Yaratmaq naminə yaşamaq istər...

 

1-ci yazı

 

 

 

 

Güney şairlərinin poemalarında başlıca olaraq Vətən mövzusu, xalqın azadlıq, istiqlal arzularının ifadəsi,

Ana torpağa məhəbbət, ana dili uğrunda mübarizə motivləri xas olsa da, eşqi, məhəbbəti və gözəlliyi

tərənnüm edən poemalar da yaranırdı.

 “Şeir və hikmət” poemasında da mövcud vəziyyətdən şikayətlənən Şəhriyarın “Hanı yer üzündə elə bir insan;

Şəhriyar, sən ona arxalanasan?” kimi bədii sualları daxili narazılığının ifadəsi olaraq üzə çıxır. Ustad şair əksər hallarda qlobal düşünür, bəşəri ideyaları qabardır və həyatdakı mənfi keyfiyyətləri birdəfəlik yox etməyin zamanının çatdığını hayqırır:

Yalançı sərhədlər silinsin gərək,

Ərzin bütövlüyü bilinsin gərək.

Kainat - insanın uçuş meydanı,

İnsan - kainatın zəka tərlanı...

Şəhriyar, Səhənd, Sahir, Sönməz, Savalan, Biriya, H.Nitqi, Yalqız, Yanar, Mircəlil Hüseyni və digər şairlərin

poemalarındakı mənəvi zənginlik başlıca predmet kimi səciyyələnir, poemalar daxili-məntiqi, estetik vəzifəsi və tipoloji modeli ilə seçilir, həyatın epik-lirik təsvirini verir, həyatiliyin fəlsəfi mündəricəsini təyin edir.

21 Azər hərəkatına hazırlıq getdiyi, hərəkatın baş verdiyi və məğlubiyyətinə qədərki Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazıldığı mühüm dövrdə Güneydə ədəbiyyatın inkişafında böyük canlanma yaranmış, söz sənəti görünməmiş sürətlə tərəqqi etməyə başlamışdı. Bir sözlə, 1940-50-ci illər Güney Azərbaycan ədəbiyyatının çiçəklənmə dövrü kimi dəyərləndirilir. Əslində, ədəbiyyat bütün zamanlarda, qeyd etdiyimiz kimi, dövrün ab-havası, baş verən hərəkatlarla bərabər addımlamış, dövrün aynası olmuş, baş verən hadisələri parlaq şəkildə əks etdirmişdir. Poemalarda da (“Heydərbabaya salam”, “Sazımın sözü”, “İtin vəfası”, “Araz”, “Təbriz”, “İsanın son şamı” və s.) dünyəvi hisslər, həyati epizodlar, ricətlər, obrazların müdrikliyi müəlliflərin yaşadıqları dövrün ictimai-fəlsəfi və əxlaqi məqamlarını dərindən dərk etmək bacarığına malik olduqlarını göstərir. Güney ədəbiyyatında insan və şəxsiyyət məsələsi yeni bir meyar kimi geniş müzakirə obyektinə çevrilmişdir ki, bu xüsusda milli münasibətlərin də böyük rol oynadığı şəksizdir. Diqqətlə nəzər yetirsək görərik ki, Güney şairləri din və feodalizm ideologiyasının, mistik-ictimai hadisə və görüşlərin, inqilabi əhval-ruhiyyənin təsiri altında o dövrün ədəbiyyatı üçün xarakterik olan mühüm amillərə tarixilik və müasirlik prinsipləri baxımından yanaşıb və ən önəmlisi də odur ki, hər bir janra, o cümlədən poema janrının forma və məzmun ölçüsünə, tələb olunan meyarına yeni prizmadan nüfuz ediblər. Şəhriyarın “Şeir və hikmət” poemasında biz bu faktorun fərqli və rəngli çalarlarını müşahidə edə bilirik:

Məni qorxutmayın acından ölmək,

Qorxuram: faydasız yanan bir şam tək,

Tənha bir guşədə yanım məhv olum,

Bir ovuc qum kimi yelə sovrulum.

Yox! Mənim od qəlbim bir bulaq istər,

Yaratmaq naminə yaşamaq istər...

Şairin yüksək insanlıq eşqi ilə dolu qəlbi yaşamaq-yaratmaq naminə çırpınır və çətin dövrün problemlərindən ehtiyat etməyərək rahat və asudə gəzib dolanmaq mümkün olan bir mühit arzulayır və bu mühit uğrunda da çarpışır. Bir-biri ilə təzad təşkil edən iki müxtəliflik həyat üçün vacib olan dinamikanı sistemləşdirir. Bu ardıcıllıqda insan zehniyyətinin müxtəlifliyi, bəşəriyyətin zehni və mənəvi inkişafının təcəssümü əsas amil kimi göstərilir.

Sədi Şirazinin qənaətinə görə, bəşəriyyət vahid bir bədəndir. Elə ki, həyat bu bədənin əzalarından birinə xətər yetirir, başqa əzalar da ağrıyır. Təsadüfi deyil ki, bu kəlam BMT qərargahının girəcəyində yüz dildə öz ifadəsini tapıb. Dünya birliyi bu kəlamın mahiyyətini çox aydın şəkildə başa düşdüyü halda, təəssüf ki, yenə də ikibaşlı siyasət yürüdür, müharibə və iğtişaş meyarına arxalanır. Bu çirkin konsepsiyanın fərqli bir formasını İranda şah üsuli-idarəsinin hökmran olduğu vaxtlarda da dünya dövlətləri aydın şəkildə müşahidə edib. M.Şəhriyar, Sönməz, Sahir, Səhənd, Savalan, Oxtay kimi şairlərin o çağlarda bəşəriyyətin vahid bir bədən kimi olmasını arzulamaları və bu məqsədə yetmək uğrunda gərgin mübarizə aparmaları o dövrün hakim təbəqələrinin diqqət mərkəzində idi və onların başı bu mübarizliyə görə az müsibət çəkməyib.

Şəhriyar “Eynşteynə peyğam, yaxud məktub” əsərində insanın - dünyanın elm korifeyi Albert Eynşteynin atom bombasını ixtira etməsini nəzmə çəkib. Əvvəldə alimin bu ixtirası alqışlansa da, onun tətbiqinin dünyanı dağıtması, böyük fəlakətlərə yol açması fonunda alim - insan özünə lənətlər yağdırır. Bu, qeyd etdiyimiz həmin zərurətin bir qaynağıdır. Təsadüfi deyil ki, sülh konsepsiyası və bu konsepsiyanın bəşəri mahiyyəti həmin dövrün ədəbiyyat müstəvisində ustalıqla səciyyələndirilib.

Dövlətlərarası münasibətlərdə inamsızlıq faktoru, fikir və əqidə ayrılığı, siyasi və hərbi ixtilaflar zəmanənin ən dəhşətli faciəsi, sürətli silahlanma üçün zəmin yaradan məqamlardır. Belə halda, mövcudatın ən ağıllısı və ən kamili kimi Allah tərəfindən yaradılmış insan və insanlıq amili əsas göstərici olaraq bu müstəvidə özünü təzahür etdirir və təəssüf ki, insan dəhşətli müharibələrə də həyatında böyük yer ayırır.

İnsanın həm yaradıcı, həm də dağıdıcı xarakterinin şərhi Güney Azərbaycan ədəbiyyatının görkəmli

nümayəndələrinin əzəli və əbədi mövzularından olub, Ə.Fitrət, İ.Zakir, M.Niknam, M.Səfvət, B.Azəroğlu,

F.Məhzun, Ə.Tudə, M.Çavuşi, H.Nasiri, M.Gülgün, A.Pənahi, H.Billuri, H.Cavan, İ.Cəfərpur, S.Tahir,

Q.Cahani kimi şairlər də mövzu ilə bağlı demokratik ruhlu şeirlər yazıblar.

Səhəndin “Sazımın sözü“ epopeyasında da “Azərbaycan xalqının milli şüurunun inkişafında əhəmiyyətli rol oynayıb. Səhənd bu poema ilə İranda ilk dəfə olaraq, bədii formada türk (Azərbaycan) dili ilə türk (Azərbaycan) etnosunun tarixi-irsi birliyi problemini bərpa və həll etməyə çalışıb”. Poemanın ən dəyərli cəhətlərindən biri də, heç şübhəsiz ki, vicdan azadlığı və onun təmin olunması məsələsinin ədəbiyyata gətirilməsi idi. Milli məfkurə ümumbəşəri bilgilərin çox mühüm klassik formasıdır və zaman-məkan vəhdəti məhz bu sferada ortaq məxrəcə gələ bilir. Milli ədəbiyyatımızın sürətli inkişafı milli məfkurəmizin ideologiya olaraq yaranmasına və formalaşmasına, genişlənməsinə xidmət edib və bu xidmət davam edir. Bir çox tədqiqatçıların qənaətinə görə, Səhənd də güclü milli hisslərə malik xarakterik yazıçıdır. Çünki onun yaradıcılığında müxtəlifliyin vəhdəti vacib komponent kimi səciyyələnir. Şairin ideya aləminin və yaradıcılıq xüsusiyyətlərinin təhlili milli təfəkkürümüzün açılmasına da xidmət edir, xəlqiliyinə işıq salır, həmçinin, real mövcudluğun, mənəvi-idraki proseslərin, eləcə də, milli məfkurə və düşüncə tərzinin fəlsəfəsini izah edir:

Hər dərdin dəvasın axtarmaq gərək,

Nə çıxar yıxılıb zarıldamaqdan?

Təlaşsız qolların qüvvəti olmaz,

Yol getməsə, çatmaz məqsədə insan.

Ümid hər nə qədər zəif olsa da,

Bütün düyünləri boşaldar, açar.

Ümid bir qığılcım, bir qol olsa da,

Tonqallar yandırar, alovlar saçar.

Yaşadığı dövrün-mühitin xüsusiyyətlərini, milli-mənəvi təsəvvürləri bədii söz müstəvisində bu səviyyədə

canlandırmaq şairdən böyük cəsarət tələb edir. Məhz bu baxımdan Səhəndin yaradıcılığı milli iftixar hissi

doğurur. O, tərəddüd etmədən sosial həyat fəlsəfəsinə, cəmiyyətin ən aktual problemlərinə həssaslıq göstərir, çox vaxt isə həmin problemlərin ən dərin qatlarına baş vurur. Mövcud ictimai-siyasi mühit və vətəndaş, birincinin ikinciyə təsiri, həmçinin əksinə, ikincinin birinciyə təsiri dövrünə görə ədəbiyyatda yenilik idi ki, bu yenilik Səhəndin də əsərlərinə uğur gətirən cəhət olub, onun yaradıcılıq metoduna, fikir söykəyinə çevrilib.

Güney Azərbaycan ədəbiyyatında poema janrının inkişafına nəzər salarkən XX əsrdə baş vermiş bir çox ictimai-siyasi hadisələrin təsiri nəticəsində burada poemanın ideya və məzmun dairəsinin necə genişləndiyini anlamaq mümkündür. Poemalar ədəbi-ictimai həyatımızı mövcud problemlər fonunda dolğun şəkildə əks etdirir.

Buradakı fikir, qənaət, obraz, bədii təsvir və ifadə vasitələri, əxlaqi- mənəvi keyfiyyətlər və s. diqqəti xüsusilə çəkir: bu əsərlər yad ideoloji təsirlərə sipər olur. Yəni, onların əsərləri müəyyən sistem əsasında yaranır.

Nəticədə “elmi fikri, sağlam düşüncəsi, zamanın qabaqcıl ideallarını, insan ürəyinin və xalqın mənəvi aləminin

uca hisslərini, ali məqsədlərini təsvir və tərənnüm Güney Azərbaycan ədəbiyyatında geniş yer tutur. Şairi, yazıçını belə əsərlər yazmağa ruhlandıran nədir? Hər şeydən əvvəl xalqa, həqiqətə məhəbbət, təmiz, saf insanlıq duyğusudur, vətənpərvərlik hissləridir! Güney şairlərində bu hisslər, inqilabi yüksəlişlər dövrünün bu sərvətləri sinədən qopan od kimi alovlanır, işıq verir!”

Bu dövrdə yazıb-yaradan Güney şairlərinin poemalarında başlıca olaraq Vətən mövzusu, xalqın azadlıq, istiqlal arzularının ifadəsi, Ana torpağa məhəbbət, ana dili uğrunda mübarizə motivləri xas olsa da, eşqi, məhəbbəti və gözəlliyi tərənnüm edən poemalar da yaranırdı.

Güney şairlərinin poemalarında yüksək insani keyfiyyətlərin tərənnümü qeyd etdiyimiz kimi, vicdan azadlığı məsələsinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, insanın malik olduğu keyfiyyətlər cəmiyyətləri həmişə düşündürüb. Elm bu xüsusda insanın üç əsas keyfiyyətə - sadəlik, düzlük və əxlaqi saflığa malik olmasını göstərir. Amma Şəhriyar, Savalan, Sönməz, Sahir, H.Nitqi və b. poemalarında həmin keyfiyyətdə başqa, daha bir neçə elementi qoşmağı da vacib hesab etmişlər. Məsələn, Həbib Sahirə görə, insan daxili gözəlliklərə malik olmaqla həyatdakı mövqeyini müəyyənləşdirər və cəmiyyət üçün yararlı olduğunu isbata yetirə bilər. K.M.Sönməz bu meyara bir qədər fərqli yanaşmaqla, insanda ağlın təcrübə ilə tarazlıq vəziyyətinə gətirilməsini daha önəmli hesab edir. M. Şəhriyar yaradıcılığında insanın normal həyat üçün zəruri olan bütün keyfiyyətlərə malik olması əsas məqsəd kimi təzahür edir. Bu prosesi şairin əksər əsərlərində, xüsusən də “Heydərbabaya salam“, “Gecənin əfsanəsi”, “Şeir və hikmət”, “Səhəndim“, “Stalinqrad qəhrəmanları“ poemalarında aydın görürük.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 29 iyun.- S.15.