Azərbaycan folkloru ingilisdilli qaynaqlarda
AMEA Folklor İnstitutunun aparıcı elmi
işçisi, filolgiya üzrə fəlsəfə doktoru,
dosent Vəfa İbrahimin monoqrafiyası (“Azərbaycan
folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə
məsələləri”) elmi-kütləvi auditoriya
üçün xüsusi əhəmiyyət
daşıması baxımından diqqətimizi cəlb etdi. “Azərbaycan ədəbiyyatının
xaricdə öyrənilməsi ilə bağlı ümumi
icmal”da milli kimliyimizi dünya arenasına çıxarmaq
üçün folklorumuz əsas mənbə olduğu
vurğulanır. Bu baxımdan folklorumuzu
bütün cəhətləriylə öyrənməli və
təbliğ etməliyik. Eyni zamanda bunu bir
həvəskar kimi deyil, peşəkar ixtisas sahibi kimi
aparmağı bacarmalıyıq ki, dünya oxucuları bu təqdimatın
diletant mövqeyi olmadığına, elmi baxışlara əsaslandığına
inana bilsin. Elə buna görə də
alim qaynaqlara müraciət edərək, Azərbaycanda
çıxan bir çox əsərlərdə ingilisdilli mədəniyyətlə
bağlı elmi əsərlərə və əhəmiyyətli
baxışlara yer ayırır. Bu əsərlər
Azərbaycan folklorunun xaricdə öyrənilməsini
aydınlaşdıran mənbələrdir. Eyni zamanda müəllif qeyd edir ki, bu öyrənilmə
ehtiyacı bizim ölkədə bir qədər gec
başlayıb. Ancaq əsas odur ki,
başlayıb və inkişaf etməkdədir. Bu əsərlərdən
“Azərbaycan ədəbiyyatı ingilis alimlərinin əsərlərində”,
Ə.Ağayevin “Nizami və dünya ədəbiyyatı”,
İ.Rəhimovun “C.Q.Bayronun “Şərq poemaları”nda şərq
sözləri”, Ə.Rzayevin “İngilis poeziyasının Azərbaycan
dilinə tərcümə məsələləri” (Bayronun
“Şərq poemaları”nın materialları əsasında),
S.Məmmədovanın “Qərbi Avropa şərqşünaslığında
XIV-XV əsr Azərbaycan poeziyasının öyrənilməsi
tarixindən” tədqiqatlarına diqqət çəkən
alimin bu araşdırmaçıların yazılı və
şifahi ədəbiyyatımızın tarixdə öyrənilməsinə
tətbiqi baxımından yanaşması çox əhəmiyyətli
hadisədir.
Tədqiqatçı alim qeyd edir ki, XX əsrin 80-ci illərindən
ədəbiyyatımızın xaricdə - Avropada və
ingilisdili qaynaqlarda öyrənilməsi geniş vüsət
alıb. Eyni zamanda müəllif folklor və ədəbiyyatımızın
hansı ölkələrdə öyrənilməsini konkretləşdirərək
praktiki vəsaitləri elmi ictimaiyyətə təqdim edir.
O, göstərir ki, “R.İsmayılovun “Dostluq telləri”
araşdırması Azərbaycan-Fransa ədəbi əlaqələrini
geniş şəkildə araşdırır. Alim
bu fikirlərini sabit tezisə çevirmək baxımından
həmin tədqiqatda araşdırılan örnəkləri,
klassikləri, xalq dastanlarımızı və “Kitabi-Dədə
Qorqud” abidəsini necə yüksək səviyyədə
öyrənilməsini diqqətə çatdırır.
Bundan başqa N.Axundovun “Azərbaycan sovet ədəbiyyatı
xaricdə”, İ.Arzumanlının “Nizami
yaradıılığı ingilisdilli ədəbiyyatşünaslıqda”,
“Mürafiə vəkilləri ingilis dilində”, A.Həsənovanın
“Kitabi-Dədə Qorqud ingilidilli qaynaqlarda” və bu kimi tədqiqatlar
ingilis-Azərbaycan kontekstində öyrənilirsə,
Z.Ağayevin “Azərbaycan mövzusu və ədəbiyyatı
Amerika Birləşmiş ştatlarında” tədqiqatı ilə
ABŞ-Azərbaycan ədəbi əlaqələri
araşdırılır. Bundan əlavə S.Tağızadənin
“Rus və Avropa nəşri M.F.Axundov haqqında”
araşdırmasında bir baxımdan rus-Azərbaycan ədəbi
əlaqələri işarələnirsə,
Y.Mürşüdovun “Alman dilində atalar sözləri və
məsəllər, və onların Azərbaycan, ingiis və
rus dilində qarşılıqları” araşdırması ilə
əsas etibarlə alman-Azərbaycan ədəbi əlaqələri
araşdırılır, eyni zamanda bu kontekst daxilində
dünya folklorunun invarintı qəlibləri və
paradiqmaları diqqətə çatdırılır. Tədqiqatçı
eyni metodoloji ardıcıllığı əsas götürərək
S.Məmmədovanın “Qərbi Avropa şərqşünasları
Füzuli haqqında”, yuxarıda qeyd etdiyimiz kimi “Rus və
Avropa nəşri” kimi əsərlərlə də eyni zamanda
bütün Avropanı və ABŞ-Azərbaycan əlaqələri
kontekstində də ingilisdilli qaynaq kimi ABŞ dövlətini
məkan səviyyəsində işarələyir.
Tədqiqatçı
alimin tədqiqat işinin elə ilk yarım başlıqda
ölkəmiz üçün nə qədər mühüm
səciyyə daşıdığını görmək
üçün bu ədəbi əlaqələri, folklor və
yazılı ədəbiyyat arasındakı ədəbi
genezisi və tipoloji xüsusiyyətləri aşağıda
qruplaşdırıb diqqətə çatdırmağa
ehtiyac hiss etdik:
1. Azərbaycan-Fransa
əlaqələri;
2. Azərbaycan-İngiltərə
və yaxud Böyük Britaniya əlaqələri;
3. Azərbaycan-Rusiya
əlaqələri;
4. Azərbaycan-Almaniya
əlaqələri
5. Avropa ədəbi
əlaqələri konteksti;
6.Qərbi-Avropa ədəbi əlaqələri konteksti.
Onu da qeyd
edək ki, xarici dilləri - ingilis, alman, rus və s. peşəkar
səviyyədə mənimsəyən alim bu tədqiqatda
Avropa alimlərinin araşırmalarına da yer ayırıb,
bu barədə məlumat verib. Elə göstərdiyimiz mənbəyə
əsaslanan alim bu tədqiqatda qeyd olunan alimlərdən Ksavye
de Planolun, A.Brelyemin, L.Melkov Sayyarın, A.Russonun,
İ.L.Klerambolun, E.Bloşenin, F.Şarmuanın, F.D.Frenin,
B.Dorinin, Edmanın, K.İtzenin, L.Şpisnaqelin, Anri Massenin,
Barbiye de Meynarın, A.Silyerin, Lüsen Buanın, L.Bazenin,
A.Dümanın məqalələrinin burada nəinki yer
ayrılmasına, hətta qüsurlu cəhətlərinin də
qeyd olunmasına diqqət çəkir.
Alim daha bir problem qaldıraraq qeyd edir ki, folklorumuzun
ingilis dilinə tərcümə olunması yaxşı səviyyədə
deyil. Bu da alimin folklorumuzun ingilis dilinə tərcümə
tələbatında gələcəkdə mümkün
iştirakından xəbər verir. Çünki
problemi qaldırmaq o problemi həll etmək cəhdidir. Alim bundan sonra mövzunun tədqiqat tarixi kimi müxtəlif
tədqiqatlara nəzər salır. Bunlardan
bir qismi haqında alimin də qeyd etdiyi kimi yuxarıda epizodik
şəkildə bilgi verilib. Araşdırmalardan A.Həsənovanın
“Kitabi-Dədə Qorqud ingilisdilli mənbələrdə”,
Ş.Xəlillinin “Azərbaycan-ingilis ədəbi əlaqələri”,
L.Əliyevanın “Kitabi-Dədə Qorqud Amerika aliminin tədqiqatında”,
S.Əliyevin “Dədə Qorqud kitabının ingilis dilinə
P.Mirabl tərcüməsinin linqvistik poetik özəllikləri”,
Ş.Balakişiyevin “Koroğlu” dastanı Avropada”, M.Soyegoyun
“Koroğlu” dastanlarından bəzi şeirlərin XIX
yüzillikdə Birləşmiş Krallıqda və
ABŞ-da araşdırılması (müəlliflər, əsərləri
və tərcümələri haqqında qısa qeydlər)”
örnəklər verməklə alim ingilisdilli qaynaqlarda
folklorumuzun necə öyrənilməsini çox ciddi şəkildə
tədqiq edir. Eyni zamanda V.İbrahimova “Kitabi-Dədə Qorqud”
və “ Koroğlu” dastanlarının bu araşdırmalar əsasında
Avropada və ingilisdilli qaynaqlarda daha çox öyrənilməsini
qeyd edir və göstərir ki, bu eposlarla müqayisədə
folklorumuzun digər janr və örnəkləri çox az tədqiq
olunub. Alim onu da göstərir ki, folklorumuzun digər nümunələri
Avropada və ingilisdilli qaynaqlarda az öyrənildiyi
üçün təbii olaraq Azərbaycan alimləri də
bu istiqamətdə az araşdırma aparmışlar.
Çünki ədəbiyyat və folklorumuzun az
öyrənilməsi öyrənilməni öyrənən tədqiqatçılar
üçün heç bir əsas vermir. Ancaq
alim ingilisdilli qaynaqlarda folklorumuzun Avropa xalqlarının
folklor örnəkləri ilə paralellərini, bənzərliklərini,
bir sözlə tipologiyasını aparan tədqiqatçı
alimləri də yaddan çıxarmayıb, onlar haqqında məlumat
verib. Bu tədqiqatçılardan H.Araslı, M.Təhmasib,
M.İbrahimov, M.Cəfərov, M.Seyidov, V.Vəliyev, P.Əfəndiyev,
A.Nəbiyev, İ.Abbaslı, Q.Namazov, B.Abdulla,
H.İsmayılovun və başqalarının adını
çəkən alim, mövzunu məntiqi-anoloji səviyyədə
əsaslandırmaq üçün konkret tədqiqatların
adını çəkib, bunları əsaslandırır. Bu tədqiqatlardan çox əhəmiyyətli bir
araşdırmanı – Ş.Xəlillinin “Azərbaycan və
ingils folklorunda paralellər” əsərini öncə tədqiq
edən alim, mövzunun dərindən öyrənilməsi
baxımından əsərin mühüm əhəmiyyətini
qeyd edir. Xüsusilə onu qeyd etmək istəyirik
ki, alim bu əsərdə yalnız paralellər
aparıldığını göstərmir, eyni zamanda bəzi
folklor nümunələrimizin ingilis diinə tərcümə
olunmasını elmi ictimaiyyətə təqdim edir. Bundan əlavə tədqiqatçı alim bu
mövzunun öyrənilməsi baxımından folklor
nümunələrimizin ingilis dilinə çevrilməsini məntiqi
şəkildə mühüm istiqamət olaraq əsaslandırır.
Çünki bu artıq milli-ideoloji prioritet
isiqamətləri müəyyən edir, folklorumuzun dünyada
təbliğ olunmasıyla millik kimliyimizin
tanıdılmasını ciddi şəkildə əsaslandıra
bilir.
Tədqiqatçı bu istiqaməti müəyyənləşdirməklə
qalmır, eyni zamanda bu sahədə aparılan
araşdırmaları, görülən əhəmiyyətli
işləri qeyd etməyə çalışır. O, Ə.Hacıyeva və
A.Hacıyevanın çap etdirdikləri “İngils-Azərbaycan
dillərində alqış və qarğışların
müxtəsər lüğəti” kitabını örnək
olaraq təqdim edir. Alim peşəkar mütəxəssis
kimi eyni zamanda kitabın nöqsanlı tərəflərini də
konkret nümunələrlə tədqiq edib, gələcəkdə
bunların düzəldilməsi üçün faydalı
tövsiyələr verir.
V.İbrahimova folklorumuzun ingilisdilli qaynaqlarda tədqiqi,
xüsusilə də tərcüməsi baxımından
İ.Rəhimov, X.Əhmədovanın tərtib etdiyi “Azərbaycanca-ingiliscə,
ingiliscə-azərbaycanca frazeoloji lüğət”
kitabını da öyrənməyin vacibliyini qeyd edir. Hətta
kitabda frazeoloji birləşmələrdən başqa 400-ə
yaxın atalar sözünün də verilməsini göstərir.
Vəfa xanım bu istiqamətdə görülən
uğurlu işlərdən biri kimi 1969-cu ildə Moskvada
çap olunmuş “Azerbaijanian Poetry” (“Àzərbày¬càn poeziya antologiyası”) kitabına da ayrıca diqqət
çəkir.
Çünki bu kitabda klassik və o dövrün müasir
poeziyasına aid olan sənətkarlardan Q.Təbrizi, M.Gəncəvi,
X.Şirvani, N.Gəncəvi, İ.Həsənoğlu, İ.Nəsimi,
Ş.İ.Xətai, M.Füzuli, Q.Təbrizi, S.Təbrizi,
M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, Heyran xanım, M.Ş.Vazeh, M.F.Axundov,
X.Natəvan, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Ə.Möcüz,
H.K.Sanılı, H.Cavid, A.Şaiq, Ə.Vahid, M.Müşfiq,
S.Vurğun, O.Sarıvəlli, S.Rüstəm, M.Rahim,
R.Rzanın və başqa müasir şairlərin ingilis dilnə
tərcümə olunmuş şeirlərinin
toplandığını qaynaq olaraq göstərir. Onu da qeyd edək ki, alimin diqqət çəkdiyi bu
mənbə xüsusilə yazılı ədəbiyyatın
klassik və müasir-ənənəvi dövrünü
araşdıran tədqiqatçılar üçün
çox qiymətli mənbədir.
Tədqiqatçı
alimin uğurlu işlərindən bir hissəsi də odur ki,
monoqrafiyanın adından göründüyü kimi müəllifin
mövzusu “Azərbaycan folklorunun ingilisdili qaynaqlarda öyrəniməsi
və tərcümə məsələləri” olsa belə,
müəllif yeni bir kontekstdə folklorla bağlı eyni mənbədə
rast gəldiyi yazılı ədəbiyyat örnəklərinə
də bir mütəxəssis kimi toxunur və yeni
araşdırmaçılar üçün, hətta
yazılı ədəbiyyat əhatəsində də yeni
imkanlar açır.
Atif İslamzadə
filologiya üzrə fəlsəfə doktoru
Xalq
Cəbhəsi.- 2019.- 15 mart.- S.14.