XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri

 

 

 

3-cü yazı

Səhənd yaradıcılığında daha qabarıq diqqət çəkən bu mətləblər dövrün ictimai-siyasi vəziyyətindən irəli gəlirdi, çünki şairin yaşadığı dövrdə insan hüquqlarına, mənəviyyatına, ideya və düşüncələrinə, həyat tərzinə biganəlik dövrün, zəmanənin qanunlarının, zorakı assimilyasiya siyasətinin nəticəsi idi. Vətənində vətənsiz olan şair xəyalən bütün kainatı dolaşdıqca bütöv bir millətin ruhunun bir araya gəlməsini, dini bir, əqidəsi bir, imanı bir olan insanların həmrəy, həmfikir olmasını istəmiş və bu üzdən şeir və poemalarında beynəlmiləlçilik, barış ruhu da yansıyıb. Geniş əhatə dairəsinə malik olan, epik-lirik vüsət çağlayan hər hansı poemasında reallıqlarla uzlaşan dramatik notları ustalıqla qələmə alan Səhənd obrazların dili ilə əsərlərinə özünəməxsus məzmun və məna bəxş edir, ən xırda məqamları belə nəzərdən qaçırmır, oxucunun nə düşünəcəyini sonadək müşayiət edir, hisslərinə biganə qalmır və məqsədini anlada bilir.

H.M.Savalanın “Apardı sellər Saranı“, K.M.Sönməzin “İsanın son şamı“, H.Nitqinin “Təbriz“, “Haqq“, M.C.Hüseyninin (1959) “Qanlı günəş“, M.Ş.Yalqızın “Səməndiyyə“,“Qanlı faciə“, M.Ə.Harayın “Yandırılan sazlar“ kimi poemalarında da bu tendensiyanı müşahidə edirik.

Riyakar qüvvələr bəzən dini baxışlarda təriqətçilik yaratmaq, məzhəblərarası təfriqə salmaq kimi əməllərdən istifadə edirlər. Bu təzadlar isə milli dəyərlərimizin korlanması üçün vasitəyə çevrilir. Bundan sonra isə şüurlarda müəyyən dəyişikliklər baş verir ki, bu da mənəviyyatımızın dəyişməsini, onun dolğunluqdan yeknəsəkliyə istiqamətlənməsini sürətləndirir. Sürətlənən pozitiv amillər isə idraka psixoloji təsir göstərir. Tədqiqatımız boyu Güney şairlərinin poema yaradıcılığını izlədikdən sonra bu qənaətə gəlirik. Onların hər birinin yaradıcılığında demokratik quruculuq və tərəqqi meyarı mühüm əhəmiyyət kəsb edən cəhət kimi xarakterizə olunur.

Səhəndin inqilabi ruhda yazdığı əsərləri azadlıq və azad cəmiyyət faktoru üçün maraqlı məqamlar aşkarlayır. Bu mövcudluqda oxucu azad cəmiyyətlərdə azadlıq dalğalarının necə cərəyan etdiyini sanki görürhiss edir. Belə bir halın mövcud olması isə səbəb və nəticədən asılı olaraq cəmiyyətlərdə gec-tez ciddi struktur dəyişikliyinə gətirib çıxarır. Səhəndin əsərlərindən aldığımız təəssürat bizi hərdən şübhələrlə də üz-üzə qoyur və dərhal da ikiləşən amillər cəmiyyət və insan faktoru çərçivəsində fikirlərimizi tənzimləyir. Bu da təbiidir, çünki o, çox çətin bir şəraitdə ömür sürmək və mübarizə aparmaq zorunda qalmışdı. Bəzən şairin əsərlərində azadlığın nisbi bir anlayış olduğunun da fərqinə varırıq. Bu nisbilik ictimai şüurun formal cəhətləri üçün müxtəlif hədd kimi təzahür edir. Lakin güclü idraka və dərin təfəkkürə malik şair bu müstəvidə insan şüurunun daha vacib məsələlərdə səbəb axtardığını bəyan edir və poemalarında bu prosesi daha geniş əks etdirməyə çalışır:

Qarğış zəmanənin qanunlarına,

Qarğış, ürəkləri ayıranlara.

Əsir bir millətə, məhkum bir elə

Qayğı çəkən kimdir, ağlayan kimdir?

Demokratiya məsləhət məşvərətlə görmək prinsipidir. Bu prinsipin azadlığın nisbiliyində böyük rolu var. Şəhriyar Səhənd- bir az oxşar, bir az da fərqli olmaqla bu məsələ özünü paralel şəkildə büruzə verir.

K.M.Sönməz poemalarında sələflərindən fərqli olaraq belə bir müddəa ortaya qoyur ki, insan məsləhətlə görməyə aludə olarsa, heç bir azadlıq hissindən söhbət açmağa dəyməz. Yaxud insan məsləhətləşmədən sonra, ən sonda öz fikrini əsas tutur bu məsuliyyəti üzərinə götürürsə, bu iki forma arasında tarazlıq yaratmaq mümkün deyil.Çünki ifrat fərdi ehtiras yanğıdır bunun insan amilinə təsiri isə aydındır.Çünki azadlıq prinsipləri qayda-qanun həddi ilə bir araya sığmır mənəviyyatın materiya ilə paralel qoyuluşu maddiyyatla bağlılığı tam təmin edə bilmir.Sönməzin “Əliboş getmə” poemasında da insana, onun azadlıq, həqiqət məfhumlarına münasibəti aydındır.

Bu geniş dünyada bir ürək dostu,

Tapa bilməz idik can qiymətinə.

Həqiqət sözünü, ürək sözünü,

Deyərdik bir nahaq qan qiymətinə.

Bu poemada insana münasibət, dediyimiz kimi, fərqlidir.Burada ağır çətin həyat tərzinin, fəlakətlər dövrünün keçilməz aşırımları səbəbindən insana münasibət dəyişir.Yəni, bu poemada insana münasibəti dəyişdirən əsas amil qorxudur, söylənilən həqiqətlərin müqabilində töküləcək nahaq qanların, alınan günahsız canların yaratdığı dəhşətli qorxu hissidir.Bu da mövcud cəmiyyətlər üçün xas olan xüsusiyyətdir. Bu cəhətin şairin “Böyük dərd” poemasında daha aydın təzahür etdiyinin şahidi oluruq:

İnsanın həyatı çox qəribədir,

Vaxt olur, zamanı dayandırırsan...

Bir vaxt da qəm elə güclü gəlir ki,

Tablaşa bilmirsən, qəddin əyirsən.

Bir göz qırpımında, bir neçə anda,

Bir insan ömrücən düşgünləyirsən.

Səhəndin fikir dünyasında qanunlar yalnız görüntü üçündür, mahiyyəti puç əfsanədir, bu aləmdə azadlıqdan söhbət belə gedə bilməz. Mübariz qələm sahibi bütün qanun kitablarının vərəq-vərəq yırtılıb doğranmasını, qanun yazan əllərinsə burxularaq qələmlərinin sındırılmasını bir kənara tullanmasının gərəkliyi gerçəyini hayqırır. Hətta şair poetik dillə:

Ədalətdən boş danışan

Boşboğazın sıx boğazın!

- ittihamını oxuyur. Bu misralarda şair qanun, haqq ədaləti özləri üçün oyuncağa çevirmiş ehtikar qüvvələrə içinin yanğısını, fəryadını hayqırır, “Haqq!Həqiqət!” - deyə bağıran içi boş, mənəviyyatsız, mənsəbpərəst, saxtakar məmurlara - “banlayan xoruzlara” “Susdeyir.

Xəyalpərvərlik materiyadan ayrıldıqca qlobal problemlər yaradır.Tanrı maddiyyatın hamısını insan üçün yaradıb.Maddiyyatın mənəviyyat üzərində hökmranlığı da çox hallarda məhz bu xətdən qaynaqlanır. Şairin qənaətinə görə, insan maddiyyatın qatlarına varmaqla problemin daşıyıcısına çevrilməlidir. Əks halda, qayda-qanunlar azadlığı üstələyir.

Əslində, insanın özünüdərk prosesi inkişaf etdikcə möhtəşəmlik elmlə təmas yaradır.Bu təmasdan doğan simptomlar ilk növbədə həyati qanunauyğunluqların paraqmatik şəkli kimi təsir bağışlayır.Deməli, cəmiyyətin sosial-ictimai strukturlarındakı nisbi sadəlik mistik anlayışdır, ki, aqressiv poetika.Bu, kosmoqonik miflərdə əyaniləşdirilmiş qənaətdir. Məsələn, Şəhriyarın “Heydərbabaya salam” poemasında cəmiyyətin sosial-ictimai müəyyənliyi kosmoqonik bir mif kimi əyaniləşdirilməmişdir, əksinə, burada son dərəcə sadə aydın, gerçək bir dünya var. Oxucu bu dünyanın içində Şəhriyar şəxsiyyətinin yaradıcılığının bədii məziyyətlərini dərk etmək üçün özündə konkret bir güc, istək axtarır. “Şeir hikmət” poemasında da şairin bədii-elmi təfəkküründən aydın, konkret bir nəticə doğur: İdrak keçmiş deyil, indiki gələcək fikirlərin qaynağından ibarət uzun bir zəncirdir. Demək, fikir həm idraki prosesləri tənzimləyən məsamə, zəncirin həlqələrindən biridir:

Mən verdim canımı sözə, sənətə,

Öldüm çatmaq üçün əbədiyyətə.

Sözün köksündədir şairin canı,

Şairi sözündən, şeirindən tanı.

Bu fikirlərdə M.Şəhriyar yaradıcılığının ideya-məzmun xüsusiyyətləri, idraki proseslərdə fəallığı, ideyalılığı, zəngin həyat təcrübəsi s. qabarıq nəzərə çarpır. Böyük sənət əsərinin əsasında böyük insan idealları humanizminin durduğunu yaxşı dərk edən Şəhriyar sözə-sənətə canını verməkdə yanılmadı. O, şeir-sənət yolunda “ölməklə” əbədiyyətə qovuşdu, ədəbiyyatın isə zirvəsinə ucaldı.

Hər millətin xoşbəxtliyi onun müstəqil dövlətinin olması ilə bağlıdır. Bir həqiqət danılmazdır ki, müstəqil dövləti olmayan millətin yüksək səviyyəli siyasətçisi, ziyalısı və adamları ola bilər, amma o, beynəlxalq aləmdə tanına bilməz... Güney şairlərinin, xüsusən Həbib Sahirin timsalında bu konsepsiya özünü əyani şəkildə təcəssüm etdirir.Sahir ağır həyat tərzini kor-koranə yaşamaq istəyən insanlarda həqiqət nurunun olmadığına inanmış və oxucusunu da buna inandırmağa çalışmışdır.Onun hətta sürgün, əsarət motivli əsərlərində də kiçik bir ümid, inam müşahidə etmək mümkündür.

Hamı azadə elin şairi var;

Mən əsir ellərin, ah, şairiyəm!

- deyən H.Sahirin bu misraları, təbii, ölməz Hüseyn Cavidin “Mən fəqət hüsnü-xüda şairiyəm, Yerə enməm , səma şairiyəm”, - misralarını xatırladır... Ancaq misralarında dərin kədər notları aydın duyulan H.Sahir ömrü boyu xalqına bəxtəvər, firavan günlər arzulamış, bunun uğrunda mübarizə aparmış, əsərlərində bir gün özünün azadlıq həsrətinə son qoyulacağına dərin bir inam formalaşdırmışdır.Bu inamın nəticəsində o, bədii dəyər kəsb edən, özünün oxucusunun gözlərini azadlıq qığılcımlarından qamaşdıracaq, üzünü güldürəcək ədəbi nümunələr yaratmağa nail olub.

Mayasında istismarçı cəmiyyətlərə qarşı üsyan olan, min illərin ictimai-tarixi, həyati-bəşəri məziyyətlərini əsərlərində sistemləşdirən Güney şairlərindən biri Məcid Şəbbağ Yalqızdır (1937-2013). Yalqız “Qanlı faciə” poemasında Təbriz zəlzələsi zamanı palçıqdan tikilmiş, qar-yağış yuyub köhnəltmiş evlərdə yaşayan kasıblarla mərmər imarətlərdə kef-damaqla ömür sürən zənginlərin vəziyyəti arasındakı fərqi göstərir, obyektiv müqayisələr edir duruma ictimai-siyasi məna verməyə çalışır:

Evi mərmərdən olan ey ürəyi daş, bunu bir qan

Bir oğulsuz ataya amma bu sözlər oğul olmaz...

Day axan su qayıdıb bir tazadan nova dolmaz.

O qədimdən qalan evlərdəki qalmışdı vaxtdan,

Qar-yağış tabdan aparmış daha salmışdı nasaqdan,

Altı palçıqdan özü köhnə suvaqdan...

Bir bətərdən yel əssəydi baca-dam yıxılırdı.

Bu yazıq millətin Allah, görəsən var günahı?

Çəkdirirlər ona ahı...

Olmaya, oldu günahsızlıq onun əsl günahı

Ki, bu gün yoxdu pənahı...

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 1 iyun.- S.14.