Nyu Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş
Azərbaycanda rəssamlıq və heykəltaraşlığın nəsildən-nəslə ötürülməsi artıq bir ənənə halını alıb.Bu gün sizə Sumqayıtın rəmzinə çevrilmiş “Sülh göyərçini” abidəsinin və eləcə də həmin şəhərdə ucalan İmadəddin Nəsiminin heykəlinin iki müəllifindən biri- əməkdar rəssam, mərhum Asim Quliyevin oğlu Emin Quliyevdən söhbət açmaq istəyirəm. O, 1961-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. Sonra dörd il Əzim Əzimzadə adına Rəssamlıq məktəbində tam orta təhsil alıb. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltaraş ixtisasına yiyələnib. 1987-1989-cu illərdə əsgəri xidmətdə olub.1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirib.1992-2004-cü illərdə Azərbaycan Rəssamlar İttifaqında çalışıb. Sonra iki il ailəsi ilə birlikdə Afrikada, Sudanın paytaxtı Xartum şəhərində yaşayıb. Bir il SSRİ Rəssamlar İttifaqının üzvü olsa da hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-ci ildən isə ABŞ-ın Nyu York şəhərində məskunlaşıb…
...Ömür-gün yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır. İki oğlu var. Böyük oğlu Cavid 29, ikinci oğlu Teymur 21 yaşındadırlar...
Emin Quliyev Nyu Yorka gələndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. 2009-cu ildən “My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. İndiyədək qırxdan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul ola bilib...
Deyir ki,“Arzum daha çox rəssam və heykəltaraş yetişdirmək olub. Şükür Allaha ki, buna nail olmuşam. Böyük uğurlara imza atan yetirmələrim var. Bundan qürur duyuram”...
2019-cu ilədək altı müxtəlif sərgidə
əsərləri ilə iştirak edib. Bu il isə Nyu
Yorkun "Susan Eley
Fine Art Gallery" və "Artifact
Gallery"-sində iki
fərdi sərgisi keçirilib. Onun amerikalı yetirmələrinin
rəsmlərindən ibarət
“My Way to like Azerbaijan”, “Mənim Qarabağdan keçən
yolum” adlı iki albom katoloq
artıq işıq üzü görüb…
…Zəhməti heç də diqqətdən kənarda qalmayıb. Bruklinin meri tərəfindən yeniyetmələrin inkişafına
verdiyi töhfəyə
görə iki dəfə fəxri fərmanla təltif olunub. Sonuncu mükafatı isə Nyu York şəhər konsulluğundan alıb…
Rəsmləri əsasən yağlı
boya ilə işləyir.Portret janrında
sifarişlər qəbul
etsə də, adətən avanqard janrda çəkməyə
üstünlük verir.Hazırladığı
heykəltaraşlıq nümunələri
isə bir başqa aləmdir.Xocalı
soyqrımına həsr
olunan, bürüncdən
yaratdığı “Qarabağ
ağrısı” əsərinin
isə Nyu Yorkun görməli yerlərindən birində
ucalmasını arzulayır.Ümumiyyətlə
Emin Quliyevin maraqlı əsərləri
çoxdur. Onların
arasında xalqımızın
böyük oğlu Heydər Əliyevin, ölkəmizin rəhbəri
İlham Əliyevin, eləcə də qeyrət nümunəsi Cavad xanın heykəllərini nümunə
gətirmək olar…
Şən, gülərüz, mehriban,
qayğıkeş adamdır.Mübahisə
etməyi xoşlamır.Səs-küylü
yerlərlərdən uzaq
olmağa, daha çox emalatxanada çalışmağa üstünlük
verir.Öz işindən
zövq alır.Əsərləri
ilə vətənimizi
təbliğ etməkdən
yorulmur.Necə deyərlər,
qürbətdə yaşasa
da ürəyi Azərbaycanladır.Nyu Yorkda
fəaliyyət göstərən
azərbaycan cəmiyyətləri
ilə daim əlaqə saxlayır.Onların
tədbirlərində fəal
iştirak edir.
Söhbətimiz boyu Azərbaycan
kəlməsi dilindən
düşməyən bu
soydaşımızın ən
böyük arzusu Qarabağın tezliklə
işğaldan azad olunmasıdır...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2019.- 22 iyun.- S.6.