ŞƏRƏF
RƏŞİDOV - şair,
yazıçı, ədəbiyyatşünas, publisist Ədəbiyyat
Şərəf Rəşidov Özbəkistanın görkəmli şair və yazıçısı, ədəbiyyatşünası, publisisti, ictimai və dövlət xadimi kimi böyük nüfuza malik şəxsiyyətlərindən biridir. O, 1917-ci ildə Cizzax şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra, Səmərqənd Dövlət Universitetinə daxil olmuşdur. Şərəf Rəşidov 1937-1941-ci illərdə universitetdə təhsil alıb, 1941-ci ildə ordu sıralarına çağırılıb. 1942-ci ildə cəbhədə yaralanıb və doğma Özbəkistana qayıdıb.
O, 1942-1944-cü illərdə “Lenin yolu” qəzetinin redaktoru olub. Ş.Rəşidov bundan sonra daha məsul vəzifələrdə çalışıb, tapşırılan işlərin öhdəsindən ləyaqətlə gəlib. O, 1944-1947-ci illərdə Səmərqənd vilayət firqə komitəsinin katibi vəzifəsinə təyin edilib. 1947-1949-cu illərində isə tanınmış sənətkar “Qızıl Özbəkistan” qəzetinin məsul katibi, 1949-50-ci illərdə Özbəkistan Yazıçılar Birliyinin rəhbəri olub. O, 1950-ci ildə Özbəkistan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib və Özbəkistan Respublikasının ali qanunverici orqanına 1959-cu ilə qədər rəhbərlik edib. 1959-cu ildə Şərəf Rəşidova daha böyük etimad göstərilərək Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. O,ömrünün sonuna qədər, yəni 1983-cü ilədək bu vəzifədə çalışıb.
Bir ictimai və siyasi xadim kimi onun əməyinə hələ sağlığında böyük qiymət verilib. O, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir çox orden və medallarla təltif edilib. Vaxtilə Sovetlər Birliyi zamanında dövlətin ən nüfuzlu təşkilatı olan Siyasi Büro üzvlüyünə namizəd olub. Görkəmli yazıçının 1981-1983-cü illər arasında əsərlərindən ibarət 5 cildliyi işıq üzü görüb.
Şərəf Rəşidov XX əsrin 30-cu illərinin axırlarında ədəbiyyata gəlib. 1945-ci illərə qədər o, əsasən şair kimi tanınıb. Görkəmli ədib 40-cı illərin ortalarından başlayaraq ədəbi tənqidlə də məşğul olub, bir ədəbiyyatşünas-alim kimi ədəbiyyatın ideya-bədii, estetik xüsusiyyətlərini özündə əks etdirən çoxsaylı məqalələr çap etdirib. Onun yazmış olduğu “Həyat və ədəbiyyatda yeniliklər”, “Bədii və ideya yüksəkliyi üçün”, “Yüksək ideallar yolunda” və s. elmi-nəzəri məqalələri bu baxımdan xarakterikdir.
Lakin ayrı-ayrı sahələrdə qələmini sınaqdan çıxarmasına baxmayaraq, Ş.Rəşidov hər şeydən əvvəl qüdrətli nasir kimi uğur qazanmış və yaddaşlarda mühafizə olunub. Ədibin “Qaliblər” (1951), “Borandan güclü” (1958), “Güclü dalğa” (1964), “Ürək hökmü” (1982) və s. kimi əsərləri müasir özbək ədəbiyyatının ən layiqli yaradıcılıq nümunələrindəndir. Qeyd edək ki, bu əsərlərdə realist təsvir üsuluna geniş yer verilib.
“Qaliblər” romanı əsrlər boyu susuzluqdan əziyyət çəkən sahələrə su çəkməklə həyat verən qəhrəman adamların əməyinin tərənnümünə həsr edilib. Hadisələrə tarixi-konkret şəraitə uyğun müdaxilə edən sənətkar romanda Altınsay vadisində gedən ictimai həyat proseslərini, Altın saylıların həyat tərzini, arzu və istəklərini geniş şəkildə təsvir edib.
Əsərin baş qəhrəmanı Ayqızdır. O, zəhmətkeş, təşəbbüskar, təşkilatçı bir qızdır. Ayqız daim yaratmaq və qurmaq əzmi ilə yaşayır. Baxmayaraq ki, onun nəcib işləri qarşısında sədd çəkmək istəyənlər var, son anda Ayqız özünün mətinliyi hesabına qalib çıxır. Romanda müəllif yüksək ideallar yolunda qələbə çalıb qaliblərə çevrilənlərin cərgəsində Alimcanı, Curabayevi, Urumzaq atanı, Smirnovu, Bekbutanı və s. saxlamaqla həyatda qurub-yaradan insanların, böyük əməl sahiblərinin xüsusi bir qrupunu tərənnüm edir. Bu adamlar müxtəlif yaş qruplarına və müxtəlif iş-xidmət sahəsinə mənsub olsalar da, xeyirxah əməllər uğrun- da apardıqları mübarizəyə görə bir sırada dayana bilirlər.
“Qaliblər” romanı
maraqlı bir başlanğıca malikdir. Oxucu ilk
anda səhərin al-əlvan günəşli
bir çağında
Ayqız və onun vətəni Altınsayla tanış
olur. Romanın qəhrəmanları başda Ayqız olmaqla torpaq adamlarıdır. Torpağın ən böyük həsrəti su olduğundan müəllif
öz qəhrəmanlarını
bu vacib işin həlli yolunda səfərbər edə bilir. Buna görə də
Ş.Rəşidovun obrazları
real təsvirdə qeyri-adilikləri
ilə seçilirlər.
Müəllif bütün hadisə
və əhvalatları
Ayqızla bağlamağa
cəhd göstərir.
Ayqızın uşaqlıq dövründən
haşiyələr çıxır.
Onun dağda qartalla rastlaşmasını Ayqızın
ürəyində qorxunun
olmaması və qalib gəlmək naminə cəsarətinin
böyüklüyü şəklində
xarakterizə edir.
Müəllif əsərdə Ayqızı əxlaqi-mənəvi
baxımdan ən yüksək zirvədə
saxlayır. Ayqızın təsəvvüründə xalqa
xidmətdən və
sədaqətdən başqa
heç nə yoxdur. Buna görə
də kimliyindən asılı olmayaraq, xalq malına xor baxanlar, xalq
maraqlarına zidd gedənlər onun kəskin nifrət və qəzəbi ilə rastlaşırlar.
Dayısı Qafurun kolxoz
əmlakına xor baxması Ayqızın ona qarşı ittihamları ilə nəticələnir. Əslində müəllif bu halı verməklə Ayqızın xarakter və hərəkətlərinin
prinsipial və çevikliyindən daha geniş danışmaq məqsədi güdmüşdür.
Buna görə romanda hərəkətləri
pərdələn, ilk baxışdan
heç bir mənfi keyfiyyəti görünməyən kolxoz
sədri Qədirova qarşı mübarizə
aparmaq Ayqız üçün asanlaşa
bilir. Həmin mübarizədə Ayqız bir çox tərəfdarları
ilə yanaşı, sevgilisi Alimcana daha çox arxalanır. Alimcan zəngin
mənəvi keyfiyyətlərə
malik gəncdir.
O, ilk ən böyük
imtahanını Vətən
müharibəsində vermişdi.
Müharibənin çətinliklərinə sinə gərib, düşmənə qarşı
amansız olub. İnsanlara sonsuz rəğbət və qayğısı onu Ayqızla bir cərgədə birləşdirir. Hər ikisinin
gənc olmasına baxmayaraq, onlar xalqın gələcək
həyat normalarının
müəyyənləşdirilməsində,
kolxoz əməkçilərinin
tale yüklü məsələlərinin
həllində diletantlıq
etmirlər, real vəziyyətdən
baş çıxarmağı,
zamanın nəbzini tutmağı bacarırlar.
Ona görə də vadidə səlahiyyətləri
üstün olan kolxoz sədri Qədirova qarşı mübarziyə girməkdən
çəkinmirlər, hər
kəsin yanlış
mövqeyini üzünə
deyə bilirlər.
Roman qalib adamların sonda da mübarizədə
zəfər çalması,
Altın- sayın su həsrətinin başa çatması, Qədirov kimi arxayın, biganə, eyni zamanda məsuliyyətsiz
adamın ifşa olunması, ən nəhayət əsərin
iki mübariz müsbət personajının
ailə həyatı qurması ilə nəticələnir. Maraq doğuran
cəhətlərdən biri
də əsərdə
görülən işlərin
verəcəyi faydanın
və adamların gələcək arzularının
tərənnümünün bədii əksi ilə bağlıdır.
Romanın sonunda bu arzu və
istək öz ifadəsini belə tapır: “Altınsaylılar
əsrlərlə istidən
yanan təşnə torpaqlara su çıxarmışlar.
Xam torpaqları əkib-becərir,
bəndin tikintisini davam etdirirlər. Tezliklə pambıq məhsulu götürəcəklər. Altınsay dərəsində gələn
il böyük su hövzəsi tikiləcək, sonra da hidrostansiyanın işıqları ətrafa
yayılacaq”. “Qaliblər”
romanının davamı
kimi nəzərdə
tutulan “Borandan güclü” əsəri əslində yuxarıdakı
hiss və arzuların
təsvir və tərənnümünü özündə
əks etmək məqsədi ilə qələmə alınmışdır.
Romanda kəndlilərin pambıq
sahələrində çiyid
əkmək, yeni abad qışlaqlar tikmək arzuları təsvir olunub. Romanın mərkəzində qəhrəman,
zəhmətkeş xalq
obrazı dayanır.
Xalqın gücünə, qüdrət və əzəmətinə böyük
inam nümayiş etdirilir. Umurzaq atanın dili
ilə deyilmiş, “boran güclüdür, amma zəhmətkeşlər
ondan da güclüdür” ifadələri
xalq əzminin qadirliyinin ucalığına
bariz nümunədir.
“Borandan güclü”
romanında qışlaq
həyatında baş
vermiş hadisələr
aparıcılıq təşkil
edir. Əsərdə
obkom katibi Abdullayev, rayispalkom Sultanov, kolxoz sədri Qədirov, rayonda məsul vəzifə sahibi Əligül, müxbir Ötkir, cinayət əməlləri ilə tanınan Qafur və başqaları tipik şəraitdə tipik obraz səciyyəsində
saxlanılır. Buna görə əsərin həyatiliyi, reallığı
təmin olunur. Əsərdə özünün naqisliyi, eybəcərliyi,
vəzifəpərəstliyi ilə diqqəti cəlb edən obrazlardan biri rayispalkom Sultanovdur. Sultanov rüşvətxor, saxta adamların tipik obrazıdır. O, vəzifəyə
çatan kimi özünün daxilində
gizlətdiyi, bu vaxta qədər çoxlarına aydın olmayan xarakterini nümayiş etdirir. Müəllif bu yolla demək istəyir ki, Sultanov şəxsi
mənafeyini hər şeydən üstün tutduğu üçün
xalq nəzərində
arxa planda dayanır.
“Güclü dalğa” romanında da xalq həyatı əsas qəhrəman timsalında göstərilib. Əgər Ş.Rəşidov “Qaliblər” və “Borandan güclü” romanlarında kənd həyatı və onun problemlərindən danışırsa, “Güclü dalğa” əsərində daha çox qəhrəman fəhlə sinfinə yer ayırır. Romanda Polad əsas aparıcı və mərkəzi obrazdır. Polad özünün zəhmətsevərliyi, vətənpərvərliyi ilə seçilən gəncdir. Faşistlər ölkəyə hücum edəndə, Polad cəbhəyə gedib almanlara qarşı döyüşmək arzusu ilə hərbi komissarlığa müraciət edir. Lakin onu tibbi müayinədən keçirib, cəbhəyə yararsız olduğunu bildirirlər. İlk anlar Polad bu hadisəyə görə mənən sıxıntı keçirir. Dostu Ənvərin məsləhəti ilə Qələbə HES-də işləməyə gedir. Mənsəbpərəst Toraxanov Poladın bu müəssisədə işləməsinə mane olur. Ancaq Şeirmat Qasımovun köməyi ilə o, betonçu işinə qəbul olunur. Öz xidmətləri ilə ölkəyə fayda verir.
Əsərdə təsvir olunan obrazlar içərisində diqqət cəlb edənlərdən biri də Toraxanovdur. O, az vaxt içərisində rayon icraiyyə komitəsinin sədri vəzifəsinə qədər yüksələ bilmişdir. Şəxsi mənafeyini hər şeydən üstün tutmağa, rüşvətxorluğu, hiyləgərliyi ilə tanınan bir adamdır. Əvvəlki iki romanda olduğu kimi, bu əsərdə də göstərilir ki, xalqa söykənmədən, xalqa xidmət etmədən etimad qazanmaq mümkün deyil. Bu məhrumiyyətlər daxilində məğlubiyyət, rüsvayçılıq mütləqdir. Ona görə də əsərdə Toraxanov xalq nümayəndəsi və təmsilçisi Poladla üz-üzə dayanır və məğlubiyyətə düçar olur. “Güclü dalğa” romanında Bahar, Ənvər, Rüstəm, Nikitin, Heydər, Sadıqov və digər obrazlar yazıçı məqsədindən asılı olaraq bu və ya digər xarakterdə səciyyələndirilib.
“Ürək hökmü” (1982) Şərəf Rəşidovun sonuncu əsəri hesab olunur. Əsərdə Böyük Vətən müharibəsinin döyüş mənzərələri öz əksini tapıb. Əsərin mövzusu Rusiyanın Berezovka kəndində baş vermiş əhvalatlardan götürülüb. Yazıçı əsərdə müharibə bölgələrində adamların vətənpərvərlik, mərdlik və döyüşkənliyini tərənnüm etməyi qarşısına məqsəd qoyub. Qeyd etmək lazımdır ki, Ş.Rəşidov məqsədinə tam mənada nail olub.
Əsərin qəhrəmanları 12-13 yaşlarında olan Seryoja, İrina və Taras adlı üç gəncdir. Hər üç gənc yaşlarının az olmasına baxmayaraq, vətən naminə ölüm-dirim vuruşuna atılmaqdan qorxmurlar. Yazıçı əsərdə maraqlı bir məqama toxunub. Seryoja və İrinanın ata və babaları döyüşdə şücaətləri ilə fərqlənən, partizan hərəkatında ad çıxaran adamlardır. Lakin Tarasın atası Gerasim vətən xainidir. Tarasın atası vətən xaini olsa da, o da dostları kimi vətənini sevir, düşmənə nifrət bəsləyir. Müəllif Tarasın simasında demək istəyir ki, oğul atasına cavabdeh deyil. Gerasim vətən xainidirsə, onun oğlu Taras vətənpərvər və qəhrəmandır. Şərəf Rəşidov müasir özbək ədəbiyyatının tanınmış nümayəndəsi olaraq əsərlərində əks etdirdiyi insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq, dostluq və s. mövzular oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi.-2019.- 9-10 iyul.-
S.7.