İrəvan Səfəvi dövlətinin
dövründə
3-cü yazı
Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki,“ hicri-qəməri tarixi ilə 1038-ci ildə I Şah Abbas vəfat etdi. Həmin ilin cəmadiüssani ayında onun nəvəsi Əbu Nəsir Sam Mirzə I Şah Səfi adı ilə İsfahanda hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə 1041-ci ildə İrəvanda hakimlik, Çuxursəddə bəylərbəyilik edən Təhmasibqulu xana Azərbaycana basqın edənləri cəzalandırmağı əmr etdi. Təmasibqulu xan da basqınçıları darmadığın edərək, onları Diyarbəkrə qədər qovub, qələbəylə geri qayıtdı.
Osmanlı sultanı IV Murad Şah Abbasın ölümündən sonra Səfəvilər dövlətinin daxilində baş verən qarşıdurmalardan istifadə etmək qərarına gəldi. O, Bağdadı, Azərbaycanı işğal etməklə Şah Abbas dövründəki məğlubiyyətlərin əvəzini çıxmaq istədi. Osmanlılar Səfəvi dövlətinə qarşı hücuma başlasalar da, onların qarşısı alındı. Belə olan halda, Sultan Murad şəxsən özü orduya rəhbərlik etmək qərarına gəldi. O, hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvana hücum etdi. Şəhər Əmirgunə xanın oğlu Təhmasibqulu xan tərəfindən Osmanlılara təslim edildi. Bu hadisəyə Osmanlı tarixçiləri müfəssəl şəkildə toxunublar. Onlar yazırlar ki, IV Sultan Murad Əmirgunənin oğlunun bu addımından sonra ona xüsusi diqqət yetirdi. O, Boğaz adlı məhəlləyə köçdü və həmin məhəllə bu gün də Əmirgunənin oğlunun adı ilə “Əmirqan” adlanır. Osmanlılar İrəvanı tutduqdan sonra Təbrizə doğru hərəkət etdilər. Lakin Sultan Murad Təbrizi işğal edə bilmədi, ətraf kəndlərdə və qəsəbələrdə dağıntılar törətdikdən sonra İstanbula qayıtdı.
Şah Səfi İrəvanı azad etmək qərarına gəldi. O, şəhəri mühasirəyə almaq üçün İsfahandan toplar gətirmək barədə göstəriş veridi. Həmin günlərdə Xoyda "Baliməz" və ya "Yoldaş" adlanan çox böyük bir top da var idi. Baş komandan Rüstəm xanın qardaşı Lor hakimi Kəlbəli xan və Əliqulu xan Yasavulla birgə həmin topu götürmək üçün Xoya yollandı. Onlar topu götürüb şah ordusuna yetişdilər... İrəvan uğrunda bu döyüşlərdə Osmanlı ordusu 22 min nəfər canlı qüvvə itkisi verdi. Şəhər yenidən Səfəvilərin ixtiyarına keçdi.
İrəvan qalasının fəthi ilə
bağlı Şah Səfi Xəlil bəy
Zaxoriyə və Səftər xana
müraciətlə iki fərman
imzalamışdır. Onların hər ikisi
"İranın Qafqazla əlaqələri
haqqında sənədlər" kitabında çap
olunmuşdur. Hicri-qəməri tarixi ilə 1045-ci ilin zilqəddə
ayında imzalanmış birinci fərmanda
deyilir: "Rum
hökmdarı Firənglə sülh bağlayan kimi ordusunu götürüb
İrəvan qalasını ələ keçirməyə gəldi.
Şəhərin hakimi Təhmasibqulu xan Qacar
üzüqaralıq edərək... qalanı onlara
təslim etdi. Rum hökmdarı da kürəkəni və vəziri Murtəza
paşanın, o cümlədən digər
mötəbər paşa və əmirlərin
rəhbərliyi altında orada 12 min döyüşçü
saxlayıb özü geri
qayıtdı. O, qalada xeyli hərbi
sursat, top və odlu silah da
saxladı. Bizim hökmdarımız
bu xəbəri eşidib, yenidən qalanın azad edilməsini əmr etdi. O, qazilərə
qalanı mühasirəyə
almaq, onu top atəşlərinə tutmaq
haqqında göstəriş
verdi. Qısa müddətdə
toplar ön cəbhəyə gətirildi,
mərmi zərbələri
ilə Şirhacı hasarının divarı altındakı taxta döşəmələr dağıdıldı.
Şəvval ayının 17- də
əsgərlər yürüşə
başladı, səhərdən-axşama
qədər davam edən döyüşdə
Murtəza paşa və digər bir neçə paşa qətlə yetirildi. Rum əsgərlərinin
çoxu həlak oldu, qalanları isə əsir alındılar. Murtəza paşanın
qətlə yetirilməsi
xəbəri (artıq
döyüşün üçüncü
günü idi) hələ digər döyüşçülərə çatmadığından, onlar
qalabəyinin əmri ilə daha böyük
cəsarət və əzmlə döyüşürdülər.
Bu zaman bizim
imanlı qazilər qalanın ətəyindəki
divara yaxınlaşıb,
orada möhkəmləndilər.
Bir qədər keçəndən
sonra onlar yenidən yürüşə
başladı və çətinliklə də
olsa qala qapılarını aça
bildilər. Bundan
sonra sayı, təxminən, beş
min nəfər olan paşa və mühafizəçilər qibleyi-aləmə
pənah gətirib, ondan aman istədilər.
Naibi-humayinimiz cənnəti-məkan
ata-babasının cəddinə
dua-səna edərək
həmin insanların malına və canına aman verdi. Torpaqların azad edilməsində və dövlətin qorunmasında xidmətləri
olan şəxslərə
şaha layiq diqqət göstərilməli,
onlar mükafatlandırılmalı,
ehtiyacları və xahişləri yerinə yetirilməlidir".
“Şah Səfi tərəfindən Əmirgunə
ləqəbi almış
Təhmasibqulu Mirzə
IV Sultan Muradın qoşunlarına
bir müddət müqavimət göstərdi,
ancaq sonda İrəvanı ona təslim etdi. Bu satqınlıq müqabilində
ona Yusif paşa ləqəbi verildi. Nəticədə o, Hələbin hakimi
və vəzir oldu. İrəvanda əsir götürülən
Təhmasibqulu tezliklə
sultanın qəlbinə
yol tapıb, onun ən yaxın
dostuna və munisinə çevrildi.
O, sultanın bütün
əyləncə məclislərində
iştirak edir, daim onunla bir
yerdə olurdu. Ancaq IV Sultan Murad öldükdən sonra onun yerinə gələn sultan İbrahim
Səfəvi dövlətinə
dost münasibəti ilə
tanınırdı. O, hakimiyyətə
gələn kimi Təhmasibqulu xanı Səfəvi dövlətinin
Osmanlıdakı səfirinə
təhvil verdi
və səfir də onu Səfəvi
hökmdarının əmri
ilə İstanbul şəhərində edam etdirdi.
Hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvan yenidən Səfəvi dövlətinin ixtiyarına
keçdi. Səfəvilərin nüfuzlu şəxslərindən
biri ora hakim təyin olundu. Bununla da Çuxursəddə Əmirgunə xanın irsi hakimiyyətinə son qoyuldu və bundan sonra Çuxursədə
hakimlər Səfəvi
dövləti tərəfindən
göndərildi”.
A.Bakıxanovun yazdığına görə,
Şah Səfinin yanına girov kimi göndərilən kumık əmiri Surxay Mirzənin qardaşı Əlqas Mirzəyə Səfiqulu xan ləqəbi verilib və o, əmirlər sırasına
daxil olduqdan sonra bir müddət
İrəvanda və Şirvanda hakimlik edib.
Faruq Sümer də yazır: "Şah Səfi zamanında Ağcaqala və Lorinin valisi olan İsa xan
Sultan hicri-qəməri tarixi
ilə 1066-cı ildə
(miladi tarixi ilə 1656-cı ildə) Çuxursəddə də
hakimlik etmişdir".
Şah Səfinin ölümündən sonra onun oğlu II Şah Abbas hakimiyyətə gəldi. O, hicri-qəməri tarixi ilə 1052-ci ildə taxta çıxdı. Onun hakimiyyəti hicri-qəməri tarixi ilə 1077-ci ilə qədər davam etmişdir. Bu illərdə Osmanlı imperiyası Avropa dövlətləri ilə siyasi və hərbi konfliktlər yaşadığından, Azərbaycana və o cümlədən İrəvana hücumlar olmamışdı. Lakin II Şah Abbasın hakimiyyəti dövründə daxili vəziyyət qeyri-stabil olmuş və hakimlər tez-tez dəyişdirilmişdir. Çuxursəd bəylərbəyi Məhəmmədqulu xan da bu dövrdə tutduğu vəzifədən azad olunmuşdu.
Hicri-qəməri tarixi ilə 1077-ci ilin rəbiüləvvəl ayında II Şah Abbas vəfat etdi və onun oğlu Səfi Mirzə əvvəlcə II Səfi adı ilə taxta çıxdı, lakin çox tezliklə o, Şah Süleyman kimi tanındı. Onun hakimiyyəti dövründə də İrəvan qonşuları tərəfindən təcavüzə məruz qaldı. "Lakin hicri-qəməri tarixi ilə 1089-cu ildə (miladi tarixi ilə 1679-cu ilin iyun ayının 4-də) İrəvanda güclü zəlzələ baş verdi və şəhər yerlə-yeksan oldu. Bundan sonra qala yenidən bərpa olundu və daha da genişləndirildi".
Bu zəlzələdən öncə İrəvanda olmuş məşhur fransız səyyahı J.Şardən öz "Səfərnamə"sində bu torpaqlar haqqında ətraflı söhbət açmışdır. O, yazır: "İrəvan böyük şəhərdir, çoxlu bağları olsa da, çirklidir. Burada böyük binalar yoxdur. Ətrafı dağlıqdır. İki çayı var: Biri Zəngi adlanan böyük çay, ikincisi kiçik Qırxbulaq çayıdır. Zəngi çayı şəhərin kənarından axır, Qırxbulaq isə şəhərin içindən keçir. Şəhər kənarında yerləşən İrəvan qalası da şəhər hesab olunur. Qalanın əhalisi müsəlmanlardan ibarətdir, amma burada ermənilərin də dükanları var. Onlar gündüz dükana gəlib, alver edir, gecə isə şəhərə qayıdırlar. Qalanı iki min silahlı mühafizə edir. Bir neçə top daim döyüşə hazır vəziyyətdə saxlanılır. İrəvan hakiminin evi qalada Zəngi çayının axar-baxarlı yerindədir.
Burada bir “Narınc” qala da vardır. Orada da böyük toplar qoyulub... İrəvanda ətrafına ağaclar
əkilmiş dördguşəli
böyük bir meydan vardır. Həmin meydanda cıdır yarışları
keçirilir... Əyalətdə əkinçilik inkişaf
edib, burada hər cür ağac və bitki əkilir. İrəvanın ətrafından axan
çayda çoxlu balıq olur, ən çox isə forel ovlanır".
Şah Süleymanın
yeddi oğlu var idi. Böyüyü Hüseyn Mirzə idi. Şahın ölümündən sonra (hicri-qəməri tarixi ilə 1006-cı ildə) əmirlər onu hakimiyyətə gətirdilər. Saray əyanları
onun qorxaq və cəsarətsiz olmasından istifadə edib hakimiyyəti ələ almaq istəyirdilər. Hüseyn Mirzənin
dövründə Səfəvilər
sülaləsinin ömür
kitabı qapandı və hicri-qəməri tarixi ilə 1135-ci ildə əfqanlar İsfahanı işğal
etdilər.
Əvvəlcə Mahmud Əfqan hakimiyyətə gəldi. Mülayim xarakterə
malik olan bu adam bir sıra hadisələr
nəticəsində son dərəcə
dəyişdi. O, təsəvvürəgəlməz
dərəcədə vəhşi
cəza üsulları
tətbiq etməyə
başladı. İş o yerə
gəlib çatdı
ki, vəziyyətdən
çıxmaq üçün
əfqan ağsaqqalları
çarə axtarmalı
oldular. Onlar Mahmudun öz
göstərişi ilə
zindana atılmış
əmisi oğlu Əşrəfi həbsdən
azad edib, onun yerinə taxta oturtmaq qərarına gəldilər.
Beləliklə, Əşrəf
Əbdüləziz oğlu
hicri-qəməri tarixi
ilə 1137-ci ilin şaban ayında (miladi tarixi ilə
1725-ci ilin aprelində)
İsfəhanda taxta çıxdı və onun adına
sikkə kəsildi. Bununla da qısa zamanda
hakimiyyət uğrunda
mübarizə başa
çatdı. Əşrəf sultan qəsrinə sahib olan kimi Mahmud qətlə yetirildi.
Hicri-qəməri tarixi ilə
1139-cu ildə (miladi tarixi ilə 1726-cı ildə) Osmanlı ordusu ilə Əşrəfin qoşunları
arasında döyüş
baş verdi.
Əşrəf məğlub olduğunu
görüb, qarşı
tərəfə sülh
təklif etdi. Həmin müqavilənin şərtlərinə
görə, Səfəvi
dövlətinin əksər
şəhərləri, o cümlədən
İrəvan Osmanlılara
təhvil verilirdi.
Məhəmməd Kazım Mərvi
bununla bağlı yazır: "Mahmud Əfqan
İsfahanda hakimiyyətə
gələn kimi Rum hökmdarı Sultan Əhməd
paşalara göstəriş
verdi ki,
İrəvan və Gürcüstandan Təbrizə,
Bağdad ətrafından
Həmədana qədər
bütün əraziləri
işğal edib, hər şəhərə
hakim və amil təyin etsinlər. Növbəti ildən isə
bu şəhərlərin
gəlir və məhsulları hesablansın".
Elçin Qaliboğlu
Xalq
Cəbhəsi.- 2019.- 25-26 iyul.- S.6.