Mifoloji düşüncə tariximizin sorağıyla: yaradılış mifi və əfsanə janrı
1-ci yazı
Mif-əfsanə məsələsi çox mürəkkəb məsələdir. Çünki mif – dünyagörüşü hadisəsi, əfsanə isə bir folklor janrıdır. Deməli, burada məsələnin mahiyyəti dünyagörüşünün janrlaşmasında özünü göstərir. Mif haqqındakı ümumnəzəri bilgilər onu mifoloji təsəvvürləri hekayələşdirən sistem kimi səciyyələndirir. Y.Meletinski göstərir ki, “mif” yunan sözü olub, hərfən “rəvayət, söyləmə” anlamını bildirir. Adətən tanrılar, ruhlar, ilahiləşdirilmiş, yaxud öz mənşəyi etibarilə tanrılarla əlaqəli olan qəhrəmanlar, ilk zamanda fəaliyyət göstərmiş, dünyanın, onun təbii və mədəni elementlərinin yaradılmasında birbaşa, yaxud dolayısı ilə iştirak etmiş ilk əcdadlar haqqında əhvalatlar nəzərdə tutulur. Mifologiya həm tanrılar və qəhrəmanlar haqqında belə əhvalatların məcmusu, həm də eyni zamanda dünya haqqında fantastik təsəvvürlərin sistemidir. Miflər haqqında elmi də mifologiya adlandırırlar.
Bu fikrə görə: Mif bir anlamında mifik əhvalatların məcmusudur; Mif başqa bir anlamında dünya haqqında fantastik təsəvvürlərin sistemidi; Mifologiya isə miflər haqqında elmdir.Göründüyü kimi, Y.Meletinski mif və mifologiya anlayışlarına çox sadə bir tərif verib. Lakin bu tərifin sadə olması heç də məsələnin sadə olmasını göstərmir. Mif məsələsi çox mürəkkəb və mübahisəli məsələdir. M.Eliade məsələnin bu tərəfini vurğulayaraq yazır: “Mifin elə bir tərifini tapmaq mümkün deyildir ki, həm bütün alimlər tərəfindən qəbul edilsin, həm də mütəxəssis olmayanlar üçün də anlaşıqlı olsun. Bununla bərabər, bütün arxaik və ənənəvi cəmiyyətlərdəki bütün mifləri və onların bütün funksiyalarını əhatə edən universal tərifi tapmaq mümkündürmü? Mif mədəniyyətin fövqəladə dərəcədə mürəkkəb gerçəklərindən biridir. Onu ən çoxsaylı və bir-birini tamamlayan aspektlərdə öyrənmək və şərh etmək olar. Mənə elə gəlir ki, aşağıdakı tərif daha yatımlı olacaq. Ona görə ki, o, bizi maraqlandıran məsələni geniş şəkildə əhatə edir: mif müqəddəs tarixi bəyan edir, “bütün başlanğıcların başlanğıcı olan” yaddaşaqədərki (tarixəqədərki – E.Q.) zamanda baş vermiş hadisələr haqqında danışır. Mif nəql edir ki, reallıq hər şeyi bütünlükdə ehtiva edən dünya, kosmos şəklində, yaxud təkcə onun fraqmentləri (adalar, bitki aləmi, insan davranışı, yaxud dövlət təsisatı) şəklində olmasından asılı olmayaraq, fövqəladə varlıqların igidlikləri sayəsində öz təcəssümünü, gerçəkləşməsini necə tapıb. Bu, həmişə hansısa “yaradılış” haqqındakı hekayədir. Bizə xəbər verilir ki, nə necə baş verib və biz mifdə bu “nə isənin” mövcudluğunun qaynaqlarına yaxın oluruq. Mif baş verənlər haqqında həmişə həqiqəti danışır”.
Mifləri hər nə qədər fantastik və uydurma hesab etsək də, bu mifləri yaradan və yaşadan insanlar onları həqiqət hesab ediblər. Demək, miflər məzmunundan asılı olmayaraq, öz dövrünün həqiqətləri hesab olunub.Bu məsələyə K.Levi-Strosun yanaşması belədir: “Mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır”. Buradan birbaşa aydın olur ki, mif inamla bağlıdır. Mif inanıldığı qədər mifdir. Qeyd edək ki, K.L.Strosun bu fikri çox ciddi məqamdan soraq verir və mif-əfsanə münasibətlərinin üzərinə də işıq salır.Deyilənlərin fonunda F.Bayatın fikri diqqəti mifin mürəkkəbliyini səciyyələndirmək baxımından cəlb edir: “Mif dəyərlər paradiqmasında dünyanı dərketmə, şəkilləndirmə, simvollaşdırma, yəni həyatın və hadisələrin ümumiləşdirilmə modelidir. Mif məna paradiqmasında düşüncə tərzi, şüur, bilgi və şüur növüdür”.
Fikirdən məlum olur ki, F.Bayat “mif” anlayışını iki paradiqmada: dəyərələr və məna paradiqmasında götürüb. Mif birinci paradiqmaya görə, “həyatın və hadisələrin ümumiləşdirilmə modeli”, ikinci paradiqmaya görə, “şüur növüdür”.“Mif” və “mifologiya” anlayışları haqqındakı məlumatlar, fikirlər A.K.Bayburin tərəfindən ümumiləşdirilib. O, “mif” anlayışını iki əsas mənası olan termin kimi ümumiləşdirib:
1) sözlü təhkiyə mətni kimi;2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli) kimi.O, “mifologiya” anlayışını üç əsas mənası olan termin kimi ümumiləşdirib:
1. Bir mədəni-tarixi ənənəyə məxsus olan miflərin (söyləmələrin) toplusu.2. Dünya qavrayışının xüsusi forması. «Mifologiya» bu mənasında paradiqmatik aspektdə götürülən “mif” anlayışına yaxın, hətta eyni mənadadır. Dünyanın mifoloji mənzərəsi miflərin toplusu olan “mifologiya” və mif-təhkiyə ilə məzmun planının ifadə planına münasibəti nisbətində əlaqələnir.3. Mifləri və mifoloji sistemləri öyrənən elmi fənn.
Beləliklə, “mif” iki mənada işlənilir: hekayət (“sözlü təhkiyə mətni kimi”) və təsəvvürlər sistemi.
“Mifologiya” üç mənada işlənilir: Mifik hekayətlərin toplusu, təsəvvürlər sistemi (dünya qavrayışının xüsusi forması) və mif haqqında elm.Mif düşüncə, şüur hadisəsidir və o, sözlə nəql olunduğu zaman hekayətə (əhvalata, söyləməyə) çevrilir. Bu məsələ mifin əfsanə ilə bağlılığına işıq salır və belə bir sualı meydana gətirir: mif necə olur ki, əfsanəyə çevrilir? Bu məqamda K.L.Strosun fikri yenidən yada düşür: “Mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır”. Demək, hər nə qədər ki mifik hekayətin həqiqət olduğuna inanılır, o, mif hesab olunur; elə ki, o, həqiqət olmaqdan çıxdı, onda artıq mif hesab olunmur. Bu halda həmin mif əfsanəyə, rəvayətə, nağıla, dastana və s. dönür. Burada əsas olan mifin məzmunu yox, ona inam məsələsidir. Məsələn, əgər insanlar bir yaranış hekayətini həqiqi hadisə, həqiqi tarix hesab edirlərsə, bu, hekayət mifdir. Əgər insanlar həmin hekayətin məzmununa artıq inanmırlarsa, onda o, artıq maraqlı bədii məzmuna malik əfsanəyə, yaxud başqa epik janra çevrilir. Bir mətnin mif, yaxud folklor mətni hesab olunması ona inamdan asılıdır. Mifik inam olan yerdə mifik şüur var. Beləliklə, “mif” həm düşüncə, həm də hekayət formasında mifoloji şüura aid olan hadisədir. Mifoloji şüur epoxası öz yerini tarixi şüur epoxasına verdikdən sonra mif dövründə bütün həqiqi, müqəddəs, doğru hesab olunan miflər folklor janrlarına, o cümlədən əfsanələrə çevrilir.
Əfsanələr, ümumiyyətlə, folklorun məzmunca maraqlı, cəlbedici və çox geniş yayılmış janrlarındandır. Onu populyarlığı etibarilə nağıl, dastan və rəvayətlərlə müqayisə etmək olar. Bu janrlar xalq arasında geniş yayıldığı kimi, əfsanələr də çox geniş yayğınlığa malik olub. Əfsanələrin sirli-sehrli məzmunu, xalqın müqəddəs dəyərləri ilə bağlı olması, başqa sözlə, ezoterik (gizli, batini), mifik inancları özündə əks etdirməsi onların xalqın yaddaşında əsrlər boyu yaşamasına səbəb olmuşdur. Eyni səbəb onlara olan tədqiqatçı marağının da əsasında durur.
Azərbaycan folklorşünaslığında əfsanələr daim diqqət mərkəzində olub, müxtəlif tədqiqatçılar bu janrın poetik xüsusiyyətləri ilə bağlı maraqlı fikirlər söyləyiblər. Həmin fikirlər eyni zamanda “mif və əfsanə” probleminin nəzəri əsaslarının üzərinə işıq salır. Tədqiqatçılar əfsanə janrının arxaik-mifoloji inamlarla bağlı olduğunu göstəriblər. Prof. P.Əfəndiyev belə hesab edir ki, “xalq təbiət hadisələrinin həqiqi mahiyyətini dərk etmək təşəbbüsünə səy göstərdiyi dövrdən ayrı-ayrı səma cisimləri ilə bağlı əfsanələr yaratmağa başlayıb. Əfsanələrdə xalqın gündəlik həyatı, dünyagörüşü, məişəti, adət-ənənəsi və s. öz əksini tapıb”.Göründüyü kimi, alim əfsanələri insanların “təbiət hadisələrinin həqiqi mahiyyətini dərk etmək təşəbbüsü” ilə əlaqələndirməklə əslində bu janrı ibtidai insanların dünyagörüşü, dünyanı ilkin (primitiv) “elmi” dərkinin məhsulu kimi qiymətləndirib. Əlbəttə, ilkin insanın dünyagörüşündə indiki səviyyəsində götürülmüş elmdən danışmaq olmaz. Ancaq elm hazırda təsdiq edir ki, çox primitiv səviyyədə olsa da, hətta mifoloji düşüncə çağından başlanmaqla insan düşüncəsində dünyanın elmi dərkinə meyl olub. Bunun barəsində bir çox dəyərli fikirlər irəli sürülüb.
Türk alimi Öcal Oğuz insan düşüncəsinin başlanğıcı sayılan mifologiyanın elmi mahiyyəti haqqında yazır: “Mifologiyasız hər hansı bir mədəniyyətin olması mümkün deyil. Mifologiya insan oğlunun öyrənmək ehtiyacının başlanğıc nöqtəsidir. Mifologiya öyrənmək ehtirasının doğurduğu, günümüzə gəlib çatan ən əski bilgilərdir. Mifologiya elmin başlanğıcıdır. Təəssüf ki, günümüzün pozitivist anlayışı içərisində mifologiya elm tarixinin başına yerləşdirilməyib. Mifologiya insan oğlunun öz çevrəsi ilə bağlı ilk maraq və öyrənmək ehtiyacının məhsulu olaraq meydana çıxıb”.
Bu fikir prof. P.Əfəndiyevin əfsanələrin insanların “təbiət hadisələrinin həqiqi mahiyyətini dərk etmək təşəbbüsü” ilə bağlı olması haqqındakı qənaətini göründüyü kimi, tam təsdiq edir. Belə ki, əfsanələr mifoloji dünyagörüşü ilə sıx bağlıdır. Mifoloji dünyagörüşü folklor janrları içərisində, belə demək mümkünsə, ən çox əfsanələrdə qorunub qalıb. Bu cəhətdən əfsanələr bir folklor janrı olaraq insanların həm də elmi ehtiyaclarının, dünyanı dərk etmək, qavramaq istəyinin ifadəsidir. Bu barədə dünya folklorşünaslarının fikirlərini ümumiləşdirən bir fikir daha səciyyəvidir: “Amerika Folklor Cəmiyyətinin (“American Folklore Society”) “AFSNet” veb saytında “What is folklore?” (“Folklor nədir?”) başlığı altındakı “giriş” məlumatında deyilir: “Folklor şifahi münasibətlər və davranış nümunələri vasitəsilə geniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrübədir. Hər bir qrupun öz bənzərlik mübadiləsi, həmin bənzərliyin əsas hissəsi olaraq xalq ənənələri – insanların ənənəvi şəkildə inandıqları (əkinçilik təcrübəsi, ailə adətləri, dünyagörüşünün digər elementləri), etdikləri (rəqs, musiqi bəstələmək, paltar tikmək), yaratdıqları (memarlıq, incəsənət), söylədikləridir (şəxsi hekayələr, tapmacalar, lirik mahnılar)”.
Göründüyü kimi, folklor dünya folklorşünaslıq fikri tərəfindən həm də bilik və təcrübə hesab olunur. S.Rzasoy veb saytdakı bu yanaşmanı geniş şərh etmiş, folklorun bilik və təcrübə hesab olunmasına belə münasibət bildirib: “Folklor – şifahi ənənədə mövcud olan bilikdir. Başqa sözlə, etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini professional elmdən fərqləndirən ən başlıca keyfiyyət yenə də folklor biliklərinin şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir”.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2019.- 11 iyun.-
S.14.