Abay Kunanbayev: həyatı və
yaradıcılığı Ədəbiyyat
1-ci yazı
Türklərin çoxminillik ictimai-siyasi, elmi-mədəni, ədəbi-bədii və s. inkişaf tarixində hər bir türk tayfasının özünəməxsus xidmətləri olub. Bu sırada qazaxların da yeri var. Qazaxlar qədim türk təfəkkürünü, xarakterini özündə əks etdirən bir xalqdır. Başqa türk xalqları kimi qazaxlar da varislik ənənələrindən layiqincə bəhrələnib, ümumtürk estetik təfəkkürünün inkişafında müstəsna xidmət göstəriblər. Qazax ədəbiyyatı ilə ümumtürk ədəbiyyatı arasında müəyyən genetik-funksional əlaqə həmişə müşahidə olunub, XX əsrin 70 illik bolşevizm ideyaları təsirində belə bir vəhdət özünü qoruyub saxlaya bilib.
Qazax şifahi ədəbiyyatının ilk və aparıcı janrı nəğmələrdir. Nəğmələr forma və məzmununa görə müxtəlifdir. Qazax nəğmələri içərisində matəm və toy nəğmələri üstünlük təşkil edir. Onların yaranmasının konkret olaraq hansı tarixə aid olması dəqiq bilinməsə də, bu nəğmələrdə qazax milli ruhu və dəyərləri aydın duyulur. “Yar-yar”, “Qız tanıs”, “Bet açar” (“Niqab götürmə”), “Ayt gəlin”, “Könül aytu”, “Joktay”, “Koştasu” və s. toy və matəm nəğmələrinda insanın şərəf və ləyaqəti, gəlinin həyəcanları, ailədə ağsaqqalın yeri, ər və arvad münasibətləri, ölən insanla vidalaşma və s. məsələlər əksini tapır.
Qazax folklorunda epik dastanların xüsusi yeri var. Qazax dastanları qəhrəmanlıq və aşiqanə olmaqla iki qrupa bölünür. “Qoblandı batır”, “Qənbər batır” dastanları qəhrəmanlıq dastanlarıdır. “Qoblandı batır” dastanında əsərin qəhrəmanı Qoblandı kalmık ordusunda qarşı mübarizə aparır. O, düşməni dəf edərək vətəni talançılardan xilas edir. Dastanın sonunda Qoblandının qələbə döyüşü həm real, həm də fantastik boyalarla təsvir edilir. “Kozı, Korpeş və Bayan Slu” və “Ayman Şolpan” məhəbbət dastanlarıdır. Hər iki dastanda sevən gənclər sevgilərinə sədaqətli olduqları üçün məkrli rəqiblərinə qalib gəlib bir-birlərinə qovuşurlar. Qeyd edək ki, qırğız, tatar, özbək, qaraqalpaq türklərində də bu dastanların dəyişik variantlarını görmək mümkündür.
XVIII əsrdən etibarən qazax ədəbiyyatında akın poeziyası yaranmağa başlamışdır. Qazaxıstanda jırau və ölençi sözləri akın sözü ilə yanaşı işlədilib. Çünki jır və ölen sözləri nəğmə və ya mahnı mənaları ifadə etdiyindən, onu söyləyən və yazan şəxslər müvafiq olaraq jıran və ölençi adlanır. Bu mənada akınlar da şeir ifa edən, eyni zamanda şeir yazan yaradıcı sənətkarlar hesab edilir. Bukar jırau Kalmakan oğlu XVIII əsr qazax akın poeziyasının ilk nümayəndəsidir. XIX əsrdə akın poeziyası Dövlət Babatay oğlu, Şortaybay Kanayoğlu, Şal Kuleke oğlu, Məhəmbət Ötemiş oğlu, Süyünbay Aron oğlu və s. şairlər tərəfindən inkişaf etdirilib. XIX əsr akın poeziyasının mövzu dairəsi xeyli genişlənib. XIX əsrin ictimai-siyasi hadisələri akın poeziyasında aparıcı mövzuya çevrilib. Bu səbəbdən hakim təbəqələrə nifrət hissi, onlara qarşı mübarizənin aparılması, kəndlilərin acınacaqlı vəziyyəti və s. mövzular akın ədəbiyyatında önəmli yer tutmağa başlayıb.
Qazax yazılı ədəbiyyatının yaranması XIX əsrin payına düşür. Qazax yazılı ədəbiyyatının yaranmasına akın poeziyası böyük təsir göstərib. XIX əsr qazax yazılı ədəbiyyatının üç böyük nümayəndəsi olub: Çokan Vəlixanov (1838-1865), İbray Altınsarın (1841-1889) və Abay Kunanbayev (1845-1904). Ç.Vəlixanov publisistik və etnoqrafik əsərlər, folklora aid məqalələr, İ.Altınsarın nəsihətamiz şeir və hekayələr, publisistik əsərlər və s. müəllifi kimi qazax yazılı ədəbiyyatının təşəkkül və inkişafında mühüm rol oynayıblar. Ç.Vəlixanovun folklorşünas kimi qırğız dastanı “Manas”ı toplamaq və onunla bağlı ilk dəfə elmi fikir söyləmək baxımından xidmətləri böyükdür.
Abay Kunanbayev XIX əsr qazax realist ədəbiyyatının ən böyük şairidir. 200-ə yaxın şeir, 3 poema və 45 nəsr əsərinin müəllifi olan A.Kunanbayev demokratik ideyalar çarçısı kimi xalqının istək və arzularını, çətinliklərini, mübarizə əzmini və s. halları realist tərzdə qələmə alıb. Ç.Vəlixanov, İ.Altınsarın və A.Kunanbayev yaradıcılıqları XX əsrin əvvəlləri qazax ədəbiyyatı üçün ənənə rolunu oynadı. Bu ənənə Akılbay, Akan Səre Koramsa oğlu, Sultanmahmud Torayqırov, Sabit Dopentayev, İsfəndiyar Kobeyev, Səkən Seyfullin, İlyas Cansuqurov və başqaları tərəfindən qorunub saxlanılıb. XX əsrin əvvəllərində qazax ədəbiyyatında roman janrının əsası qoyuldu. İsfəndiyar Kobeyevin “Kalım” və Sultanmahmud Torayqırovun “Gözəl Qəmər” əsərləri qazax ədəbiyyatının ilk roman nümunələri hesab olunur. XX əsrin əvvəllərində “Aykap”, “Qazax” və digər dövrü mətbuat nümunələrində ictimai-siyasi problemlərlə, ədəbiyyat, mədəniyyət və s. məsələlərlə bağlı yazıların dərc edilməsi qazax milli ruhunun və demokratik düşüncəsinin inkişafına böyük təsir göstərib. Yeni ruhlu milli ideya və milli düçüncə ideyaları qazax sovet ədəbiyyatında da müxtəlif formalarda təzahürünü tapmağa başladı. Cambul Cabayev, Sabit Mukanov, Muxtar Auezov və başqalarının yaradıcılıqlarında sovet ideoloji ölçülərinin yer alması ilə yanaşı, milli-mənəvi özünəməxsus dəyərlər də qorunub saxlanılırdı.
Abay Kunanbayev XIX əsr qazax yazılı ədəbiyyatının inkişafında, tənqidi realizm prinsipləri daxilində ədəbiyyatın yeni məzmun, yeni forma qazanmasında müstəsna xidmətləri olan sənətkardır. O, 10 avqust 1845-ci ildə Tobıkdı qəbilə başçısı ailəsində dünyaya gəlib. Atası Kunanbay ciddi, həm də sərt xarakterli şəxs olub. Bu sərtlik sonralar Abay Kunanbayevə də münasibətdə özünü göstərib. Abayın əsl adı İbrahim olub. Anası Ulcan xatunun onu nəvazişlə Abay (mənası “nəzakətli, mehriban” deməkdir) deyə əzizlədiyinə görə qəbilədə hamı ona bu adla müraciət edib. Sonralar o, bu adı özünə təxəllüs seçib. Qeyd edək ki, Abay Kunanbayev sevimli anasını uşaq yaşlarında itirib, bu itki haqqında şeirlərindən birində belə yazıb:
İlahi, ilahi, mənə nə qədər
Acı gözyaşını rəva bilmisən.
Hələ körpə ikən, bir aydın səhər
Doğmaca anamı itirmişəm mən.
Abayın atası nə qədər sərt və qəddar olsa da, oğlunu təhsilli görmək istəmiş və bu arzu ilə 1857-ci ildə onu Semipalatinskdə Əhməd Rza mədrəsəsinə təhsil almağa göndərmişdi. O, mədrəsədə əlavə olaraq fərdi şəkildə ərəb, fars və cığatay dillərinin incəliklərini öyrənməyə başlayıb. Lakin Abay Kunanbayev mədrəsə təhsilini yarımçıq saxlayıb, burada fəaliyyət göstərən rus məktəbinə gedib. Heç şübhəsiz, rus təhsili almaq gənc Abayın rus və Avropa mədəniyyəti ilə tanışlığına şərait yaradıb, onun dünyagörüşünə müəyyən təsir göstərib. Abay Semipalatinskdə 5 il oxuduqdan sonra atasının təkidi ilə təhsilini yarımçıq qoyub Tobıkdıya qayıdır. Atasının məqsədi oğlunu qəbilə rəhbəri kimi formalaşdırmaq idi. Ata ilə oğul arasındakı ziddiyyətlər nəticədə 1873-cü ildə Abay Kunanbayevin atasından ayrılmasına gətirib çıxarır.
Bu ziddiyyətlərin kökündə atasının feodal dünyagörüşü, onun Abayın anasına olan ögey və qəddar münasibəti, qonşu qəbilələrə, o cümlədən Abayın özünə qarşı sərt rəftarı və s. dayanırdı. A.Kunanbayev müasirləri olan Ç.Vəlixanov, İ.Altınsarı, Şal Kuleke oğlu, Məhəmbet Ötemis, Süyunbay Aran oğlu, C.Cabayev kimi şəxsiyyətlərlə həmsöhbət olmuş, qarşılıqlı təsir qazax ictimai-mədəni fikrinin formalaşmasında əhəmiyyətli rol oynayıb.
A.Kunanbayev yaşadığı qəbilədə mədəni həyatın yüksəlişinə böyük təsir göstərib. O, həm Şərq, həm də Qərb ədəbi və fəlsəfi fikir tarixinin bir çox aparıcı simalarının yaradıcılığı ilə tanış olmuş, bunlardan bəzi nümunələri şifahi və yazılı formada yaya bilib. A.Kunanbayev Şərqin mütəfəkkir sənətkarları olan Firdovsi, Sədi, Nizami, Nəvai, Füzuli və s. şairlərin yaradıcılıqları ilə orijinaldan tanış olub. Azərbaycan ədəbiyyatı nümunələrindən “Leyli və Məcnun” və “Koroğlu” əsərlərini qazaxlar şifahi şəkildə onun sayəsində mənimsəyə biliblər. O cümlədən A.Dümanın, Puşkinin, Krılovun, Saltıkov-Şedrinin, L.Tolstoyun və başqalarının əsərlərinin məzmunu haqqında şifahi məlumat həmvətəndaşlarına çatdırılıb və bu yolla XIXəsrin II yarısında qazaxların Şərq və Qərb mədəniyyəti ilə bağlı tanışlığının əsası qoyulub.
Ancaq onun dünyagörüşü ilə cəmiyyət, idarəçilik qanunları arasında olan ziddiyyət Abaya qarşı kəskin ittihamların və hücumların başlamasına səbəb olub. Lakin bunlar onu qorxutmayıb, öz demokratik, humanist fikirlərini deməkdən çəkinməyən A.Kunanbayev cəmiyyət eyiblərini qamçılayan, bəy və bolısların harınlığını, xalqı talayan siyasətini ifşa edib, əsl həqiqətləri xalqa çatdırıb. Bir neçə dəfə ona qarşı sui-qəsdlər edilsə də, bunlar nəticəsiz qalıb. 1895-ci ildə böyük oğlunu, 1904-cü ildə isə şeir-sənət sahibi kiçik oğlunu vaxtsız itirməsi Abay Kunanbayevin mənəvi sarsıntılarına səbəb olub, böyük sənətkar 1904-cü ildə kiçik oğlunun ölümündən 40 gün sonra vəfat edib.
XIX əsr qazax ictimai-siyasi proseslərini özündə əks etdirən Abay Kunanbayev yaradıcılığı mənsub olduğu xalqın ölməz bədii irsidir. Abay Kunanbayev 200-ə yaxın şeir, 3 poema və 45 nəsr əsərinin müəllifidir. “Dəvə qovan” adlı ilk şeiri 1855-ci ildə 10 yaşında olarkən yazılıb. O, öz maarifçi görüşlərini poeziya və nəsrin imkanları daxilində dilə gətirib, xalqına mənəvi dəstək olaraq onların həyat tərzini, arzu və istəklərini, çətinliklər girdabında əziyyətlərini realist tərzdə qələmə alıb. A.Kunanbayevin yaradıcılıq ideyalarının əsasında maarifçi görüşləri dayanır. Bir maarifçi kimi o, cəmiyyətin inkişafını, onun nicatını maariflənmədə görürdü. Çünki A.Kunanbayevin yaşadığı mühit nadanlıq və cəhalətin hökm sürdüyü ən qatı feodal-patriarxal mühiti idi. Ona görə də demokratik ideyalar carçısı olan şair yeganə çarə kimi oxumağa, təhsilə üstünlük vermiş, bunun təbliğini ön plana çəkib:
Ən böyük sevincimiz uşaqlardır, uşaqlar,
Bildim ki, oxumaqla olacaqlar bəxtiyar.
Göndərdim mədrəsəyə, tapsınlar orda şöhrət,
Qazansın el içində onlar biliklə hörmət.
A.Kunanbayev əsərlərində xalqına
məsləhətlər verib,
öyüd-nəsihətləri ilə onları yaxşı işlər görməyə səsləyib. Bu çağırışda
o, insanları elm oxumağa,
müdriklərdən nümunə
götürməyə, zəhmətə
qatlaşmağa, təvazökar
olmağa səsləyir,
haqq yolunun qapısını onlara nişan verir.
Lakin cəmiyyətin nadanlıq
cəbhəsi A.Kunanbayevi
nəinki başa düşməyib, hətta
ona qarşı düşmən mövqedə
dayanmaqdan, sui-qəsd etməkdən belə çəkinməyib.
Məni
başa düşən
yox,
Çox da ki, hey yazıram.
Nə çarə bu dünyadan
köçməyə də hazıram?
- deyən şairin
xalq sevgisi, ona xidmət amalının böyüklüyü
qədər güclüdür
ki, bu yolda
ölümə də
hazır olduğunu bildirir.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi.-2019.- 25-26 iyul.-
S.7.