Amerikanın beş
ən yaxşı dirijorundan biri
İstedad Allahın bəndəsindən
əsirgəmədiyi çox
qiymətli hədiyyəsidir. Əksər hallarda
özünə yol tapıb parlasa da, bəzi hallarda
pünhan qalır.
Almaz kimidir, cilalandıqca daha dəyərli olur. Məkan tanımır, bütün
sədləri dəf edib sahibinə şöhrət gətirir...
Bu gün sizə
ABŞ-da yaşayan daha bir istedadlı
gəncdən, maestro Fərhad
Xudiyevdən söhbət
açmaq istəyirəm. Ulu babası
Təbrizdən Bakıya,
Bakıdan da Türkmənistana gedib.
Atası
Adil Xudiyev Aşqabadda iqtisadçı
işləyib, 2008-ci ildə
vəfat edib. Anası Adilə Rəsulova həkim kardioloqdur. Özündən başqa
iki qardaşı da vardır...
Fərhad 1985-ci ildə Türkmənistanda
anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək
ABŞ-ın Miçiqan
ştatına gəlib.
Burada “İnterlochen Arts Academy”-da
orta təhsillə yanaşı skripka və bəstəkarlıq
ixtisasını əldə
edib. 2004-2008-ci illərdə
Oberlin Konservatoriyasında həmin
ixtisas üzrə ali təhsil
alıb. 2008-2010-cu illərdə
Kannektikut ştatındakı
Yel Universitetində ikinci ali
təhsil kimi dirijor ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut,
2011-2012-ci illərdə Nyu
Cersi orkestrlərində
dirijorluq edib. 2012-ci ildən Kaliforniya
ştatının Gənclərin
Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində
çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə
yanaşı, dirijorluq
sənətini tədris
edəcək...
...Ömür-gün yoldaşı
Marcilə xanım əslən Əfqanıstandandır.
İxtisasca ekoloqdur. Alya adlı
bir qızı vardır. Alya xanım hələ ki, altı aylıq
körpədir...
Fərhad artıq bir sıra uğura imza atıb. On iki yaşında olarkən Rusiyada keçirilən “Íîâûå èìåíà" festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq
kamera musiqisi festivalında qızıl
medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində
yenə də kamera musiqisi üzrə müsabiqədə
birinci yerin mükafatına sahib çıxıb.
2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq
müsabiqəsində çin
musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə
Almaniyada baş tutan dirijorların Şolti adına
beynəlxalq müsabiqəsində
üçüncü yerə
çıxıb. 2018-ci ildə
isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın
beş ən yaxşı dirijorundan biri seçilib...
...Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur.
Futbol oynamağı xoşlayır.
Bədii
yaradıcılıqla da
məşğul olur.
İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib...
Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti
məlumatsız olsa da xeyli işlər
görüb. 2013-cü ildə məşhur kamança ifaçısı
İmamyar Həsənov
və Montorey Gənclər Orkestrinin iştirakı ilə
ABŞ-da ilk dəfə
olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub.
Konsertdə onun dirijorluğu
ilə Hacı Xanməmmədovun kamança
və simfonik orkestr üçün bəstələdiyi musiqilər
səsləndirilib. 2018-ci
ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir
konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər
Manafzadə də iştirak ediblər...
Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində
sərbəst danışa
bilməsə də fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa
bilir. Türkmənistanda, ABŞ-da boya-başa
çatsa da milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı
olduğunu fəxrlə
söyləyir.
İnanıram ki, bu istedadlı, gənc dirijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2019.- 20 iyun.- S.8.