XX əsr Güney Azərbaycan ədəbiyyatında
poema yaradıcılığında novatorluq və sənətkarlıq
məsələləri
5-ci yazı
İnsanın özündən uzaqlaşması, biganəliyi hətta onun özünə olan münasibətini də dəyişmişdir. Məhz bu səbəbdən milyon illərdir insan kamil bir fərd olaraq formalaşa bilmir. Həmid Nitqinin “Təbriz” poemasında insana münasibət fərdi xarakter daşımır, ümumiləşir, bütöv bir xalqa, onun məskunlaşdığı tarixi əraziyə (bu əsərdə Təbrizə) münasibətdə özünü təsdiqləyir. Bu münasibət ağrı-acılarla dolu fikir və ifadələrlə oxucunun diqqətinə çatdırılır. “Dastan ölməz” poemasında da bu amili qabardan Həmid Nitqi “Günəş” poemasında həmin hissin izahı üçün daha çox vəsiləyə əl atır:
Əsrlərdir güvəndiyimiz dağlara qar yağıb.
Ağır illər elimizin dübəndini dağıdıb.
Həramilər karvanımın yolunu kəsir...
İnsanlar arasında mehr-məhəbbətin itməsini, səmimiyyətin heçə enməsini böyük narahatlıqla müşahidə edən şair məhz bu nöqteyi- nəzərdən yanaşaraq “.. .Əsrlərdir güvəndiyimiz dağlara qar yağıb”, - deyə yazmış, insanın insana, öz dindaş, qardaş və soydaşlarına qarşı biganə, laqeyd münasibətini açmaq və təhlil etmək üçün yetərli mənbə yaratmışdır.
Haşım Tərlan “Araz gülür” poemasında insana münasibət meyarını fəlsəfi dona bürüyərək təqdim edir. Şair uzun illər boyu bir- birinə həsrət qalmış iki qardaşın görüşü fonunda insani münasibətlərin, ayrılıq, həsrət acısını elə tərzdə təsvir edir ki, istər-istəməz bu ayrılığı salan bəşər övladlarına oxucunun qəlbində nifrət hissi yaranmaya bilmir:
İzdihamdır
Araz boyu o tay, bu tay,
Göz yaşları yuvarlanır
xısın-xısın.
Atır
özün donmuş suya, üzə-üzə,
Gəlir doğma qan qardaşın qucaqlasın.
Bəs qardaşı qardaşdan ayrı salan hansı səbəblərdir? Əlbəttə,
insanın insana qəddarcasına münasibəti... Haşım Tərlan poema boyu bu ağrını bədii
gerçəklik kimi göstərməklə, sanki uzun illərin
ağrı-acısına, həsrət dərdinə birdəfəlik
son qoymaq istəyir.
Mirzə Məhəmmədin “Həcrinin taleyi”
poemasında insan taleyinin ağrı-acıları, məşəqqətli
həyatı aşağı təbəqənin, məzlumların
ah-fəryadı qulaqlarına çatmayan yuxarı təbəqənin
uğursuz siyasətinin doğurduğu problemlər kontekstində
təsvir edilir. Daha doğrusu, ağır həyat yaşayan, qəfil gələn
sellə evi dağılan, hər şeyi -əşyaları,
bütün yazıları axıb gedən, lakin bu kimi çətinlik
və məhrumiyyətlər qarşısında əyilməyən,
sınmayan mərd, vüqarlı bir şairin obrazı
canlandırılır:
Başında
ilhamı, əlində qələm,
Şeir qaytanına incilər düzdü.
Uğurlu
günlərlə olmadı həmdəm,
Bir kiçik daxmada hər qəmə dözdü.
Coşanda
şeirinin qaynar bulağı,
Ürəyin nar kimi sıxdı kağıza.
Qadınsız,
övladsız oldu ocağı,
Şair həsrət
qaldı oğula, qıza...
Poemada şair şifahi xalq ədəbiyyatı,
aşıq şeiri ənənələrinə sadiqlik
nümayiş etdirərək dərin fəlsəfi fikirlərini
qoşma qəlibində ifadə edib. Əhməd Şaya Alovun “Acı
çayı” poemasında isə insan və onun kədərli
taleyi səciyyəvi xüsusiyyətlər kimi verildiyindən,
oxucu poemada təsvir edilən məqamları başa
düşməkdə çətinlik çəkmir:
Tarix boyu
sən görmüsən,
Ölkəmizə
axıb gələn Ərəbləri, moğolları...
O
talançı quldurları.
Humanizm,
insani münasibətlər Muradəli Qureyşi
Qaflantının “Bizim kəndin bir illik tarixi” poemasının
da əsas ideya istiqamətini təşkil edir:
Gördüm
güllə kəndə dolutək yağır,
Biri də
qışqırır: - Məhəmmədbağır,
Arvad-uşaqlara
deyin qorxmasın,
Heç kim öz evindən çölə
çıxmasın...
Güney şairlərinin poemalarında insan faktoru və
insana hörmət motivləri çox güclüdür. İdrakı
və təfəkkürü aydın olan Güney şair-lərinin
əsərləri oxucuda insanlığın mahiyyətinə
varmaq, sosial- psixoloji amillərə bədii şərh vermək
meyilləri oyadır. Həyati gerçəklikləri
öyrənmək üçün Güney şairlərinin
epik-lirik duyğularına köklənmək kifayətdir.
Məsələn, irticaçıların,
şovinist qrupların, mülkədar və jandarmların
soyğunçuluq və talançılıq siyasətini biz
onların qələm nümunələri vasitəsilə dərindən
dərk edirik. Həmçinin, İranda - Miyanə, Sərab,
Ərdəbil, Təbriz, Xoy, Miyandabda irticaçıların
hücumunun qarşısını almaq üçün
silahlı dəstələrin, hətta ayrı- ayrı fərdlərin
hansı əzab və əziyyətlərə tab gətirdiklərini,
fədailərin təqib, zindan və sürgünlərdə
hansı məşəqqətlər
yaşadıqlarını anlayırıq. Həbib Sahir
“Sürgün” poemasında bu məşəqqətləri
poetik dil ilə belə ifadə etmişdir:
Daşdan-daşa
dəydi başım qürbətdə,
Möhnət
oldu yar-yoldaşım qürbətdə...
Su
başından bir gün keçdim sübhçağı,
Gördüm sönüb xalqın odu, ocağı.
Qaçıb getdim o cəhənnəm odundan.
Gördüm
bütün yerdə ölüm, atəş, qan!
Güney
şairlərinin əsərlərini oxuyanda hiss olunur ki, milli ədəbiyyatımızın
sürətli inkişafı milli məfkurə
ideologiyasının geniş-lənməsinə xidmət edir
və milli mənsubiyyətli metodologiya ədəbi mühitin
strukturunu yaradır. Belə bir
yaradıcılıq prinsipi əsərlərdə milli təfəkkürün
xəlqiliyinə, reallığın, idraki prosesin, milli-etik
normaların, mənəvi-idraki görüntülərin fəlsəfi
izahına geniş qapı açır. Onların
ədəbiyyata baxışı, fikir müxtəlifliyi,
mövzu rəngarəngliyi, yaradıcılıq müstəvisində
ədəbi-fəlsəfi manevrlər etmək
bacarığı dünyəvi düşüncələrinin
məhsulu kimi üzə çıxır. Bu düşüncələrin dinamikası
ayrı-ayrı cərəyanlarda effektli və harmonik bir
mövcudluğun varlığını da göstərir.
H.Sahir
Güney Azərbaycanda zəhmətkeş təbəqənin,
kəndlilərin ağır vəziyyətini, yoxsulluq
üzündən səfalət içində sürünmələrini,
heç bir haqq sahibi olmadıqlarını “Sürgün”
poemasında o qədər real əks etdirib ki, oxucu sanki
şairin qəhrəmanının, əslində isə
özünün sürgün olunduğu Savə
mahalının ucqar bir kəndindəki kasıb daxmaya xəyalən
səyahət edir, özünü bu həyatın içində
duyur. Təbii, Sahir 1945-46-cı illər
inqilabından sonra sürgün olunmuş, uzun illər məzlumlarla
iç-içə, nəfəs-nəfəsə
yaşamış və xalq həyatını, onun qəhrəmanlıq
salnaməsini bütün incəliklərinədək öyrənmişdi.
Şairin bu özəlliyinə Türkiyə tədqiqatçısı
Ənvər Aras da böyük dəyər verir: “Hak, adalet ve
hürriyet uğrunda her türlü fedakarlığa katlanan
ve canlarını feda eden kahramanların
hatıraları karşısında hürmetle eğilen
şair, temel insan haklarından bile mahrum bırakılarak
zindanlarda çürütülen Türk gençlerinin
geleceğinden endişe duyar. Rejimin ve kendi menfaatlerini her zaman
ön plana çıkaran satılmış idarecilerin,
ülkenin çiçeklerini soldurduğunu, insanlarını
yokluğa ve yoksulluğa mahküm ettiğini söyleyerek her
fırsatta vatana ve millete bağlılığını ifade
eden Habip Sahir, bütün vatanperverlerin bu kutsal mücadelede
layık olduğu yeri alması gerektiğini vurgular.Şair, bu
duygu ve düşüncelerini “Mektep hatireleri” adlı
şiirinin şu misralarında özetlemektedir: Men yurdumu
özgelere satmadım, Xelet alıp, öz elimi atmadım”. Məhz bu bələdlik ona xalqın milli azadlıq
hərəkatının baş qəhrəmanlarından biri
kimi təsvir etdiyi, sevə-sevə yaratdığı bədii
obrazı canlı həyatdan götürmək
şansını da vermişdi. Ancaq bu şans təkcə
ona deyil, həm də Haşım Tərlan, Kərim Məşrutəçi
Sönməz, Məhəmməd Biriya, Hüseyn Düzgün,
Mircəlil Hüseyni, Hökümə Bülluri, Mədinə
Gülgün, Mirzə İbrahimov və b. da verilmişdi ki,
onların hər biri özünəməxsus tərzdə
milli qəhrəman obrazı yaratsınlar... Bu möhtəşəm
obrazlardan birinin prototipi məşhur Xiyabani hərəkatının
lideri, böyük mütəfəkkir və ictimai xadim
Şeyx Məhəmməd Xiyabani, digəri Milli Hökumətin
yaradıcılarından olan alovlu vətənpərvər
S.C.Pişəvəri, başqa biri isə prokuror Fridun
İbrahimidir. Onların keçdiyi şərəfli
həyat yolu, azadlıq idealları təkcə nəsr əsərlərinin
deyil, şeir və poemaların da mövzusuna
çevrilmişdir. Bircə faktı deməklə kifayətlənəcəm
ki, şair Hüseyn Düzgün Xiyabani hərəkatının
lideri, tarixdə ilk dəfə milli kimliyimizin ifadəsi olan Azəristan
adlı dövlət yaratmış böyük filosof,
ülgüçü, şair, ədəbiyyat nəzəriyyəçisi
Xiyabaninin bütün yaşamını və fəaliyyətini,
amallarını vəsf edən dörd poema - “Şeyx Məhəmməd
Xiyabani-1, “Şeyx Məhəmməd Xiyabani-2”, “Şeyx Məhəmməd
Xiyabani-3”, “Şeyx Məhəmməd Xiyabani-4”-ü
yazmış, xalqının yolunda canından keçən bu
Vətən mücahidinin bənzərsiz obrazını
yaratmışdır. Qəhrəmanına dibsiz bir sevgi ilə
qələmə alınmış dörd poemada oxucu “Təbrizin
tanınmış islamşünas alimi, ruhani Əngəcinin
yanında oxuyub müctəhidlik dərəcəsinə
yüksələn, həmçinin məşhur astroloq Mirzə
Əbdüləlidən astronomiya və riyaziyyata dair bilgiləri
mənimsəyərək islam fəlsəfəsinə, tarixinə
və ümumən ədəbiyyata dair mütaliəsini də
genişləndirən və məşhur alim kimi yetişən”
Şeyx Məhəmmədin doğuluşundan
ölümünədək - yaşamının bütün
mərhələləri ilə tanış olur:
Qadınların hayı gəlirdi yandan,
Ağrılar çəkirdi Rüqəyyə Sultan.
Bir
qadın oyandan sevincək qaçdı,
Hac Əbdülhəmidin qapısın açdı.
Dedi:
"Muştuluğum ver, bir oğlun oldu!”
Adını
"Məhəmməd” qoydu uşağın,
Oxudu əzanı sağ qulağına.
Aristotel yazırdı ki, “poeziya yalnız zahiri əlamətlərin,
hadisələrin təsviri deyildir. O, tarixdən daha ciddi və fəlsəfidir.
Çünki tarix olan şeyləri göstərirsə,
poeziya ola biləcək şeyləri də
göstərir. Poeziya hadisələri sadəcə
təsvir etmir, hadisələr arasındakı əlaqələri,
qanunauyğunluqları ifadə edir”. Şair
H.Düzgün, B.Q.Səhənd, H.Sahir şeir və
poemaları, Şəhriyar əsrarəngiz poeziyası ilə
sanki bu əlaqələri, qanunauyğunluqları birbaşa
oxucunun təfəkkürünə ötürür. Sönməz isə poemalarında həyata qənim
kəsilən, bir-birinə düşmənçilik
münasibəti bəsləyən insanları kəskin tənqid
atəşinə tutur. Bütün bunlarla yanaşı,
onlar öz bacarıqları sayəsində əsərlə¬rində
həyati məsələlərin bədii təsvirinə
önəm verir, öz ləyaqətini və
vüqarını hər şeydən uca tutan qəhrəmanlarını
(məzlum xalq, işğal olunmuş torpaqlar,
qırılmış ürəklər və s) çətinliklərə
salsalar da, sonda onları möhkəm iradə sahibi edir, bədii
fikrin spesifikasını, həyatdakı mənfi keyfiyyətləri
belə bədii tədqiq yolu ilə sıralayır, hadisələrin
ictimai kəsərinə daha çox diqqət yetirirlər. Məhz bu səbəbdən onların vətənpərvərlik
ruhunda yazdığı poemalar böyük əhəmiyyət
daşıyır. Mövcud problemləri,
hələ bundan neçə illər sonra qabaracaq potensial
sosial-siyasi çatışmazlığı zaman-məkan
çərçivəsində real lövhələrlə
canlandıra bilmək bacarığına malik olan Güney
şairləri Quzey Azərbaycan şairləri kimi qlobal sərhədləşməyə
milli düşüncə və təfəkkür
bucağından boylanırlar.
Esmira Fuad
Filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 8 iyun.-
S.14.