İrəvan Nadir
şahın dövründə
4-cü yazı
Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın
“İrəvan müsəlman sakinli vilayət
olmuşdur” kitabında tarixi
sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və
onun ətraf əyalətlərinin tarixən
azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki,
İrəvan Nadir şah
Əfşar dövründə hicri-qəməri 1135-ci ildə,
yəni Mahmud Əfqan İsfahana
yaxınlaşdığı günlərdə dövlət
adamları vəliəhd Təhmasib Mirzəni atasına
kömək üçün Qəzvinə
göndərdilər. O, ordu
toplayıb əfqanlarla döyüşə girişməli idi. Təhmasib Mirzə də əvvəlcə
Qacarqəvanlu əyalətinin hakimi Fətəli
xanı sarayın səlahiyyətli nümayəndəsi və
əmirlər əmiri təyin etdi. Bu zaman Nadirin
qəhrəmanlıqları barədə məlumat alan vəliəhd ona ittifaq təklif etdi. Nadir də onun yanına gələrək
“Təhmasibqulu xan” ləqəbini qəbul
etdiyini bəyan etdi.
Təhmasibqulu xan hicri-qəməri tarixi
ilə 1143-cü ilin məhərrəm
ayının birində öz qoşunu ilə Azərbaycana daxil
olaraq Savucbulağı, Marağanı,
Dehxarqanı azad etdi.
Məhərrəm ayının 27-də isə o, Təbrizə daxil oldu və sonra İrəvanı
mühasirəyə almağa yollandı. Ancaq burada olarkən əfqanların
Məşhədə hücum etməsi xəbərini
eşitdi. Buna görə
də Osmanlılarla məsələni yarımçıq qoyub, dərhal Təhmasibin Məşhəddə
hakimlik edən 12 yaşlı oğlu Rzaqulu Mirzənin
köməyinə tələsdi.
Nadirin Şərqə yürüşündən sonra Şah Təhmasib ona tam arxayın olaraq özü 18 minlik ordu ilə Səfəvilər
dövlətinin qərb torpaqlarının azadlığı uğrunda mübarizəyə başladı.
O, hicri-qəməri tarixi ilə
1143-cü ilin cəmadiül-əvvəl ayında
İsfahandan Təbrizə gəldi. Sonra İrəvana
yönələrək, şəhərin
yaxınlığında Osmanlılara ağır zərbə
endirdi. Təkcə bir
döyüşdə osmanlıların 9 minə yaxın döyüşçüsünü
sıradan çıxarıb. İrəvanı Məhəmməd
Kazım Mərvi yazır: "Marağa
və Təbriz ətrafındakı məntəqələri
mübarək qədəmləri ilə şərəfləndirən
hökmdar arxada qalan qazilərin və igidlərin gəlib onlara yetişməsi üçün
çadır qurub bir
neçə gün gözləməyi əmr
etdi. Bu zaman Təbriz, Marağa, Urmiyadan başqa, Azərbaycanın
İrəvan, Gəncə, Şirvan kimi şəhərləri də Osmanlıların
əlində idi. Buna
görə də hökmdar əvvəlcə
İrəvana gedib Çuxursəd əyalətini
işğal altında saxlayan
Əli paşa Həkim oğlunu
cəzalandırmaq, İrəvandakı qalaları azad etmək, sonra digər
Azərbaycan şəhərlərinə yollanmaq
fikrində idi.
...Səhəri
gün padşah
Əfrasiyaba bənzər əmirlərlə birgə hərəkətə
keçib, qalanın dövrəsinə yetişdi və ətrafı seyr
etməyə başladı. Qalanın möhkəmliyinə və
dözümlülüyünə söz ola bilməzdi".
"Osmanlılar
şahı çaşdırmaq üçün
İrəvan qoşunlarının başçısı
Əli paşanı və Bağdad hakimi Əhməd paşanı həmin
dövrdə yiyəsiz qalmış İraqi-əcəmi işğal etməyə göndərdilər.
Buna
görə də Şah Təhmasib özünü dərhal Həmədana
çatdırdı və Kürdxan kəndində
Osmanlı qoşunu ilə üz-üzə
gəldi. Əhməd paşa bir müddət şahın başını sülh danışıqları ilə qataraq, qəflətən Səfəvi ordusuna hücum etdi. Şah Təhmasib
və sərkərdə Məhəmməd xan
Bəluc ağır itkilərə məruz qaldılar. Əhməd
paşa Kirmanşahı və Həmədanı,
Əli paşa isə Marağa
və Təbrizi ələ keçirdi. Şah Təhmasib İsfahana
qayıtmalı oldu.
Ancaq Əhməd paşa Nadirdən çox qorxurdu və buna görə dərhal sülh
danışıqlarına başladı. Bağdadda
imzalanan həmin sülh
müqaviləsinə görə, Şah
Təhmasib Təbrizi, Ordulanı, Loristanı, Kirmanşahı
saxlamaq şərti ilə, Arazın sol sahilini, yəni Gəncəni,
Tiflisi, İrəvanı, Naxçıvanı, Dağıstanı Osmanlılara
güzəştə gedirdi.
...Bu
zaman Herat cəbhəsində
də müharibə gedirdi. Müəyyərülməmalik
Şah Təhmasiblə Əhməd paşa arasında bağlanmış
müqaviləni imzalamaq üçün
Nadirə gətirdi. Təhmasibqulu xan bərk
qəzəbləndi və müqaviləni imzalamaqdan
imtina etdi. O,
Osmanlı səfiri vasitəsilə Əli paşaya
belə bir ultimatum
göndərdi: “Ya Səfəvi dövlətinin
bütün vilayətlərini qaytar, ya da
müharibəyə hazırlaş”. Özü
isə Heratı azad edəndən sonra Bağdada yola düşdü.
Nadir əfqanlara qarşı döyüşdüyü
müddətdə Osmanlı əsgərləri İrəvanın
dörd qalasını, Gəncəni,
Qarsı, Tiflisi işğal
etmişdilər. Nadir bu
dörd qalanı azad
etmədən öncə Osmanlı əskərlərini həmin
ərazilərdən qovub çıxara
bilməzdi. O, qalaların mühasirəsi ilə məşğul
olduğu vaxt Abdullah paşa Səfəvi
ordusuna hücum etmək
üçün 7 min
süvari və 50 min piyada qoşunla İrəvan
yaxınlığına gəldi. Tərəflər Bağavurd düzənliyində (bəzən
tarixçilər Murad təpəsi də
yazırlar) üz-üzə dayandılar. Təhmasibqulu xan hicri-qəməri tarixi
ilə 1148-ci ilin məhərrəm
ayının 26-da Osmanlı qoşununa
ağır zərbə endirdi. Abdullah paşanın və Diyarbəkr
paşasının komandanlığındakı olan ordu 5 min
döyüşçü itirdi. Bu qələbədən
sonra Gəncə və Tiflis
təslim olsa da,
İrəvan və Qars müqavimət
göstərməkdə davam edirdi”.
Osmanlı böyükləri
Bağdad valisi Əhməd
paşaya Təhmasibqulu xanla
sülh müqaviləsi
bağlamağı əmr etdilər. Əhməd paşa Qarsın Osmanlıların əlində
qalması şərti ilə İrəvanı qaytarmağa hazır olduğunu
bildirdi. Beləliklə,
hicri-qəməri tarixi ilə 1148-ci ilin əvvəllə- rində Osmanlılarla Nadir arasında (Nadir tərəfindən
Babaəli məsul olmaqla) sülh
müqaviləsi imzalandı. Beləliklə, Səfəvilər
dövlətinin qərb və şimali-qərb vilayətləri
geri alındı.
Məhəmməd
Kazım Mərvi yazır: "Amma
xoşbəxt ulduzlu naib
o qələbədən sonra
İrəvan istiqamətinə yollanmağı lazım bildi və yol tədarükünə
başladı. Köç köç dalınca İrəvana yola düşdü. Nadir o yerlərdəki yaylaqda şah
çadırı qurub, qeybdən xoş səda gözlədi.
Bu
xəbəri eşidən İrəvan hakimi
Həsən paşa 30 min
süvari ilə döyüşə
hazırlaşdı. Xoşbəxt ulduz sahibi rumluların cəsarətini və
şücaətini görən kimi təcrübəli
əmirlərə - Əliqulu bəyə, əmir Aslan xana, İmamverdi
xan Qoroğluya
göstəriş verdi ki, onları dəf
etsinlər.
Fərman sahibi döyüşün
gedişində öz qazilərini də həmin
süvarilərin üstünə yönəltdi. Döyüş şiddətləndi. Savaşda sonsuz çətinliklər
olsa da, ilahinin lütf nəsimi Nadirin bayrağının üstünə əsdi
və düşmənlər İrəvana tərəf qaçmağa başladılar... Xoşbəxt
ulduz sahibi onların
malını və döyüş qənimətlərini
qazilərə bağışlayıb, görkəmli sərkərdələrini
mükafatlandırdı.
Nadirin döyüşçüləri
Arpaçayın kənarına qədər irəliləyib,
həmin bölgədəki yerləri yenidən geri aldılar. Nadir əkin-biçinin
artırılması, su arxlarının təmizlənməsi
və xarabalıqların abadlaşdırılması üçün fərman verdi".
İrəvanın fəthindən
bir neçə ay əvvəl
Nadir şahın Gürcüstan
çarına xitabən verdiyi fərmanda
İrəvan hakimi Məhəmmədqulu
xanın da adı çəkilmişdir.
Fərmanın mətni belədir: “Bu
bölgənin tabeliyimizdə olmasını bildirməsini qiymətləndiririk.
Bu
müddət ərzində körpü
başında olan Marağa
hakimi baş sərkərdə
Əliqulu xan, Əlişəkər dairəsinin
bəylərbəyi Mustafa xan
və İrəvan bəylərbəyi Məhəmmədqulu xana göstəriş verdi
ki, 2000 nəfərlə yanaşı suyu keçib, yolüstü aliqədr Nəcəfsultan
Qaraçorluya Caruf eli əhalisini cəzalandırmaq üçün yardım lazım olsa, ona yardım edin. Sonra Tiflis
və Gürcüstanın aliməqam sərdarı
İslamış xanın yanına gəlib, bir-birləri ilə
birləşsinlər. Tiflis
qalasını tutub, müxalifləri cəzalandırsınlar.
Hər halda, xatircəməm ki, öz xidməti işlərində
səy edib və mətləblərini bildirib, himayə edildiklərindən əmin olsunlar".
İrəvanın fəthindən
bir qədər sonra
hicri-qəməri tarixi ilə 1148-ci ildə
Nadir Muğan
çölündə tacqoyma mərasimi keçirdi. Həmin mərasimdə İrəvan
xanı da iştirak edirdi. Abraham Qatiqusun xatirələrində deyilir:
“İrəvan xanına fərman gəldi ki,
təzə ayın əvvəlində (şaban)
hazırlaşıb, rəcəb ayının 28-də (24 sentyabr) yola düşsün və şabanın 29-da Muğan düzünə yetişsin".
Hicri-qəməri tarixi ilə 1149-cu ildə Azərbaycanda, o cümlədən İrəvanda taun xəstəliyi tüğyan
edirdi. Mərvinin yazdığına
görə, onlar iki mənzil
qət edib, Şəmsəddinli məhəlləsində,
Xalxanə qəsəbəsində dincəldilər. Bu vaxt Gürcüstandan
da bir neçə nəfər
gəlib çıxdı və onlar
bildirdilər ki, Tiflisə və
Gürcüstanın digər mahallarına vəba və taun yayılıb. Uca xaliqin
bəndələri orada bir
neçə gün mehribanlıqla baş girələdilər ki,
birdən o dərmansız dərd və
Allahın qəzəbi o yerlərə gəlib
çıxar. Əksəri Şamaxı və İrəvan
şəhərlərinin, Yengicə qalasının,
Qarabağın, Qaradağın qazilərindən ibarət
olan Allahın bəndələri sonuncu səadət pilləkəninə ayaq qoymağa
hazırlaşarkən onlara öz vilayətlərinə qayıtmaq barədə
icazə verildi. Qazilər sıraları
genişlənə-genişlənə İrəvanın
Göyçə yaylağına qalxdılar və bir neçə gün həmin
yaylaqda qaldılar ki, bu müddət ərzində taun
xəstəliyi İrəvan şəhərindən keçib getsin.
“Nadir
şah 1156-cı ildə Dağıstandan
qayıtdıqdan sonra Qurban
bəy Özbəyi və Məhəmmədrza xan Əfşarı İrəvan mülkünə
sərdar təyin etdi. O, həmin
şəxslərə sərhədlərin və adı
çəkilən qalanın əsaslı şəkildə təmir
edilməsini, ordunun hazırlığını
yüksəltməyi tapşırdı. Şahın fərmanında
deyilirdi ki,
düşmən həmin ərazidən keçdiyi
təqdirdə sərdarlar onun
qarşısını almağa
çalışmalı və ürəklə xidmət
etməlidirlər. Əgər bu işin öhdəsindən gələ bilməsələr,
İrəvan qalasında gizlənib, müqəddəratlarının
həll olunacağı anı gözləməlidirlər. Arzu edənlər çoxdur,
bu diyarın hakimliyinə namizəd olacaq kifayət qədər mötəbər
sərkərdə vardır".
Padşah İrəvanın əhəmiyyətli mövqeyini nəzərə alıb, oranı Aşur xan Sərdara da tapşırdı. Hicri-qəməri tarixi ilə 1156-cı ildə Sam
Mirzənin iğtişaş törətdiyini
görüb Aşur xana onun fitnəsinin
qarşısını almağı əmr etdi. Mərvi yazır: "...Hökmdar
İrəvanda yaşayan Aşur
xan Əfşarı Azərbaycanın sərdarı
təyin etdi. Ona
tapşırdı ki, düşmən
hansı səmtdən gəlsə, qarşısını
alıb saxlamağa
çalışsın..."
İrəvanın
Göycə yaylağı Nadir
şahın sevdiyi yer
idi. O, burada tək
dincəlmiş, həm də oğlunun və
qardaşı oğlunun toyunu
Göyçə yaylağında etmişdi.
Bu barədə "Aləmaraye-Nadiri"də
oxuyuruq: "Qələbə taleli hökmdar Gürcüstana gedəndə İrəvanın
Göyçə yaylağında şah
çadırı qurdurdu... Onun qəlbində
gizli bir arzu - görkəmli şahzadə İmamqulu Mirzəni və
qardaşının adını verdiyi İbrahim xanı evləndirmək fikri baş
qaldırdı. Buna görə də Humayunun hökmü ilə
toy hazırlığına
başlandı. Bir neçə gün Göyçə yaylağında
şadyanalıq məclisi və toy-büsat
düzənləndi. Bu iş başa çatandan sonra
Xorasanı idarə etmək hüququnu
şahzadə İmamqulu Mirzəyə,
İraqdakı vacib intizam
məsələlərini isə İbrahim
xana tapşırdı".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 27 iyul. S.
6.