Dövlətməmməd Azadi:
klassik türkmən ədəbiyyatının görkəmli
sənətkarlarından biri
3-cü yazı
Azadi əhli-elmi daim axtarışda, çalışqanlıqda görmək istəyir. O, belə hesab edir ki, əgər alim öz elmini daim artırmırsa onun hərəkəti Allaha üsyana bərabərdir. Buna görə də əsərin 1755, 1756, 1757-ci beytlərində biəməl alimlər pislənilir, onların məşhər günü əzab-əziyyətə qatlaşacaqları, cəhənnəm odunda yanacaqları barədə xəbərdarlıq edilir.
Əsərdə əsl alimlər haqq yolunun yolçusu, əməli dürüst, Allah məqamında yeri olan insan kimi təqdir olunur. Elmi qiyməti bilinməyən gövhər, cahilliyi dərmanı olmayan dərd kimi dəyərləndirən Dövlətməmməd Azadi bir sufi, eyni zamanda orta əsrlər maarifçisi olaraq Nizami Gəncəvidən üzü bəri türk düşüncəsində ən uca məqamda yer verilmiş alimlərə olan diqqət və rəğbətini ifadə edir, elmsiz cəmiyyəti cəhənnəmə bənzədir.
“Vəzi-Azad” əsərinin sonuncu-dördüncü babı da haqq yolçuları olan dərvişlərlə bağlıdır. Şair ilk olaraq dərvişlərin kimliyinə aydınlıq gətirir. O, dərvişləri “könlü dolu”, “haqq yolçusu”, “haqq yolunda nəfsinə qalib gələn”, “Tanrı verəninə qane olan” və s. kimi səciyyələndirir, onları rəhminə, səbrinə və həyalarına görə Allahın dostu hesab edir. Dərvişlərin həm düşüncə, həm amal, həm də əməl baxımından qeyri-adiliyi əsərdə irfani müstəvidə təqdim olunur. Aşağıdakı parçada şərtilik daxilində bu cür mənalandırılmanı görməmək mümkün deyil.
Könlü onun bəlkə beytullah ola,
Zikri-fikri,
sanışı Allah ola.
Həm
görər gözü onun Tanrı bilə,
Eşidər qulaqları Tanrı bilə.
Qolları
onun xuda birlə tutar,
Həm ayaqları onunla seyr edər.
Dillərində
sözləri haqdan gələr,
Xeyri-şər
nə kim nəfəs qılsa bular.
Azadi şəriət və təriqət
yolçularını eyni zamanda axirət aşiqləri hesab
edir. Şair bu yanaşması ilə insanları din yoluna
təşviq edir. Cəmiyyətin nicatını Allah
eşqinə bağlılıqda görür:
Axirətin
qıl-nikahın ixtiyar,
Hər iki aləmdə olasan bəxtiyar.
Könlünü
var axirətə bağlagil
Arizi qıl hər dəm onu ağlagil.
Əsərdə peyğəmbərə ünvanlanan “bəs
fəqir nədir?” sualına peyğəmbərin “bir xəzinədir,
Tanrının xəzinələrindən” (2095-2096-cı beytlər)
cavabında təsəvvüf məqamı aydın
görünür. Şübhəsiz, burada irfani və
dünyəvi paralelliyi danmaq mümkün deyil. Məsələn;
Bir fəqirə
bir kişi yetmiş qədəm,
Atsa ol qılsa ziyarət biləm.
Həcci-məqbulun
səvabın dər zaman,
Yazar Allah olara, tutma güman.
Olara hər
kim təvazö eyləsə.
Lütf edib ya bir şirin söz söyləsə.
Haqq verər
olara ulu mərtəbə
Yetirər
oları ali mənsəbə.
Dövlətməhəmməd
Azadinin “Beş namaz”, “Behiştnamə” və “Cabir Ənsar”
poemalannm əsasını dini dəyərlər təşkil
edir. Bu əsərlər içərisində həcm
etibarilə ən böyüyü “Behiştnamə”dir.
1756-1757ci illərdə yazılmış “Behiştnamə”
984 misradan ibarətdir. Şair “Vəzi-Azad” əsərində
olduğu kimi bu poemanın sonunda “Behiştnamə”nin yazılma tarixini qeyd edir:
Behəmdulla
tamam oldu bu takrur,
Ki min
yüz yetmiş olmuş ərdi tahrur,
“Behiştnamə”
qoyuldu iş buna ad,
Düz etmiş nəzm onu miskin Azad.
“Bismillahir-rəhmani-rəhim”lə başlayan poemada ilk
olaraq dünyanı yaratdığına, sütunsuz
asimanları qurduğuna görə Allaha şükürlər
olunur. Bu hissədə kainatda mövcud olan bütün
varidatlar Allahın möcüzəsi hesab edilir. Əsər vahid süjet ətrafında
qurulmayıb. Lakin yeri gəldikcə cənnət, namaz,
insanın vacib əməlləri, paklıq, təmizlik və
s. barədə fikirlər poemadaxili mətnlərdə əksini
tapır. Bu fikirlərə Peyğəmbər,
Cəbrayıl, mələklər, o cümlədən
şairin öz yanaşmalarında aydınlıq gətirilir.
Məhz onların dili ilə merac səfəri, namazın
savabı, cənnət təbəqələri və s. ilə
bağlı verilən izahatlar oxucunun dini görüşlərinin
genişlənməsinə təsir göstərməklə
yanaşı, qəlblərini Allah nuru ilə doldurur, islam əxlaqının möhkəmlənməsinə
kömək edir. Məsələn, namazla əlaqədar fikirləri
əks etdirən nümunələrə nəzər salaq:
Tamam
işlər başı bilgil namazı,
Namaz
açay səkkiz cənnətdə yazı,
Namazsız
qullara ol gün zemistan,
İşi
düşvar, açılmaz bəndi-zindan,
Xudavəndə,
müsəlman eylə bizi,
Muvahhut əhli-iman eylə bizi.
Yaman
yoldan, yaman yoldaşdan, ey Haqq,
Sənə ismarladım işimi mutlaq.
Çəkər
mən hər zaman dərd ilə ahu,
Bu ahum
qılma bihuda, İlahi,
Xəbər
içrə Rəsuldan dür saçıldı,
Oyandı
can, könüldən zən
açıldı.
“Behiştnamə” əsərinin əhəmiyyəti
ondadır ki, cənnətin insan düşüncəsində
olan mücərrəd modeli dəyişərək, real
(görüntülü) modellə əvəzlənir. İnsan haqq
yolunu həm dərk edir, həm də əməllərində
təsdiqləməyə çalışır. Bizə
elə gəlir ki, əsərin son hissəsində verilmiş
- Behişt vəsfi tamam oldu bu yerdə, Salam məndən
yetişsin əhli-dərdə -
misralarında şairin qarşısına qoyduğu məqsədə
çatdığına işarə edən məmnunluq əlamətlərini
də görmək olar.
Dövlətməmməd Azadi əsərin dili ilə
bağlı maraqlı fikirlər söyləyir. O, əsəri ərəb və
ya fars dilində deyil, türk dilində
yazması ilə fəxr duyur:
Ərəb,
fars dilinə danışım yox,
Ərəblər,
farslar birlən işim yox
Bu
türkü yarlara nəzm düzetdim,
Doğa birlə anarlar deyib, göz etdim.
Mənə
eyib etməyiz, ey türki yaran,
Çıxar
ot kəmtəri kəm düşsə
baran.
Bu
ağlım erdigin nəzm etdim uşda,
Pərişandır könlün yüz min işdə.
“Beş namaz” məsnəvisi Dövlətməmməd
Azadi yaradıcılığı üçün xarakterik
olan dini mövzuya həsr edilib. Əsər boyu
dünyanı yaradan, Allaha şükür edən insan
obrazı canlandırılır. Bildiyimiz
kimi, dini təlimlərdə insanın Allah qarşısında
şükrünün başlanğıcında ibadət
dayanır. Bu cəhəti əsərdə önə
çəkən müəllif Allah əmri ilə müsəlmana
buyrulan namazın vacibliyini belə təqdim edir:
Beş
namazın ol cahan içrə səni
Məqsədinə yetirən, qoyma onu.
Beş
namaz hər din öyünün nurudur,
Beş
namaz uçmaq içinin hüyrüdür,
Beş
namazın zinəti-dünyayi-din,
Beş namaz qıl, din öyün saxla əmin.
Maraqlıdır ki, Azadi namaz ibadətinin savabından
söz açdığı kimi, bu əməli yerinə
yetirməyən bəndənin qazandığı
günahları da nəzərə çatdırır. Şair namaz qılmayan
insanı iblislə həmrəy hesab edir:
Beş
namazı nə üçün xar eylədin,
Özünü iblis ilə yar eylədin.
Gər
namazın vəqti girsə, ey cavan,
Dağıdar ləşkərini iblis həmən.
Ləşkəri-iblis
bu xalq içrə gələr,
Hər
birin bir iş bilə məşğul qılar.
Bu əsərdə bütün dini fikirlər namaz ətrafında
cərəyan edir. Namaz qılmağı insanın zinəti,
Allah nuru ilə qəlbinin doldurulması hesab edən şair
bu əməldən uzaq olanların günahlarını
yuxarıda deyilənlərdən fərqli olaraq başqa şəkildə
də ifadə edir. Azadi qeyd edir ki, hər kəs beş
namazın birini icra etmirsə, o, özünə
bıçaqsız qəsd edir, ikisini icra etmirsə, peyğəmbərlər
“varını öldürür”, üçünü
qılmırsa, Kəbəni viran eləyir, dördünü
yerinə yetirmirsə, “anasına zina edir”, beşindən də
imtina edirsə, Tanrı qəzəbinə tuş gəlir və
Tanrının “cahandan çıx” hökmü ilə
üz-üzə qalır. “Vəzi-Azad” və “Behiştnamə”
poemalarından fərqli olaraq “Beş namaz” əsərində
poemanın nə adı, nə də yazıldığı il göstərilməyib. Əsər
namazla bağlı ideyaların təbliğinə həsr
olunduğu üçün tədqiqatçılar tərəfindən
“Beş namaz” adlandırılıb.
Dövlətməmməd Azadinin məsnəvi
formasında yazılmış, şəxsən
özünün “Hekayət” adlandırdığı əsəri
də dini mövzudadır. 918 misradan ibarət
olan bu əsər şairin digər poemalarına uyğun
olaraq dini mövzuları əhatə edir. Əsərdə
məzmun hekayətlərə uyğun təqdim olunur.
Burada müxtəlif mövzulu hekayətlərə yer verilsə
də məzmun vahid ideyaya xidmət göstərir: Allah
qüdrət sahibidir, hər şey onun iradəsindədir,
insanın əbədi aləm nicatı Allah iradəsinə
tabe olmasındadır. Əsərin “Yeddi qat göyün bəyanı”,
“Yeddi qat yer bəyanı”, “Canlarmənzilinin bəyanı”
“Elmin fəzilətinin bəyanı”, “Qəbir əzabının
bəyanı”, “Övliyaların kə-ramətinin bəyanı”,
“Peyğəmbərin ata-anasının bəyanı”,
“Şeytanın düşmənçiliyini bəyanı” və
s. bölümlərində şair bir çox məsələlərə
İslam ideologiyası daxilində münasibət bildirmiş
və insanların dini ideyalarla zənginləşməsində
əvəzsiz rol oynayıb.
Dövlətməmməd
Azadi zəmanəsinin bir lirik şairi olaraq klassik şeir
ölçüləri daxilində qələmini sınaqdan
çıxarıb, qəzəl, mürəbbe, rübai və
s. müəllifi kimi ədəbiyyat tarixində özünəməxsus
yer tutub. Onun rübailəri lirik-fəlsəfi
xüsusiyyətlərinə görə klassik tələblərə
cavab versə də, dövran və zamandan şikayət
motivinə görə fərqlidir. Əgər
Ö.Xəyyam və Məhsəti rübailərində fələkdən
şikayət motivi diqqət mərkəzində
saxlanılırsa, Azadi rübailərində demək olar ki,
müəyyən istisnalıqla bu hal müşahidə
olunmur. Çünki Azadi
yaradıcılığında əsas yeri cəmiyyət
ziddiyyətləri, qeyri-bərabərlik motivi tutmur. Düzdür, onun yaradıcılığında bu
halın sətiraltı məqamlarının
mövcudluğunu inkar etmək olmaz.
Azadinin qəzəl yaradıcılığı olduqca
azdır. O, qəzəllərində
ilahi eşqi tərənnüm edir, aşiq-məşuq
modelində sufiyanə tərzi daha çox qabardır.
Şair “İqbal bilə”, “Dağ, hey”, “Dözər” və s.
qəzəllərində aşiqləri eşq odunda
yandırmaqla onları “öz dünyalarının” sakinlərinə
çevirir və məqsədlərinə çatmış
aşiqləri dünyanın xoşbəxti hesab edir.
Kim yansa
eşq oduna, dünyadan əlin üzər,
Haqdan gələn bəlaya səbr əhliyali dözər.
Eşq
odu bir od bolup, bolmaz tütün ol odda,
Məşuqunun sayasi hər düşən şayi,
guzar.
Aşiqlərin
məşuqu cilvənəmə eyləyir,
Aşiq görsə məşuqun barundan bolar bizar.
Azadi “Ya Rəbb, yetiş fəryadıma” şeirində
yaradıcılıq idealına sadiq qalaraq dini dəyərlərə
yer ayırmış, fikirlərini də bu aspektdə nəzərə
çatdırıb. Məsələn,
Hərçəndu
bədkar olmuşam,
Aşüftə-əfkar olmuşam.
Əhvindən
ümid qılmışam,
Ya Rəbb, yetiş fəryadıma.
Mən
bilmədim bəhbidimi,
Leyk üzmədim ümidimi.
Görsət
mana maksudumu,
Ya Rəbb, yetiş fəryadıma.
Klassik türkmən ədəbiyyatında özünəməxsus
yeri olan Dövlətməmməd Azadi
yaradıcılığı türk-İslam mədəniyyətinin
inkişafında mühüm rol oynayıb, özündən
sonrakı ədəbi nəsillərin sənətinə təsirsiz
ötüşməyib.
Elman Quliyev. filologiya üzrə
elmlər doktoru, professor
Xalq cəbhəsi.-
2019.- 23-24 iyul.- S.7.