İrəvan I Şah Abbas dövründə

 

2-ci yazı

 

Zülfüqar xan top əldə etdikdən sonra qısa müddət ərzində “Kuzəçi qalası”nı ələ keçirə bildi. Bundan sonra qoşun səngər düzəldib, digər iki qalaya doğru hərəkətə keçdi. Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bildirilir ki,...“Kuzəçi qalası” ələ keçiriləndən sonra Şah Abbas Qırçığai bəyə “Yeni qala”nı tutmağı əmr etdi. O, Xorasan tüfəngçilərinin bir dəstəsini və öz xüsusi mühafizəçilərini də onun komandanlığına verdi. Zülfüqar xan Fərmanlını isə “Köhnə qala”nı mühasirəyə almağa göndərdi və yeni düzəldilmiş toplardan birini onun ixtiyarına verdi. Şah, eyni zamanda, “Köhnə qala”nın qarşısında hündür bir təpə qurulması haqqında da fərman verdi. Məqsəd həm ordunu düşmən gülləsindən qorumaq, həm də təpənin üstündən qala müdafiəçilərini nişan almaq idi.

Həmin dövrdə Səfəvilər dövlətində olmuş xarici səfirlərdən biri bu barədə yazır: "İrəvan qalasının mühasirəsi zamanı Şah Abbas sərkərdə və əsgərlərinə göstəriş verdi ki, qala ilə ordu arasında hündür təpədən istifadə etsinlər. Məqsəd şahın ordusuna tuşlanmış düşmən toplarının atəşlərinin qarşısını almaq idi. Bu işi görmək üçün həmin vilayətdən 13-14 min adam toplandı. Onları sərkərdə və əsgərlər arasında böldülər. Adamlar sürətlə və intizamlı şəkildə işləyir, heç kim başqasına mane olmurdu. Şahın əmrinə görə kimsə dəstədən qabağa keçə bilməzdi. Çünki qaladan atılan top və tüfənglərin səsindən heç kəs heç kəsin səsini eşitmirdi. Həlak olanları yerindəcə torpağa tapşırırdılar. Təpənin qurulması gecə-gündüz davam etdi... Osmanlı əsgərləri bir neçə dəfə qaladan çıxıb, torpaq daşıyanların üzərinə hücuma keçdilər. Xeyli insan həlak oldu. Lakin işçilər çox olduğundan və şahın fərmanı ilə yaxın qəsəbələrdən hər gün yeni insanlar gətirildiyindən onların sayı azalmırdı".

Nəhayət, hicri-qəməri tarixi ilə 1012-ci ilin zilhəccə ayının 28-də (cümə günü) “Yeni qala” Qorçığay bəyin tüfəngçilərinin əlinə keçdi. Bundan sonra “Köhnə qalada qızılbaş əsgərləri tərəfindən mühasirəyə alındı. Türk sərkərdəsi Şərif paşa məğlub olduqlarını görüb sülh müqaviləsi bağlamağı təklif etdi. O, təslim olmazdan öncə şahdan qala sakinlərinə və əsgərlərə aman verilməsini istədi. Şah təkliflə razılaşaraq amannaməni (əfv fərmanı) imzalayıb qalaya göndərdi. Şah qala əhlinin malına və canına toxunmadı.

"Çuxursəd əyalətində yaşayan sədlular bu döyüşlərdə iştirak etmək məqsədilə şahın yanına gəlib, ona öz xidmətlərini təklif etdilər. Şah onları hörmətlə qəbul edib, arzularını yerinə yetirdi. Onlar qalalara hücumlarda əsl şücaət və qəhrəmanlıq göstərdilər. Şah Abbas da onların bu xidmətlərini xüsusi dəyərləndirərək Qağəzamanı Sultan Sədlunun ixtiyarına verdi. Həmin qəbilənin başqa bir əmiri Əliqulu Sultan isə Osmanlılara xidmət etməyə getmişdi. Lakin onun oğlu Mehdiqulu bəy atasından üz döndərərək İrəvanda şahın hüzuruna gəldi".

O dövrdə baş verən mühüm hadisələrdən biri də cəlalilərin bu şəhərə (İrəvana) sığınmasıdır. Nəsrullah Fəlsəfi yazır: "...Bu dövrdə Osmanlı dövləti həm daxildən, həm də xaricdən basqılar altında idi. Tədbirli və təcrübəli böyük vəzir, adlı-sanlı türk sərkərdələrindən biri olan Murad paşanın başı ölkənin qərb sərhədlərində xristianlarla müharibəyə qarışmışdı. Fürsətdən istifadə edən cəlailər Osmanlı dövlətinə qarşı qiyama qalxdılar. Osmanlı sultanı Murad paşaya dərhal cəlalərin fitnəsini dəf etməyi tapşırdı. Xristianlarla müharibəni dayandırmağa məcbur olan Murad paşa ordunu Hələbə doğru çəkdi.

O, tezliklə siyasi yolla Canpolad oğlunu və Təvili aradan götürdü. Murad paşanın qoşunları hicri-qəməri tarixi ilə 1017-ci ildə Təvilin qardaşı Məhəmmədlə ittifaqa girdi və 20 minə yaxın süvari döyüşçüsü olan Qələndəroğlunu da məhv etdi. Cəlalilər Ərzuruma qaçmağa məcbur oldular. Oradan isə bir nəfəri İrəvan hakimi Əmirgunə xanın yanına göndərib, ondan sığınacaq istədilər. Əmirgunə xan da razılıq verdikdən sonra onlar bu vilayətə sığındılar. Bununla bərabər, cəlalilər Şah Abbasın sarayına elçi yolladılar. Həmin elçi vasitəsilə göndərdikləri məktubda şahı sevdiklərini bildirir, onun xidmətində dayanmağa hazır olduqlarını bəyan edirdilər. Məktubda daha sonra qeyd olunurdu ki, əgər şah Osmanlı sultanına qarşı müharibəyə qalxsa, onlar cani-dildən qızılbaş hökmdarına xidmət edəcəklər...

Cəlalilər İrəvana yaxınlaşanda Əmirgunə xan qızılbaş rəhbərlərindən və əyanlarından ibarət bir heyət düzəldib onları qarşılamağa göndərdi. Qonaqpərvərliklə qarşılanan, müxtəlif tayfalardan ibarət təxminən 10 min nəfərlik dəstə İrəvanın üç fərsəngliyində Üçkilsə adlanan ərazidə yerləşdirildi. Sonra onların hamısı Təbrizə göndərildi..."

Bu hadisədən bir neçə il sonra Osmanlılar İrəvana və bütövlükdə Azərbaycana hücum etmək qərarına gəldilər. Hətta bu məqsədlə mütəşəkkil bir ordu da yaratdılar. Lakin məqsədlərini həyata keçirə bilmədilər. "I Şah Abbasın həyatı" kitabında oxuyuruq: "Hicri-qəməri tarixi ilə 1025-ci ilin şaban ayında Osmanlı dövlətinin baş vəziri Məhəmməd paşa çoxsaylı ordu ilə İrəvana doğru hərəkət etdi. O, bundan bir il əvvəl Osmanlı sultanı Əhməd xanın fərmanı ilə Azərbaycana hücum etmək tapşırığı almış və qoşun toplamaq üçün Diyarbəkr şəhərində iqamətgah yaratmışdı. Qoşun Misirdən, Şamdan, Anadoludan, Trablisdən, Beynül-nəhrdən və digər Osmanlı müstəmləkələrindən toplanmışdı. Bu xəbər Şah Abbasa çatan kimi o, İsfahan tüfəngçilərinin başçısı Mirfəttahın, qızılbaşın tanınmış sərkərdələrindən olan Əmirgunə xan Qacarın komandanlığı ilə odlu silahla silahlanmış bir hərbi bölüyü İrəvan qalasını müdafiə etməyə göndərdi. Şah tüfəngçilərinin komandiriartilleriya rəisi Qırçığai bəyə, fars bəylərbəyi İmamqulu xan kimi digər adlı-sanlı sərkərdələrə isə Osmanlı qoşununu izləməyi, onları şərqdən və qərbdən mühasirəyə almağı tapşırdı. Onlar qoşuna azuqə gələn yolu bağlamalı, gözlənilməz hücum və həmlələrlə Osmanlı ordusunun İrəvan qalasını ələ keçirməsinin qarşısını almalı idilər.

Həmin ilin şəvval ayının axırına qədər Məhəmməd paşa İrəvan qalasını mühasirədə saxladı, amma qalanın müdafiəçilərinin iradəsini qıra bilmədi. Osmanlılar top atəşləri ilə bir neçə dəfə qala divarlarını dağıtsalar da, onu ələ keçirə bilmədilər. Eyni zamanda, Qırçığayi bəyin və İmamqulu xanın dəstəsi də qəfil həmlələrlə, ərzaq gətirilən yolu bağlamaqla Osmanlı ordusuna böyük ziyan vurdu. Ərzaq çatışmazlığı, soyuq hava şəraiti, ağır xəstəliklər mühasirəni davam etdirməyə imkan vermədiyindən, türk sərkərdəsi məcbur olub Şah Abbasın yanına elçi göndərdi və ona sülh bağlamağı təklif etdi. Lakin sülh şərtlərinin tez-tez pozulması Nüsuh paşanı və Qazi xanı qoşunların ön hissəsini geri çəkməyə vadar etdi... Məhəmməd paşa İrəvanın mühasirəsindən əl çəkib, Qazi xanla birlikdə Ərzuruma qayıtdı. Tərəflər arasında sülh şərtləri tam razılaşdırıldıqdan sonra o, Qazi xanı yenidən şahın yanına göndərdi, özü isə digər türk sərkərdələri ilə birlikdə İstanbula yola duşdü".

İskəndər bəy Türkmən "Tarixi-aləmaraye-Abbasi"də şah qoşunlarının İrəvanı müdafiə etməsini təfsilatı ilə şərh edib. Üstəlik, o həmin günləri poetik şəkildə də tərənnüm etməyə çalışıb: “Vuruşmaq üçün Rum elindən məkrli, hiyləli bir ordu sərkərdəsi gəldi. Dünya padişahı isə (öz torpağını) qorumaq üçün Haqq qoşununu silahlandırdı. O, Lütfillahın (Həzrəti Əli nəzərdə tututlur - tərcüməçi) qəzəbindən kəmər bağlayıb, öz sərkərdələrinin arasına girdi. O istədi ki, bu dünya bəndələrindən biri Allahın həqiqi qəzəbini görsün. O, qeybdən bir səs eşitdi və həmin səs deyirdi: “Qələbə Allahın vəlisi Əlinin oğluna məxsusdur”. Bu, qeybdən gələn heyrətamiz bir nida idi. Əlinin lütfü ilə düşmənin fəna tarixi yazıldı”.

Osmanlı ordusu çıxıb gedəndən sonra, yəni hicri-qəməri tarixi ilə 1015-ci ildə qoşun başçıları və əsgərlər möhtəşəm bir qələbə paradı düzənlədilər. Şah Əğrəqin ordusunu Bərgüşada tərəf göndərib, özü yaxın adamları ilə birgə həmin şənliyə qatıldı. O, şənlikdən sonraYeni qala”nı bir daha nəzərdən keçirdi, Əmirgunə xana və digər sərkərdələrə şahanə bir nəvaziş göstərdi. Əmirgunə xan döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə “Sarı Aslan” adına layiq görüldü".

Şah Abbasın xüsusi ehtiramla yanaşdığı Əmirgunə xan Qacarlar tayfasının ən məşhur şəxslərindən idi. O, Çuxursədin azad edilməsində göstərdiyi xidmətlərə görə həmin yerin bəylərbəyi oldu. Əmirgunə xan hicri-qəməri tarixi ilə 1035-ci ildə (miladi tarixi ilə 1623-cü ildə) vəfat etdi. O, ömrünün sonunadək həmin vəzifəni daşıdı".

Şah Abbasın xüsusi münəccimi Cəlaləddin Məhəmməd Yəzdi "Tarixe-Abbasi" adlı əsərində yazır: "Çuxursəd hakimi Əmirgunə xan Qacar davada kürəyindən aldığı güllə və ayağından aldığı ox yarasını özü müalicə etdi. Deyilənə görə, o, gülləni öz əliylə kürəyindən çıxararaq, yerinə məlhəm qoyub tikmişdi”.

Hicri-qəməri tarixi ilə 1032-ci ildə Əmirgunə xan I Şah Abbas tərəfindən əmr aldı ki, Gürcüstana məxsus Axısqa bölgəsini tutsunqiyama qalxmış gürcüləri sakitləşdirsin. Hicri-qəməri tarixi ilə 1035-ci ildə gürcülərlə aparılan digər bir müharibədə Əmirgunə xan yaralandı və müalicə olunmaq üçün İrəvana yollandı. O, İrəvanda həmin yaradan vəfat etdiŞah Abbas onun vəzifəsini oğlu Təhmasibqulu xana tapşırdı.

A.Oleari hicri-qəməri tarixi ilə 1049-cu ildə (miladi tarixi ilə 1639-cu ildə) tamamladığı və 1656-cı ildə yenidən çap etdirdiyi əsərinin 668-670-ci səhifələrində Səfəvilər dövlətinin maliyyə vəziyyətinə toxunur. O, şah sarayının vergilərdən gəlirinin 8 milyon rayeştaler (yəni, bəzi mənbələrin göstərdiyi kimi, 640 min tümən yox, 160 min tümən) olduğunu yazır. Onun bildirdiyinə görə, həmin məbləğin bir milyondan çoxu Qəndəhardan, təxminən, bir o qədəri də İrəvan və Babildən (Bağdaddan) toplanırdı.

 

Elçin Qaliboğlu

Xalq cəbhəsi.- 2019.- 23-24 iyul.- S.6.