Həmid Alimcan - müasir özbək ədəbiyyatının yaradıcılarından biri
Müasir özbək ədəbiyyatının yaradıcılarından olan Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olub. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşüb. Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirib, 1928-ci ildə buranı uğurla bitirib. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil alıb. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olub. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəxsiyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynayıb.
H.Alimcan ilk şeirini tələbəlik illərində yazıb. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxıb. O, 1930-cu ildə Pedaqoji Akademiyanı bitirib, ilk əvvəllər qəzet və jurnallarda çalışıb. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləyib, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparıb. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazıb.
H.Alimcanın bədii yaradıcılığında milli hisslərin güclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlərlə üzləşməsinə gətirib çıxarıb. Belə ki, 30-cu illərin ortalarından başlayaraq o, millətçi və burjua ideologiyasının təbliğatçısı kimi təqib olunub və 1937-ci ilin noyabrın 2-də Özbəkistan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb.
H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunub, özünün elmi və bədii yaradıcılığını davam etdirib. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunub.
Hələ sağlığında onun əməyinə yüksək qiymət verilib. 1939-cu ildə o, Şöhrət ordeni ilə təltif edilib, 1943-cü ildə isə Özbəkistan Elm
lər Akademiyasının müxbir üzvü
seçilib. Həmid Alimcan 1944-cü ildə vəfat edib. O, qısa, lakin şərəfli
bir ömür yaşayıb. Hazırda Özbəkistanın
bir çox küçə, meydan, universitet, orta məktəb,
metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin
10 cildliyi çapdan çıxıb.
H.Alimcan müasir özbək ədəbiyyatının
görkəmli şair və dramaturqudur. Özbək ədəbiyyatşünaslığında
onun sənəti orijinal yaradıcılığın
nümunəsi kimi yüksək qiymətləndirilir. O,
yaradıcılığa şeirlə başlayıb. H.Alimcan yaradıcılığının ilk illərində
yeni yaranmış cəmiyyətdə baş vermiş
ictimai-siyasi dəyişiklikləri özündə əks
etdirən şeirlər yazıb. “Qızıl dəniz”,
“Şərq”, “Komsomol gəldi”, “Özbəkistan”, “Traktor
hazırdır” və s. şeirlər bunlara misal olabilər. 30-cu illərin ikinci yarısından etibarən onun
poeziyasının mövzu dairəsi dəyişməyə
başlayıb. Bu cür şeirlərində
şairin vətənə, xalqa bağlılığı və
sevgi, məhəbbət duyğuları geniş yer tutur.
“Ölkə”, “Ərik çiçəklənəndə”,
“Vətən”, “Bəxt” və digər əsərlərində
belə məsələlərin mahiranə və maraqlı
ifadəsi diqqəti cəlb edir. “Ərik
çiçəklənəndə” şeri bir növ
şairin həm səmimi, həm də ciddi həyati
münasibətlərini əks etdirmək baxımından
xarakterikdir. Şeirdə həyatın dinamikası, təbiət
mənzərəsi fonunda insan hisslərinin adilikləri
içərisində böyük amal və düşüncələrinin
özünə yer tapması bütün misralarda
müşahidə obyektinə çevrilir:
Budaqlara
elə bil göylər ağlıq ələdi,
Pəncərənin
önündə bir ərik çiçəklədi...
Budaqlara
düzüldü düymə-düymə qönçələr,
Naxış-naxış açıldı,
çiçək-çiçək ağardı.
Bu
güllərin ətrini canıyanmış küləklər,
Burdan ötüb gedəndə özü ilə
apardı.
Hər
bahar təkrar olur gördüyüm bu mənzərə,
Hər bahar güllər açır, ürəyimiz nur
içir.
Mən
ömrümü-günümü vermirəm hədər yerə,
Ancaq baxıb görürəm yellər aldadıb
keçir.
Həmid Alimcanın Vətən müharibəsi
dövrü yaradıcılığı kəmiyyət və
keyfiyyət baxımından yeni mərhələyə qədəm
qoydu. Onun
müharibə illərində yazmış olduğu əsərlərində
müharibəyə, düşmənə nifrət, haqq
işinin qələbəsinə inam, igidlik, qəhrəmanlıq,
vətənsevərlik, xalqlar dostluğu və s. məsələlər
xüsusi tərzdə təbliğ olunurdu. “Məktub”, “Sevgi”,
“İgid”, “Moskva”, “Sənin ad günün”, “Əlinə silah
al”, “Şinel” və onlarla digər şeirləri ilə
H.Alimcan düşmənə qarşı amansız
olmağın, vətən naminə candan keçməyin, vətənin
gələcəyinə inam bəsləməyin təsirli ifadələrlə
təbliğinə müvəffəq olub. “Şinel”
şeiri şairin müharibə təəssüratlarını
əks etdirir. Şeirdə şinel təkcə
adi geyim, forma mənasında işlədilmir. Onu geyən igid əsgər vətən yolunda məsuliyyətini
dərk edir. Şeirdə biz bu adamın daxili aləmi,
onun vətən sevgisinin intəhasızlığı,
düşmənə nifrəti ilə yaxından tanış oluruq. Cəsur gəncin nə məqsədlə
əyninə şinel geyindiyi belə açıqlanır:
Səni mənim
əynimə
Böyük bir qəm geydirdi.
Atam, anam,
qardaşım,
Bacım, nənəm geydirdi.
Geyinib
yola düşdüm
Qanlı döyüşlərə mən.
Oba-oba
yüyürdük,
Keçdik neçə dərədən.
Şeirdə
ən maraqlı cəhətlərdən biri də budur ki,
şair təkcə indiki nəslin vətənin müdafiəsinə
qalxmasından danışmır, həm də gələcək
nəsillərin də lazım olduqda vətən naminə
mübarizə edəcəklərinə inam bəsləyir:
Vətənimin
üstünü
Əgər
bir də alsa qəm,
Əsgər
şinelim, səni
Oğluma geyindirrəm.
“Əlinə silah al” şeirində isə H.Alimcan zəhmətin,
mübarizənin insan həyatında oynadığı rolun
böyüklüyündən danışır. Şairə
görə insana həyatda heç nə hazır şəkildə
verilmir. Ucalmaq üçün, zirvəyə çatmaq
üçün, azadlıq və tərəqqi əldə
etmək üçün yalnız mübarizə və əzmkarlıq
lazımdır:
İstəsən
dünyada qalmasın gözün,
İstəsən
bağında bol olsun üzüm,
İstəsən
kamala yetişsin qızın
Qəlbində
yurd salsın bir məqsəd, amal,
Əlinə
silah al!
Gərək
azadlığa könül verəsən,
Bu geniş dünyada bir gün görəsən.
İstəsən
insantək ömür sürəsən,
Olmaq istəməsən
düşmənə hambal,
Əlinə
silah al!
Şeirdə didaktika, nəsihətamizlik geniş planda
özünü göstərə bilir. “Əlinə
silah al” şeirində həyat eşqi, yaşamaq eşqi, vətən
sevgisi, təəssübkeşlik duyğuları olduqca
güclüdür.
“Rokzananın göz yaşları” və
“Döyüşçü Dursun” balladalarında müharibə
illərinin reallıqları əks etdirilib. “Rokzananın
göz yaşları” əsərində H.Alimcan Ukrayna vətəndaşlarının
Özbəkistana köçü-rülməsi,
köçürülən ərazidə Rokzananın
körpə balasının ölümü və özbək
xalqının çətin anda Rokzanaya dayaq durması təsvir
olunub. “Döyüşçü Dursun”
balladası igid, mərd, qorxmaz Dursunun düşmənə
nifrətini, ölümdən qorxmamasını, vətən
naminə canını oda atmasını əks etdirmək
baxımından səciyyəvidir. Əsərdə
həmçinin vətənpərvər ana obrazı
yaradılmış, oğlunun vətən naminə
özünü fəda etməsindən qürur duyan
ananın simasında böyük bir şəxsiyyət, tərbiyəçi
canlandırılıb.
H.Alimcanın yaradıcılığında epik əsərlərinin
əhəmiyyəti olduqca böyükdür. “Şahmərdan”, “İki
qızın hekayəsi”, “Zeynəb və Aman”, “Aygül və
Bəxtiyar” və s. poemalarında epik janrın imkanlarından
is¬tifadə etməklə o, özbək həyatının
özünəməxsusluqları şəraitində
bütün reallıqlarını canlandıra bilib.
H.Alimcanrn poema yaradıcılığının zirvəsi
“Zeynəb və Aman” (1938) əsəridir. Əsərin
mövzusu olmuş hadisələrdən
götürülmüşdür. Poemanın
baş qəhrəmanı Zeynəbin prototipi Buxaranın
Gicduvan nahiyəsinin vətəndaşı Zeynəb
Amanovadır. Poemanı yazmamışdan
öncə, H.Alimcan 1936-cı ildə onun haqqında “Zeynəb”
adlı oçerkini qələmə alıb.
Poemada Zeynəbin həyatı, onun Amanla sevgi macəraları
təsvir olunur. Poema üç hissədən ibarətdir.
Birinci hissədə Zeynəbin yeni cəmiyyət
quruculuğundakı fəaliyyəti, onun köhnə adətlərə
qarşı mübarizəsi, sevgisi, azad ailə və azad
sevgi barədə düşüncələri əks etdirilir.
İkinci hissədə müəllif əvvələ
gediş etməklə Zeynəbin həyatının
uşaqlıq dövrünü, onun çəkdiyi əziyyətləri
təsvir edir. Üçüncü hissədə
isə poemanın digər əsas qəhrəmanı
Amanın həyatından, cəmiyyət uğrunda mübarizəsindən
söhbət açılır. Poemanın
digər obrazlarından olan Sabir və Anar xala da yeni cəmiyyət
qaydalarına rəğbəti olan, mühəfizəkarlıqdan
uzaq olan adamların tipik nümayəndələridir.
“Aygül və Bəxtiyar” (1937) poeması xalqın
güc və iradəsinin ye- nilməzliyini əks etdirmək
baxımından xarakterikdir. Poemanın baş qəhrəmanı
Aygül öz xalqına və ölkəsinə azadlıq bəxş
edən igid bir qız timsalında təcəssüm etdirilir.
Belə ki zülmə qarşı mübarizə
edən qullar, o cümlədən Aygülün atası da
öldürülür. Aygül zalım
xan tərəfindən zindana atılır. O, Tərlan
adlı bir qulun köməyi ilə zindandan
qaçırılır və düşmənin əlinə
keçməsin deyə, sandığa salınıb çaya
atılır. Üç aydan sonra onu
çayın sahilində tapırlar. Aygül
yenidən başqa bir zülmkar şahın əlində əsir
olur. Lakin son anda Aygül böyük
güc və qüvvət toplayır, Cambil ölkəsinin
zalım şahını öldürür və xalqı
azadlığa çıxarır. Ölkəyə
mərd və igid Tərlan başçı təyin olunur.
Əsərdə həmçinin Aygüllə
çoban Bəxtiyar arasında olan səmimi münasibətlər,
bir-birinə rəğbət və məhəbbətlərindən
də söhbət açılır. Ümumiyyətlə,
poemada Aygül obrazı xalq idealı və arzularının bədii
timsalıdır.
H.Alimcanın dramaturji xidmətləri də təqdirəlayiqdir. Ədib
ömrünün son illərində bu sahədə xidmət
göstərib, “Muqanna” (1943) və “Cinayət” (1944) adlı
iki dram əsəri yaradıb.
“Muqanna” tarixi dramdır. Əsərdə Orta
Asiya xalqlarının VIII əsrdə Muqannanın
başçılığı ilə ərəb
istilaçılarına qarşı qəhrəmanlıq
mübarizəsindən danışılır. Dramaturq keçmiş hadisələrə münasibət
əsasında hazırda vətənə məhəbbət,
işğalçılara nifrət hissi aşılanıb,
azadlıq və müstəqillik ideallarından söhbət
açıb. Pyesin baş qəhrəmanı
Həşim Həkim oğlu Muqannadır. O, yadelli
işğalçılara qarşı ayağa qalxan xalqın
mübarizəsinə rəhbərlik edir. Döyüşlərdə
igidlik göstərir, qəhrəman kimi tanınır. Sonuncu döyüşdə düşmənə əsir
düşməsinlər deyə, Muqanna və onun ətrafında
olan bütün igidlər özlərini öldürürlər.
Müəllif bu vasitə ilə demək istəyir
ki, vətən və xalq yolunda mübarizədə hər bir
igid ölümdən belə çəkinməməlidir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 4 iyul. S.
14.