiq cümlə şad,
Dərgahında
tapsa məzlumlar murad
Həq-təlanın
sevər bəndəsi bil
Ol Rəsul ümmətlərinin xası bil.
Elmi, mərhəməti,
düzgün idarəçiliyi, ağlı, fərasəti və
s. şahın vacib sifətlərindən hesab edən Azadi I
babın “Adil padşahların sifətinin bəyanında
durar”, “Ötən zamanda hekayəti-iki şahın sözləşməsi”,
“Allah-təalanrn şahı bağışlamasının bəyanı”,
“Bir padşahın bir dərviş hüzuruna gəlib sözləşməsi”,
“Zalım padşahların əzabının bəyanı”,
“Mahmud şahın ağıldan kəm istəməsinin bəyanı”
və s. bölümlərində fikirlərini daha çox rəvayət
şəklində çatdırır. Şair
bu üslub ilə mahiyyətin düzgün və asan mənimsənilməsinə
kömək göstərir, həmin parçalarda
hökmdarlar üçün vacib saydığı prinsipləri
saraydaxili proseslərlə məhdudlaşdırmır, onu
geniş ictimai dairədə təqdim edir. Məsələn, şair “Allah-təalanın
şahı bağışlamasının bəyanı”nda
hökmdarın ov zamanı tutduğu ahunun fəryadlarına
dözməyib onu azad etməsini şair hökmdar mərhəmətinin
nümunəsi kimi təqdim edir. Azadi bu detalda
mərhəmətin saray idarəçiliyində tətbiqi məsələsinə
önəm verir, mərhəmətin insanlıq
üçün əhəmiyyətini göz önündə
canlandırır. Və yaxud “Bir padşahın bir dərviş
hüzuruna gəlib sözləşməsi” hekayətində
dərvişlərin simasında elmi, irfanı təcəssüm
etdirən şair hökmdarın dərviş hüzuruna gəlişini
onun elmə səcdəsi kimi dəyərləndirir:
İşbu
sözdür olpeyğəmbərdən hədis,
Dinləgil, canın bilə, olma xəbis.
Padişahların
əzizi ol olar,
Elm əyəsinə ziyarətə gələr.
Elm əyəsindən
yamanraq ol olar,
Padişahlara ziyarət gətirər.
“Adilliyin fəzilətinin bəyanı” hekayəsinin məzmunu belədir ki, bir padşah Həcc ziyarətinə getmək istəyir. Lakin xalq hökmdarın ziyarətə getdiyi təqdirdə çətinliklərlə üzləşəcəyini bildirir və ona Həcc ziyarətinə getməməyi məsləhət bilirlər. Hökmdar bununla razılaşsa da, Həcc ziyarətinin səvabın almaq məqsədi ilə 60 dəfə ziyarətə getmiş bir vəlinin hüzuruna gedir. Lakin hökmdarın bütün var-dövləti bir Həcc ziyarəti səvabını almağa kifayət etmir. Onun kədərləndiyini görən bir dərviş hökmdara ədalətli olmağı məsləhət bilir, bir saatlıq ədalətli rəftann min Həcc ziyarətindən üstün olduğunu ona bildirir:
Gər ədalət eyləsən bir saəti,
Həm səvabın, bizə qılsan şəfqəti.
Bir səat
ədlin səvabın, ey xoca,
Vermək olmaz haqq qatında min Həccə.
Padişah
olsan ulus üzrə bu dəm,
Eyləgil hər yaxşı yarana kərəm.
Alimü
dərvişlərə ikram edə
Həm təvazölər qılıb, ənam edə.
Gər
buların şöhrətin etsə qəbul,
Sevər onu ol Xuda birlə Rəsul.
Ümumiyyətlə, Azadi əsərdə hökmdarlara
üz tutaraq onlara rəiyyətin könlünü almağa,
Tanrı, peyğəmbər əmrinə tabe olmağa,
hökm edəndə nəfsinə qalib gəlməyə,
cahillikdən uzaq olmağa səsləyir. O, əsərin “Zalım
padşahların əzabının bəyanı” adlı hissəsində
bu cür keyfiyyətlərindən məhrum olan hökmdarlara
üz tutaraq belə deyir:
Padişahlar
gər ədalət etməsə,
Tanrı,
peyğəmbər əmrini tutmasa,
Padşaha
ol ziyan eylər, ziyan,
Hər iki aləmdə ona olar yaman.
Padişahlar,
qazılar cahil ola,
Hökm
edəndə nəfsinə mail ola.
Üzünə
qara salıb məhşər günü
Kör edərlər
oların gözlərini
Həm dəxi
kəsərlər olar dillərin,
Bağlayarlar arxasında əllərin.
Elman
Quliyev
filologiya
üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.-20-22 iyul.-
S.7.