"Xarici turistlərdən
Şəki şəhəri ilə maraqlananların sayı
artıb
UNESKO-nun
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə
birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya
İrs Siyahısına daxil edilib.
Bundan öncə isə 2000-ci ildə “İçəri şəhər memarlıq kompleksi”, 2007-ci ildə isə “Qobustan dövlət tarixi-bədii qoruğu” UNESKO-nun Dünya İrs Siyahısına salınmışdı. Eyni zamanda ölkəmizin qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır.
Adı çəkilən mədəniyyət nümunələri Azərbaycanın milli-mədəni dəyərləri içərisində özünəməxusus yer tutmaqla bərabər, ölkədəki önəmli turizm obyektlərindən hesab olunur.
Bununla əlaqədar olaraq, “Report” “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin Azərbaycanda turizmin inkişafı baxımından hansı əhəmiyyət kəsb etməsi ilə bağlı turizm mütəxəssislərinin rəyini öyrənib.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti tarixində təntənəli bir hadisə kimi qəbul edilməlidir:
“Uzun müddət idi ki, biz bu uğura imza atacağımızı gözləyirdik. Bu hadisə ölkənin mədəni həyatında təqdirəlayiq hal olmaqla bərabər, ölkədə turizm sektorunun inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Turizm şirkətləri tərəfindən həyata keçirirlən bir sıra turlar çərçivəsində regionlarımızda yerləşən və UNESKO-nun Dünya İrs siyahısına daxil edilən mədəni-tarixi məkanlara səyahətlər təşkil edilir. Həmin səyahətlərə xarici turistlər çox böyük maraq göstərirlər. Bir çox Avropa ölkələrində məhz UNESKO-nun Dünya İrs Siyahısına daxil olan məkanlara səyahət marşrutu üzrə gəlmək istəyən xeyli sayda insan var. Bu baxımdan, “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Dünya İrs Siyahısında, eyni zamanda xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alması Azərbaycana gələn turistlərinin sayının artmasına əhəmiyyətli təsir göstərəcək, turizmin inkişafına böyük töhfələr verəcək.
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev
“Həmin əraziyə 3D virtual səyahət formatında layihələr nəzərdə tutula bilər”.
Bu vaxta qədər Şəki özünün tarixi-mədəni irsi və turistik əhəmiyyəti baxımından həmişə diqqət mərkəzində olub. Düşünürəm ki, bundan sonra həmin bölgəyə diqqət daha da artırılacaq, “Şəki Xan Sarayı”nın mədəni-tairix miras kimi qorunması üçün əlavə tədbirlər planı hazırlanacaq”.
“Paralel olaraq Şəkidə bölgənin tarixini əks etdirəcək əlavə işlərin görülməsinə ehtiyac var. Məsələn, həmin əraziyə 3D virtual səyahət formatında layihələr nəzərdə tutula bilər”, - R.Quliyev əlavə edib.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov da “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin Azərbaycanın turizm sektoru üçün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Artıq dünya turizm şirkətlərinin proqramlarında Azərbaycanda mövcud olan 3 tarixi abidənin UNESKO-nun siyahısında yer aldığı qeyd olunacaq. Bu hal istər-istəməz səyahət etmək üçün ölkə seçimi edən turistlərin diqqətini cəlb edəcək. Çünki müxtəlif ölkələrdə tarixi-mədəni abidələrə maraq göstərən insanlar çoxdur. Turizmin müxtəlif sayda növləri var. Bunlardan biri də mədəni turizmdir ki, müxtəlif tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilir. Dünya ölkələrində UNESKO-nun irsi siyahısına daxil olan abidələrlə maraqlanan, məhz o abidələri görmək üçün səyahət edən çoxlu sayda insan var. Buna görə də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin bu siyahıya daxil edilməsi ölkəyə turist axınını artıracaq.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov
“Hər bir turizm ölkəsi ilk növbədə özünün dünya arenasında tanınmış abidələrini reklam edir”.
Bu hadisə həm də “Xan Sarayı”nın mədəni irs olaraq qorunması baxımından əhəmiyyətli rol oynayacaq. Çünki artıq bu abidə ümumbəşəri bir miras hesab olunacaq. O baxımdan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan üçün həm də böyük bir tarixi amildir.
“Bundan sonra turizm şirkətləri və əlaqədar qurumlar Azərbaycanın 3 mədəni-tarixi nümunəsinin UNESKO-nun siyahısına daxil edilməsi məsələsinin qabardılması, dünya səviyyəsində təbliğatı sahəsində genişmiqyaslı işlər görməlidirlər. Çünki hər bir turizm ölkəsi ilk növbədə özünün dünya arenasında tanınmış abidələrini reklam edir”.
Turizm üzrə ekspert Aqil Ağalarovun bildirdiyinə görə isə artıq Şəki ilə maraqlanan xarici turistlərin sayında artım müşahidə olunur:
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin də bu siyahıya daxil edilməsi indidən turistlərin böyük marağına səbəb olub. Artıq turizm şirkətlərinə Şəki ərazisinə xarici turistlərin axın etmək istədikləri ilə bağlı müraciətlər daxil olur.
Avropa ölkələrində UNESKO-nun siyahısına daxil olan məkanlar üzrə səyahət etmək istəyən insanlar çoxdur. Artıq Azərbaycanda olan xarici turistlərdən Şəki şəhəri ilə maraqlananların sayı artıb.
Ölkədəki bir sıra turizm şirkətləri Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna ərazisində olan tərəfdaşlıq etdikləri şirkətlərə bu hadisə barədə məlumat ötürüblər. Bundan sonra təqdim edilən reklam çarxlarında sözügedən əlamatədar hadisə ilə bağlı məlumatlar yerləşdiriləcək”.
Turizm üzrə ekspert Aqil Ağalarov
"Bunu nəzərə alaraq, orada, xüsusilə, yaşlı və orta nəsildən olan turistlərin dincəlmələri üçün kölgəlik yerlər yaradılmalıdır".
Ekspertə görə, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkə başçısının və onun xanımının mədəniyyətimizə göstərdiyi xüsusi qayğısının nəticəsidir:
“Bir neçə müddət idi ki, Şəkinin UNESKO-nun siyahısna daxil edilməsi ilə bağlı hazırlıq işləri gedirdi. Xüsusən ölkə başçısının və onun xanımının təşəbbüsü ilə bu məsələ reallaşdı. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən hazırlıq işlərinin tərkib hissəsi olaraq Şəkidə, xüsusilə, “Xan Sarayı”na gedən yollar təmir edildi, bir sıra abidələrin, o cümlədən “Karvansaray”nın təmir-bərpa işləri başa çatdırıldı”.
"Xan Sarayı"na turist axını zamanı növbələrin
yaranmasının qarşısını almaq
üçün müəyyən işlər
həyata keçirilməlidir. “Xan
Sarayı”nın həyətinə qədər turistlər
müəyyən bir məsafəni piyada gəlməli olurlar.
Bunu nəzərə alaraq,
orada, xüsusilə, yaşlı və orta nəsildən olan
turistlərin dincəlmələri üçün
kölgəlik yerlər yaradılmalıdır”, - A.Ağalarov əlavə edib.
Xalq Cəbhəsi.- 2019.-9-10 iyul.-
S.3.